Məhkəmə qərarları › İş №1(011)-337/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-337/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-337/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ağdam rayonu, Ayaqqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 233 saylı uşaq bağçasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” marka və modelli, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə, saat 13:30-da Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə “Ukrayna” dairəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyini təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda qanunun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan ünvanın qarşısında piyada zolağında yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin ikinci zolağında ehtiyatsızlıqdan avtomobilin sol yan tərəfi ilə vurmaqla, sonuncuya müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli yerini dəyişən sınıqları və üzdə, almacıq nahiyəsində yumşaq toxumaların əzilməsi kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi Chevrolet Cruze markalı 99ZT603 dövlət qeydiyyat nişanlı avtomobilə Gəncə prospektinə daxil olub Ukrayna dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. “Fəridə” restoranının qarşısında olan piyada zolağına çatan zaman sağ tərəfdən piyada zolağında orta yaşlı bir nəfər qızın hərəkətdə olduğunu görüb avtomobilinin sükanını sağ tərəfə çəkib qəzadan yayınmaq istəmişdir. Lakin buna nail ola bilməmiş və idarə etdiyi avtomobilin sol yan güzgüsü isə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yerə yıxılmışdır. Dərhal avtomobilindən düşüb həmin piyada xanıma kömək etmək üçün yaxınlaşmışdır. səhhəti ilə maraqlanmışdır. Xanım xəstəxanaya çatdırılmışdır. Bir müddət sonra əməliyyat olunmuşdur. Daha sonra əməlindən peşman olmasını, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Gəncə prospektində Fəridə şadlıq sarayının qarşısında svetoforla tənzimlənməyən piyada zolağına daxil olaraq yolu keçmək istədiyi zaman Chevrolet Cruze markalı avtomobil onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılıb xəsarət almışdır. Hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini, onunla barışdığını nəzərə alaraq onun barəsində olan işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından məlum olur ki, 28 aprel 2024-cü il tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/22678 nömrəli aktla Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 41/2024 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, qəlpəli yerini dəyişən sınıqları və üzdə, almacıq nahiyəsində yumşaq toxumaların əzilməsi bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024cü il tarixli, 8/1287 saylı rəyindən görünür ki, Chevrolet Cruze markalı 99ZT603 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Ağcabədi RQİTBŞ tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş AE seriyalı 922366 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materialında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X1 tərəfindən Chevrolet Cruze markalı 99ZT603 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sürmək üçün etibar etmişdir. 18 may 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanındıqdan sonra saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmuyan şəxsdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, O, özünü təqsirli bilir və Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs səmimi etirafı,zərərçəkmiş şəxsin ifadəsi ,ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra aşağıda göstərilən Cinayət Qanunvericiliyinin müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə qərar qanuni qüvvəsini aldıqdan sonra iş Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisə baş vermə anını özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə baş vermə anını özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar