Məhkəmə qərarları › İş №1(011)-337/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-337/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-337/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Biləsuvar rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 09 may 2025-ci il tarixdə saat 21:48-də Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində park edilmiş Zərərçəkmiş şəxs məxsus “BMW X5” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq saxlanılmış qabaq sağ qapısından avtomobilin salonuna daxil olaraq qabaq oturacaqların arasındakı mərkəzi dirsək altından 9.900 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 16.830 manat nağd pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 16.830 (on altı min səkkiz yüz otuz) manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi oğurluq cinayətinə görə məhkum olunmuş, 2024-cü ilin mart ayında azadlığa çıxmışdır. Əvvəllər restoranlarda işləsə də son zamanlar heç bir yerdə işləməmiş, buna görə də pula ehtiyacı yaranmışdır. Maddi vəziyyətini düzəltmək üçün oğurluq etmək qərarına gəlmişdir. 09 may 2025-ci il tarixdə evdə oturub spirtli içki qəbul etmiş və həyətə çıxmışdır. Həmin gün saat 21:40 radələrində Fəzail Bayramov küçəsindən Sabir Orucov küçəsi istiqamətində gedən zaman orada olan “Təzə dəm” adlı çay evinin yanında Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində “BMW X5” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Ətrafda kiminsə olub-olmadığını yoxlamaq üçün avtomobilin yanından keçib təxminən 10 metr getmiş və ətrafda adam olmadığını görüb geri qayıtmışdır. Avtomobilə yaxınlaşıb qabaq sağ qapısını yoxlamış və avtomobilin qapılarının açıq olmasını görmüşdür. Qabaq sağ tərəfdən avtomobilin salonuna daxil olmuş və avtomobilin qoltuq altı hissəsini açmışdır. Orada pul olduğunu görüb, həmin pulu götürmüş və avtomobilin qapısını bağlayaraq oradan uzaqlaşmışdır. Həmin pulla birlikdə yaşadığı evə gəlmiş və pulu sayan zaman 9.900 ABŞ dolları olmasını bilmişdir. Pulu yaşadığı evdə yataq otağında gizlətmişdir. Səhəri gün həmin puldan 200 ABŞ dolları pulu valyuta mübadilə məntəqəsində 340 manatla dəyişmiş, 300 manat pulu gətirib pulların üzərinə qoymuşdur. Həmin puldan 1.500 ABŞ dolları hissəsini şəxsi işlərinə xərcləmişdir. Daha sonra polis əməkdaşları onun evinə gəlmişlər və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O, gizlətməyin heç bir mənası olmadığnı başa düşüb, pulları təqdim etmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Orada pulu könüllü təqdim etməyi barədə protokol tərtib olunmuş və hadisəni olduğu kimi danışıb, əməlini etiraf etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 09 may 2025-ci il tarixdə saat 19 radələrində işləri ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” ərazisinə gəlmişdir. Orada olan zaman özünə məxsus 9.900 ABŞ dolları pulu avtomobilin salonunda olan qol altı hissəsinə qoymuşdur. Oradan çıxıb saat 20 radələrində idarə etdiyi “BMW X5” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, S.Orucov küçəsində saxlayıb marketə getmiş və oradan da “Təzə Dəm” çay evində dostları ilə görüşüb biraz oturmuşdur. Təxminən saat 22:15 radələrində geri qayıdıb avtomobilinə əyləşmişdir. Təxminən saat 22 radələrində evə gedən zaman qolaltında olan pulu yoxlayarkən 9.900 ABŞ dolları pulun yerində olmadığını görmüşdür. Bu zaman ona pulun naməlum şəraitdə oğurlandığı məlum olmuşdur. Daha sonra o, avtomobili Sabit Orucov küçəsində saxlayan zaman qapıları bağlamadığını xatırlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 16.830 manat maddi ziyan dəymişdir. Daha sonra əyləşdiyi çay evində olan kamera görüntülərinə baxdıqda bir nəfər şəxsin avtomobilinə yaxınlaşıb sağ ön qapısını açaraq avtomobilə daxil olduğunu və oğurluq etdiyini görmüşdür. Əvvəlcə həmin şəxsi özü tapa biləcəyini fikirləşdiyi üçün hüquq mühafizə orqanlarına şikayət etməmiş, lakin sonradan həmin şəxsi tapa bilməyəcəyini müəyyən etdiyi üçün Xətai RPİnin 37-ci PŞ-nə ərizə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçü icraata qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 11 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində “BMW X5” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan edilmiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə və avtomobilə baxış keçirilməklə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-9); könüllü təqdim olunan maddi sübutun götürülməsi haqqında 11 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “BMW X5” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı 9.900 ABŞ dolları puldan 8.200 ABŞ dolları və valyuta mübadilə məntəqəsində dəyişdirdikdən sonra həmin pulun üzərinə qoyduğu 300 AZN nağd pulu təhqiqata təqdim etmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür (i.v. 12-13); şübhəli şəxsin tutulması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 27-28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 40); pulun təqdim edilməsi barədə 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 8.200 ABŞ dolları və 300 manat pul vəsaiti Zərərçəkmiş şəxs geri qaytarılmışdır (i.v. 49); ifadənin yerində yoxlanılması haqqında 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 51-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (i.v. 53- 54); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-253/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (həbs etmənin əvvəli texniki səhv olaraq xx.xx.2025-ci il kimi qeyd edilmişdir) (i.v. 75-76); 2 saylı Bakı “ASAN xidmət mərkəzinin” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 105943 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3r (i.v. 85); 2 saylı Bakı “ASAN xidmət mərkəzinin” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 314438 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3r (i.v. 86); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X1 orqanizmin funksiyasının 100% pozulmasına görə İ dərəcəli əlillik təyi edilmişdir (i.v. 88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 01 il azadlığın məhdudlaşdırıması cəzası ilə əvəz edilmiş, xx.xx.2021ci ildə cəzası bitmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 01 ay 28 gün müddətinə azadlıqdna məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2022ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Nəsimi RPİ-nin CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əssən xitam verilmişdir (i.v. 89-91); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət tələbi yoxdur, barışmışdır (i.v.109) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-320/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır (i.v. 110-114); diskə baxış keçirilməsi haqqında 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan görüntüyə baxış zamanı 1 nəfər kişi cinsli şəxsin 09 may 2025-ci il tarixdə, saat 21:48-də Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yolun sağ tərəfi ilə ətrafa baxabaxa oradan keçib getdiyi və bir az uzaqlaşdıqdan sonra yolu sol tərəfə keçərək orada dayanmış vəziyyətdə olan qara rəngli “BMW” markalı avtomobilə yaxınlaşıb qabaq sağ qapsını açaraq içərisinə daxil olması və nə isə götürüb qapını örtərək getməsi müşahidə edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özünün olmasını 09 may 2025-ci il tarixdə görüntüdə olan avtomoilin qapısının açıq olmasındna istifadə edərək daxil olub, oradan 9.900 ABŞ dolları pulu götürməsini bildirmişdir (i.v.121); sübutların qiymətləndirilməsi haqqında 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 8200 ABŞ dolları və 300 manat nağd pul maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmış, 01 ədəd CD-R maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 122-125). Məhkəmə iclasında 01 ədəd diskdə olan görüntüyə baxış keçirilmiş və görüntünün diskə baxış keçirilməsi haqqında 17 iyun 2025-ci il tarixli protokolun məzmununa uyğun olması öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12- 59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, övladının İ qrup əlil olmasını (CM-nin 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cianyətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası CMnin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən xx.xx.2024-cü il tarixdə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi halda 09 may 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının üçdə ikisindən az olmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın onun barəsində tətbiq edilməsi istisna edilir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tətbiq olunan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3cü maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, məhkumluğu ödənilmədiyi halda yenidən analoji cinayət əməli törətməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı üzrə çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs təqdim etdiyi 8200 ABŞ dolları və 300 manat nağd pul vəsaiti Zərərçəkmiş şəxs geri qaytarılmalı və həmin pul vəsaitinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı üzrə çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs təqdim etdiyi 8200 ABŞ dolları və 300 manat nağd pul vəsaiti Zərərçəkmiş şəxs geri qaytarılsın və həmin pul vəsaitinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar