Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-339/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,630 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə maşğul olması barədə Xətai RPİ-nin 36cı PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində 05 mart 2024-cü il tarixində saat 02:00-da həmin şöbənin əməkdaşları tərəfindən Xətai rayonu, Cavanşir küçəsi 21 ünvanının qarşısında saxlanılıb, ünvan 2i RPİ-nin 36-cı PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,630 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvəllər məhkum olunmuş, subaydır və uzun müddətdir ki, narkotik vasitə istifadə etmişdir.Yeni başlayan vaxtlarda narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etmişdir. Sonradan isə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri hər dəfə müxtəlif yerlərdən əldə etsə də, sonuncu dəfə bir neçə dəfə narkotik vasitə əldə etdiyi, Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığına üz tutmuş və 04 mart 2024-cü il tarixdə günorta saatlarında “Həzi Aslanov” metrostansiyası yaxınlığında üzdən tanıdığı, əvəllər də narkotik vasitə aldığı, lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görmüşdür. Yaxınlaşaraq “kakos” deyilən narkotik vasitə heroini almaq istədiyini dedikdən sonra həmin şəxs pul verməyini istəmişdir. Çox vaxt olduğu kimi yenə 10 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürmüşdür. Bükümü əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoyub narkotik vasitədən daha sonra istifadə etməyi düşünmüşdür. 05 mart 2024-cü il tarixdə saat 02:00-da ünvan 4 ünvanı qarşısında olan zaman mülki geyimdə olan polislər və çevik polis alayının əməkdaşları yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Xətai RPİnin 36-cı polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi və tərcüməçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra könüllü qaydada əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predment aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvü isə 36-cı PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təyin olunmuşdur. 05 mart 2024-cü il tarixdə saat 02:00-da ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb yaxınlaşmışlar. Xidməti vəsiqəsini göstərərək özlərini təqdim etmişlər və özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs 36-cı polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə, videoçəkilişdən istidadə edilməklə təhqiqatçı Rəşad Babayev tərəfindən sübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, tozşəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Rəşad Babayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 0,73 qram olması müyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş, zərf sübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı, o və digər polis əməkdaşı tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyini elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxsi tutarkən yaxınlıqda həqiqətən çevik polis alayının əməkdaşları var idi, lakin onlar şəxsin tutulmasında iştirak etməmişdirlər. Ola bilsin onların özlərinin həmin yerdə tədbirləri olmuşdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 05 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır ; (i.v. 1) - 05 mart 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1982-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1982-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v. 7-8) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ-nin Xəta RPİ-nin 36-cı PŞ-nin 05 mart 2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.1982-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri: Xətai Rayon Polis İdarəsinin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı X7, qrupun üzvü - Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis leytenantı X4; (i.v. 11) - 05 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) - 05 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb təqdim edərək onun “kakos” adlanan maddə olduğunu, həmin maddəni “H.Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 AZN müqabilində şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki heroinə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,73 qram olduğu tərəzidə görünmüşdür. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərində qanunla dövriyyəsi qadağan olunan hər-hansı əşya və ya predment aşkar olunmamışdır; (i.v. 34-35) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “DVD” disk sübut kimi tanınmışdır; (i.v. 36) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1317 nömrəli 05 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqat obyekti üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №151" möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs..." və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,630 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi – 0,630 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,580 qram; (i.v. 42-46) - 06 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.55-56) - 06 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, videogörüntü faylının adının “36 akhundov ferid” olması, faylın 08 dəqiqə 06 saniyədən ibarət olduğu müəyyən olunmuşdur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Rəşad Babayev özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predment olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olmasını soruşduqda sonuncu cavab olaraq həmin bükümün “kakos” adlanan narkotik vasitə olmasını bildirərək şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almasını bildirir. Ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin başqa əşya, predment aşkar edilmədi. Daha sonra təhqiqatçı Rəşad Babayev tərəfindən şəffaf rəngli bükümə baxış keçirildi və içərisində qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən edildi. Ardınca təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkildi, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütlənin ümumi çəkisinin 0,73 qram olması müəyyən edildi. Həmin narkotiik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürləndi; (i.v.70) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-188/2024 saylı, 06 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.78-82) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən verilmiş 30 mart 2024-cü il tarixli 4050 №-li məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v. 93) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 16 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 13 avqust 2020-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-233/2020 saylı, 13 avqust 2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 24 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir; (i.v.103-113) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 15 aprel 2024-cü il tarixli 2374 №-li Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.115-117) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,630 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzanı yüngülləşdirən və cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 05 mart 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X2nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,580 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 14 (on dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 84 (səksən dörd) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,580 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 14 (on dörd) saat üçün nəzərdə tutulan 84 (səksən dörd) manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-339/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-339/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver