Məhkəmə qərarları › İş №1(011)-340/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-340/2022

12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-340/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1978-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə, texniki cəhətdən saz və atəşə yararlı, ******* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 5,45 mm kalibrli odlu yivli silah hesab edilən - bir ədəd “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatı, texniki cəhətdən saz və atəşə yararlı, ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 5,45 mm kalibrli odlu yivli silah hesab edilən bir ədəd “Kalaşnikov” konstruksiyalı AK-74M modelli avtomatı, zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi hesab olunan, texniki cəhətdən saz və istifadə üçün yararlı altı ədəd daraqları (sandıqçaları), zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 198 ədəd patronları, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 22 ədəd patronları qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 178 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsindəki təsərrüfat əşyalarının saxlanc yeri kimi istifadə olunan yardımçı otaqda gizlədərək saxlamış, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 18:19-da yaşadığı evdə saxlanıldıqdan dərhal sonra, onun özünün razılığı və iştirakı ilə həmin evin həyətyanı sahəsindəki həmin yardımçı otağa baxış keçirilərkən, həmin odlu silahlar olan iki ədəd avtomat, onların komplekt hissəsi olan həmin altı ədəd daraqlar (sandıqçalar) və döyüş sursatı olan ümumilikdə həmin 220 ədəd patronlar Təqsirləndirilən şəxs təqdimatı üzrə qeyd edilən yardımçı otaqdan parçaya bükülmüş vəziyyətdə aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. O, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Müharibədə Hadrut uğrunda gedən döyüşlərdə minamyot atəşlərinə məruz qalarkən, çoxsaylı qəlpə yaraları alıb yaralanmış, partlayış nəticəsində kəllə daxili travma almışdır, qazidir. Hadrut uğrunda gedən həmin döyüşlər zamanı, özü həmçinin təcrübəli sürücü olaraq idarə etdiyi «Otokar Sultan» markalı, 40 nəfərlik şəxsi heyət üçün nəzərdə tutulmuş avtobusla əsgər və zabitləri döyüş bölgəsinə daşımışdır. Həmin bölgədə qızğın döyüşlər zamanı, 2020-ci ilin oktyabr ayının ortalarında üç dəfə yaralanmış, sonuncu dəfə isə partlayışa düşdüyü üçün, yaralanıb kantuziya almışdır. Onu Füzuli rayonu ərazisindəki hərbi hospitala aparmışlar. Orada bir müddət qalandan sonra isə, Bakı şəhərindəki Mərkəzi Hərbi Hospitala gətirmişlər. Kantuziyalı vəziyyətdə olduğu üçün, xeyli vaxt özündə olmamış, təxminən 20-25 gündən sonra ayılmışdır. Müharibə başa çatandan sonra son vaxtlara qədər müalicə alır. Hazırda sağ bilək və boyun nahiyəsində qəlpə və qəlpə yaraları var. Özü partlayış travması alandan sonra, idarə etdiyi avtomaşını müharibə başa çatandan sonra hansısa hərbçi elə döyüşdən çıxarılmış vəziyyətdə necə idisə, özü bildiyinə görə sürüb Bakı şəhərinə hansısa hospitala gətirmiş, sonda isə həmin avtomaşını ünvanı üzrə müəyyən edərək, gətirib özünün hazırda yaşadığı evin həyətinə qoyub getmişlər. O, bunları sonradan bilmişdir. Həmin avtomaşın bir xeyli vaxt onun evinin həyətində qalmışdır. Yeni il bayramı qabağı olduğu üçün, Bakıda hərbi hospitaldan 10 günlük öz evinə buraxılmışdır. Evə gələndən sonra, həmin avtomaşının öz həyətində olduğunu görmüş, lakin onun həyətə kim tərəfindən, nə vaxt, necə gətirildiyini hələ də bilmir. Yaşadığı evin həyətində özü həmin avtomaşının içərisinə göz gəzdirərkən görmüşdür ki, avtomaşının salonunu nisbətən silib təmizləyiblər. Həmin avtomaşının salonunda arxa qapı pilləkanının yanında döşəmənin altında xüsusi saxlanc yeri var və həmin saxlanc yerinə həmçinin, çöl arxa tərəfdən də daxil olmaq mümkündür. O, həmin yeri açıb görmüşdür ki, orada bir neçə köhnə istifadə olunmuş hərbi geyim, əsgərlərin çöldə istifadə etdiyi qazan, çaynik, dəmir stəkanlar, çöl şəraitində yatmaq üçün nəzərdə tutulan yataq dəsti, eləcə də onların arasında iki ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin avtomatlara aid, içində patronlarla dolu olan altı ədəd daraqlar, yəni sandıqçalar, çoxlu sayda dağınıq halda əlavə patronlar və bir ədəd ov tüfəngi vardır. Çox güman ki, həmin əşyalar döyüşdən sonra həmin saxlanc yerinə yığılmış, avtomaşının salon hissəsi təmizlənsə də, həmin yerə açılıb baxılmadığından, elə o, vaxtdan bəri orada qalmışdır. O, aşkar etdiyi silahları oradan götürüb, yaşadığı evin həyətində olan birmərtəbəli təsərrüfat əşyalarını yığıb saxladığı yardımçı otağa daşıyıb aparmışdır ki, sonradan aparıb ya Müdafiə Nazirliyinin müvafiq qurumuna, yaxud yerli dövlət orqanlara təhvil versin. Elə həmin vaxtdan həmin silah-sursatlar orada qalmış, sonradan isə müalicəsi davam etmiş, bir müddət də Bakı şəhəri Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatrik Xəstəxanasında müalicə almış, sonra evinə qayıtmışdır. Aldığı kantuziyanın təsirindən hələ də çıxa bilmir, yaddaşı həmin vaxtdan bəri itir, sonra qayıdır, bəzən elə olur ki, öz doğma övladının adını unudur, döyüş vaxtı baş vermiş proseslər bəzən yadına düşür, özünə qapılır və ağlayır. Bu səbəbdən həmin vaxtdan bəri həmin silah-sursatlar öz evinin həyətindəki yardımçı otaqda yadından çıxıb qalmışdır. 15 fevral 2022-ci il tarixdə, axşam saatlarında isə özü evdə olarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları özlərini təqdim edib, ona da özünü təqdim etməsini təklif etmişlər. Özünü təqdim etdikdən sonra, polis əməkdaşları ona demişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatı saxlamağı və gəzdirməyi barədə əməliyyat məlumatı vardır, bununla bağlı əməliyyat axtarış tədbiri keçirilir və yaşadığı ünvana baxış keçirmək istəyirlər. O, özü həyətdəki həmin yardımçı otaqda qeyd edilən silah- sursatların olduğunu səmimi olaraq polislərə bildirmiş və baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Polis əməkdaşlarını həyətə dəvət edib, həmin otağa aparmış və silah-sursatları orada qoyduğu yeri onlara göstərmişdir. Polis əməkdaşları da, apardıqları videoçəkilişlə həmin yerə baxış keçirib parçaya bükülü vəziyyətdə olan həmin iki ədəd “Kalaşnikov” markalı avtomat silahları, avtomatlara aid içində patronlarla dolu olan altı ədəd daraqları, o vaxtdan qara papağın içinə yığdığı patronları və bir ədəd ov tüfəngini aşkar edib patronların hamısını saymaqla götürmüş və qablaşdırmışlar. Özü heç patronları əvvəldən saymamış, polislər onun gözünün qabağında sayanda görmüşdür ki, 220 ədəd patrondur. Ümumiyyətlə həmin silah-sursatları necə aşkar etmişdirsə, elə də götürüb həmin otağa qoymuş, sadəcə avtomaşının saxlanc yerində dağınıq və səpələnmiş halda olan patronları itməsin deyə qara papağın içinə yığıb qoymuşdur. Özündən həmin silahsursat barədə polislər soruşmuş, özü də onların müharibədən sonra həyətinə gətirilmiş həmin avtomaşından tapıb götürdüyünü və həyətdəki yardımçı otağa qoyduğunu, sonradan yadından çıxdığı üçün, elə həmin vaxtdan orada qaldığını bildirmişdir. Daha sonra, polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər, aşkar olunan əşyalarla bağlı həmin idarədə protokol tərtib edilmiş, özü də protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin, silahları və döyüş sursatını evin həyətyanı sahəsindəki yardımçı otaqda saxlamasından öz ailə üzvlərinin xəbəri olmamış və onlara bu barədə heç nə deməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 178 nömrəli fərdi yaşayış evində keçirilmiş baxış prosesində əməliyyat qrupunun rəhbəri kimi iştirak etmişdir. Həmin tarixdə xidmət etdiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə edib saxlaması, daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınaraq, əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. 15 fevral 2022-ci il tarixdə, saat 18:19-da Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 178 nömrəli evin qarşısına getmişlər. Özləri evin giriş qapısını döymüş, həmin vaxt qapını bir nəfər orta yaşlı kişi açaraq, onları qarşıladıqda, özlərini təqdim etmişlər, həmin şəxsə də özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiqləmişdir. Həmin şəxsə bildirilmişdir ki, qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr saxlamaqda şübhəlidir və həmin şəxsi yaşadığı ünvana baxış keçirilməsi haqqında qərarla tanış etmişdirlər. Bundan sonra, Təqsirləndirilən şəxs özü səmimi şəkildə bildirmişdir ki, yaşadığı həmin evin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat otağında odlu silahlar və patronlar saxlayır, həmin yeri göstərə bilər, evə, həyətyanı sahəyə də baxış keçirilməsinə heç bir etirazı yoxdur. Baxış prosesi videoçəkiliş aparılmaqla həyata keçirilmiş, bu barədə Təqsirləndirilən şəxs özünə də bildirilmiş və sonuncu buna etiraz etməmişdir. Onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, həmin odlu silahları və patronları saxladığı yeri göstərməklə, onları təqdim etsin. Təqsirləndirilən şəxs da onları həyətyanı sahədəki həmin təsərrüfat otağına tərəf aparmış və həmin otaqda üzərinə parça bükülmüş şübhəli predmetləri təqdim edərək bildirmişdir ki, həmin parça bükülünün içərisində iki ədəd avtomat silahı, onların altı ədəd sandıqçası, bir ədəd tüfəng və patronlar vardır. Özləri həmin parçaya bükülmüş predmetləri yardımçı otaqdan həyətə çıxartmışlar ki, rahat və əlverişli şəraitdə baxış keçirsinlər. Həyətdə həmin parça bükülü açılaraq baxış keçirildikdə, içərisindən avtomat silaha bənzər iki ədəd dəmir predmet, bir ədəd tüfəngə oxşar dəmir predmet, içərisi patronlarla dolu olan altı ədəd sandıqçalar, həmçinin içərisində patronlar olan bir ədəd qara rəngli papaq aşkar edilmişdir. Baxış prosesi zamanı aşkar edilmiş həmin papağın içərisində olan patronlar sayıldıqda, 44 ədəd olması müəyyən edilmiş, həmçinin altı ədəd sandıqçaların hər birinin içərisindəki patronlar boşaldılaraq sayılmış və bir yüz yetmiş altı ədəd patron olması müəyyən edilmişdir. Bundan sonra, aşkar edilmiş həmin avtomat silaha bənzər iki ədəd dəmir predmet, bir ədəd tüfəngə oxşar dəmir predmet, altı ədəd sandıqçalar və ümumilikdə iki yüz iyirmi ədəd patronlar götürülərək qablaşdırılmışdır. Sorğu-sual zamanı, həmin əşyaları haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silah-sursatları özü iştirakçısı olduğu İİ Qarabağ müharibəsi zamanı, döyüş bölgəsindən gətirmişdir, saxlamaqda hər hansı bir xüsusi məqsədi olmamışdır. Sonda baxış prosesi başa çatdırılaraq, videoçəkiliş dayandırılmış, müvafiq sənədləşmə işinin aparılması üçün özləri Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmiş və baxış prosesində aşkar edilənlərlə bağlı, protokol tərtib edilərək, ucadan oxunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan və videogörüntüdən görünür ki, 15 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs parçaya bükülmüş vəziyyətdə iki ədəd avtomat silaha bənzər dəmir predmet, bir ədəd tüfəngə bənzər dəmir predmet, içərisində ümumilikdə bir yüz yetmiş altı ədəd patronlar olan altı ədəd daraqlar (sandıqçalar) və bir ədəd qara papağın içərisində qırx dörd ədəd patronlar təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd sellofan torbada qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 fevral 2022-ci il tarixli, 22/146 R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd ******* nömrəli silah - zavod üsulu ilə Rusiya dövlətində 1991-ci ildə istehsal olunmuş 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı AK- 74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş, bir ədəd ********* nömrəli silah - zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı AK-74M modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş, altı ədəd əşya - zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, bir yüz doxsan səkkiz ədəd patronlar - zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş, iyirmi iki ədəd patron - zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş, bir ədəd P-97688 nömrəli silah - zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-18 modelli, çaxmaqsız, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, bir yüz doxsan səkkiz ədəd 5,45x39 mm kalibrli patronlardan altı ədədi və iyirmi iki ədəd 7,62x39 mm kalibrli patronlardan üç ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarından görünür ki, bir ədəd 5,45 mm kalibrli, ******* nömrəli AK-74 modelli avtomat silah, bir ədəd 5,45 mm kalibrli, ********* nömrəli AK-74M modelli avtomat silah, altı ədəd daraq (sandıqça), bir yüz doxsan iki ədəd 5,45x39 mm kalibrli və on doqquz ədəd 7,62x39 mm kalibrli patronlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, 16 kalibrli, P-97688 nömrəli İJ-18 modelli odlu yivsiz silah olan bir ədəd ov tüfəngi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin təsiri altına düşən predmet olmadığına görə, həmin silaha münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud olmadığından, barəsində cinayət təqibi rədd edilmiş və qeyd edilən silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin arayışından gönürür ki, xx.xx.1978-ci il təvəllüdlü Hüseynov X2 rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən, “partlayış travması (kontuziya)” xəsarəti almışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, diaqnozu – kəllədaxili travmaların nəticələri, partlayış travması kontuziya (xx.xx.2020) sol çənə-bucaq nahiyyəsinin, sağ saidin, sağ əlin arxa səthinin, sağ bud nahiyyəsinin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, partlayış travması kontuziya (xx.xx.2020), qapalı kəllə beyin travması nəticəsində retroqrad amneziya, üzvi mənşəli şəxsiyyət pozğunluğu olan Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir. İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanasının arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2021-ci il tarixdə xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə olubdur. Həmçinin, iş materiallarında olan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs “üzvi (partlayış yaralanması (kontuziya), qapalı kəllə-beyin travması keçirməsi nəticəsində) şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs onda aşkar edilən üzvi (partlayış yaralanması (kontuziya), qapalı kəllə-beyin travması keçirməsi nəticəsində) şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü uşağı vardır. İş materiallarında olan Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 2 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, onda psixi pozuntunun və üçüncü dərəcəli əlil olmasını, himayəsində azyaşlı uşağın olmasını və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 15 fevral 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, onda psixi pozuntunun olmasını, himayəsində azyaşlı uşağın olmasını, onun Vətən Müharibəsi iştirakçısı, qazi və üçüncü dərəcəli əlil olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd 5,45 mm kalibrli, ******* nömrəli AK-74 modelli avtomat silah, bir ədəd 5,45 mm kalibrli, ********* nömrəli AK-74M modelli avtomat silah, altı ədəd daraq (sandıqça), bir yüz doxsan iki ədəd 5,45x39 mm kalibrli və on doqquz ədəd 7,62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat saxlancına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınan - baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 16 kalibrli, P-97688 nömrəli, İJ-18 modelli odlu yivsiz silah olan bir ədəd ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd 5,45 mm kalibrli, ******* nömrəli AK-74 modelli avtomat silah, bir ədəd 5,45 mm kalibrli, ********* nömrəli AK-74M modelli avtomat silah, altı ədəd daraq (sandıqça), bir yüz doxsan iki ədəd 5,45x39 mm kalibrli və on doqquz ədəd 7,62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunsun və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınan - baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. 16 kalibrli, P-97688 nömrəli, İJ-18 modelli odlu yivsiz silah olan bir ədəd ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar