Məhkəmə qərarları › İş №1(011)-341/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-341/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-341/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “xxxxxxxxxxxxxxx” MMC-də mühafizəçi işləyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 4,375 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib daşımaqla üstündə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Bakı Əyləncə Mərkəzinin qarşısında qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamada şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək şəxsi axtarışı aparılan zaman əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla üstündə saxladığı təmiz çəkisi 4,375 qram tündqəhvəyi rəngli qətranabənzər kütlə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsində qardaşına məxsus “Kia” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xətai RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarına sənəd təqdim etmədiyi üçün avtomobili müvəqqəti duracağa yerləşdirmək üçün polis əməkdaşı onun yanında əyləşmiş, lakin avtomobili duracağa doğru idarə etməmiş, bir qədər sürdükdən sonra Xətai rayonu R.Əİiyev küçəsində yerləşən BƏM-in yaxınlığında saxlamış, həmin vaxt üzərində narkotik vasitə tiryək olduğundan ehtiyat etmiş, YPX əməkdaşları kömək çağırdığı üçün PPXB-nün əməkdaşlarının gəldiyini görüb qaçmağa başlamış, buna baxmayaraq PPXB-nün əməkdaşları onu təqib edərək saxlamış, onu Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmiş, orada xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə mobil telefon kamerasının vasitəsilə videoçəkilişin istifadə edilməklə şəxsi axtarışı aparılmış, üzərində olan əşyaları təqdim etmək təklif olunduğu üçün əynindəki göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, habelə həmin gödəkcənin sol yan cibindən 01 ədəd ağ rəngli salfetə bükülü vəziyyətdə olan qara rəngli bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları ondan bu maddənin nə olduğunu soruşduqda o, maddənin narkotik vasitə olan tiryək olduğunu, tiryəki Bakı şəhəri Günəşli qəsəbəsində üzdən tanıdığı və adını Elman kimi bildiyi şəxsdən 20 manata aldığını və həmin tiryəki öz şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmiş, üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryək zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən səmimi peşmandır, hazırda narkotik vasitələrdən istifadə etmir, himayəsində yaşlı valideynləri vardır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafedici ifadəsindən əlavə şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası və məhkəmə-narkoloji ekspertizası üzrə ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-də əməliyyat qrupunun tərkibində xidmətdə olduğu zaman, Xətai RPİ-nin PPXBnin əməkdaşları tərəfindən sonradan şəxsiyyəti ona məlum olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda şübhəli şəxs kimi şöbəyə gətirilmiş, həmin vaxt şöbədə xidmətdə olmuş təhqiqatçı Şahmar Qurbanov yaxınlaşaraq şöbəyə gətirilmiş olan şəxsin şəxsi axtarışında iştirak etməyi xahiş etmiş, şöbədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmazdan əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə xəbərdarlıq edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol cibindən 01 ədəd ağ rəngli solfet kağızına bükülü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda o, təqdim etdiyi bükümün içərisindəkinin narkotik vasitə tiryək olmasını, həmin tiryəki Günəşli qəsəbəsi adlanan yerdə üzdən tanıdığı Elman adlı şəxsdən 20 manat müqabilində aldığını və öz istifadəsi üçün üstündə saxladığını demişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa heç bir qeyri qanuni əşya aşkar edilməmişdir. Eyni zamanda, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstündən aşkar olunan 01 ədəd solfet kağızına bükülmüş bükümü açıb, həmin bükümün içərisinə baxdıqda içərisində narkotik vasitə hesab olunan tiryəkə oxşar, spesifik iyə malik kütlənin olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə müdafiəçinin iştirakı ilə qablaşdırılmış, möhürlənmiş və daha sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİ-nin PPXBnin polis nəfər Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il polis serjantı Şahid4 və Şahid3 ilə birgə təhkim olunmuş inzibati ərazi üzrə 65-66 çağırışlı avtopatrulla xidmətdə olduqları zaman saat 23 radələrində səyyar radiostansiya vasitəsi ilə Bakı şəhəri Xətai rayonu R.Əliyev küçəsində yerləşən Bakı Əyləncə Mərkəzinin qarşısında sürücünün tabesizlik göstərməsi səbəbindən **-YP-*** çağırışlı Yol Patrul Xidməti əməkdaşlarına kömək lazım olması barədə məlumat almış, dərhal avtopatrulla həmin ünvana yaxınlaşdıqda, “Kia Cadenza” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşüb qaçmağa başlamış, onlar onu təqib edib müəyyən məsafədən sonra saxlamış, həmin vaxt avtomobil sürücüsünə xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirməklə, şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxslə ünsiyyət zamanı sonuncu hərəkət və danışığını düzgün koordinasiya edə bilməmiş, verilən suallardan yayınmış, bu hərəkətlərinə görə onun narkotik vasitələrin qəbul etməsindən şübhələnərək, yaxınlıqda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs müşayiətləri ilə polis şöbəsinə gətirildikdən sonra, aşkar etdikləri hallarla bağlı raport tərtib etməklə, şöbə rəhbərliyinə məruzə etmiş, sonradan ona məlum olmuşdur ki, şöbə əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman üzərindən 01 bükümdə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Həmin ifadələrində onlar Şahid5 vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişlər. Şahid Bakı şəhəri Xətai RPİ-nin Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinhdə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinəyə dair 1/431 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİ (+) THC (+) aşkar edilmişdir (i.v. 06); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:20-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən şübhəli şəxs kimi tutulmuşdur (i.v.17); şəxsin üzərinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu R.Əliyev küçəsində yerləşən Bakı Əyləncə Mərkəzinin qarşısında qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamada şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək şəxsi axtarışı aparılan zaman əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür (i.v 19-20); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1783 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “...Ağabəyov Orxan (imza)...” sözləri olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,375 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 34-37); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 46-47); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 57-58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 61); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X1 xx.xx.2020-ci il tarixli, 978 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 92-93); Qaraçuxur qəsəbəsi inzaibti ərazi üzrə nümayəndəliyin Təqsirləndirilən şəxs barədə vermiş olduğu xx.xx.2020-ci il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, X2 haqqında Qaraçuxur qəsəbəsi inzaibti ərazi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (i.v. 102); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1783 nömrəli və məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 978 nömrəli rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 4,375 qram qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və şəxsi axtarışı zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 4,275 qram narkotik vasitə tiryək prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (i.v. 103-109); “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, A-93 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2015-ci il tarixdən “xxxxxxxxxxxxxxx” MMC-də mühafizəçi peşəsində işləyir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən içərisində 08 ədəd siqaret olan 01 ədəd “LD Club” markal siqaret qutusu, 01 ədəd alışqan, sol yan cibindən isə solfet kağızını təqdim edir, ardınca Orxan Aağabəyov təqim etdiyi solfet kağızı bükümdə tiryək olduğunu, şəxsi istifadəsi üçün Elman adlı şəxsdən 20 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz cəkisi 4,375 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini növbəli işdə olduğu müddət istisna olmaqla hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını növbəli işdə olduğu müddət istisna olmaqla axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 4,275 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar