Məhkəmə qərarları › İş №1(011)-341/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-341/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-341/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixində Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-378/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətinə azadıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, hal-hazırda X1 saxlanılan və cəza çəkən– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerində özgənin əmlakını açıq formada talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədilə 27 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən ərzaq mağazasının giriş qapısının qıfılını dəmir parçası ilə sındıraraq mağazaya qanunsuz olaraq daxil olub, mağazada saxlanc yer olan piştaxtanın siyirməsinin içərisində olan 634 manat dəyərində danışıq konturlarını və 856 manat məbləğində nağd pulu götürdüyü zaman səsə gələn Zərərçəkmiş şəxs gördükdə taladığı əmlakla birlikdə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs əmlakını açıq talayıb sonuncuya ümumilikdə 1490 (min dörd yüz doqsan) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, zərəçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu ilə, DVD-R diskə baxış protokolları ilə, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 180.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum edilmişdir. Maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq, 27 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında faəliyyət göstərən ərzaq mağazasından oğurluq etmişdir. Belə ki, 27 oktyabr 2023-cü il tarixdə təxminən saat 03 radələrində ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan ərzaq mağazasına yaxınlaşmış. Mağazanın bağlı olmasını və onun içərisində heç kimin olmamasını aşkar etdikdən sonra həmin dükana qanunsuz olaraq daxil olub, nələrisə oğurlamaq qərarına gəlmişdir. Əlində olan dəmir parçası ilə qapını bağlayan kilidi sindırıb içəriyə daxil olmuşdur. Mağazaya daxil olan kimi kassa aparatına yaxınlaşmış və görmüşdür ki, kassanın yanında piştaxtanın içərsində pul əskinazları və çoxsaylı telefon danışığı üçün kontur kartları vardır. Həmin pulları və kontur kartlarını götürdüyü zaman mağazanın sahibi ilə mağazanın içərisində rastlaşmış. Həmin şəxsin onu gördüyü məqamda, qaçmışdır. Əvvəlki ifadəsində mağazanın sahibi ilə rastlaşması barədə göstərməməsinin səbəbi o olmuşdur ki, əməlinin ağırlaşmasını istəməmişdir Elə həmin gün, yəni 27 oktyabr 2022-ci il tarixdə oğurladığı danışıq konturlarını "20 Yanvar" metro stansiyasının yaxınlığında tanımadığı bir şəxsə 380 manata satmış, oğurladığı pulu isə, yəni 630 manatı, öz şəxsi istifadəsi üçün xərcləmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, ona dəymiş zərər ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmə istintaqının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, 4 ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, bina 29, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşadığı mənzilin bir otağını qeyri- yaşayış sahəsi kimi ərzaq mağazası olaraq işlədir. Mənzilin digər 2 otağında ailəsi ilə birlikdə yaşayır. 26 oktyabr 2022-ci il tarixdə saat 23:00-da mağazanı bağlamışdır. 27 oktyabr 2023- cü il tarixdə saat 03:50-də mağazadan səs gəldiyini eşidib qapını açaraq tanımadığı şəxsin mağazanın içərsində danışıq kartlarını götürdüyünü görmüşdür. Blokdan çıxıb həmin şəxsi küçədən yaxalamaq istədikdə şəxs qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Sonradan qayıdıb mağazaya baxdıqda həmin şəxsin mağazanın giriş plastik kapısının kilidini sındırdığını, mağazanın içərisində piştaxianın daxilində saxladığı 634 manat dəyərində mobil telefon üçün danışıq kartlarının və 856 manat nağd pulun oğurlanmasını aşkar etmişdir. Bundan sonra DİNin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona cəmi 1490 manat miqdarında ziyan dəymişdir.(i.v 23-24) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 dekabr 2022-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və istintaq aparılması üçün icraata götürülməsi qərara alınmışdır.(i.v1) Zərərçəkmiş şəxs 36-cı PB-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixində saat təxminən 03:50 radələrində icarədə işlətdiyi ünvan 3 ünvanda yerləşən ərzaq mağazasının giriş qapısının naməlum şəxs tərəfindən sındırılaraq içəri daxil olub içəridən, piştaxtanın daxilində saxladığı 634 manat dəyərində kontur, 856 manat nəğd pulun oğurlandığını aşkar etmişdir. Mağazadan oğurluq edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v 5) «Hadisə yerinə baxış keçirilməsi haqqında» 27 oktyabr 2022-ci il tarixli protokoldanı görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən Ərzaq mağazasıdır. Baxış zamanı mağazanın şüşəli plastik qapısının kilidinin sındırılmış vəziyyətdə olması müəyyən edilmişdir. Baxış zamanı mağazanın giriş hissəsində müşahidə kamerasının olması da aşkar edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v 7-8) 30 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 19) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Lənkəran Hərbi Məhkəməsinin 01 aprel 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 333.2 və 333.4- cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq üzərində 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 11 noyabr 2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3- cü maddələri ilə təqsirli bilinib, 2000 manat cərimə cəzasına məhkum edilmiş; Ağsu Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3000 manat cərimə cəzasına məhkum edilmiş; Kürdəmir Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ildən 04 il 09 aya azaldılmış, Salyan Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il 09 aydan 04 il 06 aya azaldılmış, Salyan Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, 07 avqust 2019-cu il tarixdə cəza müddəti başa çatmış, Şirinov X2 rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azarbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məsuliyyətə cəlb edilərək Kürdəmir rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işi Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir.(i.v 40-42) Könüllü təqdim etmə barədə 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ünvan 5 ünvanında fəaliyyət göstərən ərzaq mağazasından 27 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində oğurluq hadisəsi ilə əlaqədar və, sonra talan etmiş şəxsin mağazadan qaçaraq uzaqlaşmasını əks etdirən 1 ədəd DVD-R diskə yazılmış 02 ədəd videofaylları könüllü olaraq istintaqa təqdim etmiş və tərəfimdən götürülmüş və cinayət işinə əlavə edilmişdir.(i.v 46) 30 mart 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmişdir.(i.v 47) Diskə baxış keçirilməsi barədə 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd DVD-R diskdə 2 fayl yazılmışdır. Videofayllar olan görüntülərə baxış keçirilən zaman müəyyən edildi ki: MP4 formatlı birinci videofaylın ümumi xronometraj uzunluğu 00 dəqiqə 16 saniyədir. Videogörüntü 27 oktyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ərzaq mağazasının giriş qapısının yaxınlığında quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə qeydə alınmış, real zamanda saat 02:09-02:10 arasına təsadüf edir. 00 dəqiqə 08 saniyə - 00 dəqiqə 15 saniyə arasında bir nəfər şəxsin ərzaq mağazasının qarşısından keçməsi görünür. Şəxs tünd rəngli şalvar, tünd rəngli rəngli uzunqolda, kepka və tünd rəngli gödəkçədədir. MP4 formatlı ikinci videofaylın ümumi xronometraj uzunluğu 00 dəqiqə 23 saniyə olması baxmayaraq, videogörüntünün kompyuter vasitəsilə yavaşlandırılması nəticəsində real zamanda 00 dəqiqə 05 saniyədir. 27 oktyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ərzaq mağazasının arxasında quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntüdə bir şəxsin qaçaraq ağaclıqlar tərəfə qaçması müəyyən edilmişdir. Fayl real zamanda 27 oktyabr 2022-ci il saat 03:50-03:55 radələrinə təsadüf edir.(69-70) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(72-73) 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Kürdəmir Rayon Məhkəməsinin qərarı əsasında həbsdə olması nəzərə alınmışdır(i.v88) Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-18/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası yeni hökmlə təyin edilən cəzaya tam birləşdirilməklə ona 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası təyin edilməsi, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm olunmuşdur(i.v89-94) Sübutların qiymətləndirilməsi haqqında 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə olunmuş ittiham və barəsində qətimkan tədbirinin seçilməməmsi barədə qərar dəyişdirilmədən öz qüvvəsində saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1, 181ci maddələri ilə cinayət işinin başlanılması rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs mağazanın yanından keçməsini və mağazadan qaçaraq uzaqlaşmasını əks etdirən bir ədəd "DVD-R" disk iş üzrə maddi sübut kimi tanınsın cinayət işinə əlavə edilməsi nəzərə alınması, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, hadisə yerlərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokol və fotocədvəl, Zərərçəkmiş şəxs 2 vildeofayl olan 1 ədəd DVD-R diski könüllü təqdim etməsi barədə protokol, həmin DVD-R disk və xx.xx.2023-cü il tarixli diskə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v95-98) Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, ona dəymiş zərər ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmə istintaqının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 1(041)-18/2023 nömrəli hökmü həmin apellyasiya protestinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhküləli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınıb tayin edilmiş cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası hazırki qərarla təyin edilən cəzaya tam birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilməsi, hökm qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-378/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən, 3000 (üç min) manat məbləğində cərimə cəzası tamamilə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə toplanılmaqla, qəti olaraq ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzaları təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olmasının nəzərə alınması hökm olunmuşdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə 00 dəqiqə 08 saniyə - 00 dəqiqə 15 saniyə arasında bir nəfər şəxsin ərzaq mağazasının qarşısından keçməsi görünür. Şəxs tünd rəngli şalvar, tünd rəngli rəngli uzunqolda, kepka və tünd rəngli gödəkçədədir. MP4 formatlı ikinci videofaylın ümumi xronometraj uzunluğu 00 dəqiqə 23 saniyə olması baxmayaraq, videogörüntünün kompyuter vasitəsilə yavaşlandırılması nəticəsində real zamanda 00 dəqiqə 05 saniyədir. 27 oktyabr 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən ərzaq mağazasının arxasında quraşdırılmış nəzarət-müşahidə kamerası vasitəsilə qeydə alınmışdır. Videogörüntüdə bir şəxsin qaçaraq ağaclıqlar tərəfə qaçması müəyyən edilmişdir. Fayl real zamanda 27 oktyabr 2022-ci il saat 03:50-03:55 radələrinə təsadüf edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəai, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 1802.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü mdadəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaucan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən qəsdən törədilmiş cinayət hesab edilir. Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 22 may 2015-ci il və 02 iyun 2020-ci il tarixli hökmləri ilə təyin edilmiş cəzalara münasibətdə onun məhkumluqları ödənilməmiş, əməlində cinayətin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin təhlükəli residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökm üzrə təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən, 3000 manat cərimə cəzası isə tamamilə toplanmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası təyin edilməli, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən barəsində həbs qətimkan tədbiri seçilməmiş və cəzaçəkmə müddətinin əvvəli əvvəlki hökm üzrə müəyyən edilmiş 24 noyabr 2022-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240(iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04(dörd) il 08(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 08(səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-378/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən, 3000 manat cərimə cəzası isə tam toplanmaqla onun üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 3000 manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-378/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanıslın. “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240(iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar