Məhkəmə qərarları › İş №1(011)-343/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-343/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-343/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 22 mart 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ev alqı-satqısı ofisinin qapısının açıq olmasından istifadə edərək, içəri daxil olub, orada olan masanın saxlanc yeri hesab olunan siyirtməsindən Zərərçəkmiş şəxs məxsus, içərisində 3.000 manat və 850 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.445 manat olan 50 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.495 (dörd min dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,700 qram olan narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 26 aprel 2022-ci il tarixdə, saat 16:00-da ünvan 3 ünvanının qarşısında saxlanılıb, ünvan 4ən Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan göy rəngli şalvarının sağ yan cibindən üç ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,273 qram, 0,265 qram, 0,162 qram, ümumi təmiz çəkisi 0,700 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, N.Tusi küçəsində yerləşən yaşayış sahəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Uzun müddət işsiz olduğundan, şəxsi tələbatlarını ödəməkdə çətinlik çəkmişdir. 22 mart 2022-ci il tarixdə, günorta saatlarında Xətai rayonu, M.Hadi küçəsində yerləşən ev alqı-satqısı ofisinin qarşısından keçərkən, həmin ofisin giriş qapısının açıq olduğunu və içəridə heç kimin olmadığını görüb, ətrafa baxdıqdan sonra, içəri daxil olmuşdur. Fikirləşmişdir ki, ofisin sahibi gələrsə, kirayə ev axtarmasını bəhanə edər. Bir neçə dəqiqə içəridə olduğu müddətdə, heç kimin gəlmədiyindən istifadə edərək, masanın siyirtməsini çəkib, orada olan qara rəngli pul kisəsini götürüb, əlində olan sellofan torbanın arxa hissəsində gizlədərək, ofisdən çıxmışdır. Həmin zaman, ofisdə işləyən şəxs sonradan adını bildiyi Bəşir adlı şəxs ilə qarşılaşmışdır. Bəşirdən kirayə ev olub-olmadığını soruşmuş, həmin şəxs də içəridə digər iş yoldaşının olub-olmadığını soruşduqda, sonuncuya cavab verməyərək, ofisin arxasına keçərək, binalara doğru qaçmağa başlamışdır. Binaların arxasında pul kisəsini açıb içinə baxdıqda, 3.000 manat və 850 ABŞ dolları pulun olduğunu aşkar etmişdir. Pulu götürdükdən sonra, içində qalan əşyalar maraqlı olmadığı üçün, pul kisəsini həmin ərazidə atmışdır. Oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, o, bir müddətdir ki, müxtəlif yerlərdə, tanımadığı şəxslərdən narkotik vasitələr əldə edib, qəbul etmişdir. 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığından keçərkən, yerdə olan şəffaf rəngli kiçik ölçülü sellofan diqqətini cəlb etmişdir. Həmin sellofanı götürüb içini açıb baxdıqda, sellofanın içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar etmişdir. O, həmin sellofan bükümü götürərək, üzərində saxlamış və həmin gün Xətai rayonu, M.Hadi küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılmışdır. Polis bölməsində dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan şalvarının cibindən içərisində üç ədəd bükülü olan sellofan bağlamada olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Törətdiyi əməllərdən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2011-ci ildən Xətai rayonu ərazisində ev alqı-satqısı ilə məşqul olmuşdur. 2016-cı ildən isə Xətai rayonu, M.Hadi küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək, həmin yerdə daşınmaz əmlakın alqı-satqısı ilə məşqul olaraq, ailəsini dolandırır. 22 mart 2022-ci il tarixdə iş yerində olan zaman, saat təxminən 15 radələrində özünə məxsus içərisində 850 ABŞ dolları və 3.000 manat pulunu, şəxsiyyət vəsiqəsini, bir ədəd “Kapital Bank”a və bir ədəd “Yello Bank”a aid hesablarında pul olmayan kartlarını və mənzilinə aid açarları pul kisəsinə qoyaraq, həmin pul kisəsini ofisdə olan masanın siyirtməsində saxlayıb, siqaret almaq üçün yaxınlıqda olan marketə getmişdir. Marketdən qayıdarkən, ofisin qapısının açıq olmasından istifadə edən naməlum şəxsin ofisə daxil olaraq, siyirtmədən pul kisəsini oğurladığını aşkar etmişdir. Bundan sonra, baş vermiş hadisə ilə əlaqədar ərazi aidiyyatı üzrə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra, birlikdə kamera görüntülərinə baxarkən, müəyyən olunmuşdur ki, ofisə daxil olan şəxsin başında papaq və əynində göy rəngli gödəkçə olmuşdur. Yadına düşmüşdür ki, həmin şəxslə marketdən ofisə qayıdarkən qarşılaşmışdır. Həmin şəxs kirayə mənzilin olub-olmadığını soruşmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 4.495 manat maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus pul kisəsini Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Hal-hazıradək ona dəymiş maddi ziyandan hər hansı bir məbləği ödənilməmişdir. Bu səbəbdən də, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əldə olunmuş məlumata əsasən, 22 mart 2022-ci il tarixdə, saat 15 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsi 75 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı ofisinə qanunsuz daxil olub, masanın saxlanc yeri hesab olunan siyirtməsindən Zərərçəkmiş şəxs məxsus, içərisində 3.000 manat və 850 ABŞ dolları pul vəsaitini pul kisəsi ilə birlikdə oğurlamaqda və mütəmadi olaraq Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsində şübhəli bilinən Xətai rayonu, N.Tusi küçəsi, ev 49, mənzil 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə ondan və bölmənin baş əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2022-ci il tarixdə, saat 16:00-da Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb, sonuncunu saxlamaqla, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsi şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və oğurluqda şübhəli bilinən şəxs kimi məlumat daxil olduğunu bildirib, sonuncuya onlarla birlikdə 36-cı Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Polis bölməsində vəkil dəvət edilərək, şübhəli şəxsə təqdim olunmuşdur. Bundan sonra, videoçəkilişdən istifadə olunmaqla, həmin şəxsin üzərində şəxsi axtarışın aparılmasına başlanılmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən içərisində üç ədəd büküm olan bir ədəd şəffaf sellofan bağlamanı çıxararaq, masanın üzərinə qoyub həmin bükümlərin içərisindəkinin narkotik maddə olan heroin olduğunu və küçədə yerdən taparaq, üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış, həmin bükümdə tünd qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı, Təqsirləndirilən şəxs həmin maddənin heroin olmasını və 26 aprel 2022-ci il tarixdə, səhər saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında taparaq, üzərində saxlayıb gəzdirdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra, təhqiqatçı təqdim olunan bükümlərdə olan maddələri zərfə qoyaraq qablaşdırmış və zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı ofisində olan müşahidə kamerasında qeydə alınmış və diskə köçürülmüş görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə ünvan 7 ünvanında yerləşən obyektdən bir nəfər şəxs küçəyə çıxır, həmin şəxsin əlində sellofan və qara rəngli çantaya bənzər əşya vardır. Həmin şəxs piyada hərəkət edir, sonra dayanıb geri qayıtmaq istəyir, ancaq qayıtmır və öz hərəkətini davam edir. Görüntüdə daha sonra, həmin şəxsin qaçaraq oradan uzaqlaşması müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 26 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində üç ədəd büküm olan bir ədəd şəffaf sellofan bağlamanı çıxardaraq, masanın üzərinə qoyub, həmin bükümlərin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni taparaq, üzərində saxladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümlərdə olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 6/2415 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 151” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,273 qram, 0,265 qram, 0,162 qram olmaqla, ümumi təmiz çəkisi 0,700 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonra qalıq - 0,550 qramdır. İş materiallarından görünür ki, 0,550 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk və ünvan 7 ünvanından götürülmüş görüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 10 may 2022-ci il tarixli, 2356 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 iyun 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-447/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 3 (üç) ay 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-447/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 3 (üç) ay 19 (on doqquz) gün hissəsini çəkmiş və 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün çəkilməmiş cəzası qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri etiraf etməsini və əməllərindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-447/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməllərini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,550 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və ünvan 7 ünvanından götürülmüş görüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-447/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,550 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və ünvan 7 ünvanından götürülmüş görüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar