Məhkəmə qərarları › İş №1(011)-344/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-344/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-344/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 04 dekabr 2020-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olduğu Hyundai Elantra markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə BOLT tətbiqetməsi vasitəsi ilə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs məxsus Xiaomi Note 4 markalı mobil telefonu taksidə unutmasından sonra həmiin mobil telefonun kilidini Zərərçəkmiş şəxs müştəri qismində avtomobildə açan zaman təsadüfən gördüyü üçün telefonun kilidini qıraraq menyu bölməsindən Kapital Bank ASCnin mobil tətbiqetməsi olan Bir Bank mobil tətbiqetməsinə daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 5103-0714-7191-2580 saylı kartından 900 manat pulu 12.10.2020-ci il tarixdə “Saat Store” mağazasından qol saatı sifariş verərək mağazanın mühasibi Şahid2 məxsus hesaba köçürdükdən sonra verdiyi sifarişi dəyişərək 190 manatlıq alış veriş edib 710 manat pulu mühasib Şahid2 nəğd şəkildə almış və 4169-7377-0728-8458 saylı kartından 08.12.2020-ci il tarixdə 300 manat, 200 manat , 10 manat, 50 manat və 5 manat, 09.12.2020-ci il tarixdə 500 manat, 5 manat , 70 manat və 17.12.2020-ci il tarixdə isə 96 manatlıq ümumilikdə 1236 manat pulu xarici mərc saytlarına köçürərək onlayn vasitə ilə elektron daşıyıcılarından istifadə etməklə gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2136 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus Hyundai Elantra markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bolt şirkəti vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. 04 dekabr 2020-ci il tarixdə 19 radələrində ünvan 3 ünvanına doğru sifariş gəlmişdir. O, sifarişi qəbul etdikdən sonra xəritə vasitəsi ilə müştərinin olduğu yerə gedərək müştərini götürmüşdür. Avtomaşınına minən müştəri 35 yaşlarında balacaboy arıq bədən quruluşlu kişi cinsindən olan bir şəxs olmuşdur. Onlar yolda gələn zaman sifariş edilən ünvana çatana yaxın müştəri qismində əyləşmiş şəxs cibindən telefonu çıxararaq telefonda olan Bolt mobil tətbiqetməsinə daxil olmuşdur. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs telefonu əlinə götürüb kilidini açan zaman o həmin telefonun kilidini təsadüfən görmüşdür. Daha sonra isə şəxs sifariş etdiyi ünvana çatmışdır. Həmin şəxs ünvana çatib xidmət haqqı olaraq təyin olunan pulu verdikdən sonra avtomobildən düşmüş və o da öz yoluna doğru davam etmişdir. Yoluna davam etdikdən təxminən 5 dəqiqə sonra avtomobilindən özünə məxsus olmayan mobil telefon zəngi gəldiyini eşitmişdir. Avtomobili axtardıqdan sonra ona məlum olmuşdur ki, avtomobilin qabaq sürücü tərəfdən ayaq altısında Xiaomi markalı mobil telefonu görmüş və başa düşmüşdür ki ayaq altında olan telefon 5 dəqiqə bundan qabaq düşən müştəriyə məxsus telefondur. Bundan sonra həmin telefonu götürüb telefona daxil olmaq istəyən zaman kilid tələb olunduğunu görüb təsadüfən gördüyü kilidi daxil etdikdən sonra telefonun kilidi açılmışdır. Bundan sonra telefonun menyusuna daxil olub menyuda olan tətbiqetmələrə nəzər saldıqda orada kapital Banka məxsus Birbank mobil tətbiqetməsinin olduğunu görmüşdür. Həmin tətbiqetməyə daxil olan zaman həmin şəxsə məxsus iki plastik kartın olduğu ona aydın olmuşdur. Bundan sonra o həmin tətbiqetmə vasitəsi ilə 10 dekabr 2020-ci il tarixdə Saat Store adlanan qol saatı satan səhifədən onlayn şəkildə 900 manatlıq alış veriş etmişdir. Sifarişi verdikdən sonra onların Fikrət Əmirov küçəsində yerləşən filialına yaxınlaşaraq verdiyi sifarişi dəyişərək 900 manatlıq yox 190 manatlıq sifariş etmək istədiyini bildirmişdir. Bu zaman həmin filialın əməkdaşı heç bir problemin olmadığını bildirirək sifarişini 190 manatlıq qəbul edərək geri qalan 710 manatı nağd şəkildə ona vermişdir. Bundan sonra o Zərərçəkmiş şəxs məxsus digər kartdan müxtəlif hesablara və xarici saytlara dəqiq xatırlamadığı lakin 1000 manatdan artıq məbləğdə pul göndərmişdir. Sonradan telefon koda düşdüyü üçün Həzi Aslanov metrostansiyasının çıxışında yerləşən telefon alqı satqısı ilə məşğul olan dükana yaxınlaşaraq mobil telefonunun göstərək həmin telefonun koda düşdüyü üçün kilidinin açılmadığını və həmin kilidi aça bilib bilməyəcəyini dükanda olan oğlandan soruşmuşdur. Həmin şəxs telefonun kilidini aça biləcəyini bunun müqabilində 10 manat zəhmət haqqı alacağını bildirmişdir. O orada çalışan əməkdaşın etdiyi təklif ilə razılaşaraq telefonun kilidini açmasını və sabah gəlib 10 manat pul verərək telefonunu götürəcəyini bildirmişdir. Həmin günün axşamı o həmin şəxslə telefonu satacağı təqdirdə telefonu neçə manat müqabilində ona nə qədər pul verə biləcəyini soruşan zaman həmin şəxs telefonu ondan 40 manat müqabilində ala biləcəyini bildirmişdir. Bu zaman o telefona verilən pulun az olduğundan həmin şəxsə telefonu hazır etməyini səhər gəlib telefonu götürəcəyini bildirmişdir. Sonradan şəxsi işləri ilə əlaqədar o dükana gedə bilməmişdir. Daha sonra o həmin şəxslə yenidən əlaqə saxlayaraq telefonu satmaq istədiyini bildirmişdir. O da həmin telefonun 100 manat müqabilində alqı satqı etməyə razılaşmışdır. O gedib həmin telefona görə həmin şəxsdən 100 manat pul götürmüşdür. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 04 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Bolt tətbiqetməsi vasitəsi ilə taksi sifarişı verərək ünvan 4 ünvanına doğru hərəkət etmişdir. Qeyd edilən ünvana çatan zaman o, mobil telefonunda Bolt tətbiqetməsinə daxil olaraq zəhmət haqqı olaraq nə qədər məbləğdə pul ödəyəcəyinə baxmışdır. Bu zaman telefonda görmüşdür ki, 3 manat zəhmət haqqı olaraq sürücüyə verməlidir. Daha sonra o avtomaşından düşərək yaşadığı mənzilə qalxmışdır. Evə girib paltarlarını dəyişən zaman ona məlum olmuşdur ki, Xiamo markalı mobil telefonu yoxdur. O, nə qədər axtarsa da mobil telefonunu tapa bilməmişdir. O həyat yoldaşına məxsus mobil telefonundan özünə məxsus üzərində ***-***- **-** saylı mobil nömrəyə zəng edərək telefonun kimdə və ya harada olması barədə məlumat almaq istəyən zaman telefonuna zəng çatmış lakin cavab verən olmamışdır. O, səhəri gün yəni 05.12.2020-ci il tarixdə ona məxsus mobil telefonun itməsi ilə bağlı Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. 10 dekabr 2020-ci il tarixdə o işlədiyi Fövqəladə Hallar Nazirliyindən əmək haqqı aldığı üçün 11 dekabr 2020-ci il tarixdə internet vasitəsi ilə daxil olub Kapital Bank tərəfindən verilmiş **********912580 saylı kartında balans olmadığını görmüşdür. Bundan sonra o Kapital Banka məxsus müştəri xidmətlərinin əlaqə telefonları ilə əlaqə saxlayaraq nəyə görə balansında pul olmadığını soruşan zaman bankın əməkdaşı ona bildirmişdir ki, ona məxsus kartdan dünən yəni 10 dekabr 2020-ci il tarixdə 500 manat birinci dəfə 400 manat isə ikinci dəfə ümumilikdə 900 manat onlayn şəkildə pul ödənilmişdir. O, həmin vaxtı anlamışdır ki, naməlum şəxs və ya şəxslər ona məxsus yuxarıda qeyd etdiyi itirdiyi mobil telefonunda Bir Bank mobil tətbiqetməsinə daxil olaraq 900 manat pulu onlayn şəkildə xərcləmişlər. Bundan sonra o yenə 36-cı PB-nə ərizə ilə müraciət edərək ona məxsus kartdan 900 manat pulun oğurlanmasını bildirmişdir. Bundan başqa, 13 yanvar 2020-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus Kapital Bank tərəfindən verilmiş **********288458 nömrəli Bir kart plastik kartından onlayn şəkildə olmaqla pul oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Həzi Aslanov metrosunun çıxışında telefon alqı satqısı ilə məşğul olan dükanda çalışır. Adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs təxminən 2020-ci ilin dekabr ayının əvvəlində o işlədiyi dükana gələrək özünə məxsus Xiomi Note 4 markalı mobil telefonunun göstərək həmin telefonun koda düşdüyü üçün kilidinin açılmadığını və həmin kilidi aça bilibbilmədiyini soruşmuşdur. O da həmin şəxsə telefonun kilidini aça biləcəyini bunun müqabilində 10 manat zəhmət haqqı alacağını bildirmişdir. Təqsirləndirilən şəxs onun etdiyi təklif ilə razılaşaraq telefonun kilidini açmağını və sabah gəlib 10 manat pul verərək telefonunu götürəcəyini bildirmişdir. O, həmin vaxtı Təqsirləndirilən şəxs öz əlaqə telefonunu verərək sabah onunla əlaqə saxlayaraq yaxınlaşmağını bildirmişdir. Həmin günün axşamı Əli hal hazırda xatırlamadığı nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq telefonu satacağı təqdirdə telefonu neçə manat müqabilində ondan ala biləcəyini soruşan zaman o həmin telefonu ondan 40 manat müqabilində ala biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona 60 manat müqabilində telefonu sata biləcəyini bildirmişdir. Onlar telefonun satılması müqabilində veriləcək məbləğdə razılaşmadıqları üçün Əli ona telefonu hazır etməyini, səhər gəlib telefonu götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin günü səhəri nə onun işlədiyi dükana gəlmiş nə də ki onunla əlaqə saxlamamışdır. Bundan sonra o özünə məxsus ***-***- **-** saylı nömrəni həmin telefona salaraq işlətməyə başlamışdır. Sonradan Əli onunla əlaqə saxlayaraq telefonu satmaq istədiyini bildirmişdir. O da həmin telefonun 100 manat müqabilində alqı-satqı etməyə razılaşmışlar. Əli gəlib həmin telefona görə ondan 100 manat pul götürmüşdür. Sonradan o həmin telefonu tanımadığı şəxsə 120 manat müqabilində satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, “Saat Store”-də mühasib kimi çalışır. “Saat Store” kişi və qadın qol saatlarının həm online həm də ünvan 6 ünvanında yerləşən dükanında satışı ilə məşğuldur. Kapital Bank ASC-ə məxsus **********251890 saylı kart onun adınadır. Mən həmin kartla çalışdığı “Saat Store”-dən online şəkildə sifariş edilən saatların ödəməsi zamanı istifadə edir. Belə ki, müştəri saatı seçdikdən sonra yuxarıda qeyd etdiyi bank kartına almalı olduğu saatın müqabilində ödəyəcəyi məbləği göndərdikdən sonra artıq saatı əldə etmiş hesab olunur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 10 dekabr 2020-ci il tarixdə “Saat Store”-dan səhifəsindən bir nəfər şəxs saat sifariş etmək üçün onlarla əlaqə saxlamışdır. O sifarişin pulunu online şəkildə ödəmək istədiyini bildirmişdir. Bundan sonra o həmin şəxsə özünə məxsus kartın məlumatlarını vermişdir. Daha sonra isə həmin şəxs ona məxsus karta 500 manat birinci dəfə, ikinci dəfə isə 400 manat olmaqla ümumilikdə 900 manat pul göndərmişdir. Göndərdiyi pulun müqabilində sifariş etdiyi saatları ünvan 6 ünvanında yerləşən dükanın qarşısından götürərək əldə etmişdir. Həmin şəxs ilkin verdiyi 900 manatlıq sifarişi ləğv edərək 190 manatlıq saat sifariş etdiyi üçün həmin şəxsə bank kartına göndərdiyi pulun geri qalanını yəni 710 manatını nəğd şəkildə geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır ( i.v. 01); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.22); Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 iştirakı ilə fotoşəkillə tanınma istintaq hərəkəti keçirilmiş və tanınma zamanı Şahid1 ona təqdim edilmiş şəkillər arasında olan Təqsirləndirilən şəxs şəklini göstərərək onun işlədiyi dükana gələrək Zərərçəkmiş şəxs məxsus telefonu satan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir(i.v.45-47); Bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASCdən «03» mart 2021-ci il tarixli, 1570000/2-932 saylı məktubla daxil olmuş 35 vərəqdən ibarət bank məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs Kapital Bank ASC-dən alınmış **********912580 nömrəli plastik bank kartın bağlı olduğu **********422284311 saylı hesab nömrəsindən 900 manatı və **********288458 nömrəli plastik kartın bağlı olduğu ******************** saylı hesab nömrəsinə məxsus bank məlumatlarında qeyd edilən 08.12.2020-ci il tarixdə 300 manat, 200 manat, 10 manat, 50 manat və 5 manat, 09.12.2020-ci il tarixdə 500 manat, 5 manat, 70 manat və 17.12.2020-ci il tarixdə isə 96 manatlıq ümumilikdə 1236 manatlıq əməliyyatların onun tərəfindən aparılmasını təsdiq etmişdir(i.v.130); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.131-132); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 06.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v.143-144); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.152); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14.06.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə "xxxx" ASC-dən «03» mart 2021-ci il tarixli, 1570000/2-932 saylı məktubu sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 2.136 manat hesab edilmişdir(i.v.153-158); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi, mülki iddiası yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – «03» mart 2021-ci il tarixli, 1570000/2-932 saylı məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 3, mənzil 22 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ı axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – «03» mart 2021-ci il tarixli, 1570000/2-932 saylı məktub cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar