Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-345/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu “Heydər Əliyev" adına hava limanında “Kargo” şirkətinə işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla, ilk dəfə 24 yanvar 2022-ci il tarixdə saat 18:10-da Zərərçəkmiş şəxs tərəfindən ünvan 4 ünvanda yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank"a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 200 manat, daha sonra 25 yanvar 2022-ci il tarixdə saat 09:17-də ünvan 4 ünvanda yerləşən “E-manat” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank”a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 30 manat, 25 yanvar 2022-ci il tarixdə saat 09:19-da eyni ünvanda yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə “Unibank”a aid 5243 7544 1024 2992 nömrəli bank kartına göndərilən 100 manat və 03 fevral 2022-ci il tarixdə saat 16:54-də Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının girişində yerləşən “E-manat” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank”a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 355 manat pul vəsaitini ələ keçirərək verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs ümumilikdə 685 (altı yüz səksən beş) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncu üçün xarici ölkələrdən müxtəlif çeşidli texniki avadanlıqlar və kosmetika ləvazimatlarını gətirəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla, ilk dəfə 26 yanvar 2022-ci il tarixdə saat 19:59-da ünvan 5 ünvanında yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən “Leobank”a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 930 manat, daha sonra həmin tarixdə saat 21:16-da Bakı şəhəri, Xəzər rayonu, Albalılıq yolu ünvanında yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank”a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 150 manat, 05 fevral 2022-ci il tarixdə saat 15:29-da Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank” a aid 4098 5844 5082 1879 nömrəli bank kartına göndərilən 220 manat, həmin tarixdə saat 20:48-də ünvan 7 ünvanında yerləşən “Milliön" elektron ödəmə aparatı vasitəsi ilə “Leobank’’a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 65 manat, 06 fevral 2022-ci il tarixdə saat 16:10-da ünvan 8 ünvanında yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank”a aid 4098 5844 5082 1879 nömrəli bank kartına göndərilən 230 manat, 08 fevral 2022-ci il tarixdə saat 15:19-da Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 39 ünvanında yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə “Leobank”a aid 4098 5844 5000 6000 nömrəli bank kartına göndərilən 50 manat və həmin tarixdə saat 15:40-da ünvan 9 ünvanında yerləşən “Emanat" elektron ödəmə aparatı vasitəsi ilə “Leobank”a aid 4098 5844 5082 1879 nömrəli bank kartına göndərilən 200 manat pul vəsaitini ələ keçirərək verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs ümumilikdə 1845 (bir min səkkiz yüz qırx beş) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, hadisə Zərərçəkmiş şəxs ilə tanışlıqdan sonra olmuş, işə düzətmək məsələsi real olsa da, həbs edildiyindən həll edə bilməmişdir. Telefon və kosmetik məhsullar isə kargoda olmuş, kargodan götürmək istəsə də, alınmamışdır. Daha sonra gecikdiyi üçün zərərçəkmiş şəxs pulunu istəmişdir. Ödənişi geri qaytara bilmədiyindən zərərçəkmiş şəxs də şikayət etmişdir. İşə düzəltmək məsələsində də eyni ilə işə düzəldə bilmədiyindən zərərçəkmiş şəxs şikayət etmişdir. Zərərçəkmiş şəxs pulları ona kart vasitəsilə göndərmişdir. Onun kartı olmadığından pullar iş üzrə şahid olan şəxslərin kartlarına göndərildikdən sonra pulları çıxartmışdır. Əldə etdiyi pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Kartlarından pulları çıxartdığı şəxslərə həmin pullardan heç bir məbləğ verməmişdir. Bank kartlarına pullar göndərilmiş şəxslər həmin pulları kimdən və hansı məqsədlə əldə etdiyini bilməmişdirlər. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödədiyini, onunla barışdığını bildirərək məhkəmənin ədalətinə inandığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə sosial şəbəkədə tanış olmuş, bir müddət sonra Nurlan ondan işi ilə bağlı maraqlanmış, o işlərinin yaxşı olmadığını bildirmiş, bundan sonra Nurlan ona hava limanında kargoda iş olduğunu və onu həmin yerə işə düzəldə biləcəyini bildirmişdir. İlk öncə bu məqsədlə Nurlan ondan müxtəlif məbləğlərdə pullar almış, bir neçə ay keçdiyindən məbləğləri dəqiq xatırlamır lakin istintaqa verdiyi ifadəsində məbləğləri qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan hissə-hissə kiçik məbləğlər almışdır. Ondan sonra kargoda kosmetik məhsulların, mobil telefonların, notebookların və digər elektron cihazların ucuz qiymətə olduğunu demişdir. O da Nurlanın dediyi qiymətlər ucuz olduğundan onları alaraq daha baha qiymətə satıb gəlir əldə edə biləcəyindən razılaşmışdır. Bundan sonra hər dəfə Nurlanın dediyi məbləğləri ona göndərdiyi müxtəlif bank kartları vasitəsilə sonuncuya göndərmiş, müddət keçməsinə baxmayaraq Nurlan dediyi əşyaları gətirməmişdir və hər dəfə bir qədər də pul ödədikdən sonra əşyaları gətirəcəyini bildirmişdir. Nurlan ona əşyaların olduğu siyahıları göndərmiş, bu da inandırıcı olduğundan inanmışdır. Bütün pulunu verdikdən sonra hər dəfə soruşduqda bir-iki günə həll edəcəyini bildirmişdir. Lakin nə vəd verdiyi əşyaları gətirmiş, nə də onu işə düzəltmişdir. Vəd etdiyi məsələləri həll etmədiyindən pullarını geri istəmiş, Nurlan həmin vaxt da bu gün-sabah deyərək vaxtı uzatmışdır. Hər dəfə yenidən yüz manat – almış beş manat istəmiş, o isə verməkdən imtina etmişdir. Daha sonra pulu geri almaq məqsədi ilə dəfələrlə polisə şikayət edəcəyini bildirmiş, yazığı gəldiyindən bir müddət polisə müraciət etməmiş, lakin daha sonra məcbur qaldığından polisə müraciət etmişdir. Polisə getdiyini dediyindən Nurlan 120 (bir yüz iyirmi) manatı kartına göndərmişdir. Ondan sonra heç bir ödəniş edilməmişdir. Ona 2530 (iki min beş yüz otuz) manat ödənilməmiş zərər qalıb. Ümumi olaraq 2650 (iki min altı yüz əlli) manat zərər dəyib. 120 (bir yüz iyirmi) manatı ödənilib. 2530 (iki min beş yüz otuz) manat isə qalıb. Təqsirləndirilən şəxs tərəfindən 2400 (iki min dörd yüz) manat verməsinə razıdır. Lakin ona 2650 (iki min altı yüz əlli) manat zərər dəyib. Bir ödənişin qəbzi onda olmadığından ola bilsin ki, sübut təqdim etmədiyindən həmin məbləğ hesablanmamışdır. Əlavə olaraq ona dəyən ziyanın qismən ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Nurlanla eyni həyətdə yaşamışlar. Nurlan ona əmisinin Naxçıvandan kartına pul göndərəcəyini demiş, o da etiraz etməyərək həmin məbləğləri kartdan çıxardaraq Nurlana vermişdir. Birinci dəfə təxminən 900 (doqquz yüz) manat göndərilmişdir. Daha sonra müxtəlif məbləğlərdə əlli-yüz manat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs pul göndəriləcəyini bildirərək ondan kart istəmişdir. Daha sonra karta gələn pulları çıxardaraq ona vermişdir. Zərərçəkmiş şəxsi tanımır. Dəqiq xatırlamasa da, pullar az məbləğlərdə olmaqla çox gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Nurlanı Tağızadəni tanımadığını, Şahid4 ona zəng edərək bank kartının olub-olmamasını soruşmuş, o da olduğunu dedikdə kartına pul göndəriləcəyini, həmin pulu çıxartmaq üçün kartının lazım olduğunu bildirmişdir. Etiraz etməyərək kartını Fərdiyə vermiş, ondan sonra heç bir hadisədən məlumatı olmamışdır. Hadisəni müstəntiq tərəfindən çağırıldıqdan sonra bilmişdir. Kartına gələn puldan ona heç bir məbləğ verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, zərərçəkmiş şəxsdən nə qədər pul aldığını bilmir. Təqsirləndirilən şəxs ondan ipotekaya ev almaq və oğlunu işə düzəltmək adı ilə pul almışdır. O, zinət əşyalarını lombarda qoyaraq pul götürmüşdür. Nurlan ev alınana qədər aylıq faizi özünün ödəyəcəyini demişdir. Sonuncu zərərçəkmiş şəxsdən aldığı puldan 100 (bir yüz) manat məbləği lombarda vermişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: zərərçəkmiş şəxs qismində tanıma haqqında 19 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 15-16); götürmə və baxış aparılması haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis baş leytenantı Mahmud Quliyev ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi ödəniş qəbzlərini, bank kartlarına dair şəkillərin surətlərini, Təqsirləndirilən şəxs ona göndərdiyi elektron əşyaların siyahısının surətlərini götürmüş və baxış keçirmişdir, iş materiallarına əlavə edilmişdir ( i.v. 27-28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 10 may 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur ( i.v. 57-58); elektron məlumat daşıyıcısına baxış keçirilməsi baxış keçirilməsi haqqında 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis baş leytenantı Mahmud Quliyev ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsapp” mobil telefon tətbiqi vasitəsilə qeydə alınan sms danışıqlarına baxış keçirmiş, baxış zamanı Zərərçəkmiş şəxs +**********13 saylı mobil nömrə ilə əlaqə saxlaması müəyyən edilmiş, həmin mobil nömrə sahibi “yasayis yerinden arayis ailə terkibi haqda arayis Azerbaycan hava yolari qapalinsehmdar cemiyyetine teqdim eemek ucun, dispetcere istyrelr Allah haqqi seni, bisey qalmadi men duzeltmedim azca komek et, dispetcere yazsin Abel, hec olmasa 100 tap sen eybiyox men ustunu duzüldiremde salaqde seni Vallah ise basliyannan sonra deurddun kas men ele dispetçer olardim”; “Maas 600 Azn, calisdim dispetcere salim en kral is idi vallah heyif, Abelde dedi xalan qizini salaq ora, Abelde dedi xalan qizini salaq ora”; “Sen cani milli un bank xidmetleri leo bank son 8 reqemi yig yukle (bank kartının şəklini göndərir)”; “Sen 200 tut elinde men deyende yukle hesab var ora catdiraq, gozle yigacam indi, Allah haqqi 20 min idi evveler”; “Burda aeroportda kim sorussa dene 20 min vermisem nurlana duzelmisem, hekim deyen kimi deyecem at aa 200 u”; “50 ni kapitala at, dayan onda gozle 1 deqe, 5000 6000 ne (bank kartının nömrəsi) at, 4 saat max yazmayacagsan mene yeni yazee diremeden yaz, 60 at 5000 6000 ne (bank kartının nömrəsi)”; “3 iphone 6S 1 dyson fen 2 anastasiya kosmetika set, sen neyi odemisen onu verecem senen, birde 470 manat”; “Bax 5000 6000 buna 60 at, eybi yox buna 190 at ozleri ordan haqq hesab eder (bank kartının şəkilini göndərir)”; “3 dene iphondu, 1 denen de dyson airwap; 40 buna (bank kartının şəkilini göndərir), 100 manat atdir, 40 buna, 60 da 5000 6000”; “Hicran pul yarisi demek olar hazirdi, Ata bilmirler ordan”. “Tezden saat 10 da bakdan vuracaglar mene verecem sene bunu”. “Axsamada qalanini verecem sene”. “Day pul var gorduyun kimi”. “Ata bilmir vAllah”. “9_10 da tezden polis seni yigacag ki pul atib nurlan sene deyersen” məzmunlu yazıların göndərməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs protokolda qeyd olunan mobil nömrənin özünə məxsus olduğunu, mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs hava limanında “Kargo” şirkətinə “dispetçer” və ya “supervayzor” vəzifələrinə işə düzəldəcəyi, həmçinin onun üçün xarici ölkələrdən müxtəlif markalı mobil telefonlar, kosmetika ləvazimatları və s. gətirəcəyi barədə söhbət apardığını, onu aldararaq yalan vədlər verib pulunu ələ keçirdiyini bildirmişdir (i.v. 81); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-297/2022 nömrəli, 22 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir. həbs qətimkan tədbirinin nəzərə alınması haqqında 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır ( i.v. 122-123); sübutların qiymətləndirilməsi barədə 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlər maddi subut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir ( i.v. 149-158); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-345/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində üzrə “həbs” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs 12 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərərdən 620 (altı yüz iyirmi) manat məbləğində qismən ödənişin edilməsini, təqsirləndirilən şəxslə barışmasını, təqsirləndirilən şəxsin azadlıqda olduğu təqdirdə zərəri tam ödəyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir; Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə Zərərçəkmiş şəxs olan borcunu qismən ödəmiş və onunla barışmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 28 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 16 (on altı) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-297/2022 nömrəli, 22 mart 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – ödəniş qəbzləri iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 16 (on altı) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-297/2022 nömrəli, 22 mart 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – ödəniş qəbzləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-345/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-345/2022
12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver