Məhkəmə qərarları › İş №1(011)-346/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-346/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-346/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 və müdafiəçisi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi və xüsusi ittiham qaydasında şikayət verən xüsusi ittihamçı X3 iştirakı ilə Xüsusi ittiham qaydasında X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X6 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, 04 fevral 2023-cü il tarixdə onun rəsmi razılığı və iştirakı olmadan Vunq-tau küçəsi 11A mənzil 76 ünvanında yerləşən dörd otaqlı mənzili keçmiş həyat yoldaşı tərəfindən qanunsuz olaraq 18 saylı notariat ofisində digər cavabdehə satılmışdır. Həmin vaxt o həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra mənzilin satıldığını bilmiş və 23 avqust 2024-cü il tarixdə alqı-satqı müqaviləsinin ləğv olunması, alqı-satqıda verilən məbləğin mənzili qanunsuz əldə edən cavabdehə geri qaytarılması üçün Xətai rayon məhkəməsinə müraciət etmişdir. 2(011)-420/2025 nömrəli mülki iş hakim Aynur Abdullayevanın icraatında olmuşdur. Məhkəmə işi hərtərəfli araşdırıb 13 yanvar 2025-ci il tarixdə iddianı təmin edib, qətnamə çıxarmışdır. Qətnamədən narazı qalan cavabdehin vəkili qismində iştirak edən nümayəndəsi X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsində də sübut tapa bilməyən vəkil 15 iyun 2025 ci il tarixdə "Elektron Məhkəmə" sistemi vəsitəsilə ərizə yazmış və göstərmişdir ki, X10 rayon məhkəməsində tapşırıq və qeyri- prosessual yollarla qanunsuz qərar çıxartdırmışdır. O bu yolla bu məhkəməni də qazanacağını deyir. Beləliklə, Nəbiyev Rövşən yazdığı faktı sübut etməlidir əks təqdirdə ona, Xətai rayon məhkəməsinin hakimi xanım Aynur Abdullayevaya və Apellyasiya məhkəməsinin hakimi cənab Məhəmməd Rüstəmliyə ağır cinayətdə ittiham etməklə böhtan atdığı üçün cinayət məcəlləsinin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunmalıdır. AR.CM 311-ci maddəsi vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı bir şəxsdən pul, qiymətli əşya, və ya hər hansı başqa maddi nemət alması, həmçinin AR.CM 312-ci maddəsi hər hansı bir şəxsin vəzifəli şəxsə rüşvət verməsi cinayət sayılır. Odur ki, X4 tərəfindən AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X4 şikayəti əsassız hesab edərək bildirmişdir ki, dəfələrlə müxtəlif cinayətlər törətmiş, oğurluq, xuliqanlıq, dələduzluq cinayətlərindən məhkum olunmuş Əhmədov Ramis vəkil kimi onu gördüyü işdən çəkindirmək üçün belə bir şikayət vermişdir. Ramis arvadına evini satdırıb həbsdən çıxıb, arvadını cavabdeh qismində evi alan şəxslə birlikdə məhkəməyə verib, guya arvadı bunun xəbəri olmadan evi satıb bunu qurtarıb, indi də məhkəməyə deyir ki, “arvadımdan satılan evin pulunu almışam pul məndədi”. Həmin işdə notariusun təcridxanaya evin satışı ilə bağlı razılığa görə girməsinə dair icazə sənədini məhkəməyə təqdim edən kimi hakim tələsik işi yekunlaşdıraraq sanki işin onların xeyrinə olması görüntüsü verərək müşavirə otağına yollanmış və ədalətsiz qərar çıxarmışdır. Bununla bağlı Cənab prezidentə və məhkəmə hüququ şurasına onun tərəfindən müraciət ünvanlanmışdır. Ramis evli olduğunu bildirsə də o hələ də vəsiqəsində subaydır. Özünü məqsədli şəkildə subay saxlayır. Vəsiqə evlilikdən sonra dəyişib, yenə də subay yazılıb. Həmin işdə onun bütün planlarını ortaya çıxardığına görə Ramis ondan inciyib. Ramis müdafiə etdiyi şəxsdən 50 min tələb edirdi ki, bu işdə geri çəkilsin. Satışından xəbəri olmadığı evin pulunun bir qisminə öz bacısı oğlunun adına ev aldıran, sonradan həmin gəncin adınnan arvadının adına etibarnamə verdirən bu şəxs elə bilirdi ki, onun etdiklərindən bixəbərdilər. Fuad Axundovun köhnə qərarını sistemə yükləyərək mülki işdə məhkəməni yanıltmağa çalışan bu şəxs artıq bütün hər yerdən əli üzüldüyündən belə addım atıb. Şikayət isə absurd və əsassızdır. O şanlı ölkənin ləyaqətli vəkilidir, müdafiə etdiyi şəxsi mümkün bütün hüquqi vasitələrdən istifadə edərək qorumalı və ən yaxşı nəticəni əldə etməsinə nail olmalıdır. Məhkəməyə ərizə yazmış və ərizə yazmaq cinayət deyil. Kiməsə böhtan atmaq isə onun şəxsiyyətindən uzaq bir şeydir. Ramis kiməsə qarşı ittiham irəli sürəndə onu özü ilə eyniləşdirir. Verilmiş şikayətə etiraz edir, bunu vəkillik fəaliyyətinin qarşısını almaq üçün hədə qorxu mahiyyətində hesab edir, icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 müdafiəçisi Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X6 şikayəti müdafiə edərək, X4 xx.xx.2025-ci il tarixdə Apellyasiya məhkəməsinə yazdığı ərizəsində :"əslində Ramis guya notariusun özündə saxladığını iddia etdiyi 10 min manatı tələb etməyə notariusun yanına gedib, dediyinə görə notarius onu təhqir etdiyinə görə və özünü və arvadını həbs etdirəcəyini dediyinə görə bütün bunları etmişdir" sözlərini yazmışdır. O bütün şikayətlərində 18 saylı notariat ofisinə getdiyini, xüsusi notarius X5 onun rəsmi razılığı olmadan birgə nikah dövründə əldə etdikləri mənzil barəsində alqı-satqı müqaviləsini necə təsdiq edildiyini, onun notarial qaydada verəcəyi razılıq ərizəsi qarşılığında 10.000 manat pulun girov saxlanılmasını soruşduqda notarius onu və Aminat Hacıyevanı həbs etdirəcəyi ilə hədələyərək ofisdən qovdu. O dərhal mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət etmiş, notariusun qanunsuz əməlindən isə Prokurorluğa şikayət etmişdir. Əgər notarius həmin vaxt onu notariat ofisində təhqir etmiş olsaydı orada fərqli hadisələr baş vermiş olardı. Beləliklə, Nəbiyev Rövşən yalan olduğunu bilə-bilə bu cür təhqirli sözlərdən istifadə etməklə həm onun şərəf və ləyaqətini qəsdən alçaltmaq, həm də onu məhkəmə qarşısında nüfuzdan salmaq niyyətindədir. Nəbiyev Rövşən barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə təkrar xüsusi ittiham qaydasında cinayət təqibi üzrə şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, göstərilməmiş, həmçinin CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X6 şikayətin tərtib olunduğu yeri göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X6 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs – X2 göstərilmiş hüquqi xidmətə görə Alyans vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X6 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X2 məhkəmə iclaslarında göstərdiyi cəmi 05 (beş) saat hüquqi yardıma görə Alyans vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar