Məhkəmə qərarları › İş №1(011)-347/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-347/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-347/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məluma olmayan “Arzu” adlı şəxsdən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda - 1,732 qram çəkidə narkotik vasitə olan heroini və 0,704 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 04 aprel 2022-ci il tarixdə, saat 23:50-də Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, ünvan 2 ünvanında tanışı Şahid1 ilə birlikdə saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan göy rəngli gödəkçənin sol iç cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,320 qram və 1,412 qram olmaqla, ümumi təmiz çəkisi 1,732 qram olan qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə herion və bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,704 qram ağ rəngli, kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşamışdır. O, narkotik vasitələrin aludəçisidir və həmin maddələri Bakı şəhərinin müxtəlif ərazilərində, tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Şahid1 onun tanışıdır. Nəzakət də onun kimi narkotik vasitə aludəçisidir. Onlar arada-bir görüşərək, birlikdə narkotik vasitə qəbul etmişlər. Sonuncu dəfə 04 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Nəzakət ilə yaşadığı mənzildə olan zaman, Nəzakət Arzu adlı tanışının narkotik vasitə satdığını və bir azdan onun yaşadığı ünvana gələrək, narkotik vasitə verəcəyini və istəsə onun da, Arzudan narkotik vasitə əldə edə biləcəyini bildirmişdir. O da, Nəzakətə narkotik vasitə istədiyini və olarsa, özü üçün də narkotik vasitə alacağını bildirmişdir. Arzu adlı qadın gəldikdən sonra, Nəzakət 150 manat qarşılığında Arzudan 15 büküm narkotik vasitə əldə etmişdir. O da, 30 manat pul verərək, Arzudan iki büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin maddələri Arzudan alaraq, əynində olan gödəkçənin cibinə qoymuşdur ki, sonradan istifadə edər. Həmin gün saat 24 radələrində Nəzakətlə birlikdə yaşadığı mənzildən küçəyə çıxan zaman, üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək, onları Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Onlar da, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Həmin vaxt ona müdafiəçi təqdim olunmuş və polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan gödəkçənin çibində saxladığı üç ədəd bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərdən ikisinin içərisində narkotik vasitə heroin və bir ədədinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşduqda, o, Arzu adlı qadını ifşa etməmək məqsədi ilə, yalandan həmin maddələri öz istifadəsi üçün 04 aprel 2022-ci il tarixdə ona məxsus mənzildə Nəzakətdən aldığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar edilən maddələr qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin qanunsuz istifadə olunması və daşınması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, ondan və Xətai RPİnin 37-ci Polis Şöbəsinin sahə inspektorları Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra onlar birlikdə məlumat əsasında, saat 23:50-də ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Nəzakət və Natiqin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını görüb, həmin şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən qadın olan özünü xx.xx.1979-cu il təvəllüdlü Şahid1, digər şəxs isə özünü xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Nəzakət və Natiqə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib, sonuncuları Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Natiq və Nəzakət buna etiraz etmədikdən sonra, sonuncuları polis şöbəsinə aparmışlar. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün hər biri üçün vəkil dəvət edilərək, həmin vəkillərin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Natiqə üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Natiq də əynində göy rəngli gödəkçənin sol iç cibindən üç ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümlərdən iki ədədinin içərisində narkotik vasitə heroin və bir ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 04 aprel 2022-ci il tarixdə onunla birlikdə saxlanılan Şahid1 aldığını bildirmişdir. Daha sonra Natiqin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra, Natiqin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Natiq tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 05 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən hər biri şəffaf selofana bükülmüş üç ədəd bükümləri təqdim etmişdir. Həmin bükümlərin ikisinin içərisində qəhvəyi rəngli, tozşəkilli maddə, digər bükümdə isə kristal halında maddə müəyyən olundu. Təqsirləndirilən şəxs həmin iki bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını, digər bükümdəki kütlənin isə psixotrop maddə metamfetamin olmasını, həmin maddələri 04 aprel 2022-ci il tarixdə onunla birlikdə saxlanılan Nəzakət adlı qadından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümlərdə olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 6/1822 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,320 qram, 1,412 qram, ümumi təmiz çəkisi 1,732 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,704 qram ağ rəngli, kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonra qalıq - 1,632 qram heroin və 0,654 qram metamfetamin. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və sonradan həmin cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarından görünür ki, 1,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,654 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 25 aprel 2022-ci il tarixli, 2046 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 16 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda isə onun ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,654 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,632 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,654 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar