Məhkəmə qərarları › İş №1(011)-348/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-348/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-348/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 mənzil 22 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏNnin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, günorta saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 5 büküm, ümumilikdə çəkisi 1,292 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2 büküm təmiz çəkisi 0,337 qram psixotrop maddə olan metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış, xx.xx.2020-ci il tarixdə saat 04:10-da Xətai rayonu M.Hadi küçəsi 138 saylı ünvanın qarşısında hərəkət edərkən karantin qaydalarını pozmaqda şübhəli bilindiyi üçün Bakı Şəhər Əlahiddə X15 3-cü Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan qara rəngli eynək qabının içərisindən "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı" ilə müəyyən edilmiş 5 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,204 qram, 0,282 qram, 0,245 qram, 0,271 qram, 0,290 qram, ümumilikdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,255 qram və 0,082 qram, ümumilikdə təmiz çəkisi 0,337 qram olan kristal şəkilli maddə kütləsi yəni kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin, bir manatlıq əskinaz, şüşə kolbacıq və bir ədəd kiçik ölçülü tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək bildirmişdir ki, evlidir, həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə ünvan 2 mənzil 22-də kirayədə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus olan “Opel Astra” markalı 50 DP-771 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 6-7 aydır ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında idarə etdiyi avtomobillə Qaradağ rayonu Lökbatan qəsəbəsinə getmiş, orada üzdən tanıdığı adını bilmədiyi şəxslə görüşərək ondan şəxsi istifadəsi üçün narkotik maddə olan heroini və “şüşə” deyilən metafetamini almışdır. Həmin narkotik vasitə və maddələri əlindəki eynək qabının içərisinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “Opel Astra” markalı 50 DP-771 dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu M.Hadi küçəsi 138 saylı ünvanda yerləşən 24 saat işləyən marketin qarşısında saxlayıb, eynək qutusunu da özü ilə götürüb dükana düşmüşdür. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb xüsusi karantin rejmi ilə əlaqədar olaraq küçəyə çıxma icazəsinin olubolmamasını soruşmuşlar. O, üzərində narkotik vasitələr olduğu üçün qorxub onlardan uzaqlaşmaq üçün qaçmışdır. Həmin vaxt onun ayağı səkiyə ilişmiş və üzü üstə yerə yıxılıb xəsarət almışdır. Sonra polis əməkdaşları onu yaxalayıb Xətai RPİ-nin 34-cü Polis Bölməsinə aparmışlar. Bölmədə hüquqları izah edilmiş və dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Bu zaman təhqiqatçı üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o da əynindəki şalvarın cibindən mobil telefonu və əlindəki qara rəngli eynək qutusunu masanın üzərinə qoymuşdur. Eynək qabı açılmış və içərisində şəffaf sellofanda olan cəmi yeddi büküm, kiçik ölçülü tərəzini və “şüşə” adlandırılan metanfetamini çəkmək üçün düzəltdiyi boru aşkar olunmuşdur. O, aşkar olunan beş ədəd bükümlərdə olan qəhvəyi rəngli maddələrin heroin, iki bükümdə olan kristal şəkilli vasitənin isə metafetamin olduğunu, özü çəkmək üçün aldığını səmimi olaraq etiraf etmişdir. Daha sonra aşkar edilmiş bükümlər prosses iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Bir daha qeyd edir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metafetamini satmaq məqsədilə deyil öz istifadəsi üçün gəzdirmişdir. Kiçik ölçülü tərəzidən özü istifadə etdiyi narkotik vasitəni çəkərkən istifadə etmişdir. Hesab edir ki, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Əməlindən səmimi peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri (qismən), şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, videogörüntülər, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri və ya tanışlıq münasibətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə növbəti xidmətini təhvil almış və həmkarı Şahid2 ilə birlikdə sutkalıq xidmət aparmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 04 radələrində xidmət yoldaşı Şahid1lə birlikdə Xətai rayonu M.Hadi küçəsində xidmət aparan zaman əvvəllər tanımadığı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs hərəkət etməsi üçün icazəsinin olub-olmamasını yoxlamaq məqsədilə şəxsiyyətini dəqiqləşdirmək istəmiş, bu məqsədlə ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Lakin, Təqsirləndirilən şəxs özünü şübhəli aparmış və onlardan qaçmaq istəmiş, qaçarkən ayağı büdrəyib yıxıldığı üçün onu yaxalamağa müvəffəq olmuşlar. Həmin şəxsi Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində təhqiqatçı X16 Qayıbovun hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı onun üzərindən bükümlər, tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənlərin nə olduğu soruşulduqda, o, narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin olduğunu və Lökbatan qəsəbəsində tanımadığı şəxsdən aldığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüş, bu barədə təhqiqatçı Asiman İmaməli tərəfindən şəxsi axtarış protokolu tərtib edilmiş, o da öz növbəsinə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başanması və icraata qəbul edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdə saat 04:10-da Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə tutulmuşdur (i.v. 07); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhər ƏÇPA-nın 3-cü Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2, Bakı Şəhər ƏÇPA-nın 3-cü Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bütün proses iştirakçılarına onların hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq mavi rəngli cins şalvarının arxa sağ cibində olan Samsung J8 markalı mobil telefonu, əlində olan qara rəngli eynək qabının içərisində 5 ədəd ağ şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə kakos (heroin) və 2 ədəd ağ şəffaf rəngli sellofana bükülmüş şüşə (metanfetamin) adlanan narkotik vasitəni, 1 ədəd kiçik ölçülü tərəzi, 1 ədəd şüşə çəkmək üçün kustar üsulla hazırladığı şüşə çəkən əşya, 1 ədəd bükülmüş vəziyyətdə gümüşü rəngli falqanı təqdim etmiş, əşyalar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüş, Samsung J8 markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından sahibinə qaytarılmış, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 23-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 1/3705 nömrəli, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ və AMP (Metamfetamin) sropu preparatları aşkarlanmışdır (i.v. 26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1258 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152 dairəvi möhür əksi olan qeyd edilmiş iki ədəd zərfdə qablaşdırılmış 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,204 qram, 0,282 qram, 0,245 qram, 0,271 qram, 0,290 qram ümumilikdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. 5 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. Digər iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,255 qram, 0,082 qram ümumilikdə təmiz çəkisi 0,337qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqim olunmuş bir manatlıq əskinazda və şüşə kolbacıqda psixotrop maddə olan metamfetaminin izləri vardır. Tərəzidə isə narkotik vasitə olan heroinin izləri vardır. Təqdim olunmuş şüşə borucuqda və bir manatlıq əskinazın, tərəzinin üzərində maddələr iz formasında olduğu üçün onların arasında müqayisəli tədqiqat aparılmadı (i.v. 44-49); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 53); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 (üç) ay müddətində müəyyən edilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır (i.v. 70-73); Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli X17 Dairəsi üzrə Nümayəndəliyinin 3449 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs şəhərin Ş.Şükürov küçəsi ev 52-də qeydiyyatdadır (i.v. 81-82); Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X17 dairəsi üzrə nümayəndəliyinin 268 nömrəli, xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X17 Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır (i.v. 83); Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 632086 nömrəli və AZ-İİİ 032605 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X9 adında və xx.xx.2013-cü il təvəllüdlü X6 adında iki az yaşlı övladı vardır (i.v. 84); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 90-91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi canlı şəxsin ekspertizası barədə 731 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs burunun, sağ saidin, sağ dirsək oynağının, belin sağ bayır səthinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə törədilməsi istisna olunmur (i.v. 92-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 95-96); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,092 qram çəkidə narkotik vasitə olan heroin və 0,257 qram çəkidə psixotrop maddə olan metamfetamin, bir ədəd şüşə kolbacıq və bir ədəd kiçik ölçülü elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş üzrə məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə ilə bağlı material hazırkı cinayət işindən ayrılmışdır (i.v. 105-112); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki açıq mavi rəngli cins şalvarının arxa sağ cibində olan Samsung J8 markalı mobil telefonu, əlində olan qara rəngli eynək qabının içərisində 5 ədəd ağ şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, bükülüləri və 2 ədəd ağ şəffaf rəngli sellofana bükülmüş bükülüləri, 1 ədəd kiçik ölçülü tərəzi, 1 ədəd əşyanı, 1 ədəd bükülmüş vəziyyətdə gümüşü rəngli falqanı edərək, 5 ədəd bükümün heroin olduğunu, 2 ədəd bükümün isə şüşə olduğunu bildirərək masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüləri Qaradağ rayonu Lökbatan qəsəbəsində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil öz istifadəsi üçün əldə edib, daşıyıb saxladığını bildirərək istintaq orqanı təfindən əməlinin düzgün tövsif edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə məhkəmə baxışının həmin sübutların tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirilidiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs əlində olan qara rəngli eynək qabının içərisindən beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,204 qram, 0,282 qram, 0,245 qram, 0,271 qram, 0,290 qram, ümumilikdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,255 qram və 0,082 qram, ümumilikdə təmiz çəkisi 0,337 qram olan psixotrop maddə-metafetamin, şüşə kolbacıq və bir ədəd kiçik ölçülü tərəzi aşkar edilməsini mübahisələndirməmiş, kiçik ölçülü tərəzidən özü istifadə etdiyi narkotik vasitəni çəkərkən istifadə etdiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni xırda bağlamalara bükmüş, həmin bükümlər yeddi büküm olmuşdur. Təqsirləndirilən şəxs gecə saat 04:10-da küçədə saxlanılmış, bu səbəbdən sonuncunun yeddi bükümdən ibarət narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün əldə edərək saxlayıb daşıması inandırıcı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən kiçik ölçülü tərəzi aşkar edilmiş, ekspert rəyindən göründüyü kimi, tərəzidə narkotik vasitə olan heroinin izləri olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri (Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi), mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu il təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İ siyahısının 49-cu bəndində heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotin vasitə kimi, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİ siyahısının 27-ci bəndində metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2), himayəsində iki azyaşlı övladının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Qayıbov X5 Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə metafetamin, 01 (bir) ədəd şüşə kolbacıq, 01 (bir) ədəd kiçik ölçülü elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,092 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,257 qram psixotrop maddə metafetamin, 01 (bir) ədəd şüşə kolbacıq, 01 (bir) ədəd kiçik ölçülü elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar