Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-349/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyi “Sənayecihaz" EİM-də yığıcı çilingər vəzifəsində işləyən, evli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saat 19:05 radələrində X1 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi «Daewoo Nexia» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Babək prospekti 2199 ünvanında yerləşən “İstikbal” mebel evinin qarşısından keçən yolun hərəkət hissəsinin sağdan birinci hərəkət zolağı ilə saatda 15 km/saat sürətlə avtomobili arxaya doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respjblikası Qanununun 42-ci maddəsinin 14-cu hissəsinin tələblərinə əsasən avtomobildən arxada ümumi istifadədə olan nəqliyyat üçün dayanacağın yerləşməsini və dayanacaqda piyadanın dayanmasını, yəni həmin yerdə arxaya hərəkətin qadağan olmasını nəzərə alaraq idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirməməli və hərəkətin digər iştirakçıları üçün təhlükəli şərait yaratmamalı olduğu halda həmin qaydalara riayət etməyərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün olan dayanacaqda dayanmış olan piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurub ona ehtiyatsızlıqdan sol bazu sümüyünün anatomik cərrahi boynunun qapalı yerdəyişmiş sınığı hər iki sarğı nahiyələrinin hematomaları ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla yol nəqliyyat hadisəsi törədərək hadisədən sonra zərərçəkən Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən “Yol hərəkəti" haqqında Azərbaycan Respublikası Qanunun 37cı maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla avtomobillə hadisə yerindən gedərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, videogörüntü və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdən B1, B, C1, C kateqoriyalı BA425273 nömrəli sürücülük vəsiqəsi ilə “Daewoo’' markalı “Nexia" modelli **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 12 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Babək prospekti ilə Əhmədli qəsəbəsi istiqamətində dayanmışdır. Bu zaman həmin yerdən Biləcəri qəsəbəsinə hərəkət etmək istəmiş, lakin manver edəcəyi təqdirdə “Yol Hərəkəti" haqqında qanunun müvafiq maddələrinin tələblərini pozacağını anlamışdır. Bu səbəbdən Babək prospektində yerləşən "İstikbal" mebel adlanan mebel mağazası ilə üzbəüz yolun hərəkət hissəsində idarə etdiyi avtomobilin qəza işıq siqnallarını qoşub avtomobili saatda 10/15 km/saat surətlə geriyə hərəkət etdirmişdir. Hava qaranlıq olduğu və yolda avtomobil sıxlığı çox olduğu üçün avtomobili geriyə hərkət etdirərkən avtomobilin arxasını elə də yaxşı görməkdə əziyyət çəkirmiş. Bu zaman avtomobili geriyə hərkət etdirərkən avtomobilin çölündən səs gəlmiş, o, cəld avtomobili dayandırmış, avtomobildən enmiş, avtomobilinə arxasına yaxınlaşdıqda bir nəfər qadını vurduğunu və zərbə nəticəsində qadının yerə yıxıldığını görmüşdür. Həmin qadını cəld yerdən qaldırmış, istənilən tibb məntəqəsinə apara biləcəyini bildirmişdir. Həmin qadın onu təhqir etdiyindən o, hadisə yerindən getmişdir.. Baş vermiş yol nəqliyyat hadisəsi barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, “İİ Qarabağ” müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, onunla barışmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olummuş ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı gələcəkdə də heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olmuş barışıq ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində 30 saylı xətt marşrut avtobusundan Bakı şəhəri Xətai rayonu, Babək prospektində yerləşən “İstikbal" mebel evinin qarşısında olan dayanacaqdan enmiş, o, həmin yerdə yolun digər tərəfində yaşayırmış. Bu səbəbdən yolu digər tərəfə, yəni “İstikbal" mebel istiqamətində keçmək üçün yolun kənarında dayanmışdır . Yolda olan avtomobillərin sıxlığı çox olması səbəbindən yolu ehtiyatla digər tərəfə keçmək məqsədilə yolun sol tərəfinə baxıb avtomobillərin sıxlığının azalmasını gözləyirmiş, bu vaxt qəfil adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo" markalı "Nexia” modelli **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirərək qəfil onu vurmuşdur. Zərbənin təsirindən müvazinətini iitrərək yerə yıxılmışdır. Avtomobilin sürücüsü ətrafdakı şəxslərin köməyi ilə onu yerdən qaldırmış, o, Vüsala qardaşı X2 zəng etməyini xahiş etmişdir. Lakin Vüsal zəng etmək əvəzinə cəld avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. O, həmin vaxt yalnız onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının yalnız əvvəl “77" və son “946" hissəsi görmüş və bu barədə cəld Azərbaycan Respublikası DİN-nin '‘102 Zəng Məlumat Xidmətinə" məlumat vermişdir. Daha sonra yaşadığı evə gəlmiş, sol qolunda yaranan ağrılar səbəbindən Təcili Təxirə salınmaz tibbi yardıma müraciət etmişdir. Həkimlər yaşadığı ünvana gəlmiş və onu “1 saylı Şəhər Klinik Xəstəxanasına’’ aparmışdır. İş materiallarından məlum olur ki, hadisə yerini və zamanını müşahidə edən kamera görüntüsü 01 ədəd DVD disk köçürülmüş və sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü i tarixli protokoldan görünür ki, “İstikbal” mebel evinin təhlükəsizlik kamerasından götürülmüş görüntüyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs model və dövlət qeydiyyat nişanı görünməyən qara rəngli naməlum avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “İstikbal” mebel evinin qarşısında qəza işıqlarını yandıraraq geriyə hərəkət etməsi və qəfil dayanması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “İstikbal” mebel evinin qarşısında geriyə hərəkət edən avtomobilin etibarnamə əsasında idarə etdiyi “Daewo” markalı, “Nexia” modelli **-CN-*** qeydiyyat nişanlı avtomobil olmasını, həmin an avtomobili özü idarə etdiyini, geriyə hərəkət edən zaman yolun hərəkət hissəsində olan vətəndaş Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini, baş vermiş yol nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığını bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 1362 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu sümüyünün anatomik cərrahi boynunun qapalı, yerdəyişmiş sınığı, hər iki sarğı nahiyələrinin hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni YNH zamanı törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 fevral 2023-cü il tarixli 8/07 saylı ekspert rəyindən görünür ki, “Daewo Nexia” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü hadisədən sonra zərər çəkənə ilk tibbi yardım göstərməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, “İstikbal” mebel evinin çöl tərəfində quraşdırılmış təhlükəsizlik kamerasından götürülmüş videogörüntünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, “Daewoo” markalı “Nexia” modelli **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BA seriyalı 425273 nömrəli «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə xx.xx.2032-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş 342801 nömrəli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən «Daewoo» markalı «Nexia» modelli **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 noyabr 2022-ci il tarixdən 6 oktyabr 2023-cü il tarixədək idarə etmək üçün verilmiş mövcuddur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2023cü il tarixli ərizəsindən məlum olur ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və onlar barışmışlar, ona qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs komandirin verdiyi tapşırıqları, vəzifə borclarını layiqincə yerinə yetirmiş, xidmət etdiyi müddət ərzində özünü bacarıqlı, işgüzar bir əsgər kimi göstərmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 adlı övladı var. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Qalağayın KİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində bu günə qədər Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini, himayəsində azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerini əhatə edən “İstikbal” mebel evinin çöl tərəfində quraşdırılmış təhlükəsizlik kamerasından götürülmüş videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo” markalı “Nexia” modelli **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerini əhatə edən “İstikbal” mebel evinin çöl tərəfində quraşdırılmış təhlükəsizlik kamerasından götürülmüş videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo” markalı “Nexia” modelli **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-349/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-349/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver