Məhkəmə qərarları › İş №1(011)-349/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-349/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-349/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, üzərində daşımaqla saxlamış və 02 aprel 2024-cü il tarixdə saat 15:40-da Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu Babək 94 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasilə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Neftçilər metrosunun yaxınlığında tutmuşlar, daha sonra bölməyə gətirmişlər. Onun cibində telefon və pul var idi. Polis şöbəsində ona təzyiq göstərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, saat 11-12 radələrində onu şübhəli şəxs qismində saxlamışlar. Polis əməkdaşları onu Neftçilər metrosunun yaxınlığında saxlamışlar, lakin onu Xətai rayon 34cü polis şöbəsinə gətirmişlər. Telefonunun anten məlumatları ilə bunu müəyyən etmək olar. Polis şöbəsində axşam saatlarında təhqiqatçının otağında üstünə baxış keçirilmişdir. Sonuncu dəfə narkotik vasitədən daha əvvəl tutulan zaman istifadə etmişdir. Həmçinin bildirmişdir ki, onu 4-5 nəfər tutmuşdur, lakin onların arasında polis əməkdaşı Şahid2 olmamışdır. Polis şöbəsində ona təzyiq göstərilməsi və döymə ilə bağlı şikayət yazmışdır, müvəqqəti saxlama yerinə təcili tibbi yardım da gəlmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şöbə rəisinə məruzə edərək rəhbərliyi ilə şöbənin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2024-cü il tarixdə saat 15:40-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri. Xətai rayonu, Babək prospekti 94 ünvanın yaxınlığında piyada hərəkət edən zaman ona yaxınlaşıb özlərini təqdim etmiş, sonra barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar olmasını bildirmiş, sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə onu ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına dəvət etmiş, şöbədə Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs şöbənin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməliyə təhvil vermiş, sonra təhqiqatçı Asiman İmaməli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş maddəni çıxarıb təqdim etmiş və sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, özünə məxsus olmasını və həmin heroini şəxsi istifadəsi üçün metronun Neftçilər stansiyasının yaxınlığında heç bir anket məlumatını bilmədiyi şəxsdən 10 manata almasını bildirmişdir. Sonra videoçəkiliş zamanı təhqiqatçı Asiman İmaməli şübhəli şəxs Təqsirləndirilən şəxs başqa harada hər hansı qanunsuz əşya saxlayıbsaxlamadığını soruşduqda başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmiş, daha sonra təhqiqatçı Asiman İmaməli tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş maddə elektron tərəzidə çəkilərək çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş maddə təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri AR DİN-nin 152 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvvəkili, polis leytenantı Şahid2 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, təxminən 4 ildir narkotik vasitələrdən istifadə edir, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-cü maddəsi ilə məhkum olunmuşdur. 02 aprel 2024-cü il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş «kakos» kimi tanıdığı heroini alıb əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibinə qoymuş, həmin tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişdir. 34-cü PŞ-də olan zaman polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilərkən təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş, bu zaman əynindəki tünd göy rəngli cins şalvarımın sol yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli kütləni çıxardaraq masanın üstünə qoymuş, həmin kütlənin heroin olmasını, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Daha sonra həmin maddə elektron tərəzidə çəkilərək müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyulub qablaşdırıb, üzəri imzalarla təsdiq olunmuş və bu barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan və şöbəyə aparılan zaman ona hər hansı bir formada təzyiq göstərilməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, təqdim etdiyi narkotik vasitədən başqa, digər yerlərdə narkotik vasitə saxlamamış və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v. 1) - 02 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20-21) - 02 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli maddə halında olan kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli maddənin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən heroin (kakos) olmasını bildirmişdir. Həmin bükümdəki maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və həmin şəffaf rəngli sellofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli maddənin çəkisi 0.34 (sıfır nöqtə otuz dörd) qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçun 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v. 40-42) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “CD” disk sübut kimi tanınmışdır; (i.v. 43) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1795 nömrəli 03 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «zərflər üçün № 152» möhür əksi, «...Təqsirləndirilən şəxs..» və s. imzalar, soyadlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 0,295 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,245 qram; (i.v. 50-54) - 04 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.63-64) - 04 aprel 2024-cü il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təhqiqatçı Asiman İmaməli şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş maddəni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin «kakos" kimi tanıdığı narkotik vasitə olan heroin olmasını və həmin heroini Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan sonra təhqiqatçı Asiman İmaməli tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilir və çəkisinin 0,34 qram olması müəyyən edilir. Daha sonra təhqiqatçı Asiman İmaməli tərəfindən həmin narkotik vasitə kağız zərfə qoyularaq qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənir. Eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini səmimi olaraq etiraf etməsi videogörüntüdə öz təsdiqini tapmışdır; (i.v.78) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-260/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilməsi qərara alınmışdır; (i.v.85-88) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 18 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin residivi vardır. (i.v. 93-95) - Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-189/2022 saylı, 22 iyun 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 1(011)-472/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanması, alınan 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hazırkı hökmlə təyin olunan 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 yanvar 2022-ci il ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; (i.v.96-99) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin 25 aprel 2024-cü il tarixli 2703 №-li Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Remissiya mərhələsində OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını və remissiya vəziyyətini nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.110-111) - 20 may 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və həmin tarixdə onun barəsində Xətai rayon məhkəməsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən qalıq qalmış 0,245 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satmış şəxs barəsində material ayrılaraq, aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilmiş, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə narkotik vasitə olan heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək, təmiz çəkisi 0,295 qram hesab edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması həmin prosesi əks etdirən videodiskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-kimyəvi və ambulator məcburi-narkoloji ekspertizalarının rəyləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir; (i.v.118-124) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Respublika Təcili və X2 Mərkəzi” X5 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:47-də "RTTTYM"-nə ünvan 6 ünvanından Təqsirləndirilən şəxs (36 yaş) adına "ağrılar" səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Xətai TTTYS bölməsinin həkimi Tariyel Zeynalov icra edərək, xəstə Təqsirləndirilən şəxs (36 yaş) "İşiasla gedən lumbaqo" diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 09 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat:22:30-da Xətai RPİ-nin müvəqqəti saxlama yerinə qəbul edilmişdir. Onun üzərinə baxış keçirilmiş və bu barədə axtarış protokoluna qeyd edilmişdir ki, axtarış zamanı 1 kəmər, 1 telefon (redmi), 1 qol saatı və 20 azn pul olmuşdur. Təqsirləndirilən şəxs yazılı olaraq qeyd etmişdir ki, MSY-nə qəbul olunarkən üzərində 20 azn pul olub, qızıl əşya isə olmayıb. Həmçinin MSY-nə qəbul olunarkən bədənində heç bir xəsarəti olmayıb, şikayəti yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı kitabından görünür ki, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 16:00-da polis şöbəsinə gətirilmiş, daha sonra 02 aprel 2024-cü il tarixdə saat 23:10-da Müvəqqəti saxalama yerinə göndərilmişdir. - "xxxx" MMC-dən daxil olmuş ********** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 09:00-dan 19:00-dək olan müddət ərzində əhatə dairəsinə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulduğu zaman mobil telefonun yerləşdiyi inzibati ərazi barədə məlumat yoxdur. Həmin gün saat 11-12 aralığında telefonun yerləşdiyi ərazi Zığ qəsəbəsinə uyğun gəlir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına və məhkəmə baxışı zamanı əldə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, təqsirləndirilən şəxsin onun saat 11-12 radələrində tutulması barədə dedikləri həqiqətə uyğun deyil və müdafiə tərəfinin verdiyi vəsatət əsasında "xxxx" MMCdən daxil olmuş məlumatla təkzib olunur, yəni həmin vaxt təqsirləndirilən şəxs dediyi kimi Neftçilər metro stansiyası yaxınlığında deyil, Zığ qəsəbəsində olmuşdur. Həmçinin MSY-də döyülməsi ilə əlaqədar təcili yardım çağırılması barədə dedikləri “Respublika Təcili və X2 Mərkəzi” X5 məktubu ilə təkzib edilir, belə ki, çağırışa gəlmiş həkim xəsarətlərlə bağlı olmayan digər diaqnozla tibbi yardım etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,295 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 02 aprel 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,245 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,245 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar