Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-35/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Şahid1, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 28.10.1994-cü ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Marneuli şəhəri, Atatürk prospekti 67 ünvanında qeydiyyatda olan və ünvan 1şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə saat 20:50-də Azərbaycan Respublikası ərazisində sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «KİA Optima minik» markalı, RA-008-SM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən üzü S.Ə.Şirvani küçəsi istiqamətində təxminən 10 km/saat sürətlə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanının qarşısında yolu sağdan sola doğru qaçaraq keçən piyada 2009-cu ildə anadan olmuş azyaşlı Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ qanad hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona sol iç topuğun yerdəyişməyən qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasında anadan olmuş və ailəsi ilə birlikdə orada yaşayır. Azərbaycan dilində sərbəst danışır və başa düşür. 2020-ci ilin mart ayında ailəsi ilə birlikdə Bakıya qonaq gəldikdən sonra ölkələr arasındakı quru sərhəddi pandemiya səbəbindən bağlandığına görə Gürcüstan Respublikasına geri qayıda bilməmişdir. Buna görə də Bakıda qalmaq məcburiyyətində qalmışdır. Gürcüstan Respublikasında yaşadığı müddətdə oradan özünə “Kia Optima” markalı RA 008 SM qeydiyyat nişanlı avtomobil almış, Bakı şəhərinə də həmin avtomobillə gəlmişdir. 22 may 2021-ci il tarixdə saat 19:30-da öz avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə hərəkət edərkən 90 saylı binanın həyətinə dönüb məhəllə arası yolla hərəkət etməyə başlamışdır. Təxminən 10 km/saat sürətlə hərəkət edən zaman yolun sağ tərəfində yerləşən binanın qarşısından bir nəfər sonradan adının Məhəmmədəli olduğunu öyrəndiyi azyaşlı uşaq asta qaçışla yolu keçmək istəyərkən onun avtomobilinin qabaq sağ qanadına dəyərək yerə yıxılmışdır. O, dərhal avtomobildən düşərək həmin azyaşlıdan yaxşı olub-olmadığını soruşmuş, sonuncu da ona yaxşı olduğunu bildirmişdir. Bu səbəbdən avtomobilinə əyləşərək yoluna davam etmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək Xətai Rayon Polis İdarəsinə dəvət etmişdilər. Polis İdarəsinə getdikdən sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun avtomobilinə dəyən zaman topuq nahiyəsi sınmış və ağır xəsarət almışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa tanışı Şahid2 olmuşdur. Məhəmmədəli ona yaxşı olduğunu bildirdiyi üçün güman etməmişdir ki, sonuncuya xəsarət yetirə bilər. Bu səbəbdən də Məhəmmədə yardım etmədən və ad soyadını, əlaqə nömrəsini vermədən hadisə yerindən uzaqlaşmışdır. O, Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra sürücülük vəsiqəsi almaq barədə heç bir dövlət qurumuna müraciət etməmişdir.Buna səbəb Azərbaycan Respublikası Qanunvericiliyinin bilməməsi olmuşdur. Gürcüstan Respublikası tərəfindən ona verilmiş vəsiqə ilə Azərbaycan Respublikası ərazisində bir ay keçməsinə baxmayaraq avtomobil idarə etmişdir. Bu səbəbdən verilmiş ittihamla özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, bu səbəbdən mülki iddiadan imtina etdiklərini, ona qarşı heç bir tələb və şikayətlərinin olmadığını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin tələb və şikayətinin olmamasını, Azərbaycan Respublikası qanunvericiliyini bilmədiyinə görə bu maddə ilə ittiham olunduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 may 2021-ci il tarixdə saat 19:30-da yaşadıqları küçədə uşaqlarla oynayırmış. Blokdan çıxdıqdan sonra avtomobil yoluna tərəf asta şəkildə qaçmağa başlamışdır. Həmin vaxt blokun qarşısında yolun sağında avtomobillər dayanmışdır. O, həmin avtomobillərin arası ilə qaçaraq yola çıxmışdır. Bu zaman qəfildən həmin yolda hərəkət edən avtomobil onun sol ayağından vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Təxminən 3-4 saniyə yerdə qaldıqdan sonra ayağa durmuşdur. Avtomobilin sürücüsü avtomobili saxlayıb aşağı enmiş və ona yaxınlaşaraq salamat olub-olmadığını soruşmuşdur. O da sürücüyə yaxşı olduğunu bildirmişdir. Bundan sonra sürücü avtomobilə əyləşib yoluna davam etmişdir. Həmin avtomobilin sürücüsü getdikdən sonra o, ayağında ağrı yarandığını hiss etmiş və məhəllədəki oturacağa yaxınlaşaraq orada əyləşmişdir. Bir neçə dəqiqədən sonra anası mənzilin eyvanından baxdıqda anasına avtomobil vurduğunu söyləmişdir. Bundan sonra ağrısı çoxaldığından anası onu xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər ona yardım etdikdən sonra evə geri qayıtmışlar. Daha sonra dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, X2 onun oğludur. Oğlu 2009-cu il təvəllüdlüdür. 22 may 2021-ci il tarixdə günorta saatlarında Məhəmmədəli uşaqlarla oynamaq üçün məhəlləyə enmişdir. Həmin günü saat 19:30-da mənzilin eyvanından baxan zaman Məhəmmədəlinin məhəllədə oturacaqda əyləşdiyini görmüşdür. Eyvandan qışqıraraq Məhəmmədəlidən nə baş verdiyini soruşduqda, oğlu ona avtomobil vurduğunu demişdir. Bundan sonra o, aşağıya düşərək oğlunu xəstəxanaya aparmışdır. Xəstəxanadan onlara oğlu Məhəmmədəlinin ayağı sındığını bildirmişlər. İddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5000 manat maddi ziyan, 1000 manat mənəvi zərərə görə, ümumlikdə 6000 manat pul vəsaitinin və 80 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. Bu səbəbdən mülki iddiadan imtina etdiklərini qeyd edərək bu barədə olan ərizələri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sadiq qızı bildirmişdir ki, 22 may 2021-ci il tarixdə saat 19 radələrində tanışı İsmaillə birlikdə sonuncuya məxsus “Kia Optima” markalı avtomobillə Bakı şəhəri, Babək prospekti ilə hərəkətdə olan zaman İsmail binaların arasına dönüb məhəllə arası yolla hərəkət etməyə başlamışdır. Həmin məhəllə ilə hərəkət edən zaman sağ tərəfdə yerləşən yaşayış binasının blokundan bir azyaşlı uşaq asta qaçışla çıxıb avtomobil yoluna tərəf gəlməyə başlamışdır. İsmailin idarə etdiyi avtomobilin sağ qabaq hissəsi uşağa dəymiş və həmin an uşaq yerə yıxılmışdır. İsmail avtomobili saxlayaraq avtomobildən yerə düşmüş, ona isə oturub gözləməyi bildirmişdir. İsmail avtomobildən düşdükdə həmin uşaq ayağa qalxmışdır. İsmail uşaqdan salamat olub-olmadığını soruşmuş, həmin uşaq da yaxşı olduğunu söyləmişdir. Bundan sonra İsmail avtomobilə əyləşmiş və birlikdə yollarına davam etmişlər. Azyaşlının ciddi bir xəsarət almadığını düşündüyündən İsmail hadisə barədə polisə və yaxud uşağın valideynlərinə məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, X2 onun oğludur. 22 may 2021-ci il tarixdə işdə olan zaman saat 20 radələrində həyat yoldaşı Şahid1 ona zəng vuraraq Məhəmmədəlini avtomobil vurduğunu və ayağından xəsarət aldığını bildirmişdir. Yoldaşı və qardaşı X1 aparmışdır. O, bir başa Travmatologiya İnstitutuna getmişdir. Travmatologiya İnstitutuna çatdıqda həkimlər bildirmişlər ki, Məhəmmədəlinin sol ayağı topuq nahiyəsindən sınmışdır. Xəstəxana həmin məlumatı polis idarəsinə ötürdükdən sonra Xətai Rayon Polis İdarəsindən ona zəng vurub hadisə barədə maraqlanmışlar. Bir neçə gündən sonra polis idarəsində ona bildirmişdilər ki, hadisəni törədən şəxs tapılmış və onun adı Təqsirləndirilən şəxsdur. Daha sonra oğlunun müalicə məsrəfləri təqsirləndirilən şəxs İsmail tərəfindən tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli 52/2021 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarət sol iç topuğun yerdəyişməyən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, 22.05.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 8/1771 nömrəli rəyindən görünür ki, Kia Optima markalı, RA 008 SM dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan əlavə kompleks məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli, 8/1998-4/1211 nömrəli rəyindən də məlum olur ki, “KİA Optima” minik markalı, RA 008 SM dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Optima” minik markalı, RA 008 SM dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və ona qaytarılmışdır. İş materiallarında olan 29.07.2021-ci il tarixli video diskə baxış keçirilməsi barədə protokoldan məlum olur ki, 22.05.2021-ci il tarixdə saat 19:08-də azyaşlı uşaqlar məhəllədə qaçırlar, binanın qarşısındakı yolla bir ədəd qırmızı rəngli yük avtomobili, ardınca isə bir ədəd gümüşü rəngli sedan tipli “Kia Optima” markalı avtomobil hərəkət edir, bir neçə saniyədən sonra binanın blokundan bir nəfər qara geyimli azyaşlı uşaq qaçaraq yolun kənarında dayanmış avtomobillərin arasından yola çıxan zaman “Kia Optima” markalı avtomobilin sağ qabaq hissəsinə dəyərək yerə yıxılması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “Kia Optima” markalı avtomobili idarə edən şəxsin özü olmasını, avtomobilə dəyərək yerə yıxılan uşağın isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, yol-nəqliyyat hadisəsinin görüntüsü olan 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Qeydiyyat-İmtahan Şöbəsindən alınmış 13.07.2021-ci il tarixli, 016-81789-1221 saylı məktubdan görünür ki, 28.10.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və RA 008 SM dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasında verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 notarial qaydada təsdiq edilmiş ərizəsindən məlum olur ki, dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 iddia ərizəsindən görünür ki, 5000 manat maddi ziyan, 1000 manat mənəvi zərərə görə, ümumlikdə 6000 manat pul vəsaitinin və 80 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ərizəsindən məlum olur ki, dəymiş ziyan ödənildiyindən mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35-1-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİİ. Bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. İş materiallarından və təqsirləndirilən şəxsin səmimi ifadəsindən məlum olur ki, xarici vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almamış və ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirilməsi üçün heç bir addım atmamışdır. Nəticədə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Azərbaycan Respublikasında idarə etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarına əsasən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarın 3cü bəndinin 3-cü abzası aşağıdakı redaksiyada (3-cü və 4-cü abzaslar şəklində) verilmişdir: Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyu kimi Qanun işin müstəsna halları anlayışını müəyyən etmir, ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edildiyindən, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalı, bu halı müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunu, yəni cinayətin motivi və məqsədi, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirilməlidir. İş materiallarından məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış və ona qarşı heç bir şikayət və tələb yoxdur. Baxılan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olması ona Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyada nəzərdə tutulmuş daha ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilən hal və həmçinin Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayəti və tələblərinin olmaması müstəsna hallar kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını X4 Müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli X4 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə belə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək iddiadan imtina etməsi qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı, RA-008-SM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmış CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını X4 Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X4 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı, RA-008-SM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-35/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-35/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver