Məhkəmə qərarları › İş №1(011)-350/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-350/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-350/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam rayonu, Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayonu, Gülablı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus mənzilə az işlənmiş kombi aparatı quraşdıracağına dair vəd verib 21 yanvar 2021ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pul alıb özü ilə gətirdiyi az işlənmiş kombi aparatını quraşdırıb getdikdən sonra sözügedən kombi aparatının işlək vəziyyətdə olmadığı sonuncuya məlum olmuş, 22 yanvar 2021-ci il tarixdə saat 10 radələrində həmin kombi aparatını söküb yenisi ilə əvəz edib gətirəcəyinə dair yalan vəd vermiş, evdən çıxan zaman Zərərçəkmiş şəxs məxsus köhnə kombi aparatını da 50 manat ona qalmaq şərtilə 350 manata satacağına dair vəd verib aldadaraq hər iki kombi aparatını özü ilə aparıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 950 (doqquz yüz əlli) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Gülablı kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. O, ailəlidir, himayəsində 6 aylıq X3 adlı bir övladı var. Rəsmi olaraq iş yeri olmasa da, elektrikdir. Həm evlərin, həm də maşınların elektrikə aid olan bütün işlərini görməyi bacarır. Müştəri düşdükdə elektrik işlərini görüb qazanc əldə edib bu qazancı ilə ailəsini dolandırırmış. Maddi imkanıının aşağı olduğuna görə Tap.az saytında elanlara baxıb oradan ucuz məişət əşyaları alıb üstünə biraz pul qoyub baha qiymətə həmin sayta yerləşdirib qazanc əldə edirmiş. Yanvar ayının əvvəllərində Tap.az saytında kombi elanına rast gəlmişdir. Həmin elanda olan indi xatırlamadığı nömrəyə zəng vurub kombi barədə maraqlanmışdır. Həmin adam da özü kombi satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra o, həmin adamın kombi satışı ilə məşğul olduğunu bilib Tap.az saytına öz adından kombi satdığı elanı qoymuşdur. 20 yanvar 2021-ci il tarixdə özünü Hafiz kimi təqdim edən şəxs onun telefonuna zəng vuraraq kombi almaq istədiyini bildirmişdir. O da kombi satdığını və istədiyi kombini gətirə biləcəyini bildirmişdir. Hafiz adlı şəxs ona 32 lt həcmli kombi istədiyini bildirmişdir. O, zəng edən şəxsə heç bir problem olmadığını bildirib 600 manata razılaşmışdır. Zəng edən şəxslə danışıb qurtardıqdan sonra Tap.az saytında kombi elanı yerləşdirən şəxsə zəng etmiş və 32 lt həcmli kombi lazım olduğunu bildirmişdir. Həmin şəxs də ona 500 manata kombini satacağını bildirmişdir. O, həmin şəxslə razılaşmış və bildirmişdir ki, kombini dediyi ünvana çatdıracağı halda o, həmin şəxsə pulu verəcək. Həmin şəxs onunla razılaşmış və səhəri gün, yəni 21 yanvar 2021-ci il tarixdə saat 12 radələrində adını xatırlamadığı şəxslə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 64 saylı binanın qarşısında görüşmüşdür. Həmin şəxsdən kombini götürüb Hafiz adlı şəxsə zəng vurmuş və kombini gətirdiyini bildirmişdir. Hafiz də ona 64 saylı binanın 5 saylı mənzilinə qalxmağını bildirmişdir. O, kombi ilə birlikdə Hafiz adlı şəxsin yaşadığı mənzilə qalxmış və kombini mənzilin dəhlizində qoymuşdur. Bundan sonra Hafiz adlı şəxsə 600 manatı indidən verməyi tələb etmişdir. Hafizdən 600 manatı aldıqdan sonra aşağı düşüb onu gözləyən şəxsə 500 manat vermiş və özü kombini quraşdırmaq üçün mənzilə qalxmışdır. Mənzilin eyvanına keçib Hafiz adlı şəxsin köhnə kombisini söküb eyvana qoymuş və yeni kombini quraşdırmağa başlamışdır. Kombidə nasazlıq olduğundan quraşdırmağa əziyyət çəkmişdir. Nə edirdisə kombini quraşdıra bilmirmiş. Artıq hava qaralmağa başlamışdır. Hafiz də ondan kombini niyə quraşdıra bilmədiyini soruşduqda o, kombidə nasazlıq olduğunu bildirmiş və bu dəqiqə həll edəcəyini demişdir. Daha sonra kombinin işlək vəziyyətdə olmadığını görmüş, Hafiz adlı şəxsə kombini aparıb sabah yeni kombi gətirəcəyini bildirərək getmək istəmişdir. Hafiz adlı şəxs ona kombini elə divardan asılı vəziyyətdə saxlamağı və sabah yenisini gətirəndən sonra bunu götürüb apara biləcəyini bildirmişdir. O, Hafizlə razılaşmış və sabah səhər saatlarında yeni kombi ilə gələcəyini bildirərək çıxıb getmişdir. 22 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, Hafizə zəng vuraraq onlara gələcəyini və köhnə quraşdırdığı kombini söküb yeni kombi gətirəcəyini bildirmişdir. Səhər saat 10 radələrində yenidən Hafizgilə gedərək öz gətirdiyi kombini sökmüş və bunun əvəzinə sabah yeni kombi gətirəcəyini bildirmişdir. Həmin kombini sökəndən sonra gözü eyvanda olan digər kombiyə sataşmışdır. Həmin kombini də 350 manata satacağını bildirmişdir. Hafiz də ona 350 manatdan 50 manatını verəcəyini bildirmişdir. Bundan sonra hər iki kombini evdən götürərək çıxıb getmişdir. Bu barədə heçkimə heçnə deməmişdir. Bir neçə gün sonra Hafiz adlı şəxsə zəng vuraraq kombini 300 manata ondan istəyən adam olduğunu bildirmişdir. Hafiz ona kombini satmamağı və 600 manat ilə birlikdə geri qaytarmağı tələb etmişdir. Hafizdən götürdüyü kombi 10 günə yaxın idi ki onda imiş. Övladının yeni olduğundan və maddi vəziyyətinin pis olduğundan özü ilə gətirdiyi kombini və Hafizgildən götürdüyü kombinin hər ikisini fevral ayının ortalarında günorta saatlarında 3-cü mikrorayon bazarı deyilən yerə çıxarmış və tanımadığı şəxsə 200 manata satmışdır. Həmin 200 manatı öz maddi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Hafiz adlı şəxs ona zəng vuraraq artıq özünə yeni kombi aldığını, aldığı pulu və köhnə kombini geri qaytarmağını istəmişdir. O da Hafizin mənzilindən götürdüyü kombini və 600 manatı qaytaracağını bildirərək dəstəyi asmışdır. Övladı Quba rayonunda olduğuna görə və maddi çətinlikləri olduğuna görə özünə orada iş tapa biləcəyini düşünüb fevral ayında Quba rayonuna getmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, iki azyaşlı uşağının olmasını, dəymiş ziyanın qısa müddətdə tam ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yanvar aylarında havaların soyuq olduğuna və evində olan kombinin kiçik həcmli və zəif olduğuna görə evə yeni kombi almaq qərarına gəlmişdir. Bu məqsədlə 20 yanvar 2021-ci il tarixdə internetdən “Tap.az” saytına daxil olaraq kombi axtarmağa başlamışdır. Orada bir nəfər şəxsin kombi satdığını görüb həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Rüfət kimi təqdim etmiş və orada olan kombinin özünə məxsus olduğunu bildirmişdir. O, telefonda 600 manata həmin kombini razılaşmışdır. 21 yanvar 2021-ci il tarixdə saat 12 radələrində həmin Rüfət adlı şəxs onun yaşadığı ünvana gəlmişdir. Həmin kombi ilə evə daxil olan kimi ondan danışdıqları 600 manatı tələb etmiş və həmin pulun kombinin sahibinə çatacağını bildirmişdir. O da Rüfətə inanıb elə qapının yanında 600 manat vermişdir. Rüfət aşağı düşmüş və bir neçə dəqiqə sonra yenidən qayıtmışdır. Qayıtdıqdan sonra aldığı kombini evdə quraşdırmağa başlamışdır. 3-4 saat keçdikdən sonra o, Rüfətdən vəziyyətin nə yerdə olduğunu soruşduqda sonuncu ona “az qalıb, bu dəqiqə hazır edəcəm”, “demək olar ki, işimi bitirmişəm” sözlərini deyərək vaxtı uzadırmış. Artıq axşam saat 17 radələrində hava qaralmağa başlamışdır, Rüfət adlı şəxs isə kombini quraşdırmamışdır. O, Rüfətə yaxınlaşıb öz etirazını bildirmiş və gətirdiyi kombinin işlək vəziyyətdə olmadığını nəzərinə çatdırmışdır. Rüfət də öz növbəsində ona kombinin işləmədiyini bildirmiş, həmin kombini aparıb sabah ayrı bir kombi gətirib quraşdıracağını bildirmişdir. Rüfət kombini elə divardan asılı vəziyyətdə qoyaraq çıxıb getmişdir. 22 yanvar 2021-ci il tarixdə səhər saat 10 radələrində Rüfət yenidən onun yaşadığı evə gələrək həmin kombini sökmüş və yenisini gətirmək adı ilə evdən çıxmaq istəmişdir. Evdən çıxan zaman Rüfət ona evlərində olan köhnə kombini də götürmək istədiyini və 350 manata sata biləcəyini bildirmişdir. O da Rüfətlə razılaşmış və satdıqdan sonra 350 manatdan 50 manatı saxlamaqla 300 manatı ona gətirib verməli olduğunu bildirmişdir. Rüfət də onunla razılaşmış və həmin kombini də götürərək mənzili tərk etmişdir. Bundan sonra Rüfətlə əlaqə saxlamaq mümkün olmamışdır. O, Rüfətə dəfələrlə zəng etsə də sonuncu ona söz verərək kombini gətirəcəyini bildirmiş, amma kombini gətirməmişdir. Bundan sonra Rüfətlə əlaqə tamamilə kəsilmiş, o, əlacsız qalaraq yeni bir şirkət nömrəsi tapmış və evə yeni kombi sifariş etmişdir. Yeni kombi sifariş etdikdən sonra o, Rüfət adlı şəxsə zəng vuraraq yeni kombi aldığını və ondan aldığı pulu geri qaytarmağını xahiş etmişdir. Rüfət də ona pulu 2 gün ərzində qaytaracağına vəd verib telefonu söndürmüş və bundan sonra Rüfətlə əlaqə yaratmaq mümkün olmamışdır. Fevral ayıının sonlarında tanımadığı bir nömrə ona zəng vurmuşdur. O, telefonu götürdükdə zəng edən şəxs kombi ustası olan Rüfət olduğunu və onun evindən götürdüyü köhnə kombini 300 manata satacağını bildirmişdir. O isə Rüfətə köhnə kombini heçkimə satmamağı və verdiyi 600 manatı da geri qaytarmağını bildirmişdir. Rüfət də ona gətirib qaytaracağını bildirərək dəstəyi asmış, yenidən onunla əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək Zərərçəkmiş şəxs dələduzluq yoli ilə əldə etdiyi pulu harada aldığını və kombi aparatını haradan götürdüyünü göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.05.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan AZ-İİ 396970 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə X1 12 avqust 2020-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan AZ-İV 549202 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 21.11.2020-ci il təvəlldlü X3 adlı bir azyaşlı övladıvar. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2021-ci il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə dələduzluq cinayətinin törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olduğunu və himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia , maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar