Məhkəmə qərarları › İş №1(011)-350/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-350/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-350/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" Neft Şirkəti "xxxx" Metanol qatar tərtibatçısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 02 dekabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində nikahları pozulmuş keçmiş arvadı Zərərçəkmiş şəxs aralarında mənzillə bağlı olan problemlərə görə yaranmış mübahisə zamanı bir dəfə təpiklə sonuncunun sağ çanaq nahiyəsindən qəsdən vurub yerə yıxaraq ona ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahiyələrində şişkinli qançırlar, sağ bud çanaq oynağının gərilməsi və qeyri-stabilliyi, eləcə də ağrı sindromu ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. O, 2005-ci ilin oktyabr ayının əvvəllərində Aytənlə nikaha daxil olmuş, onların birgə nikahından iki uşağı olmuşdur. Zərərçəkmiş şəxs ilə ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında narazılıqlar yaranmışdır. Aralarında yaranan narazılıqlara səbəb xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. 2013-cü ilin aprel ayının əvvəllərində Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən Aytən ilə nikahı pozulmuşdur. Onların nikahı pozulduqdan sonra o, başqa ünvanda yaşamağa başlamışdır. 2019-cu ildə yenidən ailə qurmuş və bir azyaşlı uşağı vardır. Aytən ilə boşandıqdan sonra başqa evdə qalsa da ona yaşamaq üçün ev lazım olduğundan və Aytənin yaşadığı Xətai rayonu, Zığ Yolu küçəsi, ev 31 ünvanında yerləşən 74 nömrəli mənzil ona məxsus olduğundan o, Aytənə mənzili yarı-yarıya bölməyi təklif etmişdir. Lakin Aytən buna razı olmamış, evin yarıdan çoxunun ona verilməsini tələb etmişdir. Halbuki, həmin mənzili o, Aytən ilə nikaha daxil olmamışdan əvvəl almışdır. Buna görə də, Aytənə uşaqları ilə ona məxsus mənzildən çıxıb başqa mənzilə köçməsi üçün 15000 manat pul verməyi təklif etsə də, o, bununla razılaşmamış və iddia etmişdir ki, mənzilin təmiri üçün 13000 manat pul xərcləmişdir. Aytən bu barədə Xətai rayon məhkəməsinə müraciət etmiş və hal-hazırda onun müraciəti məhkəmə icraatındadır. Xətai rayon məhkəməsində üç baxış iclası keçirilmiş və Aytənin mənzilin təmiri üçün 13000 manat pul xərcləməsinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin olunmuşdur. 02 dekabr 2021-ci il tarixdə Xətai rayon məhkəməsində ekspert ilə görüşmüş və mənzilə baxmaq üçün onunla birlikdə Zığ Yolu küçəsi 31 ünvanda yerləşən binanın 74 nömrəli mənzilinə getmişdir.Ora çatdıqda Aytəni, oğlu Amini və Aytənin bacısı Vəfanın binadan çıxmasını görmüşdür. Həmin şəxslərdən kənarda dayanıb gözləmiş, ekspert isə binaya daxil olmuşdur. Ekspertin arxasınca isə Vəfa, Aytən və Amin binaya daxil olmuşdur. Onlar binaya daxil olduqdan sonra özü də içəri keçmişdir. Binanın dördüncü mərtəbəsi ilə üçüncü mərtəbəsinin arasında Aytən demişdir ki, kiçik oğlu Eldar məktəbdən gələcək və onu qarşılamağa gedir. O isə həmin vaxt binanın ikinci mərtəbəsində dayanmışdır. Aytən geri qayıdıb qarşısına çatdıqda gülümsəyib səs-küy salaraq yerə yıxılmış, yerə yıxıldıqdan sonra qışqırıb ucadan səslər çıxarmışdır.Ekspert arxaya çevrilib Aytənə nə olmasını soruşanda o ekspertə Aytənin niyə səs-küy saldığını bilmədiyini, nə baş verdiyini Aytəndən soruşmasını bildirmişdir.Aytən isə ekspertə demişdir ki, “məni Anar yıxmışdır”. Bundan sonra ekspert nə üçün Aytəni yıxmağını soruşanda Aytəni yıxmadığını, nə üçün onu yıxıb öz işini çətinliyə salmasını bildirmişdir. Bundan sonra isə ekspertlə birlikdə binanı tərk etmişlər. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuş, onların birgə nikahından iki oğlu olmuşdur. Böyük oğlu Şahid1 2006-cı il, kiçik oğlu Eldar isə 2011-ci il təvəllüdlüdür. İlk vaxtlar Anar ilə münasibətləri normal olsa da, 2013-cü ildən isə aralarında problemlər yaranmışdır. Anar ilə arasında yaranmış problemlərə səbəb onun yaşadığı evə içkili gəlməsi və mübahisə etməsi olmuşdur. Bu səbəbdən 2013-cü ildə nikahın pozulması üçün məhkəməyə müraciət edilmiş və məhkəmənin qərarına əsasən Anar ilə nikahları pozulmuşdur.Nikahı pozulsa da bir müddət Anar ilə ünvan 1 ünvanda yaşamışlar.Sonradan Anar başqa bir qadın ilə ailə qurmuş və həmin qadının mənzilində yaşamışdır. Hazırda Anarla aralarında mənzil mübahisəsi var. 02 dekabr 2021-ci il tarixdə saat 17 radələrində o, böyük oğlu Amin və bacısı ilə evdə olmuşdur. Daha sonra isə kiçik oğlu Eldarı məktəbdən götürmək üçün oğlu Amin və bacısı Vəfa ilə evdən çıxmış, binanın birinci mərtəbəsinə düşdükdə orada keçmiş əri Anarı və tanımadığı bir kişini görmüşdür. Sonradan bilmişdir ki, həmin şəxs ekspertdir və ekspert mənzilin təmirini qiymətləndirmə üçün gəlmişdir. Bundan sonra onlar hamısı evə qayıtmışlar. Evə ilkin olaraq bacısı, ekspert və oğlu Amin qalxmışdır. O isə oğluna Eldarı məktəbdən götürməyə getdiyini demişdir. Pilləkən ilə düşmək istədikdə Anar ilə qarşı-qarşıya gəlmişdir. Bu anda Anar heç bir səbəb olmadan təpiklə sağ çanaq nahiyəsindən bir dəfə güclü zərbə ilə vurmuşdur. Zərbənin təsirindən üçüncü mərtəbədə yerləşən mənzilin qapısının qarşısına yıxılmışdır. Həmin vaxt oğlu Amin yaxınlaşıb onu yerdən qaldırmışdır. Oğlu Amin atası Anardan onu nə üçün vurmağını soruşmuşdur. Səsə bacısı və ekspert onların yanına gəlmişdir. Ekspert Anardan nə üçün vurmasını soruşmuş, Anar isə heç nə deməyərək qaçaraq oradan uzaqlaşmışdır. Amin təcili tibbi yardıma müraciət etmişdir, eyni zamanda telefonla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşı və həkimlər gəlmişlər. Təcili tibbi yardım 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanada ilkin tibbi yardım göstərilmiş və həmin günü ev şəraitinə buraxılmışdır. Anar onu heç bir səbəb olmadan vurmuşdur. Anarın onu vurması üçün hər hansı bir formada ona qarşı qeyri-etik hərəkətlər etməmişdir. Həmin hadisə zamanı orada oğlu Amin olmuşdur. Sonradan isə bacısı və ekspert gəlmişdir. Ekspert Anardan nə üçün vurmasını soruşmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və bunun üçün də ona törətdiyi əməlinə görə müvafiq ağır cəza verilməsini, həmçinin, vermiş olduğu mülki iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Anar onu bir dəfə təpiklə sağ çanaq nahiyəsindən vurmuşdur. Həmin hadisə təxminən 2-3 dəqiqə ərzində olmuşdur. O, Anarı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Aytən Xətai rayonu, Zığ Yolu küçəsi, ev 31 mənzil 74 ünvanda yaşayır. Aytən Təqsirləndirilən şəxs ilə evli olmuş və onların iki uşağı vardır. 2013cü ildə Aytən və Anar boşanmışlar. Bacısının yaşadığı mənzil beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşir. Aytən və Anarın Xətai rayon məhkəməsində mənzil mübahisəsinə görə işləri vardır və bununla bağlı ekspertiza təyin edilmişdir. 02 dekabr 2021-ci il tarixdə bacısının yaşadığı evdə olmuşdur. Həmin vaxt evdə Aytən və böyük oğlu Amin olmuşdur. Onlar həmin günü saat təxminən 17:00 radələrində Aytənin kiçik oğlu Eldarı məktəbdən götürmək üçün evdən çıxmışlar. Mənzildən çıxıb binanın birinci mərtəbəsinə düşdükdə orada Anarı və yanında tanımadığı başqa birini görmüşdür. Sonradan həmin şəxsin ekspert işləməsini və qiymətləndirmə ilə əlaqədar mənzilə gəlməsini bilmişdir. Bundan sonra onlar hamısı evə qayıtmışlar. Evə ilkin olaraq ekspert ilə o, qalxmışdır. Aytən, oğlu Amin və Anar isə onlardan arxada gəlmişdir. Onlar mənzilə qalxan ərəfədə Aytən demişdir ki, oğlunu məktəbdən götürmək üçün gedir. Mənzilin qapısını açan zaman səs eşitmiş və dərhal geri qayıtmış, Aytənin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, bacısından nə olduğunu soruşduqda Anarın onu vurmasını demişdir. Bundan sonra ekspert də Anardan nə üçün Aytəni vurmasını soruşmuşdur. Anar isə heç bir söz deməyərək çıxıb getmişdir. Amin təcili tibbi yardıma müraciət etmiş, həmçinin DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşı və həkimlər gəlmişdir. Təcili tibbi yardım maşını bacısını 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Məhkəmə müəllim X1 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 257 saylı tam orta məktəbin İX sinif şagirdidir. Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Atası və anası aralarında olan problemlərə görə 2013-cü ildə boşanmışlar. Atası və anası boşandıqdan sonra atası onlarla yaşamamışdır. Valideynləri boşandıqdan sonra o da atası ilə əlaqə saxlamamışdır. Yaşadıqları mənzil beş mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşir. Atası onları evdən çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Onun özündən kiçik Eldar adlı qardaşı var. 02 dekabr 2021-ci il tarixdə o, anası və xalası Vəfa ilə birlikdə evdə olmuşdur. Eldarı məktəbdən götürmək üçün getdikdə binanın birinci mərtəbəsində atasını və tanımadığı başqa birini görmüşdür. Sonradan bilmişlər ki, atasının yanında olan şəxs ekspertdir. Ekspert isə mənzilin təmirini qiymətləndirmək üçün gəlmişdir. Bundan sonra onlar hamısı evə qayıtmışlar. Evə ilk olaraq xalası və ekspert qalxmışdır. O isə onların arxasında olmuş, ondan arxada isə anası və atası gəlmişdir. Anası qardaşı Eldarı məktəbdən götürməyə getdiyini bildirmişdir. Anası geri qayıdanda atasının təpiklə anasının sağ çanaq nahiyəsindən bir dəfə vurduğunu görmüşdür. Zərbənin təsirindən anası üçüncü mərtəbədəki mənzilin qarşısına yıxılmışdır. Dərhal anasına yaxınlaşıb kömək edib yerdən qaldırmış və atasından nə üçün anasını vurmasını soruşmuşdur. Səsə xalası və ekspert də onların yanına gəlmişdir. Ekspert də atasından nə üçün anasını vurmasını soruşmuşdur. Atası isə heç nə deməyərək qaçaraq oradan uzaqlaşmışdır. O, həm təcili tibbi yardıma müraciət etmiş, həm də anasının telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polislər və həkimlər gəlmişlər. Təcili tibbi yardım anasını 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanada anasına ilkin tibbi yardım göstərilmiş və həmin günü ev şəraitinə buraxılmışdır. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə X3 X2 baş eksperti vəzifəsində işləyir. Xətai rayon məhkəməsinin icraatında olan iş ilə əlaqədar qiymətləndirmə ekspertizası təyin edilmiş, həmin ekspertizanın keçirilməsi ona tapşırılmışdır. Belə ki, Xətai rayonu, Zığ Yolu küçəsi 31 ünvanda yerləşən binanın 74 nömrəli mənzilində təmir işləri ilə bağlı qiymətləndirmə aparılmalı olmuşdur. 02 dekabr 2021-ci il tarixdə mənzil sahibi Təqsirləndirilən şəxs ilə həmin mənzilə getmişdir. Binanın qarşısına çatdıqda içəri daxil olduqda orada iki nəfər qadın və bir nəfər oğlan ilə qarşılaşmışdır. Məlum olmuşdur ki, həmin şəxslər Zərərçəkmiş şəxs, sonuncunun bacısı və oğludur. Onlar pilləkənlər ilə onların yaşadığı mənzilə qalxmağa başlamışlar. Belə ki, qarşıda Zərərçəkmiş şəxs bacısı hərəkət etmiş, sonuncu ilə birlikdə mənzilin qarşısına gəlmişdir. Arxada isə digər şəxslər gəlmişdir. Mənzilin qarşısına çatdıqda səs eşidib arxaya çevrilib baxdıqda Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə olmasını görmüşdür. Atən Məmmədovadan nə baş verməsini soruşmuş, sonuncu da bildirmişdir ki, Anar onu vurmuşdur. Bundan sonra Anardan nə üçün Aytəni vurmasını soruşmuş, lakin sonuncu Aytəni vurmadığını bildirmişdir. Bundan sonra oradan çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis leytenantı X5,Zərərçəkmiş şəxs, hal şahidləri Şahid3, X4 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 31 saylı binanın 3-cü girişinin 3-cü mərtəbəsinin ümumi dəhlizidir. Vətəndaş Zərərçəkmiş şəxs bildirdi ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qeyd olunan yerdə onun çanağının sağ hissəsinə təpiklə vurmuşdur. Hadisə yerində hər hansı kamera mühafizə vasitəsi aşkar edilməmişdir. Hadisə yerinə baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində keçriilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 22-23); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X8 1207 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahiyələrində şişkinli qançırlar, sağ bud-çanaq oynağının gərilməsi və qeyri stabilliyi, ağrı sindromu ilə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi ümumilikdə dərəcələrində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir ( i.v. 25-26); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və qərar ona edilməklə, hüquq və vəzifələri izah edilmişdir (i.v. 39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X8 07/1207 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ sağrı və sağ bud nahiyələrində şişkinli qançırlar, sağ bud-çanaq oynağının gərilməsi və qeyri stabilliyi, ağrı sindromu ilə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcələrində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsinə eləcədə öz boyu hündürlükdən yıxılmasına xarakterik deyildir ( i.v.57-59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış 24 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir ( i.v. 76-77); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin madə ilə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 108); qətimkan tədbirinin seçilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 122-123); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Məhkəmə-Psixoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1479 saylı rəyindən görünür ki, Şahid1 əqli və psixi inkişafında gerilik əlamətləri qeydə alınmadı. Şahid1 əqli və psixi inkişafı normaya uyğundur. O, öz hərəkətlərinin mənasını tam dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Şahid1 müayinə zamanı özündən uydurmağa meyillik əlamətləri müşahidə edilmədi. Şahid1 az ünsiyyətçilik, sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Şahid1 müayinə zamanı təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Şahid1 əqli və psixi inkişafı normaya uyğun olduğundan o, öz hərəkətlərinin mahiyyətini qavraya, dərk edə və ifadə edə bilər. Şahid1 qərarın təsviri hissəsində göstərilən situasiyada onun davranışına mühüm təsir göstərə biləcək fərdi-psixoloji xüsusiyyətlər aşkar olunmadı( i.v. 132-135); Sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid1 ifadəsi, üzləşdirmə, hadisə yerinə baxış protokolları, məhkəmə tibbi ekspertizası üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X10 03 dekabr 2021-ci il tarixli 1207 və 18 may 2022-ci il tarixli 07/1207 saylı rəyləri, Səhiyyə Nazirliyinin Məhkəməpsixiatrik ekspertiza mərkəzi X10 09 iyun 2022-ci il tarixli 1479 saylı rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək keçmiş arvadı Zərərçəkmiş şəxs vurmaması və xəsarət yetirməməsini göstərməsi təkzib olunduğu üçün həmin xüsusatın məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə kimi qiymətləndirilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır ( i.v. 137-145); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il, təvəllüdlü Məmmədli Zeyd adlı azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs iş materiallarında olan mülki iddia ərizəsinin geri qaytarılması barədə ərizəsindən görünür ki, o, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızını vurmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və digər sübutlarla təkzib olunur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmlıdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini növbəli işdə olduğu müddət istisna olmaqla hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət- Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, mülki iddia üzrə iddiaçı mülki iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən və cavabdeh mülki iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyindən mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar