Məhkəmə qərarları › İş №1(011)-351/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-351/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-351/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(011)-189/2022 saylı hökmü ilə 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən üç büküm ümumi təmiz çəkisi 1,515 qram psixotrop maddə metamfetamin və üç büküm narkotik vasitə heroin əldə etikdən sonra heroinin bir bükümünü istifadə etmiş, ümumi təmiz çəkisi 1,14 qram qalan iki büküm heroini üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə bir büküm 0,747 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində tanışı Şahid2, bir büküm 0,775 qram heroini isə 20 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 aprel 2022-ci il tarixdə, saat 14:10 radələrində Xətai rayonu, 5-ci Rezervuar küçəsi yaxınlığında saxlanılıb Xətai RPİ-nin 34cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd ağ rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram və 0,391 qram olmaqla ümumi təmiz çəkisi 0,768 qram olan ağ rəngli kristallik madə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə edir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və polis şöbəsinə gətirilmişdir. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Şahid2 və Şahid1 tanıyır. Onların narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini bilir. Lakin, o, Samir və Fəridə heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Polis şöbəsində olan vaxt polis əməkdaşlarının təzyiqi ilə üzərində narkotik vasitə və psixotrop maddə olması, Şahid2 və Şahid1 narkotik vasitə və psixotrop maddə satması barədə etirafedici ifadələr verməyə məcbur olmuşdur. Lakin şöbədə olarkən polislər tərəfindən ona heç bir fiziki güc, şiddət tətbiq edilməmişdir. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 4-5 il müddətdə narkotik vasitələrdən istifadə etmişdir. Belə ki, narkotik vasitənin əsasən “kakos” və “şüşə” kimi tanıdığı növlərdindən almışdır. Narkotik vasitəni tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərdindən pulla alaraq müxtəlif yolla qəbul etmişdir. Narkotik vasitə asılılığında olmuş, buna görə də əziyyət çəkmiş və bədənində ağrılar olduğuna görə qarşını almaq üçün narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni doldurma yolu ilə qəbul etmişdir. Bundan başqa bir necə dəfə üzdən tanıdığı şəxslərə narkotik vasitə satmışdır. Bir ay əvvəl internet sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ilə danışan zaman sonuncu bildirmişdir ki, pul qarşılığında Bakı şəhərinə narkotik vasitələr göndərir. Həmin şəxslə sonuncu dəfə xatırlamadığı tarixdə telefonda danışan zaman narkotik vasitə lazım olacağını bildirib lazım olduqda narkotik vasitə göndərə biləcəyini soruşmuş, həmin şəxs də demişdir ki, pulunu əvvəlcədən deyəcəyi hesaba ödədikdən sonra istənilən qədər müxtəlif növ narkotik maddələr göndərə bilər. Həmin şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməsini xahiş etmiş, sonuncu da bildirdiyi hesaba pul köçürdükdən sonra deyəcəyi ünvana getdikdə narkotik maddələrin fotoşəkillərini göndərəcəyini bildirmişdir. 28 və yaxud 29 aprel 2022-ci il tarixdə səhər saatlarında İran İslam Respublikası vətəndaşı ilə danışan zaman sonuncu demişdir ki, hesab deyəcək və həmin hesaba 100 manat pul ödəyəcək. Həmin günü xatırlamadığı ünvanda yerləşən dayanacaqda olan terminalın yanında həmin şəxs ilə əlaqə saxlamış və bildirdiyi hesaba 100 manat pul ödəmişdir. Terminaldan ödədiyi qəbzin fotoşəklini çəkib həmin şəxsə göndərmiş, sonra isə izi itirmək üçün qəbzi hissələrə bölərək zibil qabına atmışdır. Bundan sonra həmin şəxsin deməsi əsasında Bakı Metropoliteninin “Həzi Aslanov’' stansiyası yaxınlığına gəlmiş və gözləmişdir. Bir saat gözlədikdən sonra həmin şəxs narkotik maddələrin qoyulduğu yerin fotoşəklini atmışdır. Həmin yeri bir neçə dəqiqə ərzində metronun ətrafında gəzərək tapmış və yerdən bir ədəd ağ rəngli sellofan büküm götürmüşdür. Həmin bükümü əynində olan şalvarının cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Yaşadığı evdə bükümü açmış və içərisinə baxmışdır. Bükümdə ümumilikdə 06 ədəd xırda-xırda bükümlər olmuşdur. Bükümləri açmış və içərisinə baxmışdır. Bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını gördükdən sonra yenidən qablaşdırmışdır. Narkotik vasitənin bir bükümünü evdə istifadə etmiş, qalan 05 ədəd bükümləri isə yenidən cibinə qoymuşdur. Gecəni evdə yatmış və səhər yuxudan oyanıb küçəyə çıxmışdır. Narkotik vasitələr şalvarının cibində olmuşdur. Kənd Əhmədli qəsəbəsində piyada yolla gedən zaman səhər saatlarında küçədə tanışı Şahid2 ilə qarşılaşmışdır. Samir ilə söhbət edən zaman sonuncuya narkotik vasitə lazım olub-olmamasını soruşmuş, Samir də istədiyini bildirdikdən sonra 10 manat pul alıb bir büküm psixotrop maddə metamfetamini Samirə satmışdır. Samir başqa pulu olmadığını bildirdiyi üçün narkotik maddəni 10 manata sonuncuya satmışdır. Bundan sonra isə oradan uzaqlaşmışdır. Yolla gələn zaman tanıdığı Şahid1 ilə rastlaşmışdır. Fərid ilə söhbət edən zaman sonuncu narkotik vasitə olub-olmamasını soruşmuş, Fəridə narkotik vasitə olmasını bildirib 20 manat pul istəmişdir. Fərid 20 manat pul vermiş və sonuncuya üzərində olan narkotik vasitə bükümlərindən birini çıxarıb vermişdir. Fəridə verdiyi bükümdə narkotik vasitə heroin olmuşdur. Fərid bükümü götürüb getmişdir. Oradan uzaqlaşıb yaşadığı evə gəlməyə başlamışdır. Həmin günü saat 14:10 dəqiqədə 5-ci Rezervuar küçəsinin yaxınlığına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib 34-cü PŞ-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş narkotik vasitə heroini və iki ədəd ağ rəngli sellofan torbada olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə nə olması və haradan əldə etməyi barədə sual verilmişdir. Bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, narkotik maddələri İran İslam Respublikası vətəndaşından onlayn vasitəsilə almışdır. Narkotik maddələr satıbsatmamağı barədə sual verilmiş, bildirmişdir ki, Samir və Fərid adlı şəxslərə 20 manata narkotik vasitələr satmışdır. Üzərindən aşkar edilmiş bükümlər açılaraq baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş, narkotik vasitə heroinin çəkisi 0.46, metamfetaminin çəkisi isə 0.98 müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün və satmaq üçün əldə etmişdir. Aşkar edilmiş narkotik vasitədən və psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı vardır. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Heç vaxt Fərid və Samir ilə narkotik vasitə istifadə etməmiş, onlarla narkotik vasitə əldə etməmiş, onların kimlərdənsə narkorik vasitə əldə etməsini bilməmişdir. Yalnız onların şifahi olaraq narkotik vasitə istifadə etməsini bilmişdir. Bir neçə dəfə tanımadığı şəxslərə narkotik vasitə satmışdır. Fərid və Samirə isə ilk dəfə narkotik maddə satmışdır. Narkotik maddələri aldığı şəxs İran İslam Respublikası vətəndaşı tanımış və kimliyi barədə heç bir məlumata sahib deyil. Həmin şəxsi görməmiş və tanımır. Həmin şəxs ilə internet sosial şəbəkəsində tanış olmuş və ona aid mobil telefonda olan hər bir məlumatı silmişdir. Həmin şəxs haqqında başqa heç bir məlumata sahib deyil. Narkotik vasitələri 06 ədəd bükümdə almışdır. Bükümlərin birini Samirə, birini isə Fəridə satmışdır. Bir ədəd bükümü istifadə etmiş, qalan üç ədəd bükümü isə özünə götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən iki əvvəl narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etməyə başlamış, narkotik vasitəni daima olaraq istifadə etmişdir. Yalnız əhval-ruhiyyəsi yaxşı olsun deyə narkotik vasitə əldə edərək vaxtaşırı qəbul etmişdir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərdindən pulla alaraq doldurma yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs tanıyır və sonuncu ilə mütəmadi olaraq Kənd Əhmədli qəsəbəsində görüşüb söhbət etmişlər. Ruslan da narkotik vasitə istifadə etmişdir. Onunla söhbət edən zaman biri-birilərinə narkotik vasitə istifadə etdiklərini demişlər. 30 aprel 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb narkotik maddə əldə etmək üçün Kənd Əhmədli qəsəbəsi ilə piyada gedən zaman təsadüfən küçədə Ruslan ilə rastlaşmışdır. Söhbət zamanı Ruslanda narkotik vasitə olmasını öyrənib istəmişdir. Ruslan ilə bir kənara çəkilib ona 20 manat pul vermişdir. Ruslan da bir ədəd büküm vermiş və içərisində “kakos” olmasını demişdir. Bükümü açıb baxdıqda “kakos” kimi tanıdığı heroin olmasını görmüşdür. Narkotik vasitəni cibinə qoyub çıxıb getmişdir. Saat təxminən 12:35 radələrində yaşadığı ünvan 3 ünvanda yerləşən evin qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 34-cü PŞ-nə dəvət edilmiş, onlara etiraz etməmiş və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması barədə sual verilmiş, bu zaman o da bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində qara rəngli qatı halında toz şəkilində maddə olması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.98 qram olması müəyyən edilmişdir. Həmin maddəni nə vaxt və haradan əldə etməyi barədə sual verilmişdir. O da həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində tanıdığı Ruslan adlı şəxsdən Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Ruslanın narkotik vasitəni haradan və hansı yolla əldə etməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir neçə ay əvvəl narkotik vasitənin “kakos” və “şüşə” kimi tanıdığı növündən istifadə etmişdir. Narkotik vasitəni mütəmadi olaraq tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərindən pulla alaraq doldurma yolu ilə qəbul etmişdir. Narkotik vasitələrin asılılığında olmamış, yalnız əhval-ruhiyyəsi yaxşı olsun deyə narkotik vasitədən vaxtaşırı qəbul etmişdir. X4 tanıyır və onu çox nadir hallarda görüşmüşdür. 30 aprel 2022ci il tarixdə səhər saatlarında yuxudan oyanıb narkotik maddə əldə etmək üçün Kənd Əhmədli qəsəbəsinə gəlmiş, piyada “Əhmədli” metrostansiyası yaxınlığına gedən zaman Təqsirləndirilən şəxs görmüş, söhbət zamanı Ruslanda narkotik vasitə olmasını bilib ondan 10 manata bir büküm “şüşə” kimi tanıdığı metamfetamin almışdır. Ruslandan narkotiki haradan almasını soruşmamış və oradan çıxıb getmişdir. Saat 14:30 radələrində Xətai rayonu, 3-cü Əhmədli küçəsinin yaxınlığında olan zaman iki nələr mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib 34-cü PŞ-yə dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış, üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması və haradan əldə edilməsi barədə sual verilmiş, bu zaman o da bildirmişdir ki, həmin bükümdə metamfetamin vardır. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli kristal şəkilli maddə olması müəyyən edilmişdir. Polis əməkdaşı tərəfindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 0.85 qram olması müəyyən edilmişdir. Həmin maddəni nə vaxt və haradan əldə etməyi barədə sual verilmişdir. O da həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində tanıdığı Ruslan adlı şəxsdən Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişdir. Üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, həmin psixotrop maddədən başqa heç bir yerdə hər hansı növ narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Ruslanın narkotik vasitəni haradan və hansı yolla əldə etməsini, onun başqa şəxslərə narkotik satıb-satmamasını bilməmiş və görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 30 aprel 2022-ci il tarixdə Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması və satması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Ruslan adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ruslan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına və satmasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmış, Ruslan adlı şəxsin ətrafında əməliyyat tədbirləri keçirilməyə başlanılmış, həmin qrupun rəhbəri özü, üzvü isə şöbənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 təyin olunmuşdur. Həmin gün Şahid4 ilə birlikdə məlumata əsasən Xətai rayonu, 5-ci Rezervuar küçəsinin yaxınlığına gəlmiş, saat 14:10 radələrində şəxsi əlamətlərinə görə Ruslan oxşatdıqları şəxsə yaxınlaşmışlar. Ona xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də adının Ruslan oğlunu bildirmiş, onlar da Ruslana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, birlikdə polis şöbəsinə gəldikdən sonra şöbədə “Ruslan” adlı şəxsin şəxsiyyətini dəqiqləşdirmiş, daha sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif etmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümlərdən birinin içərisində heroin, digərlərində isə metamfetamin olduğunu, onları həm şəxsi istifadə, həm də satış məqsədilə “Həzi Aslanov” metrostansiyası yaxınlığında İran İslam Respublikası vətəndaşı kimi bildiyi tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonuncu dəfə kimlərə narkotik vasitə satdığı soruşulduqda isə həmin günü günorta saatlarında Fərid və Samir adlı şəxslərə satdığını qeyd etmişdir. Aşkar edilmiş sellofan maddələr elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli tozşəkilli maddənin çəkisinin 0.45 qram, ağ rəngli kristal şəkilli madənin çəkisinin isə 0.98 qram olması müəyyən edilmiş, həmin maddələr kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 digər Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri, Şahid1 və Şahid2 barəsində isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 14:10-dan məhdudlaşdırılmışdır (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis baş leytenantı X7, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis mayoru Şahid3, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması soruşulduqda, o, 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirmiş, onları tanımadığı İran İslam Respublikasının vətəndaşından online yolla həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, müəyyən edilmişdir ki, həmin kütlələrdən ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli maddənin çəkisi 0,46 qram, iki bükümdə olan sellofan torbalara bükülmüş ağ rəngli kristal formalı maddələrin çəkisi 0,98 qramdır ( i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2022-ci il tarixli, 6/2525 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,377 qram; 0,391 qram ümumi təmiz çəkisi 0,768 qram olan ağ rəngli kristallik maddə xarici görünür əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir ( i.v. 42-46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir (i.v. 69-70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-234/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 91-92); Axtarış aparılması haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in baş müstəntiqi, polis polkovnik leytenantı X1, Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8, hal şahidləri X2,X3 iştirakları ilə ünvan 4 ünvanda yerləşən mənzildə axtarış aparılmış, axtarış zamanı sözügedən mənzildə qanunsuz heç bir əşya müəyyən edilməmişdir. Keçirilmiş istintaq hərəkəti protokollaşdırılmış və proses iştirakçılarının imzaları ilə düzgünlüyü təsdiq edilmiş, axtarış zamanı çəkilər fotoşəkillər protokola əlavə edilmişdir ( i.v. 101-107); Diskə baxış keçirilməsi haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi X8 iştirakları ilə “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim edərək 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirmiş, onları tanımadığı İran İslam Respublikasının vətəndaşından online yolla həm şəxsi istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini qeyd etmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlələrdən ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli maddənin çəkisinin 0,46 qram, iki bükümdə olan sellofan torbalara bükülmüş ağ rəngli kristal formalı maddələrin çəkisinin 0,98 qram olması müəyyən edilmişdir (i.v. 108-109); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X13 Hüquqi Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 124-125); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 126-127); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 iyun 2022-ci il tarixli, 6/2686 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan “6/2521... 1 may 2022-ci il...” sözləri soyad və imza qeyd edilmiş, “6/2524... 1 may 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş və “6/2525...1 may 2022-ci il...” sözləri soyadlar və imzalar qeyd edilmiş üç ədəd kağız paketdə olan; bir ədəd bükümdə təmiz çəkisi 0,725 qram olan heroin ilə bir ədəd bükümdə təmiz çəkisi 0,315 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd bükümdə təmiz çəkisi 0,697 qram olan metamfetamin ilə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,668 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir ( i.v. 131-135); Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Şahid2 və Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamların dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi, təqsirləndirilən şəxslər Şahid2 və Şahid1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirlərinin dəyişdirilmədən qüvvəsində saxlanılməsı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid3, Şahid4 X9, X12, X10, X6 ifadələri, ƏN-nin MEM-in 01 may 2022-ci il tarixli 6/2525, 6/2521, 6/2524, 06 iyun 2022-ci il tarixli 6/2686 saylı rəyləri, Səhiyyə Nazirliyi Respublika X13 Hüquqi şəxsin 13 may 2022-ci il tarixli 2476 saylı, 27 may 2022-ci il tarixli 2822 saylı və 02 iyun 2022-ci il tarixli 2910 saylı rəyləri, şəxsi axtarış və götürmə, disklərə baxış və üzləşdirmə protokolların iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,285 qram qalan narkotik vasitə heroin və 0,608 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,695 qram qalan narkotik vasitə heroinin maddi sübut kimi tanınması, Şahid2 üzərində aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,667 qram qalan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən üç ədəd “CD” disklərin sübut kimi tanınması, Xətai RPİ-nin 34-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminlərin miqdarının məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilmiş miqdarlara əsasən, yəni 0,285 qram, 0,695 qram narkotik vasitə heroin və 0,608 qram, 0,667 qram psixotrop maddə metamfetaminin əsas götürülməsi, təqsirləndirilən şəxslər Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.3 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araştırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət işinin materiallarından qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs satmış mənbə barəsində materialın ayrılması, qərarın surəti 24 saat müddətində məlumat üçün ibtidai araştırmya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 153-173); Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 175-178); Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 180-183); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilmiş, Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir ( i.v. 186-187); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm 10 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsinin təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə və 2 ədəd ağ rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim edərək 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli kütlənin heroin, digərlərinin isə metamfetamin olmasını bildirməsi, həmin bükümlərin elektron tərəziyə qoyularaq çəkisinin müəyyən edilməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,365 qram olan heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən ümumi təmiz çəkisi 0,768 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də oxşar məzmunlu cinayət törətməsini, həmin cinayətə görə barəsində ittiham hökmü çıxıb cəza təyin edilsə belə yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-351, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(011)-189/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0.285 qram narkotik vasitə heroin və 0,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar