Məhkəmə qərarları › İş №1(011)-352/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-352/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-352/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Göyçay rayonu Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, tanışı istintaqa məlum olmayan Ağabəy adlı şəxslə bir qrup şəxs tərkibində 09 aprel 2022-ci il tarixdə, saat 16:55 radələrində ünvan 1 ünvanının qarşısında, X9 onunla görüşə gəlmədiyini bəhanə edərək sonuncunun ünvanına nalayiq ifadələr işlədərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakıların rahatlığını pozan, əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək özü ilə götürdüyü silah qismində istifadə etdiyi və istintaqla müəyyən edilməyən tüfəngdən Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanının həyətinin giriş qapısına 2 dəfə atəş açaraq yerə atdığı boş gilizləri Ağabəy adlı şəxs yerdən götürdükdən sonra yenidən tüfəngi doldurub iki dəfə də atəş açaraq darvaza və darvazanın dam örtüyünü zədələyib Zərərçəkmiş şəxs cəmi 280 (iki yüz səksən) manat maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2019-cu il tarixdə Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına nəhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır. Elmar Əhmədovu 15 il olar ki, tanımışdır. O da onun kimi Xətai rayonu, Əhmədli qəsəbəsində yaşamışdır. Azadlığa çıxdıqdan sonra kənd Əhmədlidə hamı Elmar Əhmədovun uşaqlara metamfetamin satmasından danışmışdır. Elmar psixotrop maddə metamfetamin satışı ilə məşğul olduğu üçün aralarında mübahisə yaranmışdır. Buna görə də onunla münasibətləri pis olmuşdur. O, Elmara dəfələrlə metamfetamin satışını davam etdirsə aralarında ciddi problemlərin olacağını bildirmiş, lakin Elmar ona əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. O, Elmarla bir neçə dəfə görüşməyi təklif etmiş, əks təqdirdə onun yaşadığı evə gedib yaşadığı evə ziyan vuracağını özünə bildirmişdir. Buna baxmayaraq, Elmar ondan qaçmış, görüşə gəlməmişdir. 09 aprel 2022ci il tarixdə saat 16 radələrində yaşadığı məhəllədə olan zaman tanışı Ağabəylə Elmarın əməllərini davam etdirdiyini, metamfetaminin satışını davam etdirdiyini müzakirə etmişdir. Ağabəyin sadəcə adını bilir, yaşadığı yeri bilmir. Sonra Elmarın istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək ona xəbərdarlıq edib Kənd Əhmədlidə metamfetamin satmamasını tələb edəndə Elmar ona "mənim arxamda bilirsən kimlər var, özüm bilərəm satacam” deyə cavab vermişdir. Bundan sonra o, yaşadığı ünvan 3 ünvanında olan mərhum atasından qalma “İj 12‘' markalı ov tüfəngini və həmin tüfəngə məxsus 6 ədəd patronları götürüb ağ rəngli sellofan torbaya qoyaraq küçəyə çıxmışdır. Sonra Ağabəylə taksi fəaliyyəti ilə məşğul olan Əlirza adlı şəxsin idarə etdiyi ağ rəngli “Xəzər” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırıb onları Xətai rayonu, 3-cü Əhmədli küçəsi ev 27 ünvanına aparmasını xahiş etmişdir. Əlirza da taksi kimi onları apara biləcəyini bildirmiş və avtomobili Elmarın yaşadığı Xətai rayonu, 3-cü Əhmədli küçəsi ev 27 ünvana doğru sürməyə başlamışdır. Elmarın yaşadığı ünvana çatmağa az qalmış Əlirzadan avtomobili saxlayıb onları gözləməsini xahiş edib avtomobildən düşmüşlər. Ağabəylə camaatı narahat etməmək məqsədilə ətrafa baxmış, heç kəsin olmamasından əmin olduqdan sonra özü ilə götürdüyü tüfəngi torbadan çıxarıb əlində tutaraq Xətai rayonu, 3-cü Əhmədli küçəsi ev 27 ünvanının giriş qapısına doğru ilk olaraq iki dəfə atəş açıb boş gilizləri çıxarıb yerə atmış və yenidən tüfəngi doldurub iki dəfə də qapıya atəş açmışdır. Bundan sonra Ağabəy yerdə olan gilizləri yığdıqdan sonra onlar Əlirzanın idarə etdiyi avtomobilə əyləşib yaşadıqları məhəlləyə qayıtmışlar. Yaşadığı məhəllədə olan zaman Elmarın yaşadığı evin darvazasına atəş açdığı ov tüfəngini qırıb kanalizasiya quyusuna atmışdır. O, atılmamış 02 ədəd dolu gilizləri də tüfənglə birlikdə kanalizasiya quyusuna atmışdır. Daha sonra Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gedərək baş vermiş hadisə barədə izahat vermişdir. Elmarla aralarında əvvəllər heç bir ədavət və ya düşmənçiliyi olmasa da, son zamanlar Elmar psixotrop maddə metamfetamin satışı ilə məşğul olduğu üçün aralarında narazılıq yaranmışdır. Həmin vaxt orada tanışı Ağabəy adlı şəxs də olmuşdur. Ətrafda olan şəxsləri isə tanımamışdır. Onun məqsədi Elmara ziyan vurmaq olmuşdur. Başqa məqsədi olmamışdır. Əgər Elmarı öldürmək niyyəti olsaydı, onu çağırmamış, gizlicə izləyib yaşadığı ünvandan çıxandan sonra atəş açardı. Əlirza adlı şəxs ona heç bir köməklik etməmişdir. Əlirza sadəcə olaraq onu istədiyi ünvana taksi kimi aparmışdır. Avtomobili idarə edən şəxs Əlirza adlı şəxsdir, yerdən gilizləri yığan isə tanışı Ağabəy adlı şəxs olmuşdur. Hazırda zərərçəkmiş şəxs vurduğu ziyanı ödəmiş, onunla barışmışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yox verməyəcək. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanında qeydiyyatdadır, ailəsi ilə birlikdə həmin ünvanda da yaşayır. O, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Xəyal" firmasında mühafizəçi işləyir. X13 onun qardaşı oğludur. Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanı ona məxsusdur. Buna baxmayaraq, yaşadığı evin həyətində olan torpaq sahəsində qardaşları Telman və Eldar da özlərinə ev inşa edərək ailələri ilə birlikdə orada yaşayırlar. Telman və Eldar yaşadıqları evə getmək üçün ona məxsus evin həyətinin giriş qapısından istifadə etmişlər. 09 aprel 2022-ci il tarixdə saat 16:55-radələrində yaşadığı Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanında olan zaman küçədən yüksək səslə kiminsə nalayiq ifadələr işlətdiyini eşitmişdir. Buna görə də, o, küçəyə çıxmaq üçün yaşadığı evin həyət darvazasına doğru getmək istəyən zaman çöldən 3-4 dəfə atəş səsi eşitmişdir. Həmin vaxt evin həyətində o və anası Gülsürə olmuşdur. Güllənin səsindən onlara məlum olmuşdur ki, kimsə onların yaşadığı evə doğru atəş açır. Onlar qorxudan tez həyətdən qaçaraq yaşadıqları evin yataq otağında gizlənmişlər. Həmin şəxs atəş açdıqdan sonra yenidən uca səslə nalayiq ifadələr işlətmişdir. Təxminən 4-5 dəqiqə gözlədikdən sonra səsin gəlmədiyindən əmin olub evdən küçəyə doğru çıxmışdır. Küçəyə çıxan zaman yaşadığı Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanının dəmir darvazasının üzərində mərmi izləri olduğunu, qapının və qapının üzərində olan dəmir dam örtüyünün zədələndiyini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər odlu silahdan istifadə edərək yaşadığı Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanının giriş qapısına doğru bilmədiyi səbəbdən 3 dəfə atəş açmışdır. O, evdən küçəyə çıxan zaman evin qarşısında heç kimi görməmiş, evlərinin qapısına atəş açan şəxslər oradan çıxıb getmişlər. Həmin vaxt onunla bir məhəllədə yaşayan və ərzaq mağazasında işləyən qonşusu Şahid4 onlara yaxınlaşaraq yaşadıqları evin giriş qapısına doğru atəş açan şəxsin Vüsal adlı şəxs olduğunu, həmin şəxsin nalayiq ifadələr işlədərək məhəllə ilə yaşadığı ünvana doğru qalxdığını, Vüsalın yaşadıqları ünvana doğru atəş açdığını, həmin vaxt sonuncunun yanında Ceyhun adlı şəxsin olduğunu, Vüsal atəş açan zaman Ceyhunun yerdə olan gilizləri götürdüyünü, Vüsal atəş açdıqdan sonra onların hər ikisinin qaçaraq gəldikləri avtomobilə minib çıxıb getdiklərini demişdir. Bundan sonra anası Gülsurə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 34-cü PŞ-in əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə Xətai RPİ-nin 34-cü PŞ-yə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Vüsalı tanımamış, heç bir münasibəti olmamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Vüsal tərəfindən yaşadığı evin giriş qapısına doğru atəş açılsa da, nə o, nə də ki, ailə üzvlərindən heç kim xəsarət almamışdır. Elə həmin vaxt o və anası Gülsürə yaşadıqları evin həyətində olmuşlar. Həmin hadisə zamanı darvazanın və dam örtüyünün təmiri üçün 500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsla Elmar Əhmədov arasında hər hansı bir narazılıq olması, eyni zamanda Elmarın harada olması barədə heç bir məlumatı olmamışdır. Hazırda təqsiləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs, X14 və Şahid1 qardaşdırlar və onlar da onunla bir məhəllədə bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. X1r. Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanı Zərərçəkmiş şəxs məxsus olsa da, həmin evin həyətində Telman və Eldar da özlərinə ev inşa edərək orada yaşayırlar və onlar evə getmək üçün Elmana məxsus evin həyətinin giriş qapısından istifadə elmişlər. 09 aprel 2022-ci il tarixdə saat 16:50-radələrində yaşadığı evdən çıxaraq özünə siqaret almaq üçün marketə getmişdir. Zərərçəkmiş şəxs yaşadığı evi keçdikdən təxminən 30-40 metr sonra iki nəfər şəxs onunla üzbəüz gələrək Zərərçəkmiş şəxs yaşadığı evə doğru hərəkət etdiyini görmüşdür. Həmin şəxslər hərəkətdə olan zaman yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışlar. Ona görə də həmin şəxslər onun diqqətini çəkməyə başlamışdır. Həmin şəxslər onun yanından keçdikdən sonra diqqətini çəkdiyinə görə geri çönərək onlara baxmağa başlamışdır. Onlardan birinin əlində tüfəng olduğunu görmüşdür. O, tüfəng görməyinə baxmayaraq həmin şəxslərə o qədər də əhəmiyyət verməyərək yoluna davam etmişdir. Təxminən 2-3 dəqiqə sonra 3 ədəd atəş səsi eşitmişdir. İlk öncə o, həmin səsdən qorxmuş və bir neçə saniyə yerində gözləməyə başlamışdır. Həmin vaxtı silahdan açılan atəşin bayaq onun yanından keçən şəxslər tərəfdən yetirildiyini başa düşmüşdür. Dərhal geriyə qayıdıb səsə tərəf gedən zaman görmüşdür ki, onlar Zərərçəkmiş şəxs yaşadığı evə doğru atəş açır. O, orada Elmanla söhbət edib hər hansı bir şəxsin xəsarət alıb-almadığını dəqiqləşdirmişdir. Elman evin giriş qapısının və qapının dam örtüyünün zədələndiyini, atəşin hər hansı bir şəxsə tuş gəlmədiyini söyləmişdir. Bundan sonra Elmanın anası Gülsürə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Orada ona məlum olmuşdur ki, hadisə Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. O, Vüsalı qəsəbə sakini kimi tanısa da, onunla ilə heç bir münasibəti olmamışdır. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında heç bir ədavət və düşmənçilik də olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27A ünvanında qeydiyyatdadır və ailəsi birlikdə həmin ünvanda yaşayır. Yaşadığı evin qarşısında özünə məxsus “Çinar market” adlı ərzaq mağazasını işlətmişdir. O, mağazanı hər gün səhər saat 09 radələrində açaraq işə başlamış və saat 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs, X14 və Şahid1 qardaşdırlar və onlar da onunla bir məhəllədə bir həyətdə ayrı-ayrı evlərdə yaşamışlar. X1r. Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanı Zərərçəkmiş şəxs məxsus olsa da, həmin evin həyətində Telman və Eldar da özlərinə ev inşa edərək orada yaşamışlar və onlar evə getmək üçün Elmana məxsus evin həyətinin giriş qapısından istifadə etmişlər. 09 aprel 2022-ci il tarixdə saat 16:55 radələrində işlədiyi “Çinar market” adlı mağazada olan zaman küçədə kiminsə yüksək səslə nalayiq ifadələr işlətdiyini, daha sonra isə silahdan atəş səsi açıldığını eşitmişdir. O, orada heç kəsi görməmişdir, sadəcə səs eşitmişdir. Ceyhun adlı şəxsi tanımır. Hadisə ilə bağlı bildikləri bundan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin qarşısında küçəyə açılan özünə məxsus “Çinar market” adlı ərzaq mağazasını işlətmişdir. Hər gün səhər saat 09 radələrində açaraq işə başlamış və həmin gün saat 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs Rallq oğlu, X14 və Şahid1 qardaşdırlar və sonuncular da onunla bir məhəllədə bir həyətdə ayrı-ayrı evlərdə yaşamışlar. X3 Əhmədovun oğludur. Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanı Zərərçəkmiş şəxs məxsus olsa da, həmin evin həyətində Telman və Eldar da özlərinə ev inşa edərək orada yaşamışlar və sonuncular evə getmək üçün Elmana məxsus evin həyətinin giriş qapısından istifadə etmişlər. 09 aprel 2022-ci il tarixdə saat 16:55 radələrində işlədiyi “Çinar market” adlı mağazada olan zaman küçədə kiminsə yüksək səslə nalayiq ifadələr işlətdiyini eşitmişdir. Buna görə də işlədiyi mağazadan çölə çıxmaq üçün qapıya doğru yaxınlaşan zaman 2 dəfə silahdan atəş açılmasının səsi gəldiyini eşitmişdir. Həmin vaxt o, mağazanın pəncərəsindən küçəyə baxan zaman yaşadığı Əhmədli qəsəbəsindən tanıdığı Vüsal adlı şəxsin əlində tüfəng olduğunu və sonuncunun Elmanın yaşadığı ünvanın giriş qapısına doğru atəş açdığını görmüşdür. Həmin vaxt Vüsal atəş açdıqdan sonra tüfəngin içərisində olan boş gilizi çıxarıb yerə ataraq yenidən dolu gilizi tüfəngə qoyaraq Elmanın yaşadığı ünvana doğru 2 dəfə də atəş açdığını görmüşdür. O, yaşadığı qəsəbədən tanıdığı Ceyhun adlı şəxsin də Vüsalın yanında olmasını, Vüsalın atəş açdıqdan sonra boş gilizləri yerə atarkən Ceyhunun həmin gilizləri götürdüyünün şahidi olmuşdur. Vüsal Elmanın yaşadığı evin giriş qapısına doğru 4 dələ tüfənglə atəş açdıqdan sonra yenidən uca səslə nalayiq ifadələr işlətmişdir. Bundan sonra Vüsal Ceyhunla birlikdə gəldiyi Əlirza adlı şəxsin idarə etdiyi “Xəzər Lada” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək qaçaraq oradan uzaqlaşıb çıxıb getmişlər. Sonra Elman və sonuncunun ailə üzvlərinin yaşadıqları evdən küçəyə çıxdıqlarını görmüşdür. O, yaxınlaşaraq sonunculara yaşadıqları evin giriş qapısına doğru atəş açan şəxsin Vüsal adlı şəxs olduğunu, Vüsalın yaşadıqları evə doğru atəş açdığını, həmin vaxt Vüsalın yanında Ceyhun adlı şəxsin olduğunu, Vüsal atəş açan zaman Ceyhunun yerdə olan gilizləri götürdüyünü, Vüsal atəş açdıqdan sonra sonuncuların hər ikisinin qaçaraq gəldikləri avtomobilə minib çıxıb getdiklərini demişdir. Bundan sonra Elmanın anası Gülsürə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPinin 34-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. O, Vüsalı qəsəbə sakini kimi tanısa da, sonuncu ilə heç bir münasibəti olmamışdır. Vüsal Elmanın yaşadığı ev ünvana doğru atəş açan sonuncunun yanında Ceyhun adlı şəxs olmuşdur. Başqa ətrafda kimlərin olmasını və kimlərin həmin hadisənin şahidi olmasını bilməmişdir. O, həmin vaxt küçədə Vüsal və Ceyhundan başqa kənar şəxslərin olmasını görməmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. O, "Cüdo" idman növü üzrə müəllimdir və Azərbaycan Cüdo Federasiyasının üzvüdür. X13 onun qardaşı oğludur. Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanı qardaşı Zərərçəkmiş şəxs məxsusdur. Buna baxmayaraq yaşadıqları ünvan ata mülkü olduğu üçün evin həyətində olan torpaq sahəsində o və qardaşı Eldar da özlərinə ev inşa edərək ailələri ilə birlikdə həmin evlərdə yaşayırlar. Onlar yaşadıqları evə getmək üçün Elmana məxsus evin həyətinin giriş qapısından istifadə etmişlər. 09 aprel 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan zaman qardaşı Elman onunla əlaqə saxlayaraq anası ilə yaşadığı evin həyətində olan zaman kiminsə küçədə uca səslə nalayiq ifadələr işlədib söyüş söydüyünü, küçəyə çıxmaq üçün evin həyət qapısına doğru gedən zaman kiminsə evə doğru atəş açmasını eşidib qorxaraq anası ilə birlikdə evin yataq otağında gizləndiyini, təxminən 4-5 dəqiqə sonra atəşin kəsildiyindən əmin olduqdan sonra çölə çıxan zaman yaşadıqları evin dəmir giriş qapısına naməlum şəxslər tərəfindən silahla atəş açılması aşkar etməsi barədə məlumat vermişdir. Buna görə də, o, dərhal yaşadığı evə getmişdir. Həmin vaxt o, yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanının dəmirdən olan giriş qapısının üzərində silahdan atəş açılmasının, yəni mərmi izləri olduğunu, qapının və qapının üzərində olan dəmir dam örtüyünün zədələndiyini görmüşdür. Ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər odlu silahdan istifadə edərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanının giriş qapısına doğru bilmədiyi səbəbdən atəş açmışdır. O, Elmandan bu barədə soruşan zaman sonuncu ona həmin gün saat 16:55-radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanında olan zaman kiminsə küçədə nalayiq ifadələr işlətdiyini, həmin şəxsin yaşadıqları evə doğru 3-4 dəfə silahdan atəş açdığını, güllənin səsindən kiminsə onların yaşadıqları evə doğru atəş açmasını başa düşüb qorxaraq evin yataq otağına girərək gizləndiklərini, təxminən 4-5 dəqiqə gözlədikdən sonra səsin gəlmədiyindən əmin olduqdan sonra evdən çölə doğru çıxdığını, küçəyə çıxan zaman yaşadıqları ünvan 7 ünvanının dəmirdən olan giriş qapısının üzərində mərmi izləri olduğunu, qapının və qapının üzərində olan dəmir dam örtüyünün zədələndiyini gördüyünü bildirmişdir. Onlara məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər odlu silahdan istifadə edərək yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanının giriş qapısına doğru bilmədiyi səbəbdən 3-4 dəfə atəş açmışdır. Onlarla bir məhəllədə yaşayan və ərzaq mağazasında işləyən qonşuları Şahid4 onlara yaxınlaşaraq yaşadıqları evin giriş qapısına doğru atəş açan şəxsin Vüsal adlı şəxs olduğunu, həmin şəxsin nalayiq ifadələr işlədərək məhəllə ilə yaşadıqları ünvana doğru qalxdığını, Vüsalın yaşadıqları ünvana doğru atəş açdığını, həmin vaxt sonuncunun yanında Ceyhun adlı şəxsin olduğunu, Vüsal atəş açan zaman Ceyhunun yerdə olan gilizləri götürdüyünü, Vüsal atəş açdıqdan sonra nalayiq ifadələr işlədərək gəldikləri avtomobilə minib çıxıb getdiklərini demişdir. Bundan sonra anası Gülsurə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 34-cü PŞ-in əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə onları Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər və o, orada baş vermiş hadisə barədə izahat vermişdir. Vüsalı tanımamış, aralarında da heç bir ədavət və düşmənçilik olmamışdır. Vüsal tərəfindən yaşadığı evin giriş qapısına doğru atəş açılsa da, ailə üzvlərindən heç kim xəsarət almamışdır. Həmin vaxt ailə üzvləri yaşadıqları evdə olmuş və sonuncular küçədən atəş səsi gəldiyini eşidib sonradan küçəyə çıxsalar da, küçədə heç kim olmadığını görmüşlər Vüsal tərəfindən yaşadığı evin həyətinin giriş qapısına doğru atəş açılması nəticəsində evin girişinin dəmir darvazası və darvazanın üzərində olan dəmirdən dam örtüyü zədələnmişdir. Həmin hadisə zamanı darvazanın və dam örtüyünün təmiri üçün 500 manat vəsait tələb edilmişdir. Həmin hadisə nəticəsində onlara 500 manat maddi ziyan dəymişdir. İş üzrə digər şahid X10 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şahid X4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılması üçün icraata qəbul edilmişdir ( i.v. 1); xx.xx.2022-ci il tarixli, NK-1-793 saylı raportdan görünür ki, naməlum şəxs tərəfindən bir nəfər şəxsin həyətinə avtomatla gəlməsi, güllələmək istəməsi barədə məlumat daxil olmuşdur ( i.v. 7; Hadisə yerinə baxış keçirilməsi haqqında 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in baş təhqiqatçısı, polis kapitanı X5, Zərərçəkmiş şəxs, X8, hal şahidləri X12, X2 iştirakları ilə ünvan 8 ünvanın yaxınlığında 3 ədəd güllə başlığının olması aşkar edilmiş və götürülmüşdür. Hadisə yerinə dair fotoşəkillər iş materiallarına əlavə edilmişdir ( i.v. 8-9); Şübhəli şəxsin tutulması haqqında 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 17:30-da tutulmuşdur ( i.v. 34); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 60); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir ( i.v.82); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəlinin 13 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 101-106); İfadənin yerində yoxlanması haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( i.v. 107-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən əməli CM-in 126.1-ci maddəsinə tövsif edilərək cəzası 04 (dörd) ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 811 saylı “Əfv” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhəri Səbai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsinə əsasən 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş 03 (üç) il 06 (altı) ya müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir ( i.v. 121-124); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 30 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 124-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli, 3/549 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03(üç) ədəd predmet zavod üsuli ilə istehsal edilmiş, 12 kalibrli yivsiz odlu tüfənglərində döyüş sursatı kimi istifadə edilmiş, 12 kalibrli yivsiz ödlu öv tüfənglərində döyüş suratı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissələridir-tıxacdırlar (“konteyner tipli”) (i.v. 153-155); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 10/2752 nömrəli ekspert rəyindən görünür ki, X11 məxsus ünvan 1 saylı evə dəymiş ziyanın bərpası üçün görülməsi işlərin dəyərinin hazırkı orta bazar qiymətinə uyğun olaraq 280 manat təşkil etdiyi müəyyən edildi ( i.v. 156-158); Diskə baxış keçirilməsi haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Elmin Abdullayev icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi X6 iştirakları ilə “DVD” diskə baxış keçirmişdir. Baxış zamanı əynində qara rəngli paltar olan iki nəfər şəxsin piyada olaraq Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 27 ünvanının qarşı hissəsinə doğru gəlməsi, həmin şəxslərdə dolu bədən quruluşlu olan şəxsin əlində tüfəng olması və həmin şəxsin silahı dolduran zaman ağ rəngli avtomobilin gələrək onların yanında keçib ara küçədə dayanması, dolu bədən quruluşlu şəxsin əlində olan tüfəngi doldurub ünvan 9 ünvanına doğru atəş açması, həmin şəxsin atəş açdıqdan sonra boş gilizləri çıxarıb yerə ataraq yenidən silahı doldurması, bu zaman kənarda olan əynində qara rəngli paltar olan arıq bədən quruluşlu şəxsin yaxınlaşaraq yerə atılmış gilizləri götürüb cibinə qoyaraq onları gözləyən ağ rəngli avtomobilə yaxınlaşması, həmin vaxt dolu bədən quruluşlu şəxsin əlində olan tüfənglə yenidən Xətai rayonu, 3-cü Əhmədli küçəsi ev 27 ünvanına doğru atəş açdıqdan sonra əli ilə hədə hərəkətləri edərək nə isə deyib onları gözləyən avtomobilə yaxınlaşması, bu zaman arıq bədən quruluşlu şəxsin avtomobilin arxa qapısını açması, dolu bədən quruluşlu şəxsin avtomobilin arxa, arıq bədən quruluşlu şəxsin isə avtomobilin sağ qabaq oturacağına əyləşdikdən sonra avtomobilin hərəkət edərək gözdən itməsi müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə əlində tüfəng olan və Xətai rayonu, 3-cü Əhmədli küçəsi ev 27 ünvanına doğru atəş açan dolu bədən quruluşlu şəxsin özü olmasını, avtomobili idarə edən şəxsin taksi fəaliyyəti ilə məşğul olan tanışı Əlirza adlı, yerdən gilizləri götürən şəxsin isə tanışı Ağabəy adlı şəxs olduğunu bildirmişdir ( i.v. 178-179); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan yenidən ittiham elan edilməsi, kompleks məhkəmə əmtəəşünaslıq və mühəndis-texniki ekspertizasının 24 may 2022-ci il tarixli 3/549 saylı və məhkəmə-ballistik ekspertizasının 24 may 2022-ci il tarixli 3/549 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29, 120 və 228-ci maddələri, Əlirza adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının’’ 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə ünvan 1 ünvanının qarşısından götürülmüş 03 ədəd zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissəsi olan tıxacların maddi sübut kimi tanınması və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə xx.xx.2021-ci il tarixdə baş vermiş hadisənin görüntüsü olan 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işindən Ağabəy adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-cü maddəsi ilə cinayət işi ayrılması barədə qərar qəbul edilməsi, həmin cinayət işində Ağabəy adlı şəxsin və qeyrilərinin müəyyən edilərək əməllərinə hüquqi qiymət verilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 280 manat hesab olunması, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilməsi və onun əməlinin cinayətlərin residivi kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 190-201); Cinayət işinin materiallarından başq cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 21 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Ağabəy adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (i.v. 203-204); Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir ( i.v. 208); Zərərçəkmiş şəxs notarial təsdiqli ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-618/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-201/2019 nömrəli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib cəzasının çəkilməmiş hissəsindən azad olunduğundan üzərindən məhkumluq götürülmüşdür. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə görə eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 59.1.12. zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli ümumi təhlükəli üsuldan (CM 61.1.10) istifadə etməklə törətməsini nəzərə alır və cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və iş üzrə maddi sübut – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 3 ədəd tıxac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut –Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 3 ədəd tıxac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar