Məhkəmə qərarları › İş №1(011)-352/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-352/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-352/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafisəsi şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvansız evdə qeydiyyatda olmaqla ünvan 2arəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, həyat yoldaşı Şahid2 sifarişi ilə 28 oktyabr 2022-ci il tarixdə saat 22:00-da ünvan 3 ünvana gəlmiş «Toyota» markalı, «Prius» modelli ** RO *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək sifarişi yerinə yetirməməsi səbəbindən aralarında yaranmış münaqişə və dava-dalaşa görə həmin gün saat 23:20-də araşdırma ilə bağlı ünvan 4 ünvanında yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasının qarşısına gəldikdə, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Samirə Musazadəyə baxıb özü-özlüyündə anlaşılmayan ifadələr işlətməsi pis təsir göstərdiyindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona çeynəmə hərəkətlərində hərəkət məhdudluğu və ağrı simptomu ilə qeyd olunan sağ almacıq - əng komplekslərin yerini dəyişən sınığı, OD (sağ göz) qapaqları hematoması, subkonyuktival qansızına, sağ göz orbitası və gözaltı nahiyədə sorulmaqda olan hematoma və üzərində sağ gözün alt qapağında əzilmiş yara və bu fonda sağ göz almasının ağrı qişasında qansızma, sağ yanaq nahiyəsində sorulmaqda olan hematoma kimi ümumilikdə və ayrıayrılıqda dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan xəsarətlərdən ibarət qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Günel, azyaşlı uşağı və qayınanası ünvan 3 evdə yaşayan həyat yoldaşının bacısı evinə qonaq getmişlər. Saat 22.45 radələrində Günel ona zəng edib bildirmişdir ki, həmin ünvana taksi sifariş etmişdir ki, yaşadığı ünvana getsinlər. Zəng zamanı yoldaşı bildirmişdir ki, Ərəstun adlı taksi sürücüsü oraya gəlmiş, lakin aralarında mübahisə yaranmışdır. Yoldaşı həmçinin bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-dədir. Təxminən 23.15 radələrində o yoldaşını götümək üçün şöbəyə getmişdir. Şöbənin həyətinə daxil olanda, yoldaşının ona tərəf gəldiyini görmüş, yoldaşının arxası ilə isə Ərəstun gəlmişdir. Yoldaşı ona demişdir ki, mübahisə edən, onlarla dalaşan taksi sürücüsü Ərəstundur, Ərəstun onların uşaqlarını taksidən kobudluqla çölə atmışdır. O Ərəstunun yoldaşına və uşağına etdiyi bü hərəkətləri eşidib bir dəfə möhkəm yumruq zərbəsi ilə Ərəstunun sifət nahiyəsindən vurmuşdur. Hal-hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsina baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən zərərçəkmiş şəxsin məhkəməyə məcburi gətirilməsi ilə bağlı bir neçə dəfə məcburi gətirmə qərarı qəbul edilmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən çıxarılmış məcburi gətirilmə qərarına cavab məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılaraq məhkəmə iclasına dəvət edilmiş, lakin o təkidliklə məhkəmə iclaslarında iştirak etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də «Toyota» markalı, «Prius» modelli, ** RO *** qeydiyyat nişanlı avtomobillə «Bolt» şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 28 oktyabr 2022-ci il tarixdə, növbəti sifarişi qəbul edib, saat təxminən 22 radələrində ünvan 3 ünvana getmişdir. Oraya çatan kimi sifarişi verən Şahid2 Qələr qızı, azyaşlı övladı və anası ilə birlikdə avtomobilə yaxınlaşmışlar. O avtomobilini təzə təmir etdirdiyi üçün Güneldən xahiş etmişdir ki. elə edin ki, uşaq avtomobili bulaşdırmasın. Bunu deyən kimi Günel onu söyərək təhqir etmişdir. Onun hərəkətləri ona pis təsir etdiyindən sifarişi yerinə yetirmədən çıxıb getmək istəmişdir. Bu zaman Şahid1 oraya yaxınlaşıb yaxasından tutmuşdur. Vahidə bildirmişdir ki, atası yaşda şəxsdir yaxasını buraxsın ki, getsin. Onun sözündən sonra Vahid onu buraxmış və avtomobilinə minmişdir. Avtomobilə minən kimi Vahid sürücü tərəfdən qapını açmışdır. O oturacaqda uzanmış və Vahid başı və sağ əli ilə başının sağ tərəfinə vurmuşdur. Sonra oraya 1 nəfər gəlmiş, o elə bilmişdir ki, həmin şəxs sifariş verən qadının qardaşıdır. Lakin sonradan bilmişdir ki, elə deyil. Həmin tanımadığı oğlan əli ilə avtomobilə zədələr yetirmişdir. Bundan sonra o avtomobili sürmüşdür ki. hardansa ünvanı öyrənib polisə müraciət etsin. Bu vaxtı oraya gələn X2 isə ona yaxınlaşaraq sinəsindən vurmuşdur. O 102 zəng xidmətinə zəng etmiş və bu vaxtı oraya polislər gəlib onları Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Saat təxminən 23.20 radələrində şöbənin həyətində olan zaman Günelin həyat yoldaşı Təqsirləndirilən şəxs oraya gələrək sağ əli ilə sağ gözündən, sağ almacığından və əng nahiyəsindən bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Başından xəsarətləri Vahid və göstərdiyi digər xəsarətləri isə Samir yetirmişdir. Sonradan avtomobilini təmir etdirdikdən sona ona dəymiş ziyanın 600 manat olması müəyyən edilmişdir. Həmçinin hadisədən sonra «Samsung A 10» markalı telefonunun ekranının çatlaması məlum olmuşdur. Lakin telefonunun hansı şəraitdə sınması yadında qalmamışdır. Telefonu düzəltdirməyi nəticəsində ona 60 manat ziyan dəymişdir. Samir onu vuran zaman sağ tərəfdən 7 dişi qırılmış və zədələnmişdir. Lakin ekspert ona baxanda ağzı tam açılmadığından onu göstərə bilməmişdir. Həmçinin hadisə vaxtı Şahid2 vurmadığını və ona xəsarət yetirmədiyini göstərmişdir(i.v.47-49). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə günorta vaxtı ailə üzvləri ilə birlikdə ünvan 3 evdə yaşayan bacısıgilə qonaq getmişlər. Samir onlarla getməmişdir. 21.45 radələrində evə getmək üçün taksi sifariş vermişdir. Təxminən 21.55-də Zərərçəkmiş şəxs binanın qarşısına gələrək onlara zəng vurduqdan sonra həyətə düşmüşlər. Onlar avtomobilə minərkən Ərəstun anasına demişdir ki, avtomobili təzə təmir etdirib uşaq avtomobili bulaşdırmasın, bu səbəbdən Ərəstun onlara bildirmişdir ki, uşaq ayağını göydə saxlamalıdır. Onlar etirazlarını bildirdikdə, Ərəstun əsəbləşmiş, onların üzərinə gəlmiş, uşaqlarını itələmişdir. Bu zaman onlarn qonşuları Vahid gəlmiş və Ərəstunu sajitləşdirməyə başlamışdır. Vahid Ərəstunu sakitləşdirib avtomobilə mindirmişdir. Vahid onu avtomobilinə mindirdikdə vurmamışdır. Ümumiyyətlə hadisə zamanı heç kim Ərəstunu vurmamışdır. Bundan sonra polislər gəlmiş və onlar Xətai RPİ-nin 37-ci PŞ-nə getmişlər. O Samirə zəng edib bu barədə məlumat vermişdir. Samir şöbəyə gəlmiş, həyətdə olarkən o Samirə yaxnlaşaarq onlara qarşı zor tətbiq edən adamın Ərəstun olduğunu bildirmişdir. Samir də bu sözlərdən əsəbləşib Ərəstuna bir yumruq zərəsi vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadığı ünvan 6 ünvana gələn zaman görmüşdür ki, bir taksi avtomobili dayanmış və sonradan tanıdığı sürücü Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Şahid2, onun anası kimi başa düşdüyü bir qadın və 2 azyaşlı uşaqla mübahisə edir. O Ərəstuna bildirmişdir ki. avtomobilini oradan sürüb getsin. Lakin Ərəstun onlarla mübahisəsini davam etdirmişdir. O Güneli vurmaq istədikdə o onu zorla avtomobilinə əyləşdirib oradan getməsini tələb etmişdir. Hadisə zamanı o Ərəstunu vurmamışdır. Daha sonra onlar hamısı Xətai RPİ-nin 37-ci PŞ-nə getmişlər. Saat təxminən 23.20 radələrində Şöbənin həyətində olan zaman Günelin həyat yoldaşı Samir oraya gəlmiş və orada olan Ərəstunun sifətindən bir dəfə yumruqla vurmuşdur. Şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 22.15 radələrində yaşadığı ünvan 6 binaya gəlib bloka girmək istədikdə sonradan tanıdığı Zərərçəkmiş şəxs ona yaxınlaşıb bildirmişdir ki, burada bir ağsaqqal yaşayır onu tanıyırsınızmı. Bu vaxtı Vahid binanın qarşısına çıxdıqda Ərəstun ona bildirmişdir ki, «məni vuraraq xəsarət yetirmisən və buna görə də polisə getməliyik». Həmin vaxtı o Vahidi vurmaq istədikdə onu sinəsindən tutub kənara çəkmişdir ki, mübahisə böyüməsin. Vahid etiraz etməyib onunla birlikdə Xətai RPl-nin 37-ci PŞ-nə getmək istədikdə polislər oraya gəlmişlər və birlikdə şöbəyə getmişlər. Saat təxminən 23.20 radələrində şöbənin həyətində olan zaman Günelin həyat yoldaşı Samir oraya gəlmiş və orada olan Ərəstunun sifətindən bir dəfə əli ilə zərbə vurmuşdur. O Ərəstunu vurmadığını və ona xəsarət yetirmədiyini göstərmişdir. Eləcə də Vahidin Ərəstunun vurmasının şahidi olmadığıı, lakin Ərəstunun Vahid tərəfindən vurulub xəsarət almasını göstərdiyini demişdir(i.v.52); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi qərara alınmışdır(i.v.1-2); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1291 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnmə ilə qeyd olunan qapalı kəllə beyin travması, çeynəmə hərəkətlərində hərəkət məhdudluğu və ağrı simptomu ilə qeyd olunan sağ almacıq əng komplekslərin yerini dəyişən sınığı, OD (sağ göz) qapaqları hematoması, subkonyuktival qansızına, sağ göz orbilası və gözaltı nahiyədə sorulmaqda olan hematoma və üzərində sağ gözün alt qapağında əzilmiş yara və bu fonda sağ göz almasının ağrı qişasında qansızma, sağ yanaq nahiyəsində sorulmaqda olan hematoma kimi xəsarətlər vardır. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitə uyğun gəlir, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilər, qeyd olunan xəsarətlərdən çeynəmə hərəkətlərində-hərəkət məhdudluğu və ağrı simptomu ilə qeyd olunan sağ almacıq - əng komplekslərin yerini dəyişən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞlR zərərvurmaya, digər xəsarətlər isə ümumilikdə və ayrı - ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v.18-19); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1283 saylı rəyindən görünür ki, vət. Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilmədi. Vət. Şahid2 Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qoyulmuş “qarında ağrı, baş vermiyən düşük, inkişafdan qalmış hamiləlik” diaqnozun qoyulmasında hər hansı xəsarətə istinad edilmədiyi, eləcə də, vətəndaşın müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir(i.v.22-24); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 213.1-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2015-ci il tarixdə CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir(i.v.34-35); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.43); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiyi xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.60-61); İttiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş, tutulduqda Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır(i.v.76-77); Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 02/1291 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs üz-çənə cərrahının müayinəsinə aldığı göndərişin cavabı ekspertizaya təqdim olunduqdan sonra, digər nə kimi xəsarətlərin olub-olmaması, varsa xarakteri, törənmə müddəti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir bildiriləcəkdir(i.v.81-85); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.87); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.97-98); MSY-dən azad etmə və qətimkan tədbirinin seçilməsi haqqında 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.114-115); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixdə anadan olmuş bir azyaşlı övladı vardır(i.v.117); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1291 saylı rəyinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti yetirməsi hissəsi, Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və X1 ifadələri sübut növü kimi qiymətləndirilmişdir(i.v.191- 194); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir; Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 312/9346 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs məcburi qaydada Xətai rayon məhkəməsinə gətirilməsi mümkün olmamışdır; Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məcburi qaydada Xətai rayon məhkəməsinə gətirilməsi istiqamətində tərəflərindən dəfələrlə əməkdaşlar yaşadığı ünvanda olmuşlar, lakin heç bir nəticə olmamışdır, Zərərçəkmiş şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından Xətai rayon məhkəməsinə təmin etmək mümkün olmamışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 15 aprel 2023-cü il tarixdən 17 aprel 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 49 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 49 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar