Məhkəmə qərarları › İş №1(011)-354/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-354/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-354/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “189” taksi xidmətində sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (heroini) və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,223 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 02 ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 0,660 qram və 0,356 qram olmaqla ümumi təmiz çəkisi 1,016 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əynindəki göy rəngli şalvarın sol yan cibində plastik linza qabında saxlayaraq, ünvan 2 Babək prospektinin kəsişdiyi ünvana daşımış, xx xxxx 2020-ci il tarixdə saat 20:45-də Bakı şəhəri, Xətai Rayon Polis X6 Xidməti bölüyünün əməkdaşları tərəfindən qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin ünvan 4 saylı ünvanda yerləşən 37-ci Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sol yan cibindəki plastik linza qabından həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus **-TZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Son 2 il ərzində narkotik vasitələrə qurşanmış və narkotik vasitələri müxtəlif vaxtlarda, müxtəlif yerlərdən əldə edərək qəbul etməyə başlamışdır. Sonuncu dəfə 2020-ci ilin iyun ayının əvvəllərində Nizami rayonu ərazisində, 8-ci kilometr qəsəbəsindəki bazarın yaxınlığında Elçin adı ilə tanıdığı, lakin digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 90 manat qarşılığında narkotik vasitə olan bir büküm metamfetamin və iki büküm heroin almışdır. Aldığı narkotik vasitələri özünə məxsus plastik linza qabına qoymuş və həmin linza qabını mütəmadi olaraq üzərində gəzdirmişdir. Aldığı narkotik vasitələrin bir qismini hissə-hissə 5-10 gündən bir iyləmək yolu ilə istifadə etsə də, çox hissəsi qalmışdır. xx xxxx 2020-ci il tarixdə içərisində narkotik maddə olan plastik linza qabını əynindəki göy rəngli şalvarın sol yan cibinə qoyaraq evdən çıxmışdır. Həmin gün özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş və Xətai rayonu, Ayaz İsmayılov küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşən “Bravo” marketin qarşısında durmuşdur. Bir qədər avtomobildə oturduqdan sonra təxminən saat 21 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun kimliyi barədə suallar verməyə başlayaraq şəxsiyyət vəsiqəsini göstərməyini təklif etmişdirlər. O, həyəcanlanaraq şalvarının cibindəki içərisində narkotik maddələr olan linza qabını cibindən çıxararaq kənara tullamaq istəyən zaman polis əməkdaşları bunu görüb əlindəkinin nə olduğunu soruşmuş, o isə əlindəkinin linza olduğunu söyləmişdir. Polis əməkdaşları ondan şübhələnərək onu 37-ci Polis şöbəsinə dəvət etmiş və o, polis əməkdaşları ilə birlikdə yaxınlıqdakı 37-ci Polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman ona hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, onu təqdim etməyini təklif etmiş və o, əynindəki göy rəngli şalvarının sol yan cibindən bir ədəd çəhrayı rəngli alışqanı və içərisində narkotik maddə olan linza qabını, həmin şalvarın sağ yan cibindən isə özünə məxsus “Samsung” markalı mobil telefonu və avtomobilinə məxsus açarı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı linza qabının qapaqlarını açdıqda içərisində bükümlər olduğunu görüb həmin bükümləri açmışdır. Polis əməkdaşı bükümlər barədə ona sual verərkən həmin bükümlərin içərisində narkotik maddə metafetamin və kakos olduğunu və həmin narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 90 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümlər elektron tərəzidə çəkilmiş və bu barədə müvafiq qeydlər aparılmışdır. Təqdim etdiyi 3 ədəd büküm yenidən linza qabına yerləşdirilmiş, həmin linza qabı zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində azyaşlı uşaqların olmasını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin PPXB-də manqa komandiri vəzifəsində xidmət edir və polis baş serjantıdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində iş yoldaşı ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 2 Babək prospektinin kəsişməsində yerləşən “Bravo” marketin qarşısında, yolun qırağında **-TZ-*** dövlət qeydiyyat nişanlı qara rəngli “Hyundai Sonata” markalı avtomobilin hərəkətsiz dayandığını görüb, həmin avtomobilə yaxınlaşmışdırlar. Avtomobilin içərisində, sürücü tərəfdə bir nəfər şəxsin əyləşdiyini görüb, özlərini təqdim etmiş, onunla söhbət apararkən həmin şəxsin onların suallarına qeyriadekvat cavablar verməsini, bəzi suallarından yayınmasını və cibindən nəyi isə çıxarıb tullamağa cəhd göstərməsini hiss edib onu narkotik vasitələrin istifadəsində şübhəli bilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə gətirib bu barədə polis şöbəsinin rəisinin adına raport yazmışdırlar. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, taksi sürücüsü kimi fəaliyyət göstərən, məhkum olunmamış, evli, ali təhsilli, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 27-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ev 79, mənzil 183-də yaşayan Təqsirləndirilən şəxsdur. Kamran Bəhramovun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun, Xətai RPİ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 və ekspert-kriminalist X4 iştirakı ilə Xətai RPİ-nin 37ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən videoçəkilişdən istifadə edilməklə Kamran Bəhramovun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa, onu könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli Samsung markalı mobil telefon və avtomobil açarı, həmin şalvarın sol yan cibindən isə 1 ədəd çəhrayı rəngli yandıran və 1 ədəd iki gözlü linza qabını könüllü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin linza qabının ağ rəngli qapağını açdıqda oradan 1 ədəd qara rəngli büküm, göy rəngli qapağını açdıqda isə 2 ədəd gümüşü rəngli büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümlər açılaraq içərisində spesifik iyli, qəhvəyi rəngli mum şəkilli narkotik vasitə hesab olunan heroinə və şəffaf rəngli, kristal şəkilli metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynindəki şalvarın sol yan cibindən könüllü çıxardaraq təqdim etdiyi 3 ədəd bükümün içərisindəki maddə narkotik vasitə olan heroin və metafetamindir, həmin narkotik vasitələri 2 ay əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün almışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bükümlər zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 153 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki güc və ya psixi təsir tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ondan öncə ifadə verən Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sol yan cibində plastik linza qabında qoyduğu 01 ədəd bükümdə təmiz çəkisi 0,223 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 0,660 qram və 0,356 qram olmaqla ümumi təmiz çəkisi 1,016 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Axtarış video “Panasonic” kamera vasitəsi ilə bir ədəd “CD” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməkimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1426 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Bəhrəmov E (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,660 qram, 0,356 qram, ümumi təmiz çəkisi 1,016 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İlkin tədqiqat zamanı metafetaminin təmiz çəkisi 0,223 qram olmuş, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,173 qram qalmış, heroinin ümumi təmiz çəkisi 1,016 qram olmuş, tədqiqata 0,100 qram sərf edildikdən sonra qalıq çəkisi 0,916 qram qalmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,223 qram psixotrop maddə metafetamin və 1,016 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,173 qram psixotrop maddə metafetamin və 0,916 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən xx xxxxxx 2020-ci il tarixdə azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 27-ci mənzilində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlu X3 adlı və xx.xx.2005-ci il təvəllüdlu X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarında olan 76 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik (heroin) maddəni və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşaqların olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1.ci maddəsinin ruhundan görünür ki, Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,173 qram psixotrop maddə metamfetamin və 0,916 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitə heroin və psixotrop maddə metafetaminüzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 81.82 manat (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış0,173 qram psixotrop maddə metamfetamin və 0,916 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 81.82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar