Məhkəmə qərarları › İş №1(011)-354/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-354/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-354/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2anında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs ilə tanış olub özünü subay kimi təqdim etmiş, onunla yaxın münasibət qurduqdan sonra ona məxsus olan “Hyundai” markalı “Elantra” modelində olan **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış, əldə olunmuş pula çatışmayan məbləği əlavə edərək ona qiyməti 43500 manat olan “Hyundai” markalı “Seltos” modelində olan avtomobili alacağına dair yalan vəd verib aldatmış, bu adla Zərərçəkmiş şəxs özünə məxsus olan avtomobilin satışından əldə etdiyi puldan 9800 manat pulu xx.xx.2022-ci il tarixə keçən gecə ünvan 3 ünvanının qarşısında alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 9800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə təxminən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Babək prospektində tanış olmuşdur. Belə ki, həmin gün gecə saat 02 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili Babək prospektində hərəkət etdirən zaman öz maşını ilə hərəkətdə olan Kristina ilə tanış olmuşdur. Tanış olandan sonra ondan mobil nömrəsini istəmiş, Kristina da etiraz etməmiş və mobil nömrəsini vermişdir. Kristinanın harada yaşadığını müəyyən etmək üçün onun maşınının arxasınca hərəkət etmiş, yaşadığı məhəlləyə kimi gəlmiş, Kristina evinə qalxandan sonra öz evinə getmişdir. Həmin gecə Kristinaya zəng edib söhbət etmiş, Kristina ilə danışmağa bəhanə tapmaq üçün ondan idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını almaq istədiyini yalandan bildirmiş, beləliklə Kristina ilə aralarında ünsiyyət yaranmışdır. Bir-birinə özləri haqda danışmışlar. Tanışlıqdan təxminən 3 gün sonra Kristinanı «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşən «Biz bizə» restoranına dəvət etmiş, orada birlikdə şam etmişlər. Növbəti gün Kristinaya zəng edərək işdən sonra nə işlə məşğul olacağını soruşmuş, Kristina isə işdən sonra «Heydər Əliyev» mərkəzi yaxınlığında yerləşən «Mama Meri» restoranına gedib xx.xx.2022-ci il tarixdə qızının ad günü ilə bağlı sifariş verəcəyini demişdir. Kristinaya onunla birlikdə restorana getmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Həmin gün axşam Kristina ilə restoranda görüşmüş, Kristina qızının ad günü ilə bağlı masa sifariş etmiş, restoranın inzibatçısına beh olaraq 100 manat pul vermişdir. Onlar Kristina ilə teztez telefonda danışırdılar. Bir dəfə Kristina istifadə etdiyi telefonun donduğunu bildirdiyindən o da Kristinaya mobil telefon almaq qərarına gəlmişdir. Kristina üçün 400 manata işlənməmiş vəziyyətdə olan Note 8 markalı mobil telefon almış və ona hədiyyə etmişdir. Lakin növbəti gün Kristina mobil telefonu işlədə bilmədiyini deyərək geri qaytarmışdır. Növbəti gün isə Kristinanı balıq yemək üçün Zirə qəsəbəsində yeləşən bir restorana dəvət etmiş, Kristina dəvəti qəbul etmiş, lakin həmin görüşdən sonra oğlu xəstələndiyindən Kristina ilə görüşə bilməmiş, mobil telefon vasitəsilə söhbət etmişlər. Söhbətlərin birində Kristina idarə etdiyi maşının onu incitdiyini bildirmiş, imkanı olsaydı özünə «Kia Seltos» markalı maşın almaq istədiyini demişdir. Kristinadan həmin avtomobilin qiyməti ilə maraqlanmış, avtomobilin qiymətinin 45000 manat olduğunu öyrənmişdir. xx.xx.2022-ci il tarixdə turbo.az saytında «Kia» markalı «Seltos» modelində olan avtomobillə maraqlanmış və həmin avtomobilin satışı ilə bağlı bir elana rast gəlmişdir. Elanda həmin modeldə olan avtomobilin qiymətinin 44000 manat olduğu göstərilmişdir. O da həmin elanı «WhatsApp»la Kristinaya göndərmiş və ona həmin avtomobili almağı təklif etmişdir. Avtomobil 2020-ci il buraxılışlı idi. Kristinaya idarə etdiyi avtomobili satmağı, əldə olunan məbləğin üstünü düzəldib ona həmin maşını almağı təklif etmiş, Kristina isə tərəddüd etmiş və konkret bir cavab verməmişdir. Avtomobili satan şəxsə zəng edib avtomobillə maraqlanmış, Kristinaya avtomobilin «Hollyvood» restoranının parklanma yerində saxlanıldığını bildirərək gedib həmin avtomobilə baxmasını xahiş etmişdir. Kristina da etiraz etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobillə «Hollyvood» restoranının parklanma yerinə gəlmişlər. Orada onları avtomobilin sahibi olan İsa adlı şəxs qarşılamışdır. Kristina avtomobilin salonuna əyləşib baxmış, avtomobili bəyəndiyi üçün İsa ilə avtomobilin qiymətində razılaşmağa başlamış, İsa da avtomobilin son qiymətinin 43500 manat olduğunu bildirmişdir. Sonra o, Kristinanı yaşadığı məhəlləyə gətirmiş və ona avtomobilini tez satmağı demişdir. xx.xx.2022-ci il tarixdə Kristina avtomobilini Emin adlı tanışına 19800 manata satmış və «Həzi Aslanov» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən notariat kontorunda onun adına baş etibarnamə yazdırmışdır. Həmin gün ona borca pul lazım olduğundan o, Kristinadan 6000 manat pul istəmiş və yeni avtomobil alanda borca aldığı pulu həmin pulun üstünə qoyacağını bildirmiş, Kristina da etiraz etməmiş və 6000 manat pulu Sabunçuya tort dalınca gedən zaman yolda vermişdir. xx.xx.2022-ci il tarixdə Kristinanın qızının ad günündə iştirak etməsə də, restorana gedib təxminən 450 manatlıq hesabı bağlamışdır. 01 fevral 2022-ci il tarixə keçən gecə isə Kristinanı gətirib yaşadığı məhəllədə düşürdəndə ondan əlavə olaraq 3800 manat pul istəmiş, həmin pulu da avtomobil alanda əsas məbləğin üstünə qoyacağını bildirmiş, Kristina da etiraz etməmiş və öz cüzdanından 3800 manat pulu çaxardıb yaşadığı binanın qarşısında ona vermişdir. xx.xx.2022-ci il tarixdə avtomobili satan İsa adlı şəxsin bank kartına 1000 manat beh göndərmişdir. 01 fevral 2022-ci il tarixdə Kristina ona zəng edərək 9800 manat pulunu geri istəmiş, o da ona narahat olmamağı və 9800 manat pul üzərində olmasına baxmayaraq, ona pulu tez bir zamanda qaytaracağını demişdir. 02 fevral 2022-ci il tarixdə isə Kristina onu polisə şikayət etmişdir. O, Kristinanın pulunu qaytarmamış və həmin pulu özü üçün xərcləmiş, avtomobilə görə verdiyi behi isə geri almışdır. Əməlindən peşmandır, himayəsində 2 azyaşlı övladı vardır. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi özünə məxsus olan «Hyundai Elantra» markalı avtomobillə işıqforun qırmızı işığında gözləyən zaman onun sağ tərəfində «Hyundai Elantra» markalı avtomobil dayanmış, həmin avtomobilin sürücüsü Elgün onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını satıb-satmadığını soruşmuş, o da satmadığını bildirmişdir. İşıqforun yaşıl işığı yanandan sonra hərəkətini davam etdirmiş, Elgün isə idarə etdiyi avtomobillə onu təqib edərək yaşadığı məhəlləyə kimi gəlmişdir. Məhəllədə Elgün ona avtomobilinin dövlət qeydiyyat nişanını satmağı təkidlə xahiş etmiş və məhəllədə söhbət etməmək üçün mobil nömrəni istəmiş, o da Elgünün məhəllədən çıxıb getməsi üçün ona öz nömrəsini vermişdir. Yaşadığı mənzilə qalxandan sonra Elgün ona zəng etmiş, həm maşının nömrəsini almaq istədiyini, həm də ondan xoşu gəldiyi üçün tanış olmaq istədiyini bildirmişdir. O, həmçinin, Uber taksi şirkətinə özünə məxsus olan bir neçə avtomobili icarəyə verdiyini və həmin avtomobillərin dövlət qeydiyyat nişanlarında olan seriyaların «XT» olduğunu, DYP əməkdaşları ilə prinsipi olduğu üçün, növbəti avtomobilinə həmin seriyada dövlət qeydiyyat nişanını almaq istədiyini bildirmişdir. Beləcə aralarında ünsiyyət yaranmış və tez-tez zəngləşib danışmağa başlamışlar. Elgünə 11 ildir ki, ərindən boşandığını, 16 yaşında oğlunun və 14 yaşında qızının olduğunu bildirmiş, Elgün də arvadından boşandığını və həmin nikahdan 10 yaşlı qızının olduğunu demişdir. Tanışlıqdan üç gün sonra Elgün onu «Neftçilər» metrostansiyasının yaxınlığında olan «Biz bizə» restoranına dəvət etmiş, o da Elgünün dəvətini qəbul edib onunla görüşə getmişdir. Növbəti gün axşam saatlarında işdə olan zaman Elgün zəng etmiş və işdər sonra nə işlə məşğul olacağını soruşmuş, o da Elgünə işdən sonra «Heydər Əliyev» mərkəzinin arxa tərəfində yerləşən «Mama Meri» restoranına gedib orada qızı Mədinənin ad günü ilə bağlı masa sifariş etmək istədiyini bildirmişdir. Elgün də restorana getmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. İşdən sonra idarə etdiyi avtomobillə «Mama Meri» restoranına gəlmiş, Elgünün artıq içəridə oturub gözlədiyini görmüş, restoranda oturub çay içmiş, sonra sifariş vermək üçün restoranın inzibatçısını çağırmışlar. İnzibatçı gələndən sonra onunla menyunu razılaşdırıb 15 nəfərlik masa sifariş etmişdir. İnzibatçı beh istəyəndə Elgün 100 manat çıxardıb inzibatçıya vermişdir. O, buna çox əsəbiləşmiş və belə bir şeyə ehtiyacın olmadığını bildirmiş, hətta restorandan çıxandan sonra ona «WhatsApp»la mesaj yazaraq beh verdiyinə görə iradını bildirmiş və mobil nömrəsini bloka salmışdır. Həmin gün gecə müxtəlif mobil nömrələrdən bir neçə dəfə zənglər gəlmiş, zəng edənin Elgün olduğunu bildiyi üçün zənglərə cavab verməmiş, növbəti gün işdən sonra evə qayıdanda məhəllədə Elgünü görmüşdür. Elgün onun mobil nömrəsini blokdan çıxartmayana qədər məhəllədən getməyəcəyini, danışmaq istədiyini və 100 manat pulu qaytarmaq üçün bank hesab nömrəsini göndərəcəyini bildirmişdir. Elgünün yaşadığı məhəllədən çıxıb getməsi üçün onun mobil nömrəsini blokdan çıxartmış, həmin gün axşam Elgün zəng edərək onsuz da qızına hədiyyə alacağını, buna görə 100 manat məsələsini bağlamağı xahiş etmişdir. O isə Elgünə istədiyi vaxt 100 manat pulu qaytara biləcəyini demiş, Elgün isə pula ehtiyacı olanda 100 manat pulu götürəcəyini demişdir. Növbəti gün Elgün nə üçün istifadə etdiyi mobil telefonu dəyişmədiyini soruşmuş, o da Elgünə fevralda ad gününün olacağını və ad günündə özünə yeni mobil telefon alacağını bildirmişdir. Növbəti gün günorta saatlarınca işdə olan zaman Elgün «WhatsApp»la ona mobil telefonların şəklini göndərmiş və hansını bəyəndiyini soruşmuş, Elgünə ondan mobil telefon istəmədiyini bildirsə də, Elgün təkid edərək ondan seçməsini xahiş etmiş, bir qədər sonra Elgün işlənmiş, aksessuarları və adaptoru olmayan bir ədəd qara rəngli «Redmi Note» markalı mobil telefon gətirmişdir. O, mobil telefonu götürmək istəməsə də, Elgün təkid edərək mobil telefonu işlətməyi, bəyənmədiyi halda telefonu qaytarmağı demişdir. Həmin mobil telefonu işlədə bilmədiyi üçün növbəti gün onu Elgünə qaytarmışdır. Növbəti gün isə axşam Elgün onu Zirə qəsəbəsinə balıq yeməyə dəvət etmiş, restoranda söhbət əsnasında Elgün Zirə qəsəbəsində pomidor, xiyar və kələm parniklərinin olduğunu bildirmişdir. Restorandan sonra Elgün onu gətirib yaşadığı məhəllədə düşürtmüşdür. Oğlu iki gün xəstə olduğundan o, Elgünlə görüşməmiş və onunla mobil telefonla danışmışdır. Söhbət zamanı Elgün idarə etdiyi atvomobilin onu incidib-incitmədiyini soruşmuş, o isə avtomobilindən razı olduğunu bildirmişdir. Sonra Elgün ona idarə etdiyi avtomobillə maraqlanaraq müxtəlif suallar verməyə başlamış, avtomobilinin buraxılış ilini, nə vaxt aldığını, kimin adına olduğunu və s. soruşmuşdur. Daha sonra isə Elgün ondan hansı avtomobili bəyəndiyini soruşmuş, o isə ona «Kia Seltos» markalı avtomobili bəyəndiyini və gələcəkdə imkanı olanda özünə həmin avtomobili alacağını demişdir. Elgün həmin avtomobilin qiyməti ilə maraqlanmış, həmin avtomobili nə vaxt almaq istədiyini soruşmuş, ona avtomobili təxminən üç ildən sonra almaq istədiyini bildirmişdir. Növbəti gün, yeni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elgün «WhatsApp»la turbo.az saytından tapdığı Kia Seltos markalı avtomobilin elanını göndərmiş və həmin avtomobili almağı təklif etmişdir. Avtomobilin buraxılış ili 2020, qiyməti isə 44000 manat idi. Elgün idarə etdiyi «Hyundai Elantra» markalı avtomobilə dair onun adına baş etibarnamə verməyi, «Kia Seltos» markalı avtomobili kreditlə adına alacağını, krediti isə özünün ödəyəcəyini bildirmişdir. Lakin Elgünə avtomobilini satmaq istəmədiyini və onun bu şərtlərini qəbul etməyəcəyini demişdir. Elgün isə idarə etdiyi avtomobili başqa şəxsə satmağı, əldə olunan pulun üstünü düzəldib ona «Kia Seltos» modelində olan avtomobili alacağını demişdir. Elgünün bu təklifinə şübhə ilə yanaşsa da, Elgün həmin avtomobilin «Hollyvood» restoranının parklanma yerində saxlanıldığını bildirib gedib həmin avtomobilə baxmağı xahiş etmiş, o da etiraz etməmişdir. Həmin gün axşam saatlarında Həsən Əliyev küçəsində yerləşən «Fisincan» restoranında oturub çörək yemiş, daha sonra otelə gətmişlər. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Elgünün idarə etdiyi avtomobillə «Hollyvood» restoranının parklanma yerinə gəlmişlər. Orada İsa adlı şəxs onları qarşılamış və avtomobilin sahibi olduğunu bildirmişdir. Avtomobilin salonuna əyləşib baxmış, avtomobili bəyəndiyi üçün Elgünlə İsa avtomobilin qiymətində razılaşmağa başlamış, İsa isə avtomobilin son qiymətinin 43500 manat olduğunu bildirmişdir. Sonra Elgün onu gətirib məhəllədə düşürtmüş və avtomobilini tez satmağı demişdir. Emin adlı tanışı uzun müddətdir ki, idarə etdiyi avtomobili almaq istədiyindən ona bu haqda deyəndə, o, avtomobili almağa razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə avtomobilini Eminə 19800 manata satmış, həmin gün günorta saatlarında «Həzi Aslanov» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən notariat kontorunda Eminin tanışı olan Anar adlı şəxsin adına baş etibarnamə vermişdir. Eminin verdiyi 19800 manat pulu Elgün götürüb sayaraq vermişdir. Elgün xx.xx.2022-ci il tarixdə «Kia Seltos» markalı avtomobili alacağını demiş, həmin avtomobilə baxdıqları gün Elgün İsa adlı şəxsin bank kartına 1000 manat pulu beh kimi köçürtdüyünü bildirmişdir. xx.xx.2022-ci il tarixdə turbo.az saytına daxil olanda sözügedən avtomobilin elanının orada olduğunu görmüş, sonra rəfiqəsi Aygündən İsaya zəng edib avtomobillə maraqlanmağı xahiş etmiş, İsa isə rəfiqəsinə avtomobilə görə ona behin verilməli olduğunu, lakin behin hələki verilmədiyini və rəfiqəsinə gəlib avtomobilə baxa biləcəyini demişdir. Sonra bu haqda Elgünlə danışmış, Elgün isə 1000 manat pulun qəbzinin onda olduğunu bildirmiş, sonra Elgün zəng edərək onu İsa ilə danışdırmış, İsa Elgünün ona beh verdiyini və növbəti gür Xırdalanda BDYPİ-də görüşəcəklərini demişdir. İsaya «turbo.az» saytından avtomobilə dair elanı sildirməyi demiş, İsa da həmin elanı saytdan sildirmişdir. xx.xx.2022-ci il tarixdə qızının ad gününü keçirtmiş, Elgün onun xəbəri olmadan ad gürünə görə «Mama Meri» restoranına 350 manat pul ödəmiş, ad günündən sonra uşaqları ilə birlikdə evə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 00:30-da Elgün zəng edərək yaşadığı məhəllənin həyətində olduğunu, parniklərinə çox pul xərclədiyini, evində olan bütün pulları və şəxsiyyət vəsiqəsini götürüb aşağı düşməyi demişdir. Elgünün sözlərinə görə o, avtomobilin pulunu düzəltmək üçün evində oturub bütün pulları sayacaq və çatmayan məbləğin üstünü düzəldib səhər arxasınca gələcək və birlikdə BDYPİ-ə gedib almaq istədikləri avtomobili adına sənədləşdirəcəklər. Lakin Elgünün zəngindən sonra ona qarşı şübhə yaranmış, ona görə də pulundan 9800 manat pulu götürüb həyətə düşmüş və pulu yaşadığı binanın həyətində ona vermişdir. Elgün pulu saymadan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında bir neçə dəfə Elgünə zəng etmiş, lakin ona zəng çatmamışdır. Həmin gün saat 11 radələrində təkrar Elgünə zəng etmiş, bu dəfə Elgünə zəng çatmış, o, telefona cavab verərək evli olduğunu, arvadının «WhatsApp» yazışmalarını oxuduğunu, uşaqları və bütün pulları evdən götürüb anasıgilə getdiyini, bu məsələni həll etmək üçün vaxt lazım olduğunu, məsələni həll edəndən sonra xx.xx.2022-ci il tarixdə avtomobili alacağını bildirmişdir. O, Elgündən 9800 manat pulunu geri qaytarmağı desə də, Elgün ona o vaxt verməyini xahiş etmişdir. Artıq başa düşmüşdür ki, Elgün onu aldadaraq pulunu ələ keçirib, ondan şikayət etmək üçün xx.xx.2022-ci il tarixdə DİN-in 102 zəng mərkəzi xidmətə zəng edərək hadisə barədə məlumat vermiş, sonradan dəfələrlə Elgünlə danışıb ondan pulunu istəsə də, Elgün müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Elgündən şikayətçidir, pulunu istəyir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, baş verənlərlə bağlı rəfiqəsi Kristinadan eşitmişdir. Bildiyinə görə Elgün adlı oğlanla yolda tanış olmuş, Elgün Kristinanın avtomobilinin qeydiyyat nişanını almaq istəməsi bəhanəsi ilə onunla söhbət etmiş, daha sonra Kristina ona mobil nömrəsini vermişdir. Sonra onların arasında yaxın münasibət olmuş, Elgün Kristinaya avtomobilini dəyişərək “Kia Seltos” markalı avtomobil almağı təklif etmişdir. O, Kristinaya öz avtomobilini satmağı, pulun üstünü düzəldərək həmin avtomobili alacağını bildirmişdir. Kristina avtomobilini 19800 manata satmışdır. Daha sonra Elgün Kristinaya pul lazım olduğunu bildirmiş, Kristina ona 9800 manat pul vermişdir. Lakin bundan sonra Kristinaya avtomobil alınmamış, Elgündən pulu tələb edən zaman evli olduğunu, arvadının «WhatsApp» yazışmalarını oxuduğunu, uşaqları və bütün pulları evdən götürüb anasıgilə getdiyini, bu məsələni həll etmək üçün vaxt lazım olduğunu, məsələni yoluna qoyundan sonra xx.xx.2022-ci il tarixdə avtomobili alacağını bildirmişdir. Sonradan Kristina dəfələrlə Elgünlə danışıb ondan pulunu istəsə də, Elgün müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, Elgünün İsa adlı şəxsə “Kia” markalı avtomobili almaq üçün 1000 manat beh verməsini dəqiqləşdirmək üçün o, İsaya zəng etmiş və beh verilmədiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 30 mart 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( i.v. 1); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 28); axtarışda olan şəxsin tutulması haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-yə gətirilmiş, Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir ( i.v. 48); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 71); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtin edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad olunmuş, barəsində 02 (iki) ay 15 (on beş) gün müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 86-90); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. ( i.v. 91-92); sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay 15 gün müddətə “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadəsinin toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrinin, üzləşdirmədə dindirmə istintaq hərəkəti haqqında protokolun və Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materialların sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsinin, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 102-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdə qurtardığından məhkəmənin hazırlıq iclasında 1(011)- 354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar ilə sonuncu barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, qərarın icrası Xətai Rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-671/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 (iki) ay 26 (iyirmi altı) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin 13 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsininin xx.xx.2022-ci il tarixli, 101-32988 nömrəli məktubundan görünür ki, Yasamal RPİ tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Nadirova Aylin adlı, xx.xx.2018-ci il təvəllüdlü Nadirova Mələk adlı 2 azyaşlı övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (CM-in 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, vurulmuş zərərin həcminin çox olması və zərərin aradan qaldırılmasına cəhd edilməməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə dəlalət edir. Ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzalar-cərimə və azadlığın məhdudlaşdırılması cəzaları təyin edildiyi halda həmin cəzalar təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və iş üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar