Məhkəmə qərarları › İş №1(011)-355/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-355/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-355/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 28 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 92 ünvanının qarşısında, tanışı Şahid3 satış məqsədi olmadan, qanunsuz olaraq, bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda olan, təmiz çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda olan, təmiz çəkisi 0,593 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manata əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə, saat 14:30-da Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 80 ünvanının qarşısında saxlanılaraq, ünvan 4erləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan idman şalvarının sol yan cibindən «Winston» markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda olan, təmiz çəkisi 0,168 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda olan, təmiz çəkisi 0,593 qram olan ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Belə ki, bədənində ağrılar olduğu üçün, şəhərin müxtəlif yerlərində üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni satan şəxslərdən biri də qonşu məhəllədə yaşayan Tahir adlı şəxsdir. Tahirdən bir neçə dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. 28 aprel 2022-ci il tarixdə, saat 22 radələrində narkotik vasitə almaq üçün Tahirin yaşadığı məhəlləyə getmişdir. Tahir həmin vaxt yaşadığı binanın qarşısında olmuşdur. O, Tahirə 20 manat pulunun olduğunu bildirib, ondan narkotik vasitə istəmiş, Tahir isə 20 manat müqabilində bir kağız bükümdə heroin və bir kağız bükümdə metamfetamin təklif etmişdir. Razılaşıb həmin bükümləri Tahirdən almışdır. Tahirdən aldığı heroinin az bir hissəsini həmin gün axşam istifadə etmiş, qalan heroini və metamfetamini siqaret qutusunun içərisinə qoyub, əynində olan şalvarının cibinə qoymuşdur. Növbəti gün axşam isə metamfetaminin bir hissəsini istifadə etmişdir. 30 aprel 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı binanın qarşısında olan zaman, iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Özünü polis əməkdaşlarına təqdim etdikdən sonra, polis əməkdaşları onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş vəkil ona təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Həmin vaxt o, əynində olan şalvarının cibindən siqaret qutusunu çıxardıb, həmin qutunun içərisində saxladığı iki kağız bükümü polis əməkdaşlarına təqdim edərək, bükümün birində narkotik vasitə olan heroin, digər bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları təqdim etdiyi iki bükümü zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 37-ci X6 rayonu, 8 Noyabr prospekti, ev 80, mənzil 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi olmadan əldə etməsi, istifadə etməsi və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmiş, o, isə qrupa daxil olmuşdur. Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə, saat 14:30-da Xətai rayonu, 8 Noyabr prospekti 80 ünvanının qarşısında hərəkət edərkən saxlanılmış, həmin şəxsə narkotik vasitələri və psixotrop maddələri əldə edib istifadə etməsi və üzərində daşıması barədə məlumat daxil olduğunu bildirib, həmin şəxsi 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı Kamran Əhmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək, Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Axtarışdan əvvəl təhqiqatçı X5 Şəkərəliyevə üzərində olan əşyaları təqdim etməyi təklif etmiş və Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən «Winston» markalı siqaret qutusunu çıxardıb, həmin qutunun içərisində saxladığı iki kağız bükümü təqdim edərək, bükümün birində narkotik vasitə olan heroin, digər bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri iki gün öncə qonşuluqda yaşayan Tahir adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, özü və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 30 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan gümüşü rəngli kağıza bükülmüş, içərisindəki qəhvəyi rəngli tozşəkilli və ağ rəngli kristalşəkilli maddəni təqdim edərək, həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri iki gün əvvəl onunla qonşuluqda yaşayan Tahir adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlərdə olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli, 6/2535 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 153” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə, təmiz çəkisi 0,168 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə, təmiz çəkisi 0,593 qram olan ağ rəngli kristallik maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqatdan sonra qalıq - 0,118 qram heroin və 0,543 qram metamfetamin. İş materiallarından görünür ki, 0,118 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,543 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 may 2022-ci il tarixli, 2504 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 30 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,118 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,543 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,118 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,543 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar