Məhkəmə qərarları › İş №1(011)-356/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-356/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-356/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1985-ci ildə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nərimankənd Ərazi Dairəsi, Nərimankənd kəndində qeydiyyatda olan və ünvan 7 20/22 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yclu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Almaniyadan ucuz qiymətə “Toyota Camry” markalı avtomobil gətizdirəcəyi barədə yalan vəd verərək sonuncunun bu işə görə 3.000 manat pul verməsini, qalan məbləğin isə onun tərəfindən ödəniləcəyini bildirməklə həmin avtomobilin fotoşəkillərini istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərərək bu məqsədlə Zərərçəkmiş şəxs2 29 mart 2022-ci il tarixdə ünvan 2 ünvanı yaxınlığında “Rasim" marketin qarş sında 2.600 manat nağd pul vəsaitini və 05 aprel 2022-ci il tarixdə saat 13:16-da ünvan 3 ünvanında yerləşən “Güllübulaq" marketdə olan “eManat” ödəmə terminalı vasitəsilə onun rəfiqəsi X4 məxsus "xxxx" ASC-nin 4098 5844 6495 1399 nömrəli kartına köçürülmüş 400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 cəmi 3.000 (üç min) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə öz mülkiyyətinə keçirmək məqsədilə ünvan 2 ünvanda yerləşən evin onun mülkiyyətində və həmin evə dair hər hansı sənədə malik olmadığı halda satılması üçün elan verdikdən sonra Zərərçəkmiş şəxs1 36.000 manata satacağı ilə razılaşmış və 10 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Park Azur" yaşayış kompleksinin qarşısında Zərərçəkmiş şəxs1 12.000 manat nağd pul vəsaitini beh kimi alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 12.000 (on iki min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatdadır və ünvan 7 20/22 ünvanda yaşamışdır. Uzun müdət işsiz olmuş, buna görədə şəxsi tələbatlarını ödəməkdə çətinlik çəkmişdir. Əvvəllər müxtəlif vaxtlarda dələduzluq cinayəti törətdiyinə görə barəsinə cinayət işi olmuş və məhkum olunmuşdur. Evli olmuş və himayəsində iki azyaşlı uşağı vardır. Həyat yoldaşı ilə 7 il əvvəl ayrılmışdır. Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayından tanımışdır. Rüfət ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. Rüfət ilə tanışlığı “İnstagram” sosial şəbəkəsində yaranmış, belə ki, mart ayının axırlarında Rüfət “İnstagram” sosial şəbəkəsində “seyfullayeva_aida” adlı profilinə mesaj yazmışdır. Bundan sonra Rüfət ilə arasında münasibət yaranmış və onlar sevgili olmuşlar. Rüfət ilə Bakı şəhərində bir neçə dəfə görüşmüşlər. Xalası qızı Səbinə Almaniyada yaşamış və sonuncunun ona borcu olduğu üçün borcun əvəzində 2021-ci ildə oradan “Hyundai Elantra” markalı avtomobil göndərmişdir. Bir neçə ay həmin avtomobili idarə etdikdən sonra satmışdır. Söhbət əsnasında Rüfət avtomobil almaq istədiyini bildirmişdir. Rüfətə xalası qızının Almaniyada yaşadığını və sonuncunun Bakı şəhərinə ucuz qiymətə avtomobil göndərə biləcəyini demişdir. Bundan əlavə Rüfətə bildirmişdir ki, 6.000 manat pulu var və həmin vaxt pulu Səbinəyə Bakı şəhərinə “Toyota Camry” markalı avtomobil göndərməsi üçün göndərəcək. Hətta Rüfətə demişdir ki, Səbinə Bakı şəhərinə qəzalı vəziyyətdə avtomobil göndərsin ki, qiyməti ucuz olsun və Bakı şəhərində ustaya təmir etdirsin. Rüfətə 6.000 manatı Səbinəyə göndərdikdən sonra həmin pulu hissə-hissə ona ödəməsini və avtomobili hər ikisinin idarə etməsini təklif etmişdir. Rüfət də razılaşmışdır. Bundan sonra Rüfətə avtomobilin Bakı şəhərinə gətirilməsi üçün nəzərdə tutulan 3.000 manat yol xərci olmasını bildirmiş və həmin pulu sonuncudan istəmişdir. Rüfət 2022-ci ilin ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.V.Vidadi küçəsində yerləşən “Rasim” marketin yaxınlığında Rüfət ilə görüşmüş və sonuncudan 2.000 manat pul almışdır. Rüfətə demişdir ki, 3.000 manatda 400 manat köməklik edə bilər. Rüfət bundan 10 gün sonra, yəni 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Ankara” şadlıq sarayının yaxınlığında Rüfət ilə görüşmüş və sonuncudan 200 manat pul almışdır. Rüfətin verməli olduğu pul düzəlmədiyi üçün sonuncuya əlavə 400 manat da göndərməli olduğunu bildirmişdir. Rülət razılaşaraq 2022-ci ilin aprel ayının 5-də rəfiqəsi Aydanın adına olan bank kartına 400 manat pul göndərmişdir. Belə ki, Aydanın kartının fotoşəkilini Rüfətə göndərmiş və pulu karta köçürməsini xahiş etmişdir. Aydan pulu kartından çıxarıb ona vermişdir. Lakin avtomobil məsələsi alınmamış və Rüfət ilə arasında olan münasibəti pisləşmişdir. Rüfət verdiyi pulları geri istədikdə pul geri qaytaracağını bildirmişdir. Bundan sonra 2022-ci ilin mayiyun aylarında aralarında bir həftə vaxt olmaqla iki dəfəyə 500 manat olmaqla ümumilikdə 1.000 manat pulu Rüfətin tanışının bank kartı hesabına köçürmüşdür. Lakin sonradan maddi vəziyyəti pis olduğu üçün Rüfətə qalan 1.600 manat pulu geri ödəyə bilməmiş və sonuncu barəsində polisə şikayət etmişdir. Əməlindən peşman olmuş və özünü tam olaraq təqsirli bilmişdir. Bundan başqa övladlarının dolanışığını təmin etmək üçün pul əldə etmək niyyəti ilə yaşadığı evi satmağı barədə sosial şəbəkədə elan yerləşdirmişdir. Lakin evə dair hər hansı sənədi və ya evin ona məxsus olması barədə heç bir çıxarışı olmamışdır. Niyyəti isə təcili olaraq pul əldə edərək Türkiyə Respublikasına getmək olmuşdur. Övladı futbol ilə məşğul olmuş və bununla əlaqədar oğluna Türkiyə Cumhuriyetinin “Beşiktaş” klubunun 13 yaşlılaradək komandasından təklif gəlmişdir. Oğlunun gələcəyini fikirləşdiyi üçün, həmçinin borclarının olması və borclarını ödəməkdə çətinlik çəkməyi səbəbindən X3 şəhərinə köçmək qərarına gəlmişdir. Zabrat qəsəbəsində yaşadığı ev həyət evi olmaqla 3 otaqdan ibarətdir. Evə dair elan yerləşdirdikdən 3 gün sonra Mülkədar adlı makler əlaqə saxlamışdır. Mülkədara evi 36.000 manata dəyərindən aşağı qiymətə satdığını bildirmişdir. Mülkədar ev barədə ətraflı məlumat alaraq sağollaşmışdır. Bundan sonra bir neçə gün sonra Mülkədar əlaqə saxlayaraq evə müştəri tapdığını bildirmiş və uyğun zamanda gəlib evə baxmaq istədiklərini demişdir. Həmin şəxs ilə razılaşmışdır. 10 oktyabr 2022-ci il tarixdə Mülkədar ilə birlikdə evə müştəri qismində baxmaq üçün adı sonradan məlum olan Əfqan və sonuncunun valideyinləri gəlmişdir. Onlar evə baxdıqdan sonra bəyəndiklərini bildirmişlər və onlar 36.000 manat qarşılığında evin satılması barədə razılaşmışlar. Həmin zaman onlara 12.000 manat beh verilməsi, qalan məbləğin isə sənədlər hazırda hazır olmadığından hazır olan müddətədək ödənilməsi barədə razılaşmışdır. Reallıqda isə evin sənədlərinin hazırlanması barədə heç bir addım atmamışdır. Baş verən hadisə zamanı artıq azyaşlı övladları ilə birlikdə 3 aylıq “Park Azure” yaşayış kompleksində kirayə yaşamışdır. Əfqan və ailəsi evə baxıb razılaşdıqdan sonra onlar birlikdə Əfqanın yaşadığı Bakıxanov qəsəbəsinə getmişlər. Əfqanın evdə xəstə bacısı da olmuşdur. Əvvəlcə Əfqanın bacısını görüb pis olsada məcburiyyət üçün yenidən Əfqanı aldatmağa davam etmişdir. Əfqanın və valideylərinin iştirakı ilə ərizə tərtib olunmuşdur. Bundan sonra Əfqan öz avtomobili ilə “Park Azure” yaşayış kompleksinin qarşısına gətirmişdir. Bundan sonra Əfqan həmin ünvanda 12.000 manat pul vermişdir. Əfqana bildirmişdir ki, sənədlər hazır olanda məlumat verəcək. Daha sonra onlar sağollaşmış və ev ünvanına qalxmışdır. Həmin günü Əfqanın və ailəsinin saflığından istifadə edərək daha 4.000 manatını əldə etmək qərarına gəlmişdir. Axşam saatlarında Əfqana zəng edərək sənədlərin hazırlanması prosesi üçün əlavə 4.000 manat lazım olduğunu demişdir. Bundan sonra Əfqanı evinə dəvət etmişdir. Bir saat keçdikdən sonra Əfqan, atası Qəzənfər və onları tanış edən makler Mülkədar ilə birlikdə “Park Azure” yaşayış kompleksində kirayə yaşadığı evə gəlmişlər. Orada Əfqana demişdir ki, sənədlər 10 gün ərzində hazır olacaqdır, bunun üçün əlavə pul lazımdır. Bundan sonra Əfqan şübhələnmiş və bildirmişdir ki, heç bir məbləğdə pul verməyəcək. Həmin vaxt Əfqan verdiyi 12.000 manatı tələb etmişdir. Əfqana pulu gün ərzində xərclədiyini demişdir. Əfqan da polisə müraciət etmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət olunmuş və orada izahatı alınmışdır. Əfqanı aldadaraq sonuncudan 12.000 manat məbləğində pul almışdır. Həmin pulun 4.500 manatını geri qaytarmışdır. Həmin hadisəni də tək törətmişdir. Həmçinin bildirmişdir ki, Rüfətə vurmuş olduğu ümumi ziyan 3000 manat məbləğində olmuşdur. 2.600 və 400 manat olmaqla pulu Rüfətdən iki dəfəyə hissə-hissə almışdır. Həmin vaxtlarda onların yanında heç bir şəxs olmamışdır. Həmin məbləğ puldan 500 manat olmaqla Rüfətə qaytarmışdır. Rüfətdən pulu almağında məqsədi sonuncuya həqiqətən də, avtomobil gətizdirmək olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, cv 22, mənzil 17-də qeydiyyatda olmaqla yaşamışdır. Özünə ev almaq məqsədi ilə bir neçə yerlərdə ev ilə bağlı elanlara baxmışdır. Uyğun qiymətə ev almaq məqsədi ilə əvvəllər tanıdığı Bakıxanov qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Mülkədar adlı makler ilə əlaqə saxlamışdır. Həmin vaxtı Mülkədara özü üçün qiyməti münasib olan həyət evi almaq istədiyini bildirmişdir. Danışıqlarından bir neçə gün sonra Mülkədar əlaqə saxlayaraq Zabrat qəsəbəsində 118 nömrəli marşurutun son dayanacağının yaxınlığından ucuz ev olduğunu və istədiyi halda ala biləcəyini təklif etmişdir. Həmin təklifilə razılaşmışdır. 10 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində anası Təbiət Aslanova, atası Şahid1 və Mülkədar ilə birlikdə sonuncunun dediyi ünvanda yerləşən evə baxmağa getmişlər. Evə çatdıqdan sonra qapını sonradan adını Aidə adlı qadın açmışdır. Aidə onlara evi gəzdirmiş və evi 36.000 manat müqabilində sata biləcəyini demişdir. Aidənin etdiyi təklif ilə razılaşmış, lakin hazırda qeyd edilən məbləğdə pulun üzərində olmadığını bildirmişdir. Onlara evin alınmasında ciddi olduqlarını göstərmək üçün 12.000 manat beh verilməsinə razılaşmışdır. Bundan sonra ailə üzvləri və Aidə xanım ilə birlikdə idarə etdiyi avtomobilə əyləşmişlər. Onlar birlikdə yaşadığı Bakıxanov qəsəbəsində yerləşən mənzilə getmişlər. Orada mənzilində anası, atası və Mülkədarın iştirakı ilə Aidə xanım öz xətti ilə yazılmış ərizə tərtib olunmuşdur. Həmin ərazidə qeyd edilən ünvanda olan mənzilin alqısatqısı üçün 36.000 manata razılaşdıqları və həmin pulun 12.000 manatını ilkin beh vermək qeyd edilmişdir. Daha sonra isə Aidə xanımı da götürərək yaşadığı evdən çıxıb sonuncunu “Park Azure” yaşayış kompleksinin qarşısına gətirmişdir. Orada üzərində götürdüyü 12.000 manatı çıxararaq Aidə xanıma vermiş və pulun geri qalan hissəsini 25 oktyabradək verilməsi barədə razılaşmışlar. Aidə xanıma pul verib sağollaşdıqdan sonra öz şəxsi işlərinin arxası ilə getmişdir. Həmin günü, yəni 10 oktyabr 2022-ci il tarixdə Aidə xanım axşam saatlarında əlaqə saxlayıb yenidən ona təcili olaraq 4.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxtı gecə saatlarında Aidə xanımın 4.000 manat pul istəməsindən şübhələnmişdir. Buna baxmayaraq yenidən 4.000 manat pul götürüb atası və Mülkədar müəllim ilə birlikdə Aidənin yaşadığı “Park Azure” yaşayış kompleksinə gəlmişdir. Onlar kompleksə daxil olub Aidənin yaşadığı mənzilə qalxmışlar. Orada onunla söhbət edən zaman özünü həddindən artıq şübhəli aparmağından qorxaraq üzərində olan 4.000 manatı da verməyərək səhər saatlarında 12.000 manat beh olaraq verdiyi pulu geri istəmişdir. Aidə həmin vaxtı artıq pulu öz istifadəsi üçün xərclədiyini və verməyə pulu qalmadığını bildirmişdir. Bundan sonra 11 oktyabr 2022-ci il tarixdə 37-ci PŞ-nə yaxınlaşaraq ərizə vermişdir. Aidəyə 12.000 manatı 10 oktyabr 2022-ci il tarixdə “Park Azure” yaşayış kompleksinin qarşısında vermişdir. 10 oktyabr 2022-ci il tarixdə evə baxan zaman Aidə bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə pul tam verildikdən sonra alqısatqı yolu ilə çıxarış alınmaqla ev təhvil veriləcəkdir. Polisə müraciət etdikdən sonra 02 noyabr 2022-ci il tarixdə Aidə həmin məbləğin ibtidai istintaq dövründə 3.000 manat, sonra isə 1500 manat olmaqla cəmi 4500 manatını geri qaytarmışdır. Odur ki, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin ilin fevral ayında “Tiktok” sosial şəbəkəsində tanımışdır. Aidə ilə münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Aidə ilə tanış olduqdan sonra “WhatsApp” vasitəsilə söhbətləşən zaman Aidə bildirmişdir ki, Almaniyada tanışı var və əgər istəsə ona ucuz qiymətə maşın gətizdirə bilər. Aidə 2019cu ilin istehsalı olan “Toyota Camry” markalı avtomobili gətizdirəcəyinə dair söz vermişdir. Aidəyə pulunun az olduğunu bildirdikdə sonuncu bildirmişdir ki, gücü nəyə çatırsa pul versin, guya qalanını özü düzəldəcəkdir. Bundan sonra Aidə razılaşıb 29 mart 2022-ci il tarixdə Aidənin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Rasim’’ marketin yaxınlığında yerləşən evinin qarşısında görüşüb sonuncuya 2.600 manat pul vermişdir. Bundan sonra Aidə demişdir ki, pulun qalan hissəsini, yəni 7.400 manat pulunun üstünə qoyub ümumilikdə 10.000 manat pulu Almaniyada yaşayan tanışına göndərəcəkdir. 7 gün sonra, yəni 05 aprel 2022-ci il tarixdə Aidə avtomobilin yolda olduğunu və əvvəlcədən avtomobilin sənədlərini düzəltdirmək üçün əlavə 400 manat pul istəmişdir. Aidə ilə razılaşıb həmin tarixdə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yerləşən “Güllübulaq” adlı marketdə olan “e- Manat” ödəmə terminalı vasitəsilə Aidənin göndərdiyi rəfiqəsi Aydan adlı qadına məxsus kart hesabına 400 manat pulu göndərmişdir. Bundan sonra Aidə avtomobilin 20 aprel 2022-ci il tarixdə Bakı şəhərində olacağına dair söz vermişdir. Lakin bu söhbətdən xeyli vaxt keçdikdən sonra Aidədən avtomobil barədə soruşduqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamışdır. Aidədən pulunu geri qaytarmağını istədikdə sonuncu yenə də müxtəlif bəhanələr gətirməyə başlamışdır. Lakin 7 gün sonra Aidə aldığı 3.000 manatdan 500 manatı tanışının bank kartına göndərmiş, lakin geri qalan 2.500 manatı qaytarmamışdır. Bundan sonra o, Aidənin onu aldatdığını və pulu ələ keçirdiyini başa düşüb polisə şikayət etmişdir. Odur ki, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 oğludur. Oğlu Əfqan özünə yeni ev almaq məqsədi ilə Bakıxanov qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Mülkədar ilə əlaqə saxlamışdır. Həmin vaxtı Mülkədar adlı şəxsə əsasən həyət evi axtardığını bildirmişdir. Bundan sonra Mülkədar Əfqan ilə əlaqə saxlayaraq Zabrat qəsəbəsində ucuz ev satıldığını bildirmişdir. Əfqan da evə baxmaq istədiyini demişdir. 10 oktyabr 2022-ci ildə saat 11 radələrində həyat yoldaşı Şahid1, Əfqan və Mülkədar ilə birlikdə sonuncunun dediyi evə baxmağa getmişlər. Evə çatdıqdan sonra qapını onlara sonradan adını Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs açmışdır. Aidə ilk öncə onları evi gəzdirmişdir. Bundan sonra evi 36.000 manata satdığını bildirmişdir. Onlar Aidə xanım ilə ciddi olaraq razılaşmışlar. İlkin olaraq 12.000 manat beh qismində Aidəyə vermək barədə razılıq əldə olunmuşdur. Bundan sonra həmin tarixdə oğlu Əfqan evdən 12.000 manatı götürərək Aidə ilə görüşüb onun yaşadığı “Park Azure” yaşayış kompleksinin qarşısında beh kimi razılaşdığı pulu Aidəyə vermişlər. Bundan sonra həmin tarixdə axşam saatlarında Əfqan Aidənin onunla əlaqə saxladığını və təcili olaraq 4.000 manat pulun lazım olduğunu bildirdiyini demişdir. Axşam saatlarında Aidənin belə bir istəyinin olması onlarda şübhə yaratmışdır. Buna baxmayaraq 4.000 manat pul götürüb Əfqan və Mülkədar ilə Aidənin yaşadığı evə getmişlər. Orada olarkən Aidənin onlarla danışıq tərzi şübhələrini daha da artırmışdır. Əfqan bundan sonra özü ilə gətirdiyi 4.000 manat pulu ona verməyərək ona ödədiyi 12.000 manat behi də geri istəmişdir. Aidə isə pulu artıq öz istifadəsi üçün xərclədiyini bildirmişdir. Bundan sonra Aidənin onları aldatdığını başa düşərək polisə müraciət etmək qərarına gəlmişlər. 10 oktyabr 2022-ci il tarixdə evə baxan zaman Aidə onlara demişdir ki, 25 oktyabr 2022-ci il tarixdə pul tam verildikdən sonra alqı-satqı yolu ilə çıxarış alınmaqla mənzil təhvil verilməli olmuş, lakin həmin zaman Aidə onlara hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatlan təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 il ev alqı-satqısı işi ilə məşğul olmuşdur. Belə ki, Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən ofisdə ev alqı satqısı ilə məşğul olaraq ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımış, sonuncu müraciət edərək, özünə həyət evi almaq istədiyini bildirmişdir. Əfqanın müraciətindən sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı qadın telefon əlaqəsi saxlayaraq özünə məxsus Zabrat qəsəbəsində yerləşən evi 55.000 manat müqabilində satdığını bildirmişdir. Səhəri gün Təqsirləndirilən şəxs dediyi evə gedib baxmışdır. Evə baxdıqdan sonra Aidə xanıma evi almaq üçün müştəri olmasını, lakin 55.000 manat pulunun olmadığını demişdir. Aidə xanım isə həmin şəxsləri evə gətirməyimi evin qiyməti barəsində öz aralarında razılaşacaqlarını demişdir. Aidə xanım əlavə olaraq bildirmişdir ki, övladı xəstə olduğu üçün evi təcili satmalıdır. 10 oktyabr 2022ci ildə 11 radələrində Əfqan, anası Təbiət Aslanova və atası Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığ mənzilə getmişlər. Evə çatdıqdan sonra qapını Təqsirləndirilən şəxs açmışdır. Aidə onları evi gəzdirmiş və evin 36.000 manat müqabilində alqı satqı olunması barədə Əfqan ilə razılaşmışdır. Əfqan evin alınmasında ciddi olduqlarını göstərməkləri üçün 12.000 manat beh verilməsi barədə razılaşmışlar. Bundan sonra onlar birlikdə, həmçinin Aidə xanım da onlarla birlikdə Əfqanın idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar Əfqanın yaşadığı Bakıxanov qəsəbəsində yerləşən mənzilinə getmişlər. Əfqanın yaşadığı mənzildə Aidə xanım onların iştirakı ilə öz xətti ilə ərizə yazmışdır. Həmin ərizədə qeyd edilən mənzilin alqı-satqısı üçün 36.000 manata razılıq əldə olunmasını və həmin pulun 12.000 manatını ilkin olaraq beh kimi verilməsini qeyd etmişdir. Daha sonra isə Əfqan Aidə xanımı da götürərək yaşadıqları evdən çıxıb sonuncunu “Park Azure” yaşayış kompleksinin qarşısına aparmışdır. Orada Əfqan üzərində götürdüyü 12.000 manat pulu Aidə xanıma vermiş və pulun geri qalan hissəsini 25 oktyabr tarixədək verilməsi barədə razılaşmışlar. 10 oktyabr 2022-ci il tarixdə Aidə xanım axşam saatlarında Əfqan ilə əlaqə saxlayıb təcili olaraq 4.000 manat pul lazım olduğunu bildirmişdir. Əfqan həmin vaxtı gecə Aidə xanımın 4.000 manat pul istəməsindən şübhələnmişdir. Buna baxmayaraq Əfqan 4.000 manat pul götürüb atası və onunla birlikdə Aidənin yaşadığı mənzilə getmişdir. Orada Aidə xanım ilə söhbət edən zaman sonuncu özünü həddindən artıq şübhəli apardığı üçün Əfqan qorxmuş və üzərində olan 4000 manat pulu verməyərək Aidə xanımdan səhər saatlarında 12.000 manat beh olaraq verdiyi pulu geri istəmişdir. Aidə isə artıq pulu xərclədiyini və verməyə pulu qalmadığını bildirmişdir. Əfqan da Xətai RPİ-nin 37-ci PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs birinci dəfə Zabrat qəsəbəsində yerləşən özünə məxsus evi satmaq istəyən zaman tanımışdır. Aidə onlara evə dair heç bir sənəd təqdim elməmişdir. Nə Aidə xanım, nə də ki, Əfqan vasitəçi olduğu üçün ona heç bir pul ödənişi etməmişlər. Təqsirləndirilən şəxs Əfqanın pulunu aldadaraq ələ keçirmək niyyətində olmasını əvvəlcədən bilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 doğulduğu kənddən tanımış və Rüfətlə birlikdə böyümüşdür. Rüfət ilə dostluq münasibəti uşaqlıq dövründən başlamışdır. 29 mart 2022-ci il tarixdə Rüfətlə birlikdə işdən çıxan zaman sonuncu bir nəfər şəxsə pul verməli olduğunu bildirib birlikdə getməyini xahiş etmişdir. Rüfətdən pul barəsində soruşduqda sonuncu bir qadınla tanış olduğunu və həmin qadının xarici ölkələrin birindən avtomobil gətizdirəcəyini, pulu da bu məqsədlə həmin qadına verəcəyini bildirmişdir. Rüfətlə razılaşıb Bakı şəhəri, Sabunçu rayonu. Zabrat qəsəbəsində yerləşən “Rasim" marketin yaxınlığında əvvəlcədən tanımadığı, lakin sonradan adının Aidə olduğunu bildiyi qadınla görüşmüşlər. Orada avtomobildə əyləşmiş, Rüfət isə avtomobildən düşüb Aidəyə 2.600 manat pul vermişdir. Rüfətin Aidəyə qeyd olunan məbləğdə pulu verməsinin şahidi olmuşdur. Bundan sonra Rüfət avtomobilə qayıtmış və onlar oradan çıxıb getmişlər. Bundan bir neçə gün sonra Aidənin Rüfəti aldatdığını, Rüfətə qarşı dələduzluq etdiyini və bu barədə Rüfətin polisə şikayət etdiyini sonuncudan öyrənmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 dekabr 2022-ci il tarixli Xətai rayon prokuroru tərəfindən Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış araşdırma materialı üzrə Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 1). 26 dekabr 2022-ci il tarixli cinayət işini icraata götürmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (cild 1, i.v. 22). 12 yanvar 2023-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxx 1985-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan olunmuşdur (cild 1, i.v. 45-46). 12 yanvar 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v. 48). 28 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən xx xxxxx 1985-ci il tarixdə Biləsuvar rayonunda anadan olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılaraq İstintaq şöbəsinə təhvil verilmişdir (cild 1, i.v. 67). 28 yanvar 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (cild 1, i.v. 69). 28 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 18:30-da tutulmuşdur (cild 1, i.v. 81-82). 30 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 97-98). 30 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rəhman Cəfərovun 30 yanvar 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (cild 1, i.v. 119-120). 30 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 122-125). 13 fevral 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, hər iki cinayət işi eyni şəxsin barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı 220116225-ci nömrə altında aparılmışdır. (cild 1, i.v. 136-138). Səbail Rayon Polis İdarəsinin 15 noyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 144). 05 dekabr 2022-ci il tarixli ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Biləsuvar rayonu, Nərimankənd ərazi dairəsi, Nərimankənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir (cild 1, i.v. 230). 05 dekabr 2022-ci il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs (şəxslər) müəyyən olunanadək dayandırılmışdır (cild 1, i.v. 231). 15 dekabr 2022-ci il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (cild 1, i.v. 236). 15 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, i.v. 247-248). 15 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, İ.v. 7-8). 26 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 2, İ.v. 11). 26 dekabr 2022-ci il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutulana qədər dayandırılmışdır (cild 2, i.v. 12). 28 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən xx xxxxx 1985-ci il tarixdə Biləsuvar rayonunda anadan olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılaraq İstintaq şöbəsinə təhvil verilmişdir (cild 2, i.v. 17). 28 yanvar 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (cild 2, i.v. 18). 24 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, işləməyən, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və ünvan 7 20/22 ev ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 2, İ.v. 31-33). 24 fevral 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 2, i.v. 35-36). 16 aprel 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi olan Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 02:00-da saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 2, i.v. 40). 16 aprel 2023-cü il tarixli axtarışda olan cinayət işinin təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (cild 2, i.v. 41-42) Məhkəmə iclasında iş üzrə sübut kimi tanınan mesaj mətnlərinə və diskdə olan səs yazılarına baxış keçirilmiş, tədqiq olunmuş bu sübutlar Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxsin “Toyota Camry” markalı avtomobili gətizdirilməsi ilə bağlı verdikləri ifadələrlə eynilik təşkil etmişdir. 18 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 60-63). 20 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr, dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 81-83). Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 1(011)-356/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının 02 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs 28 avqust 2023-cü ildə tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq 28 avqust 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(008)-11424/2017 saylı qətnaməsindən görünür ki, X12 ilə X13 arasında Bakı nikah evində 26 iyul 2011-ci il tarixdə bağlanmış və 1470 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 boşanmadan sonra anası X8 yanında qalması, X5 04 dekabr 2017-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 136.60 manat, cəmi 273.20 manat sabit pul məbləğində aliment alınaraq X8 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə, “whatsapp” sosial şəbəkəsindəki yazışmalar və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçi Hüseynov X1 Aidə Ramiz qızının məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi ilə tanış olmaqla birlikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 05 (beş) gün həbsdə saxlama müddəti 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar