Məhkəmə qərarları › İş №1(011)-358/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-358/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-358/2020 12.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işəməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixə saat 19-30 radələrində Bakı şəhəri Xətai rayonu Yeryomenko küçəsi 1143-cü məhəllə ev 29c, 3 saylı mənzilin dəhlizindən Zərərçəkmiş şəxs məxsus bir ədəd dəyəri 800 manat olan “Cube Nataura” markalı 26 ölçülü velosipedi gizli olaraq talayıb zərərçəkmiş şəxsə 800 manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı əməli törətmiş şəxs və zərərçəkmiş şəxsin ifadələri, habelə sadələşdirilmiş icraat üzrə materialda olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:30-da Bakı şəhəri Xətai rayonu Yeryomenko küçəsi 1143-cü məhəllədə olan zaman hündür mərtəbəli yaşayış binasına daxil olmuş, mərtəbələrdə velosiped axtarmış, iki velosiped görmüş, “Cube Nataura” markalı velosipedi oğurlayaraq həyətə düşmüş, oradan da sürərək yaşadığı evə gətirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18-00 radələrində özünə məxsus “Cube Nataura” markalı 26 ölçülü velosipedi yaşadığı Bakı şəhəri Xətai rayonu Yeryomenko küçəsi 1143-cü məhəllə ev 29c, 3 saylı mənzilin dəhlizində saxlamış, səhəri gün velosipedin orada olmadığını aşkar etmişdir. Kameraya baxdıqda bir nəfər şəxsin velosipedi oğurlayaraq sürüb getməsini görmüşdür. Hazırda Elşənlə barışmış, ondan şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 4-5); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx xxxxxxx 2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti cəza olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v. 38-39); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla onun üzərində qəti cəza olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 40-44); xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, bir ədəd “Cube Nataura” markalı 26 ölçülü velosipedin işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə dəyəri 800 manat müəyyən edilir (i.v. 53-56); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 58); sübutların qiymətləndirilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 180.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət işinin başlanması rədd edilmiş, bir ədəd CD disk və bir ədəd “Cube Nataura” markalı velosiped maddi sübut kimi tanınmışdır (i.v. 70-73); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. videogörüntüdən görünür ki, bir nəfər şəxs ətrafa nəzər salır, surətli addımlarla binaya daxil olur, bir neçə saniyə sonra əlində velosiped geri qayıdaraq oradan uzaqlaşır. Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi digər oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, gənc olmasını (CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM- 59.1.12), zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, məhkumluğu ödənilməməsi və ya götürülməməsi, cəza çəkdiyi müddətdə yendən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi, həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər iki dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətməsini, bununla da, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə qəti cəza müəyyən olunmalı (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qismində qətimkan seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut bir ədəd “Cube Nataura” markalı 26 ölçülü velosipedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, hadisənin görüntüsünü əks etdirən DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-42/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 23 (iyirmi üç) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, VÖEN **********, AZ53AİİB**********0433315142 hesabına keçirilsin. İş üzrə maddi sübut bir ədəd “Cube Nataura” markalı 26 ölçülü velosipedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - hadisənin görüntüsünü əks etdirən DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar