Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-358/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 03 büküm ayrı-ayrılıqda təmiz çəkiləri 0,373 qram, 0,367 qram və 0,740 qram olmaqla ümumi təmiz çəkisi 1,48 qram narkotik vasitə heroin əldə edib, üstündə daşımaqla saxlayıb 29 aprel 2022-ci il tarixdə 01 büküm təmiz çəkisi 0,743 qram narkotik vasitə heroini 10 manat pul müqabilində tanışı Şahid3 satmış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi 42 saylı ünvanın yaxınlığında qanunsuz olaraq narkotik vasitə satmaqda şühbəli şəxs qismində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə üstündə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofan kəsiyindəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,373 qram və 0,367 qram olmaqla ümumi təmiz çəkisi 0,740 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə edir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və polis şöbəsinə gətirilmişdir. Narkotik vasitədən istifadə etsə də heç kimə narkotik satmamışdır. Şahid3 tanıyır. Onun narkotik vasitələrdən istifadə etməsini bilir. Lakin, Akifə heç vaxt narkotik vasitə satmamışdır. Polis şöbəsində olan vaxt polis əməkdaşlarının təzyiqi ilə üzərində narkotik vasitə olması və Şahid3 narkotik vasitə satması barədə etirafedici ifadələr verməyə məcbur olmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Azərbaycan Respublikası CM in 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə qeyd etmək istəmədiyi səbəblərə görə narkotik vasitələrin istifadəsinə başlamış, belə ki, ilkin vaxtlarda narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etsə də, sonrakı vaxtalarda narkotik vasitənin daha ağır təsir qüvvəsinə malik heroin növündən çəkməklə və inyeksiya yolu qəbul etməyə başlamış, narkotik vasitələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, hazırda bu xəstəlikdən əziyyət çəkir, belə ki, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olur, təxminən 3 ay əvvəl metrounun “Neftçilər” stansiyası yaxınlığında təsadüfən özünü “Əli" kimi təqdim etmiş təxminən 40-45 yaşlarında, qaraşın, qara saçlı, uzunsov sifətli, arıq bədən quruluşlu, boyu təxminən 170-172 sm olan bir nəfər şəxslə tanış olmuş, tanışıq zamanı Əli adlı şəxs narkotik vasitələrin satışını həyata keçiridiyini bildirdiyi üçün, ondan narkotik vasitə heroinin alışına başlamış, belə ki, öz istifadəsi üçün narkotik vasitə heroin lazım olduğu təqdirdə metronun “Neftçiər” stansiyası yaxınlığına gedib, Əli adlı şəxsi tapır, ondan 20-50 manat pul müqabilində bir neçə bükümdə, hazırda xatırlamadığı çəkidə narkotik vasitə heroin almaqla istifadə edirmiş, bununla belə 2022-ci ilin aprel ayının ortalarında təsadüfən Kənd Əhmədli qəsəbəsində tanışı Akif adlı şəxslə görüşdüyündə, o, söhbət əsnasında bir neçə aya yaxındır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etməsi barədə məlumat vermiş, o, Akifi qəsəbə sakini kimi uzun müddət tanımış, aralarında yoldaşlıq münasibətləri olmuş, lakin buna baxmayaraq həmin vaxtadək Akifin narkotik vasitələrdən istifadə etməsini bilməmiş, buna ehtimal belə etməmiş, söhbət əsnasında Akif hər dəfə narkotik vasitəni müxtəlif yerlərdə tanımadığı şəxslərdən aldığını, buna görə də tutulmaq qorxusu yaşadığını deyib, narkotik vasitənin satışını təşkil edəcək etibarlı mənbə barədə maraqlanmış, Akiflə münasibəti olduğu üçün, özünün istifadəsi üçün etibarlı mənbədən mütəmadi olaraq narkotik vasitə heroin aldığını deyib, öz istifadəsi üçün narkotik vasitə heroin aldığı tədqirdə, aldığı həmin heroindən ona satışını təşkil edə biləcəyini demiş, Akif narkotik vasitə heroinin satış qiyməti ilə maraqlandığında, o, narkotik vasitə heroinin bir bükümünü 10 manatdan aldığını, məhz həmin qiymətə də narkotik vasitəni ona sata biləcəyini demiş, bu minvalla onlar bir neçə dəqiqə sonra söbət etdikdən sonra ayrılmış, 29 aprel 2022-ci il tarixdə həmişə olduğu kimi öz istifadəsi üçün narkotik vasitə heroin almaqdan ötrü metronun Neftçilər stansiyası yaxınlığına yollanmış, həmin yerdə Əli adlı şəxlə görüşdüyündə, ondan 30 manat pul müqabilində 03 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin almış, bundan sonra aldığı həmin heroini əynindəki şalvarın cibinə qoyaraq, bədənində ağrılar başladığı zaman istifadə etmək üçün saxlamış, bu minvalla həmin gün günorta saatlarında yaşadığı Kənd Əhmədli qəsəbəsinə gəldiyində, təsadüfən tanışı Akiflə rastlaşmış, həmin zaman Akif ona yaxınlaşaraq istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə heroin istəmiş, Əli adlı şəxsdən aldığı 03 ədəd bükümdə narkotik vasitə heroin üstündə olduğu üçün, etiraz bildirməyib, 10 manat pul müqabilində 01 ədəd büküm narkotik vasitə heroini ona sata biləcəyini demiş, həmin zaman Akif ona 10 manat pul verdiyindən, üstündə olan 03 ədəd büküm narkotik vasitə heroindən 01 ədəd bükümünü Akifə sataraq oradan uzaqlaşmış, bundan sonra özündə qalan 02 ədəd bükümdə olan heroini özü ilə götürüb, bədənində ağrılar başladığı zaman istifadə etmək üçün saxlamış, səhəri gün yəni, 30 aprel 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman, 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitələrin satışında şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 34-cü PŞ-nə getməsini bildirmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə gəlmiş, PŞ-nə gəldikdə hələ dünəni gün 10 manat pul müqabilində 01 ədəd büküm narotik vasitə heroin satmış olduğu Akif adlı tanışının şöbədə olduğunu görmüş, artıq həmin zaman polis əməkdaşlarının onun qanunsuz hərəkətləri barədə məlumatlı olduqlarını başa düşmüş, şöbəyə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılacağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının onun qanunsuz əməlləri, yəni narkotik vasitə satma barədə məlumat aldıqlarını bilib, əynindəki şalvarın sağ yan cibində sağladığı 02 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda polis əməkdaşları təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o, həmin 02 bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanmamışdan bir gün əvvəl metronun “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını deyib, habelə aldığı narkotik vasitədən bir bükümünü tanışı Akif adlı şəxsə satdığını etiraf etmiş, polis əməkdaşları təqdim etdiyi 02 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Tutulmamışdan bir neçə ay əvvəl heroindən istifadə etməyə başlamışdır. Həmin narkotik vasitə heroini də o, müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Narkotikdən istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir. Narkotiki vaxtlı-vaxtında qəbul etmədiyi təqdirdə bədənində möhkəm ağrıları olur. O, Raufu qəsəbə sakini kimi tanımışdır. Aralarında daim normal münasibət olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin aprel ayının ortalarında Kənd Əhmədli qəsəbəsində yerləşən çay evlərinin birində Raufla görüşüb söhbətləşən zaman, onun da narkotikdən istifadə etməsini bilmiş, hər dəfə narkotik vasitəni əldə etməkdən ötrü çətinlik çəkdiyindən söhbət əsnasında Raufdan narkotik vasitəni haradan əldə edə biləcəyi ilə maraqlanmış, həmin zaman Rauf özünün istifadəsi üçün etibarlı mənbədən mütəmadi olaraq narkotik vasitə heroin aldığını deyib, öz istifadəsi üçün aldığı heroindən ona satışını təşkil edə biləcəyini demişdir. Həmin zaman Raufdan narkotik vasitə heroinin satış qiyməti ilə maraqlanmış, Rauf heroinin bir bükümünü aldığı qiymətə, yəni 10 manatdan olmaqla sata biləcəyini demişdir. 29 aprel 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında Raufla rastlaşdığında fürsətdən istifadə edib, ondan bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü narkotik almaq qərarına gəlmiş, bu məqsədlə ona yaxınlaşıb, 10 manat pul müqabilində 01 büküm heroin istəmişdir. Rauf da etiraz etməmiş, üstündə 01 büküm heroin olduğunu bildirmiş, 10 manat pul müqabilində heroini ona satmışdır. O, bükümü açıb içərisində heroin olduğuna əmin olduqdan sonra, Raufla sağollaşaraq ayrılmış, bundan sonra cəld şəkildə oradan uzaqlaşıb, yaşadığı evə gəlmiş, aldığı heroini isə əynində olan şalvarının cibinə qoyaraq bədənində ağrılar başladığı zaman istifadə etmək üçün saxlamışdır. Səhəri gün, yəni 30 aprel 2022-ci il tarixdə saat 12 radələrində üzərində olan heroini qəbul etmək üçün evdən çıxıb gizlin yerə getmək qərarına gəlmişdir. Həmin vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 34-cü PŞ-yə getməsini bildirmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-yə gəlmişdir. PŞ-yə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışın aparılacağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanılmışdır. Polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu etmiş, polislərin onun qanunsuz narkotik vasitə istifadə etməsi barədə məlumatlı olduqlarını bildiyindən əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, içərisində heroin olduğunu bildirmiş, onu saxlanmamışdan bir gün əvvəl yaşadığı evin yaxınlığında Rauf adlı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Polislər təqdim etdiyi bükümə baxış keçirmiş, çəkisini müəyyən etdikdən sonra qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Hamının iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Polislər ondan Raufla bağlı soruşduqda o, Rauf haqqında bildiklərini polislərə demişdir. Şöbədə olduğu zaman bir neçə saat sonra Raufun polis əməkdaşları tərəfindən tutularaq şöbəyə gətirilməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə Şahid3 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, Şahid3 saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə Şahid3 şəxsi axtarışı aparılan zaman üstündən 01 büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Şahid3 həmin kütləni 10 manat pul müqabilində tanışı Rauf adlı şəxsdən aldığını bildirmişdir. Daxil olmuş həmin məlumat yoxlanması üçün şöbə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin şöbənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin günü saat 14 radələrində əməliyyat qrupunun digər üzvü ilə birlikdə Rauf adlı şəxsin olması ehtimal edilən ünvan 4 ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşcə Rauf adlı şəxsə bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüş, dərhal həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr istifadə etmə və satmada şübhəli olduğunu izah edib, onu qəbul edilmiş əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü təqdim etmiş, bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üstündən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 büküm açılmış, həmin bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə oxşar, spesifik iyə malik, tozşəkilli kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş heroini tanımadığı şəxsdən satışını təşkil etmək məqsədi ilə əldə etdiyini, habelə əvvəllər Akif adlı tanışına da, narkotik vasitə heroin satdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər elektron tərəzi ilə çəkilmiş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən və imzalandıqdan sonra götürülmüş, müvafiq protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 14:00-dan məhdudlaşdırılmışdır (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin C/A üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin C/a üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, heroin adlandırılan maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması soruşulduqda, o, həmin bükümlərdəki kütlənin “heroin”adlanan narkotik vasitələr olmasını, onu tanımadığı şəxsdən satmaq üçün əldə etdiyini və Akif adlı tanışına satdığını bildirmişdir. Götürülmüş maddələr elektron tərəzidə çəkilmiş,ümumi çəkisinin 1,07 qram olması müəyyən edilmişdir( i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2022-ci il tarixli, 6/2523 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs Şükür oğlu” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,367 qram, 0,373 qram ümumi təmiz çəkisi 0,740 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 39-42); 01 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı ondan heroin istədiyini, onun isə ona 10 manat müqabilində bir büküm narkotik vasitə heroin satdığını demişdir ( i.v. 58-60); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir (i.v. 68); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 90-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2471 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 104-105); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022ci il tarixli, 6/3246 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “...Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 02 ədəd bükümdə olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə həm öz aralarında və həmçinin “...Şahid3...” qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi ilə eynilik təşkil edirlər ( i.v. 106-109); Sübutların qiymətləndirilməsi haqqında 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması və barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələrinin toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, üzləşdirmədə dindirmə protokolu, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli 6/2523 nömrəli, 20 iyun 2022-ci il tarixli 6/3246 nömrəli və məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 13 may 2022-ci il tarixli 2471 nömrəli rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 02 bükümdə ümumi təmiz çəkisi 0,740 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD-R” formatlı diskin maddi sübut kimi tanınması, təhqiqatlar zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkisi 0,560 qram narkotik vasitə heroinin prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, 01 ədəd “CD-R” formatlı diskin isə cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli 6/2523 nömrəli rəyində göstərilən rəqəmlər əsas götürülməklə, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heronin təmiz çəkisinin 0,740 qram hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən materialın ayrılması, araşdırma aparılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır ( i.v. 110-119); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim etməsi, içərisində heroin olduğunu, onu tanımadığı şəxsdən satmaq üçün əldə etdiyini və Akif adlı tanışına satdığını bildirməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşlarının təzyiqi ilə etirafedici ifadələr verməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,740 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,560 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 175 (bir yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-358/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-358/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver