Məhkəmə qərarları › İş №1(011)-358/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-358/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-358/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi – X2, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1993-cü ildə Quba rayonunda anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş,Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 66, 1 saylı uşaq evində qeydiyyatda olan və müvəqqəti olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ünvanında yerləşən “Oba” mağazasında qara rəngli kassaya yaxınlaşaraq, orada heç kimin olmadığından əmin olub, həmin kassanı açaraq qanunsuz olaraq daxil olmaqla həmin kassadan 912 manatı gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “OBA MMC”-yə 912 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 19 fevral 2023-cü il tarixdə saat 20:30 radələrində Xətai rayonu, S.Ə.Şirvani 9 ünvanın qarşısında “OBA” marketdə su və sigaret almaq üçün daxil olmuş, bu zaman kassada və ərtafda heçkimin olmadığını görmüş, kassaya nəzər yetirmiş və açarının üzərində olduğunu görmüşdür. Həmin kassaya yaxınlaşmış, açarını sağ tərəfə ehmalca əymiş və həmin kassa açılmışdır. Orada 5-lik, 10-luq, 50-lik və 100-lüklər görmüşdür. Həmin qarışıq pullardan 4 ədəd 100 manat, geridə qalan pullar isə 20-lik və 10-luqlar olmaqla 912 manat məbləğində pulları götürüb qaçmışdır. Daha sonra 23 fevral 2023-cü il tarixdə Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında polis əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək polis bölməsinə dəvət olunmuşam. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 göstərmişdir ki, Xətai rayonu, S.Ə.Şirvani 5 ünvanında yerləşən “OBA” marketin müdiri X4 "xxxx" MMC-yə məlumat verərək, marketdən anket məlumatlarını bilmədiyi şəxs 912 manat 77 qəpik oğurluq hadisəsi törətdiyini bildirmişdir. Bu məlumat əsasında onların rəhbərliyi həmin marketin müdirinə DİN-nin 102 ZMX-nə məlumat verilməsini bildirmişdir. Hal-hazıradək həmin məbləğdən hər hansı bir ödəniş geri qaytarılmamışdır. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan 23 fevral il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli ilə cinayət işi başlanmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsi ünvan 1 ünvanda yerləşən “OBA Marketdə” baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan "xxxx" olan müşahidə kameralarından götürülmüş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdi ki, üzü saqqallı, balaca boylu, qara papaqlı, qara gödəkçəli, qara şalvarlı şəxs Xətai rayonu, S.Ə.Şirvani ünvanında yerləşən "xxxx"ə qapıdan daxil olur. Həmin şəxs anidən kassaya nəzər yetirdikdən sonra içəri keçir və yenidən kassanın yanına yaxınlaşır. Kassanın yanına getdikdən sonra üzərində açar olduğunu və həmin açarı sol tərəfə açaraq kassanın pul saxlanma yerinə müdaxilə edə bilir. Bu zaman kassanın pul saxlanma yerində 5 hissəyə ayrılmış pulların olduğunu görür və həmin pullardan hər iki əlindən istifadə etməklə 5 hissəli pul ayrıcı yerdən 2 hissəsini götürüb dərhal hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə, saat 17:30-da tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli, 4(011)-141/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanımaq haqqında qərardan görünür ki, X3 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 05 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki iddiası təmin edilməlidir. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 912 (doqquz yüz on iki) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut olan ünvan 2 ünvanda yerləşən “OBA” marketin qəbzləri və 01 ədəd DVD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 912 (doqquz yüz on iki) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində pul tutularaq, "xxxx" MMCnin xeyrinə ödənilsin. İş üzrə maddi sübut olan - ünvan 2 ünvanda yerləşən “OBA” marketin qəbzləri və 01 ədəd DVD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar