Məhkəmə qərarları › İş №1(011)-360/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-360/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-360/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə 2022-ci ilin oktyabr ayının sonlarında dayə kimi işlədiyi ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsində olan yataq otağındakı rəfdən 250 manat məbləğində nağd pulu, bir ədəd 1360.0 manat dəyərində, 11.40 qram çəkidə 750 əyarlı, üzərində 21 ədəd 0.007 karat ölçüdə 4/3 keyfiyyətdə brilyant qaşları olan gümüşü-sarı rəngli qızıl üzüyü, bir ədəd 300 manat dəyərində 2.3 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyünü, bir ədəd 400 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl uşaq qolbağını, bir ədəd 450 manat dəyərində 4 qram çəkidə 585 əyarlı qızıl yaxa nişanını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2760 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2015-ci ilin sonlarında tanımış, yeni doğulmuş qızına dayəlik etmək üçün yaşadığı ünvan 4 ünvanında yerləşən iki-mərtəbəli fərdi yaşayış evində işləməyə başlamışdır. 2020-ci ilin mart ayına qədər həmin ailə ilə işləmiş, daha sonra pandemiya başlaması səbəbi ilə fəaliyyətini dayandırmışdır. 01 iyun 2022-ci il tarixində o, yenidən həmin ailə ilə işləmişdir. Belə ki, X2 və Zərərçəkmiş şəxs yeni doğulmuş uşağı X1 dayəlik etmək üçün ona müraciət etmiş və o da razılaşmışdır. Bir müddət işlədikdən sonra 2022-ci ilin oktyabr ayında ailəsində maddi sıxıntılar yaranmış, bu səbəbdən də o, işlədiyi evdən oğurluq etmək qərarına gəlmişdir. Evdə tək olan zaman, günorta saatlarında yataq otağındakı ağ dolabın içərisində olan cuzdanın içərisində saxlanılan 02 ədəd qızıl üzük, 01 ədəd uşaq üçün nəzərdə tutulmuş qızıl qolbaq, 01 ədəd qızıl döş nişanını və 250 manat nağd pulu gizli olaraq oğurlamışdır. Oğurluq hadisəsini törədərkən həmin evdə ümumiyyətlə onunla uşaqdan başqa heç kim olmamışdır. Hadisə təxminən 2022-ci ilin oktyabr ayının sonlarında baş vermişdir. Oğurladığı əşyalardan bir ədəd iri həcmli qızıl üzüyü Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində “Əhmədli” metrostansiyasının çıxışında olan lombardda 600 manat müqabilində girov saxlamışdır. Bundan sonra qalan qızıl-zinət əşyalarını o, “Xalqlar Dostluğu” metrostansiyasının çıxışında tanımadığı bir qızıl alqı-satqısı mağazasına ümumilikdə 450 manata satmışdır. Əldə etdiyi pulları səhhətində olan problemlərlə bağlı həkimlərə və dərmanlara xərcləmişdir. Hadisədən bir müddət keçdikdən sonra, Zərərçəkmiş şəxs qeyd olunan pulun və qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmiş və işə gələn zaman ona itmiş qızıl və pulla bağlı sual verdikdə o, səmimi olaraq etiraf etmişdir kı, ehtiyacı olduğuna gorə həmin əşyaları və pulu oğurlamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, onunla barışdığını və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sevinci uzun müddətdir ki, tanıyır. Sevinclə əlaqə saxlamış, ona 350 manat pul müqabilində oğluna dayəlik etməsini təklif etmişdir. Sevinc onunla razılaşmışdır. 2022-ci ilin sonlarında atası Mirhüseyn vəfat etmişdir. Bu dövrdə onun və ailə üzvlərinin başı yas mərasimini təşkil etməyə qarışmışdır. Həmin vaxtlarda ona şəxsi ehtiyyacları üçün pul lazım olmuşdur. 02 dekabr 2022-ci il tarixdə yaşadığı evin yataq otağında güzgülü dolabın siyirtməsində olan çəhrayı rəngli pul kisəsinə baxdıqda orada əvvəldən qoyduğu puldan 250 manat əskik olduğunu görmüşdür. Daha sonra həmin pul kisəsini axtardıqda 1 ədəd 11.4 qram 750 əyar qızıl olan ağ, sarı rəngli kişi üzüyünün, 1 ədəd 2,3 qram 585 əyar qızıl olan ağ rəngli qadın üzüyünün, 1 ədəd 5 qram 585 əyar qızıl olan sarı rəngli uşaq qolbağının, 1 ədəd 4 qram 585 əyar qızıl olan yaxa nişanının orada olmadığını görmüşdür. Bu barədə yoldaşına bildirmişdir. Sevincdən şübhələnmiş və bu səbəbdən onu yaşadığı evə çağırmışdır. Onunla bu barədə söhbət etdikdən sonra Sevinc maddi çətinlikləri olduğundan oğurluq etdiyini etiraf etmiş və 1 həftə ərzində dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. O, onunla razılaşmış, lakin qeyd edilən müddət ərzində Sevinc dəymiş ziyanı ödəməmiş və oğurladığı qızıl zinət əşyalarını geri qaytarmamışdır. 21 dekabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, təxminən 2016-cı ildən lombard fəaliyyəti ilə məşğul olmuşdur. Yalnız qızıl zinət əşyalarını girov qismində qəbul edərək girovu təqdim edən şəxsə təqdim edilən əşyanın orta bazar qiymətinə uyğun olaraq məbləğ təklif edilir. Həmin məbləğə aylıq 5% miqdarında əlavə pul hesablanır və müştəri 90 gün müddətində heç bir ödəniş etmədikdə girov qoyulan əşya artıq tərəflərindən satışa çıxarılır. 30 oktyabr 2022-ci iİ tarixdə işlədiyi ünvan 5 ünvanında yerləşən lombard dükanına bir nəfər şəxs yaxınlaşmış və özünə məxsus olduğunu bildirdiyi bir ədəd 750 əyar olan ağ sarı qızıldan kişi üzüyünü təqdim etmişdir. Həmin qadın ona bildirmişdir ki, həmin üzüyü girov qoyaraq pul götürmək istəyir. O, həmin üzüyə baxış keçirmiş və onu elektron tərəzi vasitəsilə ölçdükdə onun çəkisinin 11.4 qram olmasını və 750 əyar olmasını müəyyən etmişdir. Həmin qadına həmin üzüyün girov qoyulması müqabilində 600 manat pul verə biləcəyini bildirmişdir. Həmin qadın onun verəcəyi pula razılaşmışdır. Daha sonra özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Adının Sevinc, soyadının Əhmədova, atasının adının isə Mədəd olduğunu bildirmişdir. Sevincin şəxsiyyətini təsdiq edən sənədinin seriya nömrəs AZE ******** olmuşdur. Sevincə 30 noyabr 2022-ci il tarixdə 630 manat ödəniş edərək həmin üzüyü götürə biləcəyini izah etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin üzüyün özünə məxsus olmasını və ehtiyyaclarını ödəyə bilmədiyi üçün təcili pula ehtiyyacı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraat materialının nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməyərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-11); Şahid tərəfindən verilmiş 111562 saylı girov biletindən görünür ki, 1 ədəd 11.4 qram 750 əyar qızıl üzük müqabilində xx.xx.2022-ci il tarixdə 600 manat məbləğində ödəniş edilmişdir (i.v. 15); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/12 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 11,4 qram çəkidə, 750 əyarlı qızıl üzüyün orta bazar qiyməti nəzəri qaydada təxminən 1150 manat müəyyən edilir. Qeyd: tədqiqat obyektləri təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qızıl zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır (i.v. 39-40); maddi sübutu könüllü təqdim etmək haqqında 24 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid bölməyə gələrək 01 ədəd 11,4 qram çəkidə, 750 əyarlı qızıl üzüyü könüllü təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan üzüyü lombarda girov qoyaraq 600 manat pul götürmüşdür. Həmin üzüyün fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 45-46); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 57); 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaarkterizə olunur (i.v. 58); böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat üzrə sübutların qiymətləndirilməsi haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/12 saylı ekspert rəyi sübut növü kimi qəbul edilmiş, Şahid könüllü olaraq təqdim etdiyi 01 ədəd 11,4 qram çəkidə, 750 əyarlı qızıl üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 59-61); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilmişdir (i.v. 68); zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 72-73); əşyanın tanınmaya təqdim edilməsi haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan 01 ədəd üzərində qaşları olan üzüyün ona məxsus olmasını, həmin üzüyü üzərində olan qaşlardan və içərisində həyat yoldaşı İsmayılova Səbinənin adının həkk olunduğundan tanıdığını qeyd etmişdir (i.v. 83); ifadənin yerində yoxlanılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin təfərrüatlarını hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 89-91); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 104-105); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 117-119); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1863-9/2186 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd gümüşü-sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları və içərisində “Səbinə” yazısı olan uzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 11.40 qramdır, qaşları brilyantdır, 21 ədədinin hər birinin ölçüsü 0,007 karat, 4/3 keyfiyyətlidirlər. Aparılmış fiziki kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim edilən 1 ədəd, 750 əyarlı qızıldan hazırlanmış, üzərində brilyant qaşları olan üzüyün 2022-cı ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 1360.0 manat müəyyən edilir (i.v. 133-135); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2186 saylı ekspert rəyi sübut növü kimi qəbul edilmiş, 01 ədəd 1360 manat dəyərində, 750 əyarlı, üzərində 21 ədəd 0.007 karat ölçüdə 4/3 keyfiyyətdə brilyant qaşları olan gümüşü-sarı rəngli qızıl üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmış, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları sübut növü kimi qəbul edilmişlər (i.v. 137-142); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 144-145); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, onun heç bir şikayət və tələbi yoxdur, əməlindən peşmandır, əməlini etiraf edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Zərərçəkmiş şəxs məxsus 1360 manat dəyərində, 750 əyarlı, üzərində 21 ədəd 0.007 karat ölçüdə 4/3 keyfiyyətdə brilyant qaşları olan gümüşü-sarı rəngli qızıl üzük sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı həmin üzüyün Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınmalı, 150 (yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs məxsus 1360 manat dəyərində, 750 əyarlı, üzərində 21 ədəd 0.007 karat ölçüdə 4/3 keyfiyyətdə brilyant qaşları olan gümüşü-sarı rəngli qızıl üzük sahibinə qaytarılsın və ibtidai istintaq zamanı həmin üzüyün Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar