Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-361/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 25 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəməmiş, cəzasını çəkməmiş, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti İ/B, ev 185-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 dekabr 2020-ci il tarixdə saat 20 radələrində yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs Hüseyn qızının yaşadığı ünvan 1 ünvanında olan zaman, sonuncuya məxsus yataq otağında olan dolabın siyirməsindən içərisində hər biri 5.000 manat olmaqla 10.000 manat dəyərində boyunbağı, üzük və kulondan ibarət 2 ədəd qızıl dəsti, 1 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan boyunbağı və üzükdən ibarət qızıl dəsti, 1 ədəd 10.000 manat dəyərində üzərində brilyant qaşları olan kişi üzüyü, 1 ədəd 8.000 manat dəyərində üzərində brilyant qaşları olan qadın üzüyü, 5407 manat dəyərində 1 ədəd gümüşü rəngli, 750 əyyarlı, brilyant qaşlı, ümumi çəkisi 26,01 qram üzük və sırğadan ibarət qızıl dəsti olan 30 manat dəyərində mücrünü və üzərində 1 ədəd 30 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd 2.000 manat dəyərində “Samsung S9 plus” markalı mobil telefonu açıq yolla talayıb özü ilə aparan zaman, həmin vaxt Zərərçəkmiş şəxs Hüseyn qızı götürdüyü əşyaları geri qaytarmasını tələb etməsinə baxmayaraq, o, götürdüyü qızıl-zinət əşyalarını və mobil telefonu özü ilə aparmaqla özgənin əmlakını açıq yolla talayıb Zərərçəkmiş şəxs Hüseyn qızına ümumilikdə 38967 (otuz səkkiz min doqquz yüz altmış yeddi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, 08 dekabr 2020-ci il tarixdə saat 11 radələrində kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 15 ünvanının yaxınlığında yerləşən fərdi tikilmiş evdə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Hüseyn qızının ondan 06.12.2020-ci il tarixdə yaşadığı evdən götürdüyü qızı-zinət əşyalarını və mobil telefonu geri qaytarmasını tələb edən zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə zərbələr vurub, sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması və başın sol təpə-gicgah nahiyəsində hematoma, sağ dirsək oynağı, sol said və sol bud nahiyələrində sıyrıqlar, döş qəfəsinin ön səthinin sol yarısı, döş qəfəsinin ön səthi, sol said, sol əl və hər iki bud nahiyələrində qançırlar ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirimişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanımışdır. O, Veronika ilə sosial şəbəkələrin birində tanış olmuş və həmin vaxtdan onların arasında yaxın münasibət yarandığı üçün onlar görüşməyə başlamışlar. Həmin vaxtlar o, anası ilə birlikdə Veronikanın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 15 ünvanının yaxınlığında yerləşən binada kirayə yaşamışdır. Aralarında olan yaxın münasibətə görə Veronika ona maddi cəhətdən köməklik edərək kirayə yaşadığı evin pulunu ödəmişdir. Birlikdə olduqları müddətdə Veronika ona dəfələrlə ona maddi cəhətdən köməklik etmişdir. 06 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Veronikanın yaşadığı ünvan 1 ünvanına getmişdir. Birlikdə nahar etmişlər və sonra yatmışlar. Həmin gün saat 20 radələrində yaşadığı evə gedən zaman Veronikadan maddi imkanı olmadığı üçün ona borca 5000 manat pul verməsini istəmişdir. Veronika da hazırda pulunun olmadığını bildirmişdir. Sonra o, yataq otağında olan dolabın siyirməsindən içərisində qızıl-zinət əşyaları olan mücrünü və Veronikaya məxsus olan “Samsung” markalı mobil telefonu götürmüşdür. Veronika bunu görmüş və əşyaları qaytarmağıtələb etmişdir. Onun etirazına baxmayaraq əşyalarla birlikdə mənzili tərk edərək qızılları və mobil telefonu götürüb yaşadığı evə getmişdir. Bundan sonra Veronika onunla əlaqə saxlayaraq verdiyi qızıl-zinət əşyalarının geri qaytarmasını istəmişdir. Həmin gün yaşadığı mənzildə olan zaman mənzilin qapısı döyüldüyü üçün qapını açmış və qapını döyən şəxsin Veronika olduğunu görmüşdür. Veronika mənzilə daxil olub qızılları ondan tələb etmişdir. Veronika qızıl-zinət əşyalarını qaytarmasını istəyən zaman, o, qızılları qaytaracağını bildirmiş və qolundan tutaraq itələmişdir. Bundan sonra Veronika yaşadığı mənzildən çıxıb getmişdir. Səhərisi gün pula ehtiyacı olduğu üçün Veronikaya məxsus qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda qoyaraq 10200 manat pul götürmüşdür. Həmçinin “Samsung” markalı mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birinə özünə məxsus olduğunu bildirib satmışdır. Daha sonra anası ilə birlikdə kirayə yaşadığı mənzildən çıxaraq ünvan 2 ünvanına köçmüşdür. Bundan bir müddət sonra o, girova qoyduğu qızıl-zinət əşyalarının pulunu verə bilmədiyi üçün qızılın satışa çıxarılacağını görmüşdür. Lombard qızılın qramını ucuz qəbul etdiyi üçün o, həmin qızılları girovdan çıxarıb bir az baha qiymətə satmağa qərara gəlmişdir. 29 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan “Moskva Univermağı” adlanan ticarət mərkəzinin qarşısında yerləşən mağazaya getmişdir. Həmin vaxt o, orada qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Samir adlı tanışıyla rastlaşmışdır. O, Samirə özünə məxsus qızılların “Lombarda” girov qoyaraq pul götürdüyünü, həmin qızılları lombarddan çıxardıb satmaq istədiyini, qızılları girovdan çıxarmaq üçün pul lazım olduğunu və girovdan çıxardığı qızılları ona satacağını bildirmişdir. Samir də onunla razılaşmış və onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda getmişlər. Orada Samir girovda olan qızıl-zinət əşyalarına görə verməli olduğu 10.200 manat pulu verib girov qoyduğu 5 ədəd qadın üzüyünü, sırğa və üzükdən ibarət 3 ədəd dəsti girovdan çıxartmışdır. Bundan sonra Samirlə birlikdə yenidən onun işlədiyi mağazaya qayıtmışlar. Mağazada Samir qızılların qramını bazar qiymətinə uyğun olaraq 75 manatdan hesablamış və şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra ümumilikdə 11030 manat pul verə biləcəyini, həmin puldan da lombarda verdiyi 10.200 manat pulu çıxaraq ona 830 manat pul vermişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra əməlindən peşman olmasını, Veronikadan üzr istəməsini, onunla barışmasını, şikayət və tələbin olmamasını, ziyandan qismən ödəniş etməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddə ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Son sözündə təqsirləndirilən şəxs məhkəmənin humanist qərarına sığındığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ilə yaxındır ki, sosial şəbəkələrin birində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bundan sonra onların arasında yaxın münasibət yarandığı üçün onlar görüşməyə başlamışlar. Natiq anası Sveta ilə birlikdə yaşadığı məhəllədə kirayə yaşamışdır. Aralarında olan yaxın münasibətə görə Natiqə maddi cəhətdən köməklik edərək sonuncunun kirayə yaşadığı evin pulunu o ödəmişdir. 06 dekabr 2020-ci il tarixdə Natiqi yaşadığı evə dəvət etmişdir. Natiq saat 18 radələrində yaşadığı mənzilə gəlmişdir. Onlar birlikdə nahar etdikdən sonra Natiq pula ehtiyacı olduğunu bildirib ondan 5.000 manat pul istəmişdir. O da Natiqə hazırda pulu olmadığını bildirən zaman aralarında sözlə mübahisə baş vermişdir. Bundan sonra Natiq yaşadığı mənzildə yataq otağında olan siyirmədən ona məxsus qızıl-zinət əşyaları olan mücrünü götürdüyünü görmüşdür. O, Natiqə yaxınlaşıb qızıllarını qaytarmağı tələb edəndə Natiq onu itələyib qızıllarını da götürüb getmişdir. Natiq getdikdən bir qədər sonra özünə məxsus “Samsung” markalı mobil telefonuda götürdüyünü anlamışdır. 08 dekabr 2020-ci il tarixdə o, Natiqin anası ilə birlikdə kirayə yaşadığı evə getmişdir. Həmin vaxt mənzilin qapısını Natiqin anası Sveta adlı qadın açmışdır. O, Svetadan Natiqin harada olmasını soruşsa da, Sveta Natiqin evdə olmadığını bildirmişdir. Buna baxmayaraq o, evə daxil olub paltar dolabına baxan zaman Natiqin paltar dolabında gizləndiyini görmüşdür. O, Natiqdən yaşadığı mənzildən götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını tələb etmiş, Natiq isə qızılları qaytarmayacağını bildirmişdir. Polisə şikayət edəcəyi təqdirdə aralarında olan münasibətin ailə üzvlərinə bildirəcəyini demişdir. Bu mövzuda aralarında mübahisə baş vermiş və mübahisə zamanı Natiq onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o, oradan çıxaraq yaşadığı evə qayıtmış və artıq dözə bilmədiyi üçün baş vermiş hadisə barədə ailə üzvlərinə məlumat vermişdir. Səhərisi gün 09 dekabr 2020-ci il tarixdə polisə hadisə barədə şikayət etmişdir. Natiqin yaşadığı evdən paltar dolabından götürdüyü mücrünün içərisində hər biri 5.000 manat olmaqla 10.000 manat dəyərində boyunbağı, üzük və kulondan ibarət 2 ədəd qızıl dəsti, 1 ədəd 3500 manat dəyərində üzərində brilyant qaşları olan boyunbağı və üzükdən ibarət qızıl dəsti, 1 ədəd 10.000 manat dəyərində üzərində brilyant qaşları olan kişi üzüyü, 1 ədəd 8.000 manat dəyərində üzərində brilyant qaşları olan qadın üzüyü, 5407 manat dəyərində 1 ədəd gümüşü rəngli, 750 əyyarlı, brilyant qaşlı, ümumi çəkisi 26,01 qram üzük və sırğadan ibarət qızıl dəsti olmuşdur. Bundan əlavə hadisə zamanı 1 ədəd 2.000 manat dəyərində “Samsung S9 plus” markalı mobil telefon, üzərində 1 ədəd 30 manat dəyərində ***-***-**-** saylı mobil nömrə və 30 manat dəyərində mücrü Təqsirləndirilən şəxs tərəfindən götürülmüş və nəticədə ona ümumilikdə 38967 manat ziyan dəymişdir. İstintaq zamanı Natiqin qohumları tərəfindən dəymiş ziyandan 3000 manat ona ödənilmişdir. İş üzrə ona məxsus maddi sübut kim tanınmış bir ədəd 5407 manatlıq qızıl dəst müstəntiq tərəfindən qəbzlə özünə qaytarılmışdır. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə zərərin olmadığını nəzərə alaraq həmin hissədə icraata xitam verilməsini, CM-nin 180.2.5-ci maddəsi ilə verilmiş ittiham üzrə ziyanın tam ödənilmədiyini, lakin onu bağışladığını və məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun nümayəndəsinin iştirakı ilə iclasların keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərə alaraq sonrakı iclaslarda onun iştirakı olmadan nümayəndənin iştirakı ilə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 5 ilə yaxındır ki, Veronikanın evində xidmətçi işləyir. Həyat yoldaşı Eldar da Veronika xanımın şəxsi sürücüsüdür. Veronika xanım ailəlidir, həyat yoldaşı bağ evində qaldığı üçün Veronika xanım şəhərdə öz evində çox zamanlar tək qalmışdır. Veronika xanımın Natiq adlı tanışı olduğunu və hərdən həmin şəxsin Veronikanın evinə gəlib getdiyini görmüşdür. Veronika ilə Natiqin arasında yaxın münasibət yarandığı üçün görüşməyə başlamışlar. Veronika xanim Natiqə maddi cəhətdən köməklik etdiyini aralarında olan söhbətlərdən eşitmişdir. 06 dekabr 2020-ci il tarixdə baş vermiş hadisə barədə Veronika xanımdan və əri Eldardan öyrənmişdir. Veronika ona hadisənin səhərisi gün bildirmişdir ki, Natiqlə birlikdə nahar etdikdən sonra ondan borc pul istəmiş, pulunun olmadığını bildirən zaman aralarında sözlə mübahisə baş vermişdir. Natiq mənzildə yataq otağında olan siyirmədən Veronika xanıma məxsus qızıl-zinət əşyaları olan mücrünü götürüb gedən zaman, Veronika xanım görüb ona mane olmaq istəmişidir. Veronika xanım Natiqə etiraz edib qızıllarını qaytarmağı tələb edəndə Natiq Veronikanı itələyib qızıllarını da götürüb getmişdir. 08 dekabr 2020-ci il tarixdə Veronika xanım Natiqin anası ilə birlikdə kirayə yaşadığı evə onun əri Eldar aparmışdır. Veronika xanım oradan qayıdanda Eldar Veronika xanımda xəsarətlərin olduğunu görmüş və ona bu barədə danışmışdır. Veronika xanım yaşadığı evə qayıtdıqdan sonra baş vermiş hadisə barədə ailə üzvlərinə də məlumat vermişdir. Şahid suala cavab olaraq mücrüdə olan qızılların sayı və qiyməti barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, artıq 5 ilə yaxındır ki, Veronika adlı qadının evində sürücü işləyir. Arvadı Dilarə də Veronika xanımın evində qulluqçu işləyir. Veronika xanım ailəli olmuş, həyat yoldaşı bağ evində qaldığı üçün Veronika xanım şəhərdə öz evində çox zamanlar tək qalmışdır. Veronika xanımın Natiq adlı tanışının olduğunu və onların arabir görüşdüyünü görmüşdür. Natiq anası Svetlana ilə birlikdə Veronika xanımın yaşadığı məhəllədə kirayə yaşamışdır. 08 dekabr 2021-ci il tarixdə Veronika xanım onu Natiqin anası ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 15 ünvanının yaxınlığında yerləşən binaya aparmağını bildirmişdir. Buna görə də, o, idarə etdiyi “Toyota” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Veronikanı Natiqin yaşadığı ünvana aparmışdır. Yolda olan zaman Veronika xanım ona 06.11.2020-ci il tarixdə Natiqin onun yaşadığı mənzildə olan zaman ondan borc olaraq pul istədiyini, pulu olmadığını bildirən zaman Natiqin mənzilin yataq otağında olan dolabdan ona məxsus qızıl-zinət əşyalarını və “Samsung” markalı mobil telefonunu götürüb apardığını, Natiqdən əşyaları qaytarmasını tələb edən zaman Natiqin onu itələyərək qaçıb getdiyini bildirmişdir. Veronika xanım Natiqin yaşadığı evin yanına çatan zaman ona maşında qalmağını demişdir. Təxminən 15 dəqiqədən sonra Veronika xanım geri gəlib maşına əyləşdikdən sonra ona Natiqin götürdüyü qızılları geri qaytarmadığını və hətta bu dəfə ona müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmişdir. Veronika xanımın vəziyyətindən onun döyüldüyünü anlamışdır. Onlar oradan evə qayıtmış və baş verənlər barədə Veronika öz ailə üzvlərinə bildirdikdən sonra polisə müraciət etmişdir. Gördükləri və eşitdikləri barədə evdə arvadı Dilarəyə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında olan “Moskva Univermağı” adlanan ticarət mərkəzinin qarşısında yerləşən mağazada icarəyə yer götürüb qızılın alqı-satqısı həyata keçirir. O, adətən qızılları qızıl satışı ilə məşğul olan şəxslərdən və vətəndaşlardan almışdır. Həmçinin qızılı alan zaman bir qayda olaraq qızılın alqı-satqı kitabında qeydiyyat apardıqdan sonra almışdır. Təqsirləndirilən şəxs 10 il olar ki, yaşadığı köhnə məhəllədən tanımışdır. 29 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Natiq “Moskva Univermağına” onun yanına gəlmişdir. Natiq ona anasının xəstə olduğunu və bu səbəbdən ailəsinə məxsus qızılları “Lombarda” girov qoyaraq pul götürdüyünü, həmin qızılları lombarddan çıxardıb satmaq istədiyini bildirmişdir. Natiq ona lombardda olan qızılları çıxarmaq üçün pul verməsini və qızılları ona satacağını bildirib lombarda qoyduğu qızılların yazıldığı girov biletini ona göstərmişdir. O da Natiqlə razılaşmış və Natiqlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda getmişdir. Orada 10.200 manat pul verib Natiqin lombarda girov qoyduğu 5 ədəd qadın üzüyünü, sırğa və üzükdən ibarət 3 ədəd dəsti girovdan çıxardıb birlikdə yenidən işlədiyi mağazaya qayıtmışlar. Mağazada qızılların qramını bazar qiymətinə uyğun olaraq 75 manatdan hesablamış və ümumilikdə 11030 olmasını müəyyən etmişdir. Buna görə də Natiqə qızıllara görə ümumilikdə 11030 manat pul verə biləcəyini, həmin puldan da lombarda verdiyi 10.200 manat pulu çıxaraq 830 manat pul verə biləcəyini bildirmişdir. Natiq də onunla razılaşmış və heç bir problem olmadığını demişdir. O, həmin qızıl-zinət əşyalarını almağı barədə qızılın alqı-satqı kitabında qeyd edərək qəbz tərtib etmiş və Natiqin şəxsiyyət vəsiqəsinin surətini almışdır. Natiqin anket məlumatlarını, qızılın sayını və qiymətini alqı-satqlı qəbzində qeyd etmişdir. Həmin vaxt Natiq qızıl zinət əşyalarını ona satması və ondan həmin qızıllara görə ümumilikdə 11030 manat pul alması barədə tərtib edilmiş qəbzi imza etmişdir. Bundan sonra o, həmin qızıldan üzük və sırğadan ibarət dəsti “Moskva Univermağı”nda qızıl-alqı satqısı ilə məşğul olan Cəmilə xanıma 3400 manata satmışdır. Qalan qızılları isə tanımadığı müştərilərə satmışdır. Daha sonra isə polis əməkdaşları gələrək Natiqin ona satdığı qızıl-zinət əşyalarının oğurluq olduğunu bildirmişlər. O da polis əməkdaşlarına üzük və sırğadan ibarət dəstini Cəmiləyə, qalan qızılları isə tanımadığı şəxslərə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. Cinayət işinin 84-cü vərəqində olan 29.03.2021-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan məlum olur ki, Şahid2 satdığı 1 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti Şahid3 sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 91-ci vərəqində olan 29.03.2021-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan məlum olur ki, Şahid2 Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarını təsdiq edən üç ədəd A4 formatlı alqı satqı qəbzi sübut əhəmiyyəti kəsb etdiyindən Şahid2 götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 29.12.2020-ci il tarixli alqı-satqı qəbzinin 03 ədəd A4 formatlı kağız üzərində olan surətindən görünür ki, Şahid2 təqdim etdiyi alqı-satqı qəbzləri 03 ədəd A 4 formatlı kağız üzərindədir. Həmin qəbzlərin üzərində olan qrafalarda “29.12.2020-ci il”, “təhvil verənin adı: Təqsirləndirilən şəxs, “soyadı, atasının adı: İstrafil oğlu”, “pasport № ********” Verilib “Bakı Binəqədi RPİ, Yaşadığı ünvan: ünvan 4 qəbzinin üzərində olan cədvəlin içərisində “Malın adı” bölməsində “komplekt, üzük”, “Sayı” bölməsində “3 və 5”, alış qiyməti “11030 m” sözləri, müştərinin əlaqə nömrəsi bölməsində ***-***-**-** rəqəmləri qeyd edilmişdir. Cinayət işində olan 21 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olr ki, 1 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs verilmişdir. Şahid2 götürülmüş üç ədəd A4 formatlı alqı-satqı qəbzləri sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materialına əlavə ədilmişdir. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının 28.04.2021-ci il tarixli, 6/1587-9/2494 nömrəli rəyindən məlum olu ki, tədqiqata təqdim olunmuş 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti (üzükdə və sırğanın tayında 1 ədəd qaş yeri boşdur) üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 26,01 qramdır, qaşları brilyantdır, 9 ədədinin hər birinin ölçüsü 0,121 karat, 54 ədədinin hər birinin ölçüsü 0,049 karat, 264 ədədinin hər birinin ölçüsü 0,002 karat, 3/3 keyfiyyətlidirlər. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş 1 ədəd gümüşü rəngli, metalı 750 əyarlı qızıla uyğun, ümumi çəkisi 26,01 qram, qaşları brilyant olan sırğa cütü-üzük dəstinin 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti 5407,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 09.12.2020-ci il tarixli 1287 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə beyin travması və başın sol təpə - gicgah nahiyəsində hematoma, sağ dirsək oynağı, sol said və sol bud nahiyələrində sıyrıqlar, döş qəfəsinin ön səthinin sol yarısı, döş qəfəsinin ön səthi, sol said, sol əl və hər iki bud nahiyələrində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 08.12.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16.02.2021-ci il tarixli tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş 31.08.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 31.08.2020-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3000 manat cərimə cəzasına və 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş 02 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 18:00-da tutulmuşdur (iş vərəqi 127). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhər Xətai Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "həbs" qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 02 iyun 2021-ci il tarixdən hesablanmışdır (iş vərəqi 170-174). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən dəymiş ziyana görə cəmi 3000 manat ona ödənilmişdir (iş vərəqi 224). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışladığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə zərərin olmadığını nəzərə alaraq həmin hissədə icraata xitam verilməsini, CM-nin 180.2.5-ci maddəsi ilə verilmiş ittiham üzrə ziyanın tam ödənilmədiyini, lakin onu bağışladığını və məhkəmənin cəza siyasətinə qarışmadığını ərizəsində qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 180.2.5-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2.-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi faktı nəzərə alınmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 180.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir Məhkəmə hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 3000 manat cərimə və 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin barışığını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nisbətən aşağı müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 1(011)-116/2020 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 3000 manat cərimə cəzası tam birləşdirilməli, həmin hökmlə təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası isə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 3000 manat cərimə cəzası və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki 02 iyun 2021-ci il tarixdən axtarışla tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs veriliş 1 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd A4 formatlı kağız üzərində alqı-satqı qəbzlərin surəti iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 109.50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 1(011)-116/2020 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 3000 manat cərimə cəzası ilə tam, həmin hökmlə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası isə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 3000 (üç min) manat cərimə cəzası və 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkəmiş şəxsə veriliş 1 ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəsti hökm qanuni qüvvəyə mindikdən sonra sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd A4 formatlı kağız üzərində alqı-satqı qəbzlərin surəti iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 109.50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-361/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-361/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver