Məhkəmə qərarları › İş №1(011)-361/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-361/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-361/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, müdafiəçi – “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1971 -ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar olaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanda yerləşən binanın 48 nömrəli mənzilində usta işləyən Zərərçəkmiş şəxs1 özünü qapı ustası kimi təqdim edərək mənzil sahibi tərəfindən qapıların ölçülərini götürmək üçün göndərilməsini bildirib qanunsuz olaraq mənzilə daxil olmuş və həmin şəxsin işləri ilə məşğul olmasını görüb otaqdan asılmış vəziyyətdə olan sonuncuya məxsus şalvarın cibindən 200 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 oktyabr 2020-ci il tarixdə saat 18:02 dəqiqədə ünvan 4 ünvanda yerləşən binanın 48 nömrəli mənzilində usta işləyən Zərərçəkmiş şəxs2 özünü qapı ustası kimi təqdim edərək mənzil sahibi tərəfindən qapıların ölçülərini götürmək üçün göndərilməsini bildirib qanunsuz olaraq mənzilə daxil olmuş və həmin şəxsin işləri ilə məşğul olmasını görüb otaqdan asılmış vəziyyətdə olan sonuncuya məxsus şalvarın cibindən 250 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 250 manat manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanda yerləşən binanın 191 nömrəli mənzilində usta işləyən Zərərçəkmiş şəxs3 mənzil sahibinin qohumu kimi təqdim edərək mənzil sahibi tərəfindən göndərilməsini bildirib qanunsuz olaraq mənzilə daxil olmuş və sonuncunun işləri ilə məşğul olmasını görüb otaqdan asılmış vəziyyətdə olan gödəkcəsinin cibindən 700 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 mart 2022ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944/1 ünvanda yerləşən binanın 10 nömrəli mənzilində usta işləyən Zərərçəkmiş şəxs4 özünü kondisioner təmiri ilə məşğul olan şəxs kimi təqdim edərək mənzil sahibi tərəfindən göndərilməsini bildirib qanunsuz olaraq mənzilə daxil olmuş və sonuncunun işləri ilə məşğul olmasını görüb çarpayının üzərində olan bir ədəd 230 manat dəyərində içərisində 10 manat dəyərində ***-***-**-**, ***-***-**-** mobil nömrələr və üzərində 20 manat dəyərində üzlüyü olan “Redmi” markalı “9T” modelli mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 mart 2022ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksinin “M” blokunda olan 7 nömrəli mənzilində usta işləyən Zərərçəkmiş şəxs5 özünü qonşu kimi təqdim edərək mənzil sahibi tərəfindən göndərilməsini bildirib qanunsuz olaraq mənzilə daxil olmuş və sonuncunun işləri ilə məşğul olmasını görüb otaqdan asılmış gödəkcəsinin cibindən içərisində 2.550 manat pul vəsaiti və 2 manat dəyərində metro kartı olan 5 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2.557 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X1 ilə 1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından biri oğlan, digəri isə qız olmaqla iki övladı doğulmuşdur. Oğlunun 26, qızının isə 31 yaşı vardır. 2021-ci ildə həyat yoldaşı ilə boşanmış, bundan sonra isə tüfeyli həyat tərzi sürmüşdür. Son vaxtlar müxtəlif ünvanlarda kirayələrdə yaşamışdır. İşsiz olduğu üçun kirayədə yaşadığı mənzilin kirayə pulunu ödəyə bilməmişdir. Bu səbəbdən də o, təmir işləri aparılan mənzillər taparaq orada işləyən ustalara özünü usta kimi qədim edərək onlara məxsus pulları oğurlamaq qərarına gəlmişdir. 13 oktyabr 2020-ci il tarixdə saat 2-3 radələrində ünvan 7 ünvanda yerləşən binanın 48 nömrəli mənzilinə gələrək orada təmir işləri aparılmasını, həmçinin, mənzilin qapısınını açıq olmasını görmüş və içəri daxil olmuşdur. Mənzildə işləyən ustalara yalandan ev sahibi tərəfindən göndərilməsini və qapıların ölçüsünü çıxaracağını bildirdikdən sonra evdə olan ustalar onu evə buraxmışlar. Evdə işləyən Laçın və Bəhruz adlı şəxslərdən metrə alıb mənzilin otaqlarını bir-bir gəzərək, guya qapı ölçüləri götürür görüntüsünü yaratmış, ustaların başının qarışıq olmasını görüb onların paltarlarını dəyişdiyi otağa keçərək şalvarlarının ciblərini axtarmış, birindən 250 manat, digərindən isə 200 manat pul götürərək gizlin şəkildə mənzili tərk edib getmişdir. Oğurladığı pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan sonra 22 yanvar 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək istəmişdir. Bunun üçün münasib və kimsəsiz yerlər axtarmış, yeni inşa edilmiş binaların Nəsimi rayonu ərazisində çox olmasını bildiyindən həmin binalardakı mənzillərdə təmir aparılmasını güman edərək oradan oğurluq etməyi qərarlaşdırmışdır. 22 yanvar 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində ünvanını dəqiq xatırlamadığı küçə ilə keçən zaman hündür mərtəbəli bina görmüş, həmin binanın qarşısına gəlib dayanmış və ətrafı seyr etmişdir. Binada olan mənzillərdən birinin işığının yanmaması diqqətini çəkmiş, həyətdə olan mühafizəçiyə yaxınlaşıb məlumat ala bilmək üçün sorğu-sual etmişdir. Mühafizəçidən Zaur adlı şəxsin evində təmir getməsini və oraya qapı-pəncərə gətirildiyini öyrənmişdir. Həmin vaxt iki nəfər oğlan binaya yaxınlaşmışdır. Onların danışıqlarından başa düşmüşdür ki, həmin şəxslər ustadır və binaya təmir üçün gəlmişlər. Onlarla birlikdə binaya daxil olmuşdur. Onlar öz aralarında Zaur adını çəkdiyindən o, onların danışığından Zaurun ev sahibi olduğunu başa düşmüşdür. Həmin şəxslərlə birlikdə liftə üçüncü mərtəbəyə qalxmış, onlar liftdən çıxan zaman onların da Zaurun evinə gəlmələrini soruşmuş, həmin şəxslərdən biri onların da Zaurun evinə gəlməsini bildirib mənzilin qapısını açıb içəri daxil olmuşlar. Mənzilin təmirsiz olmasını, eləcə də, qapılarının olmadığını görmüş, özünü Zaurun qohumu kimi tanıtmış və onlarla birlikdə evə daxil olmuşdur. Həmin şəxslər mənzilin qapılarını yerlərinə bağlamaq üçün gəldiklərini bildirmiş, bir neçə dəqiqə sonra onlardan biri çıxıb getmiş, digər şəxs isə paltarlarını dəyişib işə başlamışdır. Bir neçə dəqiqə sonra onun başının işə qarışıq olmasını görüb paltarlarını dəyişdiyi otağa getmiş, orada asılmış gödəkçənin ciblərini axtarmış və iç cibində pullar olmasını görmüş, plları götürüb cibinə qoymuş və sakit şəkildə mənzildən çıxıb oradan uzaqlaşmışdır. Yolla gələn zaman pulu saymış və 700 manat olmasını görmüşdür. Həmin pulu bir neçə gün ərzində şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa “Həzi Aslanov” metro stansiyası yaxınlığında yerləşən yeni tikili binalardan birinə gedərək orada qapısı açıq təmir gedən mənzillərdən oğurluq etmək qərarına gəlmiş, 03 mart 2022-ci il tarixdə saat 16 radələrində ünvan 9 ünvanın yaxınlığından keçərkən “Akkordun binaları” adlanan ünvanda 3-cü mərtəbədə yerləşən mənzillərdən birində təmir səslərini eşidib həmin mənzilin giriş qapısına yaxınlaşmış, qapını döymüş, qapını bir nəfər yaşlı şəxs açmışdır. Özünü kondisioner alıcısı kimi təqdim etmiş və ev sahibinin xəbərinin olmasını bildirmişdir. Həmin şəxs ona inandığı üçün evə dəvət etmiş, evə daxil olduqdan sonra ona gördüyü işdə bir qədər kömək edib dolabı kənara qoymuş, onun başının qarışıq olmasından istifadə edərək çarpayının üzərində olan “Redmi” markalı “9T” modelli mobil telefonu gizlin şəkildə götürərək mənzildən uzaqlaşmışdır. O, telefonun üzlüyünün içərisində pul olmasını güman etdiyindən telefonu götürmüş, lakin pul olmamasını və telefonun şifrəli olduğunu görərək onu binanın arxasındakı tikinti gedən hissəyə ataraq oradan uzaqlaşmışdır. 09 mart 2022ci il tarixdə saat 16 radələrində isə Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksinin “M” blokunun 2-ci mərtəbəsində pəncərənin açıq olmasını və içəridə təmir getməsini görmüş, həmin binanın arxa hissəsindən gələrək ikinci mərtəbəyə qalxmış və orada işləyən usta ilə salamlaşaraq üst mərtəbədəki mənzildə yaşadığını bildirmiş və onunla söhbət etməyə başlamışdır. Söhbət edən ərəfədə ustanın başının qarışıq olmasından istifadə edərək digər otaqdakı divara söykənilmiş taxtanın üzərində olan gödəkcənin sağ cibindən qəhvəyi rəngli pul kisəsini götürmüş, təxminən 5 dəqiqə usta ilə yenidən söhbət etdikdən sonra mənzili tərk etmişdir. Mənzildən çıxdıqdan sonra pul kisəsinin içərisindəki pulları götürmüş, iz itirmək məqsədi ilə öz gödəkcəsini və papağını büküb pul kisəsi ilə birlikdə 1-ci mərtəbəyə ataraq yaxınlıqdakı taksi dayanacağına getmiş və taksi ilə binanın arxa hissəsinə gedərək orada avtomobildən düşmüş və arxa tərəfdən çıxaraq piyada “Nargilə” kafesinin yaxınlığına getmişdir. Bundan sonra pulları saymış və 5 ədəd 200-lük, 15 ədəd 100-lük və bir ədəd 50 manatlıq əskinaslar olmaqla, ümumilikdə 2.550 manat pul olmasını müəyyən etmişdir. 2-3 gün ərzində həmin pulun bir qismini dollara çevirmiş, qalan pulları isə xərcləmişdir. Cinayət törətdiyi mənzillərdə heç vaxt işləməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurmuş olduğu ziyanı tamamilə ödəmək niyyətində olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən günü tanışı Bəhruzla birlikdə ünvan 7 ünvanda yerləşən yeni tikili binanın 8-ci mərtəbəsindəki mənzildə təmir işləri aparmışdır. 13 oktyabr 2020-ci il tarixdə səhər saat 09 radələrində işlədiyi ünvana gələrək təmir işləri ilə məşğul olmuşdur. Adəti üzrə iş yerinə gələrkən paltarlarını mənzilin boş otağında dəyişərək iş paltarlarını geyinmişdir. Bütün əşyaları da paltarlarını dəyişdiyi otaqda paltalarının üzərində olmuşdur. Saat 18 radələrində işlərini qurtararaq paltarlarını dəyişən zaman əyninə geydiyi şalvarının sol yan cibində olan pul qabına qoyduğu 200 manat pulun oğurlandığını aşkar etmiş, lakin həmin günü polisə müraciət etməmişdir. Təmir işləri apardığı mənzilə bir nəfər şübhəli şəxs gəlib-gedərək sahibi tərəfindən mənzilin qapılarının sifarişi ilə əlaqədar ölçü götürmək üçün gəldiyini bildirmiş, təxminən yarım saat gözləmiş, qapı yerlərində ölçülər etmiş, sonra gizlin şəkildə mənzili tərk edib getmişdir. Həmin vaxt iş yoldaşı Bəhruzun da cibindən 250 manat pulu oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Ona dəyən ziyan ödənilməyib, lakin təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iş üzrə digər Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmiş, ona 250 manat ziyan dəydiyini, həmçinin ona dəyən ziyan ödənilməsə də, o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təxminən üç il olar ki, Nərimanov rayonu ərazisində olan Bakı Metropolitenin “Ulduz” stansiyası yaxınlığında yerləşən qapı-pəncərə sexində usta işləyir. Keçən ilin yayında işlədiyi yerə Zaur adlı şəxs tərəfindən təmir etdirdiyi mənzil üçün 9 ədəd qapı sifariş edilmişdir. Bir həftə sonra həmin qapılar hazırlanmış sifariş olunan ünvana göndərilmişdir. 22 yanvar 2022-ci il tarixdə işdə olan zaman sexdə işləyən Ramal adlı şəxs müştəri Zaurun evinə getməsini və orada olan qapıları montaj etməsini bildirmişdir. Həmin ünvanın açarını xx.xx.2022-ci il tarixdə Ramal adlı şəxsdən almış, iş yoldaşı ilə birlikdə ora getmişdir. Binanın liftinin qarşısında olan zaman bir nəfər tanımadığı şəxs də onlarla birlikdə Nəsimi rayonu, Salamzadə küçəsi 112 ünvanda yerləşən binanın üçüncü mərtəbəsindəki 191 nömrəli mənzilinə qalxmış, onların da Zaurun evinə gəlibgələməmələrini soruşmuşdur. Həmin şəxsə onların da Zaurun evinə gəldiklərini demiş, bundan sonra mənzilin qapısını açıb içəri daxil olmuşlar. Üzərində olan gödəkçəsini çıxarıb mənzildəki asılqandan asmış, şalvarının cibində olan özünə məxsus 700 manat pulu gödəkçəsinin iç cibinə qoyaraq işə başlamışdır. Bir müddət sonra səhətti ilə bağlı gödəkçəsinin cibinə qoyduğu dərmanı götürən zaman cibində olan 700 manat pulun oğurlanmasını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə ilə əlaqədar məlumat vermişdir. Ona dəymiş ziyan bugünədək ödənilməyib, təqdirləndirilən şəxslə barışmayıb, ona qarşı şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmə tərəfindən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından etibarən fasilələrlə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən “Xətai Park” Yaşayış Kompleksinin “M” blokunun 2-ci mərtəbəsində yerləşən 7 saylı mənzildə təmir işlərində usta kimi işləmişdir. 09 mart 2022-ci il tarixdə saat 16 radələrində işlədiyi mənzilə yaxınlaşan tanımadığı kişi özünü qonşu kimi təqdim etmiş və söhbət etməyə başlamışdır. İşin gedişatı ilə maraqlandığını, onun mənzilində də təmir işlərinin aparıldığını bildirmişdir. Bundan sonra həmin şəxs söhbət edə-edə otaqları gəzməyə başlamışdır. Hətta o, Rasimə çay da vermişdir. O, çayını içdikdən 5-10 dəqiqə sonra mənzili tərk etmişdir. Həmin günü saat 19 radələrində evinə getməyə hazırlaşan zaman uşaq otağında divardakı asılqandan asdığı gödəkçəsinin cibindəki qiyməti 5 manat olan qəhvəyi rəngli pul kisəsini, içərisində olan özünə məxsus şəxsiyyət vəsiqəsi, “Kapital Bank”a məxsus “Bir kart”, metrokartını və 2.550 manat pulunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra birlikdə əraziyə baxış keçirilən zaman pul kisəsini, bank kartını, şəxsiyyət vəsiqəsini işlədiyi binanın yaxınlığından tapılaraq bölmədə ona təhvil verilmiş, lakin 2.550 manat pulu tam olaraq qsytarılmasa da, həmin pulun bir hissəsi ona qaytarılmışdır. Ona dəymiş ziyanı təqsirləndirilən şəxsə bağışlayır, heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, polis əməkdaşları tərəfindən telefonu tapılaraq ona qaytarıldığından heç kəsə qarşı şikayətinin olmadığını bildirmişdir. Müdafiə tərəfi həmin zərərçəkmiş şəxsi dindirmək istəmədiyini bildirmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması məhkəmə tərəfindən mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 4-5 gün olar ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944/1 ünvanda yerləşən binanın 10-cu mənzilində qonşusu Vaqifin evində usta kimi işləmişdir. 03 mart 2022-ci il tarixdə saat 16 radələrində həmin mənzildə olan zaman bir nəfər tanımadığı kişi giriş qapısını döymüşdür. Həmin şəxsə qapını açmışdır. Həmin şəxs bildirmişdir ki, mənzilin sahibini tanıyır və mənzildəki kondisioneri almaq məqsədi ilə gəlmişdir. Həmin şəxsin danışığına və əminliklə ev sahibini tanıdığını bildirdiyinə görə evə buraxmışdır. Bundan sonra həmin şəxs dolabın yerini dəyişməkdə köməklik göstərmişdir. Sonradan işinə davam etmiş və başı işə qarışmışdır. 1-2 saat sonra mobil telefonunu axtardıqda özünə məxsus “Redmi” markalı “9T” modelli içərisində hər birinin qiyməti 5 manat olan ***- ***-**-** və ***-***-**-** mobil nömrəli, **********19289 və **********9297 İMEİ kodlu, 2021-ci ilin may ayında 429 AZN-ə aldığı telefonunun çarpayının üzərində olmamasını və oğurlanmasını aşkar etmişdir. Öz mobil nömrələrinə zəng etdikdə telefonun sönülü olduğunu bildikdə məlum olmuşdur ki, həmin şəxs telefonunu oğurlamışdır. Bu barədə polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunmuşdur ( İ cild, i.v. 01); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 11 ünvanda yerləşən 10 saylı mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( İ cild, i.v. 6-7); Xətai RPİ-nin 36-cı PB-yə ünvanlanan HK 2 saylı, xx.xx.2022-ci il tarixli, 509 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:10 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə daxil olmuş məlumatda bildirilir ki, Zərərçəkmiş şəxs5 məxsus içərisində şəxsiyyət vəsiqəsi, birkart, metro kartı və pul olan kisənin oğurlanması aşkar edilmişdir ( İ cild, i.v. 10); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında Bakı şəhəri Xətai rayonu Gəncə prospekti “Xətai park” yaşayış kompleksinin “M” blokunun 2-ci mərtəbəsinin 7 saylı mənzilinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( İ cild, i.v. 12-13); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 27); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 33); Şübhəli şəxsin tutulması haqqında 14 mart 2022-ci il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 14 mart 2022-ci il tarixdə, saat 23:30-da Xətai RPİ-də tutulmuşdur ( İ cild, i.v. 50); Götürmə aparılması haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Xətai Rpi-nin İŞ-in müstəntiqi, polis mayoru X5, Təqsirləndirilən şəxs, 13 saylı Vəkil Bürosunun vəkili X2, hal şahidləri X3 və X4 iştirakları ilə götürmə aparılmış, götürmənin aparılması zamanı mobil telefon ilə fotoşəkillər çəkilmiş, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi telefonun yerini könüllü olaraq göstərməsi təklif edilmiş, bu təklifdən sonra o, “Redmi” markalı “9T” modelli telefonu ünvan 11 ünvanının yaxınlığında yerə atmasını bildirmiş, oğurlanan telefon həmin ərazidən götürülmüş, bu barədə müvafiq protokol tərtib edilmiş, protokolun düzlüyü proses iştirakçılarının imzaları ilə təsdiq edilmişdir ( İ cild, i.v. 57-59); ifadənin yerində yoxlanılması haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 2944/1, mənzil 10 və ünvan 13 ünvanlarında baş verən oğurluq hadisələri ilə bağlı istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisələrin yerini göstərib, necə baş verməsini əyani təsvir etmişdir ( İ cild, i.v. 60-64); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( İ cild, i.v. 65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 83-86); 16 mart 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus olan 1000 (bir min) manat və 400 (dörd yüz) ABŞ dolları pulu ona qaytarılmışdır ( İ cild, i.v. 87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-3-cü maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə qazancından dövlət nəfinə 20% pul tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 2500 (iki min beş yüz) manat cərimə edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 69.3 və 67.1-ci maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzası CM-in 52-1.5-ci maddəsinə əsasən 10 (on) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir ( İ cild, i.v. 91-94); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-78/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-158/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay müddət CM-in 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 10 ay 15 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və azadlıqdan məhrum etmə cəzasının müddəti həmin həddə müəyyən olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır ( İ cild, i.v. 97-102); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci tarixli, 9/2205 nömrəli ekspert rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd “Redmi” markalı, “9T” modelli,**********19289 və **********9297 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdiriməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla-230.00 manat; 01 ədəd qəhvəyi rəngli, üzərində “Boweısı” sözləri yazılmış, zəncirbəndlə açılıb bağlanan pul kisəsi-5.00 manat (İ cild, i.v. 107-109); xx.xx.2022-ci i tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 ona məxsus olan 1 ədəd “Redmi” markalı “9T” modelli mobil telefonu müstəntiq Cahid Musayevdən təhvil almışdır (İ cild, i.v. 113); İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 ona məxsus olan pul kisəsini müstəntiq Cahid Musayevdən təhvil almışdır (İ cild, i.v. 117); Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Redmi” markalı “9T” modelli mobil telefonu qaytardığı üçün şikayət və tələbi yoxdur ( İ cild, i.. 118); Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün şikayət və tələbi yoxdur ( İ cild, i.v. 119); Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə başlanılmış olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, hər iki iş eyni şəxsin barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin ibtidai istintaqının ********* nömrə altında aparılması qərara alınmışdır ( İ cild, i.v.120-121); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( İ cild, i.v. 125); xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təmir işləri gördüyü yeni tikili mənzildə qoyduğu paltarının cibindən 200 manat pulunun oğurlanması barədə Nizami RPİ-nin 24-cü PŞ-yə ərizə ilə müraciət etmişdir ( İ cild, i.v. 128); xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təmir işləri gördüyü yeni tikili mənzildə qoyduğu paltarının cibindən 250 manat pulunun oğurlanması barədə Nizami RPİ-nin 24-cü PŞ-yə ərizə ilə müraciət etmişdir ( İ cild, i.v. 129); Baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciəti əsasında ünvan 14 ünvanında yerləşən 48 nömrəli mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( İ cild, i.v. 130-131); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 147); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 153); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-158/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 16 (on altı) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 32 (otuz iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-133/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 11 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 9 (doqquz) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır ( İ cild, i.v. 172-175); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( İ cild, i.v. 191); HK-1 saylı, xx.xx.2022-ci il tarixli 160 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:42 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə daxil olmuş məlumatda bildirilir ki, Zərərçəkmiş şəxs3 məxsus 700 (yeddi yüz) manat pulunu oğurlanması aşkar edilmişdir ( İ cild, i.v. 226); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında ünvan 15 ünvanında yerləşən 191 saylı mənzilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( İ cild, i.v. 228- 229); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 248); Sübutların qiymətləndirilməsi haqqında 12 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadələri, hadisə yerlərinə, diskə baxış, götürmə, ifadənin yerində yoxlanılması, tanınmaya təqdim etmə protokolları və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli 9/2205 saylı rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 15 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və cəzasının residiv kimi qiymətləndirilməsi, Azərbaycan Respublikası CMin 61-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsi tərəfindən məhkum edildiyi 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməsi, bir ədəd “Redmi” markalı, “9T” modelli mobil telefon aparatının və bir ədəd qəhvəyi rəngli pul kisəsinin dəyərinin məhkəmə-əmtəəşünaslıq ekspertizanın rəylərinə əsasən götürülməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 326-cı maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi və həmin xüsusatı təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Məmmədov Rasim Ələsgər oğlunun cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Redmi” markalı, “9T” modelli mobil telefon aparatının və bir ədəd qəhvəyi rəngli pul kisəsinin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş ədəd 200, iki ədəd 100 manat və dörd ədəd 100 ABŞ dolları pul əskinazlarının maddi sübut kimi tanınması, 14 oktyabr 2020-ci il tarixdə hadisə yerindən götürülmüş özündə videogörünütləri əks etdirən bir ədəd “CD” diskin sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3 və 180-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilməsi və həmin xüsusatı təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( İ cild, i.v.256-270); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 17 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilmiş və Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir ( İ cild, i.v. 282-283); xx.xx.2022-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı xx.xx.2022ci il tarixdə imzalanıb məhkəməyə göndərilmişdir ( İ cild, i.v. 307-321); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılması qərara alınmışdır ( İİ cild, i.v. 24-28); Cinayət işini icraata götürmək haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır ( İİ cild, i.v. 42-44); Sübutların qiymətləndirilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələrinin toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadələrinin, hadisə yerlərinə, diskə baxış, götürmə, ifadənin yerində yoxlanılması, tanınmaya təqdim etmə protokolları və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli 9/2205 saylı rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 15 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və cəzasının residiv kimi qiymətləndirilməsi, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsi tərəfindən məhkum edildiyindən 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun məsuliyyətinin ağırlaşdıran hal kimi qiymətləndirilməsi, bir ədəd “Redmi” markalı, “9T” modelli mobil telefon aparatının və bir ədəd qəhvəyi rəngli pul kisəsinin dəyərinin məhkəmə-əmtəəşünaslıq ekspertizanın rəylərinə əsasən götürülməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 326-cı maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi və həmin xüsusatı təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Redmi” markalı, “9T” modelli mobil telefon aparatı və bir ədəd qəhvəyi rəngli pul kisəsinin maddi sübut kimi tanınmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş ədəd 200, iki ədəd 100 manat və dörd ədəd 100 ABŞ dolları pul əskinazlarının maddi sübut kimi tanınmasının nəzərə alınması, 14 oktyabr 2020-ci il tarixdə hadisə yerindən götürülmüş özündə videogörünütləri əks etdirən bir ədəd “CD” diskin sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində CM-nin 180-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi və həmin xüsusatı təsdiq edən sənədlərin ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( İİ cild, i.v. 46-59); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr, dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (İİ cild, i.v. 68-69); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəyən ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışlar. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməyib, təqdirləndirilən şəxslə barışmayıb, ona qarşı şikayətçidir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ona dəymiş ziyanı təqsirləndirilən şəxsə bağışlayır, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, telefonu tapılaraq ona qaytarıldığından heç kəsə qarşı şikayəti yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs3 istisna olmaqla) barışıq əldə etməsini ( CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir (CM- 61.1.1). Lakin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu cinayət əməli törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, 1 ədəd “Redmi” markalı, “9T” modelli mobil telefon aparatı, 1 ədəd qəhvəyi rəngli pul kisəsi, 5 ədəd 200, iki ədəd 100 manat və dörd ədəd 100 ABŞ dolları pul əskinazlarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 1 ədəd “Redmi” markalı, “9T” modelli mobil telefon aparatı, 1 ədəd qəhvəyi rəngli pul kisəsi, 5 ədəd 200, iki ədəd 100 manat və dörd ədəd 100 ABŞ dolları pul əskinazlarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar