Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-363/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 2006-cı ildə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Bozayran Ə/D, Bozayran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs “İphone 13 Pro” markalı mobil telefonu satması barədə “tap.az" saytında yerləşdirilmiş elanla tanış olduqdan sonra telefonu almaq adı ilə xx.xx.2023-cü il tarixdə saat 22:50-də ünvan 1 ünvanda sonuncu ilə görüşüb telefona baxış keçirmək bəhanəsi ilə götürərək hadisə yerindən qaçmaqla 1.600 manat dəyərində **********21995 İMEİ kodlu “İphone 13 Pro” markalı mobil telefonu açıq talayaraq Zərərçəkmiş şəxs 1.600 manat miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhhəti ilə bağlı müalicə almaq üçün yaşadığı Yardımlı rayonu, Bozayran kəndindən Bakı şəhərinə gəlmişdir. Həmin zaman Bakıda oxuyan dostları İntiqam və Rövşənlə əlaqə saxlayıb, qalmaq üçün yer soruşmuşdur. Bu zaman İntiqam ona öz təhsil aldığı kollecdə qrup yoldaşı olan Vasif adlı şəxslə tanış etmişdir ki, Vasifin yaşadığı binada birlikdə yaşasınlar. Bundan sonra, Vasifin və onun təxminən 8-9 nəfər dostunun yaşadığı ünvanda kirayə qalmağa başlamışdır. Bakı şəhərində olduğu müddət ərzində dostları Rövşən və İntiqamla bir neçə dəfə görüşmüşdür. Rövşən ona bildirmişdir ki, təhsil aldığı kollecdə töhməti vardır və maddi vəziyyəti pisdir. Fikirləşmişdir ki, dostu Rövşənə pul verərək köməklik etsin. Lakin pulu olmadığı üçün oğurluq edərək pul əldə edib Rövşənə köməklik etmək qərarına gəlmişdir. “Tap.az” internet elanlar saytından “İphone” markalı mobil telefon satan şəxsləri axtarmağa başlamışdır. Əli adlı şəxsin “İphone 13 Pro” markalı mobil telefonu satması barədə elanı görmüşdür. Dərhal Əli ilə əlaqə saxlamış və həmin mobil telefonu almaq istədiyini bildirmişdir. Bunun ardınca Əliyə mobil telefona baxmaq istədiyini bildirmiş və onlar Bakı, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 35-ci PB-nin yaxınlığında görüş təyin etmişlər. xx.xx.2022-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 35-ci PB-nin yaxınlığında Əli ağ rəngli “Chevrolet” markalı avtomobillə 35-ci PB-nin qarşısına gəlmişdir. Əli həmin yerə dostu ilə gəlmişdir. Əli ilə görüşərkən Əli ona mobil telefonu vermişdir ki, mobil telefona baxsın. Əliyə məxsus “İphone 13 Pro” markalı mobil telefonu götürmüş və telefona baxmaqa başlamışdır. Bundan sonra birdən mobil telefon ilə birlikdə qaçmağa başlamışdır. Əli və Əlinin dostuda onun arxasınca qaçmağa başlamışlar. O, yolun sağ kənarında olan pilləkənlər vasitəsi ilə aşağıya tərəf qaçmağa başlamışdır. Əli və Əlinin dostu onu tuta bilməmişdirlər. xx.xx.2023-cü il tarixdə dostu İntiqam və Rövşənlə görüşmüşdür. Görüş zamanı o, Rövşən və İntiqama özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonun olduğunu və həmin mobil telefonu satmaq istədiyini bildirmişdir. Rövşən və İntiqamdan yaşı az olduğundan kömək istəmişdir. Bundan sonra onlar birlikdə telefonu satmaq üçün “28 May” metrostansiyasına tərəf getmişlər. Orada mağazalardan birində satıcı ona həmin mobil telefona 1400 manat verə biləcəyini bildirmiş və o da razılaşmışdır. Yaşı az olduğundan dostu İntiqam ilə alqı-satqı müqaviləsi imzalanmış və ona 1400 manat pul verilmişdir. Oğurluq yolu ilə əldə etdiyi puldan geri qalan 1000 manat pulu isə köməklik kimi dostu Rövşənə vermiş, qalanını isə öz ehtiyaclarına saxlamışdır. Lakin, hal-hazırda o, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam olaraq ödədiyindən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus “İphone 13 Pro” markalı mobil telefonu satmaq üçün "tap.az” internet saytında elan qoymuşdur. xx.xx.2023-cü il tarixdə səhər radələrində ona tanımadığı bir şəxs zəng edərək ona məxsus “İphone 13 Pro” mobil telefonu almaq istədiyini bildirmişdir. Onlar razılaşmışlar ki, həımin tarixdə axşam radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 35-ci Polis Bölməsinin yaxınlığında görüşsünlər. 22:50 radələrində həmin tanımadığı şəxslə həmin yerdə görüşmüşlər. Həmin zaman onun yanında dostu Rauf adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxslə görüşdükdən sonra “İphone 13 Pro” markalı mobil telefonu ona vermişdir ki, sazlığını yoxlasın. Həmin şəxs mobil telefona baxaraq telefon barədə ona bir neçə sual vermişdir. Daha sonra cəld şəkildə mobil telefonla birlikdə qaçmağa başlamışdır. O və dostu onun arxasınca qaçmışlar lakin çata bilməmişlər. Ona 1600 manat ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində dostu Əli ilə birlikdə yaşadıqları ünvanın yaxınlığında yerləşən kafedə əyləmişlər. Bu zaman Əlinin mobil telefonuna bir nəfər şəxs zəng edərək mobil telefonunu almaq üçün görüşməyi xatırlatmışdır. Həmin zaman o da Əli ilə birlikdə həmin zəng edən əvvəllər tanımadığı şəxslə görüşməyə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 35-ci Polis Bölməsinin yaxınlığında Əliyə zəng edərək sonuncuya məxsus “İphone 13 Pro” markalı mobil telefonu almaq istəyən şəxslə görüşmüşlər. Həmin şəxs Əlinin idarə etdiyi avtomobilə minmiş və onlar bir qədər irəli sürüb, avtomobili yolun sağ hissəsində saxlayaraq avtomobildən düşmüşlər. Görüşdükləri həmin şəxslə söhbətləşmə zamanı Əli özünə məxsus mobil telefonun sazlığının yoxlanılması üçün onlarla görüşən şəxsə vermişdir. Həmin şəxs mobil telefona baxaraq Əliyə mobil telefon barədə bir neçə sual vermiş və Əli də öz növbəsində həmin suallara cavab vermişdir. Qəfildən adını bilmədikləri şəxs Əliyə məxsus “İphone 13 Pro” markalı mobil telefon ilə qaçmağa başlamışdır. Onlar həmin şəxsin arxasınca qaçmışlar ki, Əliyə məxsus mobil telefonu talayan şəxsi saxlasınlar. Həmin şəxs yolun sağ çiynindən aşağı istiqamətdə qaçmağa davam etmişdir. Lakin bir qədər sonra onlar həmin şəxsin izini itirmişlər. Əli aidiyyatı üzrə DİN-in 102 Xidmətinə və ərazinin polis orqanı olan 35-ci Polis Bölməsinə baş vermiş cinayət barədə məlumat vermişdir. Həmin şəxs onlarla görüşə tək gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində telefon mağazasında olarkən, iki nəfər gənc oğlan mağazaya gəlmişlər. Onlar “İphone 13 Pro” markalı mobil telefonu satmaq istədiklərini bildirmişlər. O mobil telefonu 1400 manata ala biləcəyini bildirmişdir. Onlar daha sonra razı olduqlarını bildirmişlər. Bundan sonra o, rəsmi olaraq alqı-satqı müqaviləsi tərtib etmiş və mobil telefonu ona satan uzun saçlı oğlanın yanındakı oğlanın şəxsiyyət vəsiqəsinin surətini götürərək 1400 manat məbləğində pulu uzun saçlı oğlana vermişdir. Həmin mobil telefonu ona satan şəxsin həmin “İphone 13 Pro” markalı mobil telefonu cinayət yolu ilə əldə etməsini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, həmin şəxs onun həmyerlisidir. Təxminən fevral ayının ortalarında Tural Bakı şəhərinə gəlmişdir. Tural əvvəllər də Bakı şəhərinə gəlib getmişdir. Tural Bakı şəhərinə gəldiyi zaman həmyerlisi Rövşən, o və Tural tez-tez görüşmüşlər. Tural Bakıya gəldikdə ondan gecələmək üçün ev axtardığını bildirmişdir. O da Turala köməklik üçün təhsil aldığı kollecdən tanışı Vasif adlı şəxslə tanış edərək, Vasifin kirayə yaşadığı ünvanda Turalın da kirayə yaşaya biləcəyini bildirmişdir. Bundan sonra, Tural tanışı Vasiflə birlikdə eyni ünvanda kirayə yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə o, Rövşən və Tural görüşmüşlər. Görüş zamanı Tural onlara özünə məxsus kimi təqdim etdiyi “İphone 13 Pro” mobil telefonu göstərərək bildirmişdir ki, maddi sıxıntısı olduğundan həmin mobil telefonu satmaq istəyir. Bundan əlavə Tural söyləmişdir ki, 17 yaşı olduğundan həmin mobil telefonu satmaqda onlar Turala köməklik etsinlər. Çünki onların yaşları 18 yaşdan yuxarı olmuşdur. Bundan sonra onlar Turalla razılaşmışlar və Turala köməklik etmək qərarına gəlmişlər. Onlar ilk növbədə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər" metrostanasiyasının yaxınlığındakı mobil telefon mağazalarına daxil olmuşlar və həmin yerlərdə Tural özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Lakin həmin yerlərdə Turala aşağı məbləğlər deyildiyinə görə Tural satmaq istəməmişdir. daha sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığına gedərək həmin yerdə olan mobil telefon mağazalarına daxil olmuşlar və Tural yenədə özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Sonda həmin yerdə yerləşən “West Telekom” adlı mobil telefon mağazasında Turala həmin mobil telefonu 1400 manata ala biləcəkləri barədə bildirmişlər. Bundan sonra Tural həmin adını bilmədiyi satıcıyla razılaşmış və özünə məxsus kimi bildirdiyi “İphone 13 Pro” markalı mobil telefonu 1400 manata satmışdır. Bu zaman mağazada alqı-satqı müqaviləsi bağlanmış və sənədləşmə zamanı Turalın yaşı az olduğundan öz şəxsiyyət vəsiqəsini satıcıya vermişdir. Bundan sonra Tural onları şəhərin iaşə obyektinə apararaq qonaqlıq vermişdir. Turalın həmin mobil telefonu cinayət yolu ilə əldə etməsi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, həmin şəxs onun həmyerlisidir. Təxminən fevral ayının ortalarında Tural Bakı şəhərinə gəlmişdir. Tural əvvəllər də Bakı şəhərinə gəlib getmişdir. Tural Bakı şəhərinə gəldiyi zaman həmyerlisi İntiqam, o və Tural tez-tez görüşmüşlər. Bu minvalla, Tural Bakıya gəldikdə İntiqamdan gecələmək üçün ev axtardığını bildirmişdir. İntiqamda köməklik üçün təhsil aldığı kollecdən tanışı Vasif adlı şəxslə tanış edərək, Vasifin kirayə yaşadığı ünvanda Turalın da kirayə yaşaya biləcəyini bildirmişdir. Bundan sonra, Tural İntiqamın tanışı Vasiflə birlikdə eyni ünvanda kirayə yaşayamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə İntiqam və Tural görüşmüşlər. Görüş zamanı Tural onlara özünə məxsus kimi təqdim etdiyi “İphone 13 Pro” mobil telefonu göstərərək bildirmişdir ki, maddi sıxıntısı olduğundan həmin mobil telefonu satmaq istəyir. Bundan əlavə Tural bildirmişdir ki, onun 17 yaşı olduğundan həmin mobil telefonu satmaqda onlar Turala köməklik etsinlər. Çünki onların yaşları 18 yaşdan yuxarı olmuşdur. Daha sonra, onlar Turalla razılaşmışlar və Turala köməklik etmək qərarına gəlmişlər. Bundan sonra ilk növbədə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığındakı mobil telefon mağazalarına daxil olmuşlar və həmin yerlərdə Tural özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Lakin həmin yerlərdə Turala aşağı məbləğlər deyildiyinə görə Tural satmaq istəməmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May" metrostansiyasının yaxınlığına gedərək həmin yerdə olan mobil telefon mağazalarına daxil olmuşlar və Tural yenədə özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Sonda həmin yerdə yerləşən “West Telekom” adlı mobil telefon mağazasında Turala həmin mobil telefonu 1400 manata ala biləcəkləri barədə bildirmişlər. Bundan sonra Tural həmin adını bilmədiyi satıcıyla razılaşmış və özünə məxsus kimi bildirdiyi “İphone 13 Pro” markalı mobil telefonu 1400 manata satmışdır. Bu zaman mağazada alqı-satqı müqaviləsi bağlanmış və sənədləşmə zamanı Turalın yaşı az olduğundan İntiqam öz şəxsiyyət vəsiqəsini satıcıya vermişdir. Bundan sonra Tural onları şəhərin iaşə obyektinə apararaq qonaqlıq vermişdir. Onu da qeyd etmişdir ki, təhsil aldığı kollecdə problemlərinin olması, yəni ona töhmət verilmə ehtimalının olmasını və maddi cəhətdən problemlərinin olmasını əvvəllər Turala bildirmişdir. Buna görə də, Tural mobil telefonu satdıqdan sonra ona 1000 manat məbləğində borca pul vermişdir. Turalın mobil telefonu cinayət yolu ilə əldə etməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 22 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, soyğunçuluq hadisəsinin baş verdiyi ünvan 1 ünvana baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 08-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 16- 17); yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndənin təyin edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir (i.v. 30); AZ-İ seriyalı 759370 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Yardımlı rayonunun Bozayran kəndində doğulmuş, atası Qanuni nümayəndə, anası isə X1r (i.v. 37a); şübhəli şəxsin tutulması haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 49-50); şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirdib 01 nömrəli fotoşəkildə göstərilmiş Təqsirləndirilən şəxs saçlarının uzun olmasından və boyunun balaca olmasından tanıdığını bildirmişdir (i.v. 65-66); şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirdib 01 nömrəli fotoşəkildə göstərilmiş Təqsirləndirilən şəxs saçlarının uzun olmasından və boyunun balaca olmasından tanıdığını bildirmişdir (i.v. 67-68); "xxxx" MMC ilə Şahid3 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, **********21995 İMEİ kodlu “İphone 13 Pro 128 Silver” markalı mobil telefon 1400 manat müqabilində Şahid3 satılmışdır (i.v. 72); şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi haqqında 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirdib 01 nömrəli fotoşəkilin Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir (i.v. 73-74); təqdim etmə və götürmə aparılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edərək ona satdığı “İphone 13 Pro” markalı mobil telefonu istintaq orqanına təqdim etmişdir (i.v. 75-77); əşyanın tanınmaya təqdim edilməsi haqqında 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən “İphone 13 Pro” markalı mobil telefonu nəzərdən keçirərək özünə məxsus olduğunu, həmin telefonu rəngindən və İMEİ kodundan tanıdığını bildirmişdir (i.v. 78); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 79-80); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 104-105); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 107-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 118); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1569 nömrəli 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli, Çində istehsal edilmiş “İphone” markalı, “A2638” (13 Pro) model, 128GB yaddaş tutumlu, **********21995 İMEİ kodlu, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq orta bazar qiyməti təxminən 1600,00 manat müəyyən edilmişdir (i.v. 119- 121); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2023-cü il tarxli 662 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmiş, cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək, düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuş, hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir, ünsiyyətçilik, məsuliyyətsizlik, hiss və yaşantılarını birüzə verməmək, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilməmişdir, baş verən hadisəni düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir, cinayət hadisəsini törədən zaman fizioloji affektt vəziyyətində olmamış, şüur və davranışlarına təsvir göstərən psixi-emosional halda olmamışdır (i.v. 122-125); sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək yenidən ittiham elan edilmiş, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, təqdim etmə və götürmə, şəxsin fotoşəklinin tanınmaya təqdim edilməsi və əşyanın tanınmaya təqdim edilməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1569 saylı və kompleks məhkəmə psixoloji və psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 662 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 129-136); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 138-139); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə çatdırır ki, CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməl CPM-nin 435.4.3cü maddəsində qeyd edilmiş cinayət əməlləri ilə uyğunluq təşkil etmir. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını CM-59-cu maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin xüsusiyyətlərini, həyat və tərbiyə şəraitini, kənar şəxslərin ona təsirini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş ziyanı ödəməsi, sonuncunun heç bir şikayət və tələbinin olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), bundan əlavə həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri (CM- 86.1) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli (CM-85.4-1-ci maddəsi nəzərə alınmaqla), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 27 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı (CM-69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 13 Pro” markalı mobil telefon zərərçəkmiş şəxsə qaytarılmalı və ibtidai istintaq zamanı həmin mobil telefonun Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM- 198.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Yardımlı rayonu, Bozayran Ə/D, Bozayran kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Yardımlı rayonu, Bozayran Ə/D, Bozayran kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd “İphone 13 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılsın və ibtidai istintaq zamanı həmin mobil telefonun saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-363/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-363/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver