Məhkəmə qərarları › İş №1(011)-364/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-364/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-364/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində dörd azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Şəki rayonu Qayabaşı ərazi dairəsi Qayabaşı kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 34 bina 2 mənzil 14-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə və xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi ev 9 a-da qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 12 mənzil 95-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 oğlu özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bakı şəhəri 8-ci kilometr bazarında tanış olduğu qəssab Zərərçəkmiş şəxs əmisi oğlu Təqsirləndirilən şəxs2 “BP” şirkətinə ət tədarükü etməklə məşğul olduğunu, ondan mal ətinin bir kiloqramını 9.50 manatdan alıb 1 həftə ərzində pulunu verəcəklərinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs inandırıb, əslində isə vədinə əməl etməyərək sonuncudan hissə-hissə olmaqla ilk dəfə 29.09.2020-ci il tarixdə, axırıncı dəfə isə 01.10.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində 820 kiloqram mal ətini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, satışından əldə edilmiş pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda 7790 (yeddi min yeddi yüz doxsan) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək sonuncunun Bakı şəhəri 8-ci kilometr bazarında tanış olduğu qəssab Zərərçəkmiş şəxs özünün “BP” şirkətinə ət tədarükü etməklə məşğul olduğunu, ondan mal ətinin bir kiloqramını 9.50 manatdan alıb 1 həftə ərzində pulunu verəcəklərini vəd edib Zərərçəkmiş şəxs inandırıb, əslində isə vədinə əməl etməyərək sonuncudan hissə-hissə olmaqla ilk dəfə 29.09.2020-ci il tarixdə, axırıncı dəfə isə 01.10.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində 820 kiloqram mal ətini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, satışından əldə edilmiş pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 7790 (yeddi min yeddi yüz doxsan) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs ilə 2020-ci ilin sentyabr ayının 27-də tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ət aldığını görüb ona yaxınlaşaraq tanış olmuş və mal ətini birinci əldən almaq istəyib-istəmədiyini soruşmuşdur. O, əmisi oğlu Elvinin ət işi ilə məşğul olduğunu deyib Elvinin nömrəsini verib onunla danışmasını istəmişdir. Sonra isə Zamiq Elvinlə danışıb mal əti gətirəcəyini demişdir. 2020-ci ilin sentyabr ayının 29-da Zamiq ilk dəfə Ağcəbədi rayonundan mal ətini Bakı şəhərinə göndərmişdir. O, ət məhsulunu götürüb Elvinin istəyi ilə Yasamal rayonu Qələbə dairəsi deyilən yerdə ət işi ilə məşğul olan Əli adlı şəxsin yanına getmişdir. Həmin vaxt Elvin də orada olmuş və onlar birlikdə Zamiqdən 9,50 manata aldıqları mal ətini Əli adlı şəxsə 8 manata satmışlar. Lakin satılan ətin tam məbləğini o bilməsə də, satışdan sonra Elvin ona 200 manat pul vermişdir. Həmin günün sabahı o, yenidən Zamiqin Bakı şəhərinə gətirdiyi əti götürüb Elvinlə birlikdə Əli adlı şəxsə 8 manata satmışlar. Həmin satışdan sonra Elvin yenə ona 200 manat pul vermişdir. Həmçinin 31.09.2020-ci il tarixdə o, Zamiqdən mal ətini götürüb yenə də Əli adlı şəxsə vermişdir. Həmin vaxt Elvin də orada olmuş və Əli həmin ətin pulunu verməyərək əti geri götürmələrini istəmişdir. Səbəb olaraq ətin keyfiyyətsiz olduğunu bildirmişdir. X1 zəng edib əti 6 manata satdığını deyib pulunu hissə-hissə verməsini bildirdi. Sonunucu dəfə Zamiqdən əti Elvin özü Bakı şəhəri Xətai rayonu Əhmədli metrosunun arxasında, Sarayevo küçəsində götürmüşdür. Lakin həmin ət məhsulunu Elvinin haraya satması barədə onun heç bir məlumatı yoxdur. Zamiqdən aldıqları ətin satışı nəticəsində ona ümumilikdə 1200 manat pul çatmışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərin əsas hissəsini ödədiyini, cəmi 800 manat borcu qaldığını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, himayəsində azyaşlı uşaqlarının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayının 27-dən tanıyır. Belə ki, həmin gün əmisi oğlu Sayad ona zəng edib bir nəfər şəxsin ona zəng edəcəyini bildirib mal əti almaq istədiyini demiş, elə bu zəngdən sonra Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən ona zəng edərək ət satdığını bildirərək nömrəsini əmisi oğlu Sayadın ona verdiyini demişdir. O, həmin vaxt Mingəçevir şəhərində olduğuna görə Zamiqlə sonra görüşəcəyini bildirmiş, lakin Zamiq Ağcəbədi rayonunda yaşadığını, həmin gün Bakı şəhərindən gəldiyini deyib onunla elə Mingəçevir şəhərində görüşməyi təklif etmişdir. O razılaşmış və mobil telefonla danışdıqları gün bir neçə saatdan sonra Mingəçevir şəhərində görüşüb söhbət etmişlər. Söhbət zamanı Zamiq mal əti kəsib satdığını demiş və həmin əti ona satmağı təklif etmişdir. Onlar razılaşdıqdan sonra Zamiq əti iki gün sonra Bakı şəhərinə gətirəcəyini demişdir. Söhbət zamanı o, Zamiqə ondan alacağı əti BP şirkətinə və dönər sexlərinə verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra o, Zamiqdən ətin kiloqramını 9,5 (doqquz manat əlli qəpik) manatdan alacağını demişdir. Beləcə Zamiqdən ilk dəfə əti əmisi oğlu Sayad qəbul etmişdir. Sonuncu dəfə isə əti o, Zamiqdən Xətai rayonu Əhmədli qəsəbəsi Sarayevo küçəsində təxminən 100-150 kiloqram ət almışdır. Beləcə onlar bir həftə ərzində Zamiqdən təxminən 820 kiloqram ət almışlar. Həmin aldıqları əti əmisi oğlu Sayad dönər sexlərinə 6,50 (altı manat əlli qəpik) manata satmışdır. Ümumilikdə Zamiqdən aldıqları ətin satışından təxminən 4000 (dörd min) manat pul əldə etmişlər. Zərərçəkmiş şəxs aldıqları ətin satışından qazandığı pulu özü və əmisi oğlu Sayad öz şəxsi məsrəfləri üçün xərcləmişlər. Daha sonra əməlindən peşman olduğunu, bir azyaşlı uşağının olduğunu, zərərin ödədiyini, cəmi 400 manat borcu qaldığını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayətin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının 26-da o, Bakı şəhərində yerləşən 8ci km bazarı deyilən yerdə yerləşən mağazalardan birinə ət verən zaman Sayad adlı şəxslə tanış olmuş, söhbət zamanı Sayad ona əmisi oğlu Elvinin ət satışı ilə məşğul olduğunu deyib əmisi oğlunun nömrəsini ona vermiş və gətirdiyi ətdən ona satmaqla daha artıq qazanc əldə edəcəyini bildirmişdir. O da Sayadla razılaşmış və öz istifadəsində olan ***-***-**-** mobil nömrədən Elvinin istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib ət alveri ilə bağlı onunla danışmışdır. Telefonda Elvin ona Mingəçevir şəhərində olduğunu demiş və onlar həmin gün Mingəçevir şəhərində görüşməyi planlaşdırmışlar. Görüşüb söhbətləşdikləri zaman Elvin ona, “BP” şirkətinə ət tədarükü etdiyini deyib, bir həftə ardıcıl ət aldıqdan sonra həftə sonu ətin pulunu verəcəyini vəd edib inandırmışdır. Beləcə o razılaşmış və əvvəllər mal əti aldığı, tanışları Ağcabədi rayon sakinləri Şahid3, Şahid1 və Şahid2lə danışıb, onlardan nağd pulunu ödəməklə, bir kq əti 8.5 manata almış və üç gün ərzində hissə-hissə Elvinlə Sayada ümumillikdə 820 kiloqram mal ətini bir kiloqramını 9.5 manata razılaşaraq satmışdır. Həftə sonu ondan pulunu istəyən zaman, Elvin “Elit” Ticarət mərkəzinin yanında görüşməyi təklif etmişdir. Orada görüşdükləri vaxt Elvin başına iş gəldiyini deyib ətin pulunu ona verə bilməyəcəyini, Sayadın guya, Şəki rayonunda torpaq sahəsinin olduğunu, onu satıb pulunu verəcəyini vəd edib aldatmışdır. Nəticədə ona 7790 (yeddi min yeddi yüz doxsan) manat dəyərində ziyan vurmuşlar. Ondan alınan əti altı manata satdıqlarını öyrəndikdə Elvin və Sayadın ona qarşı dələduzluq edərək əmlakını ələ keçirdiklərini başa düşüb bu barədə Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə icraatı zamanı ona dəymiş ziyanın əsas hissəsinin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs1 vurduğu ziyandan cəmi 800 manat , Təqsirləndirilən şəxs2 vurduğu ziyandan isə cəmi 400 manat borcları qaldığını və bu səbəbdən onlara yüngül cəza verilməsini və verdiyi mülki iddianın baxılmamış saxlanılmasını xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xeyli vaxtdır ki, ət alqı-satqısı ilə məşğul olan əməlinə və sözünə dürüst olan bir insan kimi tanımışdır. Zamiq hər zaman ondan ət almış və vaxtında pulunu ödəmişdir. 2020-ci ilin sentyabr ayının sonunda Zamiq Bakı şəhərində yerləşən şirkətlərdən birinə mal əti tədarükü ilə məşğul olan Elvin və Sayad adlı şəxslərlə tanış olduğunu demiş və ondan 29.09.2020-ci ildə 208 kiloqram mal ətini kiloqramı 8.50 manata almışdır. Həmkəndliləri Raci və Elgin adlı şəxslərdəndə mal ətini nağd pula almış, beləcə cəmi 820 kiloqram ət məhsulunu 9.50 manatdan nisyə satmışdır. Zamiq ondan aldığı ətin pulunu ödəmiş, ona heç bir borcu yoxdur. Lakin sonradan Zamiqdən eşitmişdir ki, ondan və digər həmkəndlilərindən aldığı mal ətini satdığı şəxslər onu aldatmış, ətin pulunu verməyərək ona qarşı dələduzluq etmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 zərərçəkmiş şəxsin ifadəsinə oxşar ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2021-ci il tarixli 9/1930 saylı rəyindən görünür ki, 2020-ci ilin sentyabr-oktyabr aylarına olan pərakəndə orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi - 1 kiloqram mal əti 8.50 manat, 820 kq mal əti isə 6970 manat (820 kq x 8.50 manat); 1 kq dana əti 11 manat, 820 kq dana əti 9020 manat (820 kq x 11 manat) kimi qiymətləndirilmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satdığı ət məhsullarının satışı ilə bağlı qeydiyyatını apardığı dəftərdəki qeydlər iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərdən maddi və mənəvi ziyanlara görə ümumi olaraq 118890 manat alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 21 sentyabr 2021-ci il tarixli ərizəsindən məlum olur ki, ona dəymiş ziyan qismən təqsirləndirilən şəxslər tərəfindən ödənildiyindən Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini və onlara qarşı verdiyi mülki iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 məhkum olunmayan şəxsdir. İş materiallarına əlavə edilmiş çıxarışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində 25.05.2018-ci təvəllüdlü Nəbiyev Ağa, 30.11.2009-cu il təvəllüdlü Nəbiyeva Şəhrazad, 08.10.2011-ci il təvəllüdlü Nəbiyeva Aylin və 07.04.2017-ci təvəllüdlü Nəbiyeva Mədinə adlı dörd azyaşlı uşağı var. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 11.04.2008-ci il təvəllüdlü Nəbiyev Renat adlı bir uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddələri və Təqsirləndirilən şəxs2 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun səmimi etirafını, himayəsində azyaşlı uşaqların olmasını, vurduğu ziyanın əsas hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın əsas hissəsini ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanın əsas hissəsini ödəməsini, razılıq əldə etməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın baxılmamış saxlanılmasına dair ərizəsi nəzərə alınaraq verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış ət məhsullarının satışı ilə bağlı qeydiyyatın aparıldığı dəftərdəki qeydlər iş mateiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi keçirilmiş ekspertiza xərci 50 manat müştərək qaydada təqsirləndirilən şəxslərdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ət məhsullarının satışı ilə bağlı qeydiyyatın aparıldığı dəftərdəki qeydlər hökm qanuni qüvvəsini aldıqdan sonra iş mateiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar