Məhkəmə qərarları › İş №1(011)-364/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-364/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-364/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 20 manat nağd pul müqabilində, 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 1,292 qram narkotik vasitə heroin əldə edərək saxlamaqla daşımış, 06 may 2022-cı il tarixdə saat 10:30-da Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında saxlanılıb, ünvan 4ai RPİ-nin 37-ci PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1,292 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 6 ailəsi ilə birlikdə yaşayır. İşləmir. Subaydır. Əvvəllər məhkum olunmamışdır. Tutulmamışdan təxminən 6 ay əvvəl narkotik vasitə olan heroini istifadə etməyə başlamışdır. Narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasının yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, üzdən tanıdığı şəxsdən 20 manata 01 ədəd gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı ünvan 7 ünvanın yaxınlığında olarkən, özünü şübhəli apardığından polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan narkotik vasitənin qəbulu ilə məşğul olmağı barədə soruşduqda, o, narkotik vasitə olan heroindən istifadə etməyi barədə bildirmişdir. Özlərini ona təqdim etdikdən sonra, onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində o, səmimi etiraf edərək bir neçə dəfə narkotik vasitə olan heroin istifadə etdiyini deyib, üzərində də bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin olduğunu demişdir. Polis Şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o, həmin narkotiki xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasının yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür. Narkotik vasitə olan heroin istifadə etsə də, heç vaxt narkotik vasitəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis bölməsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. O, həmin narkotik vasitəni şəxsiyyəti barədə məlumatı olmadığı, ancaq üzdən tanıdığı şəxsdən almışdır. Həmin şəxs təxminən 30-35 yaşlarındadır və əksər hallarda Bakı şəhəri, Nizami rayonunda yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olur. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. Onunla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyən, polis leytenantı Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 06 may 2022-ci il tarixdə saat 10:30-da ünvan 8 ünvanının yaxınlığında olarkən, Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından Təqsirləndirilən şəxs yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi barədə bildirmişdir. Həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X1yə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış. ünvan 1 ünvanında qeydiyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X1 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onlar, müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərirə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər" metrostansiyasının yaxınlığından şəxsiyyəti haqqında məlumatı olmadığı, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul verib aldığını bildirmişdir. Bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 1.65 qram görünmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sadiq Quiyevin üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Sefulla Əsədlinin, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü kağızında olan bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan heroin” olmasını bildirmişdir. Həmin siqaretin gümüşü rəngli kağızı açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, çəkilərinin 1,65 qram olması müəyyən edilmişdir. Həmin maddəni “Neftçilər” metrostansiyasının qarşısında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 may 2022-ci il tarixli, 6/2618 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 54); qətimkan tədbirinin seçilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 79); Diskə baxış keçirilməsi haqqında 07 may 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş üzərində yazısı olmayan ağ rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü kağızda olan bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan heroin” olmasını bildirmiş, Həmin siqaretin gümüşü rəngli kağızı açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, çəkilərinin 1,65 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni “Neftçilər” metrostansiyasının qarşısında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir (i.v. 83-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2544 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostumulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 97-98); Sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fikizi-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2618 nömrəli rəyi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2544 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs olunun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə ilkin təmiz çəkisi 1,292 qram olan narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 1,242 qram çəkidə narkotik vasitə olan heroinin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 100-106). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli toz şəkilli maddəni təqdim etməsini, içərisində heroin oldumasını və öz istifadəsi üçün almasını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,292 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,242 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar