Məhkəmə qərarları › İş №1(011)-364/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-364/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-364/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, iki uşaq anası, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi nömrəsiz ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə ünvan 2 ünvanda xadimə işləyərkən 2022-ci ilin dekabr ayının axırlarında Zərərçəkmiş şəxs əl çantasından 1200 manat, 2022-ci ilin dekabr ayının 28dən 2023-cü ilin fevral ayının 14-dək olan müddət ərzində zərərçəkmiş şəxs sonuncuya məxsus saxlanc yeri olan dəmir seyfin açarının mənzildə unudulmasından istifadə edərək həmin açarla seyfin qapısını açıb 4.000 manat, növbəti dəfə 2.050 manat, cəmi 6.050 manat, o cümlədən qeyd edilən müddətdə həmin mənzildə Zərərçəkmiş şəxs əl çantasından hissə-hissə cəmi 31.500 manat, ümumilikdə 38.750 (otuz səkkiz min yeddi yüz əlli) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və verilmiş mülki iddianı tam qəbul edərək ifadəsində göstərmişdir ki, , təxminən 2021-ci ilin yay aylarından etibarən Şahid1 yaşadığı ünvanda xadiməçi vəzifəsində işləmişdir. Aylıq 600 manat pul müqabilində həmin evi təmizləyib və bir sıra yeməkləri bişirmişdir. Aylıq gəlirinin az olması səbəbi ilə maddi sıxıntılardan əziyyət çəkmişdir. Mütəmadi olaraq Sənanın və ailəsinin yaşadığı evdəki əşyaları tənzimləmiş, bu səbəbdəndə evdə olan pulun və qiymətli əşyaların yerini daima bilmişdir. 2022-ci ilin sentyabr ayında həmin mənzilə gəldikdə mənzildə yeni seyfin olduğunu görmüş, seyfin qapıları açıq içərisi isə boş olmuşdur. İki həftə sonra Nardaran qəsəbəsində yerləşən evə getmiş, oradan ünvan 3 ünvanına qayıtdıqda özləri ilə birlikdə qiymətli əşyaları və pulları geri qaytarmışlar. Mənzildə olan seyfə qoymuşlar. Ev sahibəsi Zərərçəkmiş şəxs mütəmadi olaraq onun yanında həmin seyfi açıb oradan müxtəlif ziynət əşyaları və pul götürmüşdür.Ev işlərini O, bəzən ev işlərini bitirə bilmədikdə həmin binada xadiməçi işləyən Şahid5 çağırıb ona köməklik etməsini istəmiş, Vüsalə də ona günlük 15 manat pul müqabilində köməklik etmişdir. 2022-ci ilin dekabr ayının sonlarında kirayə yaşadığı evin sahibi ilə razılaşıb həmin evi 33000 manat müqabilində hissə-hissə ödəmək şərti almağa razılaşmışlar.Bu səbəbdən mənzilin yataq otağında əl çantasında olan 3000 manat puldan 1200 manat pulu sayaraq götürmüş, həmin gün Şahid5 da ona həmin evdə köməklik edirmiş, daha sonra oğlu Şahid3 zəng edərək harada olduğunu soruşmuş, yaxınlıqda olduğunu bildirmişdir. O, Gündüzdən işlədiyi ünvana gəlməyini söyləmiş, səbəb olaraq isə meyvə vermək istədiyini bildirmişdir. O, pulu salfetə bükmüş və pulu meyvə olan sellofana qoymuş, Şahin həmin yerə gəldikdə həmin gün ona ev işlərində köməklik edən Vüsalədən həmin sellofanı aparıb oğlu Şahinə verməyi xahiş etmişdir. Vüsalə də onun xahişini yerinə yetirmişdir. Binanın həyətində gözləyən oğlu Şahinə vermişdir. O, Şahinlə əlaqə saxlamış, sellofanda salfetə bükülü 1200 manat pul olduğunu bildirmişdir. Həmin pulu ona ev sahibəsi Aysel yaşadığı evin sahibinə evi almaq üçün aylıq ödəniş etmək üçün verdiyini Şahinə bildirmişdir. Həmin gün axşam oğluna verdiyi 1200 manat pulu ondan alıb yaşadığı evin sahibi Sənan adlı şəxsə vermişdir. Ev sahibəsi Aysel daima işdən evə gələndə sellofan paketdə təxminən 5000 manata yaxın pul gətirirmiş, Aysel işdən gəldikdən sonra pulları yataq otağına qoyub evin hamam otağına keçirmiş, daha sonra pulları saymadan evdə olan dəmir seyfin aşağı hissəsinə qoyurmuş. O, Ayselin pulu saymadığını daim müşahidə edirmiş. 28 dekabr 2022-ci il tarixindən 07 fevral 2023-cü il tarixinədək olan müddətdə adətən həftənin 6-cı günləri istisna olmaqla demək olar ki, hər gün həmin puldan çantasından miqdarını bilmədiyi təxminən 1000-1200 manat pul götürürmüş, kiminsə onu görəcəyindən ehtiyat etdiyi üçün pulları saymırmış, götürdüyü pulların bir qismini öz şəxsi ehtiyaclarına xərcləmiş, qalan hissəsini Sənana ev üçün ödəniş edirmiş. 2022-ci ilin dekabr ayının 28-dən sonra mənzilin yataq otağında olan dəmir seyfin açarının yataq otağında qaldığını görmüş, açarla seyfi açıb seyfin aşağı hissəsində, yəni sayılmayan pulların içindən 4000 manat pulu götürmüş, həmin pulu özü ilə birlikdə yaşadığı evə gətirmiş, Gündüzə Sənana ev üçün ödəniş etməsi üçün vermişdir. Gündüz də həmin pulu Sənana ödəmişdir. Təxminən bir həftə sonra həmin seyfin açarının yenə evdə qaldığını görmüş və seyfin aşağı hissəsində 2050 manat pul götürüb yaşadığı ünvana gətirmişdir. Gündüzə Sənana ev üçün ödəniş etməsi üçün vermiş, Gündüzdə həmin pulu Sənana ödəmişdir. 2023-cü ilin yanvar ayında Aysel xanıma 3000 manat pul lazım olduğunu bildirmiş, Aysel də 13 yanvar 2023-cü il tarixdə ona 3000 manat pul vermişdir. 14 yanvar 2023-cü il tarixdə 3000 manat pulu yaşadığı evin sahibi Sənana yaşadığı evdə vermişdir. Yenə də mütəmadi olaraq ev sahibəsi Aysel işdən evə gəlib evin hamam otağına keçdikdə ya əl çantasından ya da sellofan bükümdə gətirdiyi pulların içindən dəqiq miqdarını bilmədiyi pulu götürmüşdür. 2023-cü ilin yanvar ayında yenidən ev sahibəsi Ayselin əl çantasında olan puldan 4000 manat götürmüşdür. Daha sonra Ayselin əl çantasında olan puldan 5000 manat götürmüşdür. Ailə üzvlərinə isə Aysel xanımın ona yardım etdiyini demişdir. Dəqiq xatırlamadığı tarixdə mənzilin yataq otağında olan əl çantasında olan 3000 manat puldan 1800 manat pulu sayaraq götürmüş. Həmin gün Şahid5 da ona həmin evdə köməklik edirmiş, daha sonra oğlu Şahinə zəng edərək paltar vermək istədiyini bildirərək aşağı çağırmışdır. O, pulu salfetə bükmüş və paltar olan sellofana qoymuş, Şahin həmin yerə gəldikdə həmin gün ona ev işlərində köməklik edən Vüsalədən həmin sellofanı aparıb oğlu Şahinə verməyi xahiş etmişdir. Vüsalə də onun xahişinə əməl etmiş, binanın həyətində gözləyən oğlu Şahinə vermişdir. Şahinlə əlaqə saxlamış, paltarları evə aparmasını bildirmişdir. O, 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayının 7-dək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 38750 manat pul oğurlamışdır. Pulun oğurluq olması barədə heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, mülki iddianı tam qəbul etdiyini ,ziyandan 16000 manat ödənilməsini ,himayəsində yetkinlik yaşına çatmayan qızının olmasınınəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o və ailə üzvləri hər il yay aylarında yaşadığı ünvan 3 ünvanından Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3-cü dalan ünvanında yerləşən evə köçürmüş, sentyabr ayında isə yenidən ünvan 3 ünvanında yerləşən evinə qayıdırmış, hər dəfə yaşayış yerini dəyişdikdə pul və qiymətli əşyalarını özü ilə birlikdə aparırmış, Ləman da birlikdə daima gedib gəlirmiş, artıq 2022-ci ilin sentyabr ayında yaşadığı ünvan 3 ünvanına qayıtmış, həmin vaxt həyat yoldaşı Sənan yaşadığı evə seyf almaq qərarına gəlmişdir. Evə dəmir tünd yaşıl rəngli seyf almışlar. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 3-cü dalan ünvanında olan qiymətli əşyalarını və pullarını gətirib həmin seyfə qoymuşlar. Ləmanın yanında evin yataq otağında olan seyfdən özünə məxsus olan qiymətli əşyalarını götürmüş, Ləman daima ona məxsus olan pullar və qiymətli əşyalarını haraya qoyduğunu bilmişdir. 28 dekabr 2022-ci il tarixdə həyat yoldaşı Sənanla birlikdə onun seyfdə olan pullarını saymış, oraya 150.000 manat pul sayaraq seyfin yuxarı hissəsinə qoymuşdur. 29 dekabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasına getmiş, 06 yanvar 2023-cü il tarixdə isə yaşadığı evə qayıtmışdır. O, hər gün səhər saat 08 radələrində işlədiyi kilinikaya gedir, oradan axşam 19:00-20:00 radələrində geri qayıtmış, hər günün sonunda işlədiyi klinikanın kassasından ona çatacaq olan məbləği götürüb, iş yerində sayıb özünə məxsus olan əl çantasına qoyub özü ilə birlikdə evə aparmış, evə gəldikdə onu Ləman qarşılamış, o daima əl çantasını və içərisində sellofanda olan pulları yataq otağına qoyub hamam otağına keçmiş, bu vaxt Ləman otaqda olmuş, hamam otağından çıxdıqdan sonra gündəlik qazancını saymayaraq yataq otağında olan dəmir seyfin aşağı hissəsinə yığmışdır. O və ailə üzvləri daima pullarını, pul kisələrini, qiymətli əşyalarını Ləmanın yanında qoymuş, xatırladığı qədəri ilə həmin seyfin açarını daima özü ilə aparmış, lakin bir neçə dəfə həmin açarı evdə unutmuşdur. 2023-cü ilin fevral ayında həyat yoldaşı Sənan sürücü olan Nailin Ləmanın evdən oğurluq etməsi barədə məlumat verdiyini bildirmişdir.Buna qətiyyən inanmamışdır. 2023-cü ilin fevral ayının 13-də binada təmizlik işləri aparan Vüsalə ona yaxınlaşmış və öz təşəkkürünü bildirmişdir. O, Vüsaləyə təşəkkürün səbəbini soruşduqda Vüsalə ona daima evində işlədiyini bildirmişdir. O, Vüsaləyə bundan xəbərsiz olduğunu bildirmişdir. Vüsalə Ləmanın demək olar ki, hər gün 20-30 manat pul verdiyini bildirmiş, o artıq bu məsələdən şübhələnmiş, yaşadığı evə gəlib həyat yoldaşına məlumat vermişdir. Sənanla birlikdə seyfi açmış və seyfə qoyduğu pulları saydıqda müəyyən miqdarda əskiklik olduğunu görmüşlər. 14 fevral 2023-cü il tarixdə işlədiyi klinikadan gündəlik olaraq aldığı pulları yoxlamış, lakin seyfdə olan pulla 38750 manat kəsr yaranmışdır. Hesablamalarına görə ümumilikdə seyfdə 200.000 manat pul olmaq yerinə seyfdə 161,250 manat pul olmuşdur. Artıq Ləmanın oğurluq etdiyinə tam əmin olduqdan sonra həyat yoldaşı Sənan Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, dəymiş ziyandan 16000 manat ödəməsini, verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında anası Ləman ona zəng edərək işlədiyi ünvana gəlməyini söyləmiş, səbəb olaraq isə ona meyvə vermək istədiyi bildirmişdir. O, həmin yerdə dayanıb anasını gözləmiş, həmin vaxt tanımadığı qadın gəlmiş və ona sellofanda meyvə vermişdir. Anası ilə əlaqə saxlayan zaman həmin qadının ev işlərində köməklik etməsini və sellofanda salfetə bükülü 1200 manat pul olduğunu bildirmişdir. Həmin pulu anasına ev sahibəsi Aysel yaşadığı evin sahibinə evi almaq üçün aylıq ödəniş etmək məqsədilə verdiyini bildirmişdir. Həmin gün axşam anası Ləman ona verdiyi 1200 manat pulu ondan alıb yaşadığı evin sahibi Sənan adlı şəxsə ödəniş etmək məqsədilə atası Gündüzə vermişdir. Bir neçə gün sonra anası Ləman onunla əlaqə saxlamış, işlədiyi evin sahibəsi Ayselin yaşadığı evi almaq məqsədilə ödəniş etmək üçün 3000 manat pul verdiyini bildirmişdir. Gəlib həmin pulu götürməsini xahiş etmişdir. O, ünvana çatdıqda yenə anasına ev işlərində köməklik edən Vüsalə əlində içində meyvə olan sellofanla yaxınlaşmış, o, həmin sellofanı götürmüş, anası ilə əlaqə saxlamış, anası ona sellofanın içində olan salfetlərə bükülü 3000 manat pul olduğunu bildirmişdir. O, anasından həmin pulu niyə salfetlərə bükdüyünü soruşduqda anası ona ev işlərində köməklik edən Vüsalənin pulları görməyini istəmədiyini və ev sahibəsi Ayselin ona köməklik etdiyini heç kimə bildirmək istəmədiyini bildirmişdir. O da pulları götürüb yaşadığı evə getmişdir. Axşam anası Ləman işdən evə gəldikdə həmin pulları Ləmana vermiş, anası həmin pulu yaşadığı evin sahibi Sənana ev almaq üçün ödəniş kimi vermişdir.İstintaq zamanı Anasının həmin evdən oğurluq etməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Kamal oğlu ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından Dövlət Sosial Müdafiə Fondunun Arxiv İdarəsinin direktoru Şahid1 sürücüsü vəzifəsində işləyir, Şahid1 ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yalnız Şahid1 xidməti sürücüsü deyil, həm də şəxsi sürücüsü kimi fəaliyyət göstərir. 2022-ci ilin dekabr ayında artıq bir neçə dəfə davamlı olaraq mənzilə gəldikdə orada Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsinda yerləşən "xxxx" MMC-də xadiməçi vəzifəsində işləyən Şahid5 evdə olduğunu görmüş, bundan əvvəl də bir neçə dəfə Vüsalənin ev işlərində Ləmana köməklik etdiyini görmüşdür. 2023-cü ilin fevral ayında Vüsalə ona Ləmandan oğurluqda şübhələndiyini bildirmişdir. O bu baradə Sənana məlumat vermiş, Sənan Ləmanın elə bir hərəkət etmədiyini bildirmişdir. Bir müddət sonra isə ev sahiblərindən evdə olan pulların əksik olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsinda yerləşən "xxxx" MMC-də xadiməçi vəzifəsində işləyir. Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 3 ünvanının 73 saylı mənzilində yaşayan sakinlərin Paşayev Aysel və Şahid1 mənzilinin xadiməçisi Təqsirləndirilən şəxs ona mənzildə bəzi təmizlik işlərində köməklik göstərməyi xahiş etmişdir. Həmin təmizlik işinin müqabilində tam dəqiq xatırlamadığı təxminən 15-20 manat pul verilmiş, bir müddət keçdikdən sonra Ləman yenə də ona evdə təmizlik işlərində köməyə ehtiyac olduğunu bildirmiş, o yene də binanın ümumi işini yekunlaşdırdıqdan sonra qalan asudə vaxtında Ləmana ev işlərində köməklik etmişdir. Ləman 2022-ci ilin dekabr ayında yenə də Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 3 ünvanının 73 mənzilində iş olduğunu və onun köməkliyinə ehtiyacı olduğunu bildirmişdir. O, yenə də Ləmanla razılaşmış, həmin mənzildə işləyən zaman oğlunun binanın qarşısında Ləmanı gözlədiyini və ac olduğu üçün Şahinə meyvə verəcəyini ona bildirmiş, Ləmanın yerinə həmin paketi oğlu Şahinə verməyini xahiş etmiş, o da həmin meyvə dolu sellofanı götürüb binanın qarşısında gözləyən Şahinə vermək üçün mənzildən çıxmış, həmin vaxt liftə olarkən meyvə dolu sellofan əlindən düşmüş və o, həmin sellofanı götürdükdə meyvələrin altında salfet olduğunu görmüşdür. Lakin selfetin arasında pul olduğunu müşahidə etmiş, həmin salfetdə nə qədər pul olduğuna baxmamış, sadəcə 50 və yüz manatlıq əskinasların olduğunu görmüşdür. Həmin meyvə dolu sellofanı binanın qarşısında gözləyən Şahinə vermiş, heç bir şey demədən Şahin sellofanı götürmüş və oradan uzaqlaşmışdır. O da yenidən mənzilə işə davam etməyə getmişdir. Bir neçə gün sonra o, yenə də həmin mənzildə ev işlərinə köməklik edən zaman Ləman oğlunun binanın qarşısında olduğunu və Şahinə sellofan verməyini xahiş etdimiş, yenə də oğlunun ac olduğu üçün meyvə olan sellofanı verməyini bildirmişdir. O, yenə də razılaşmış və həmin sellofanı götürüb aşağı düşərkən keçən dəfədən salfetin içində pul gördüyü üçün həmin sellofana baxmış, sellofanda yenə də meyvələrin arasında olan salfetin içərisində pul olduğunu görmüş, yenə də aşağıda gözləyən oğlu Şahinə həmin sellofanı vermiş, işlədiyi mənzilə qayıtmışdır. Bir neçə gün sonra o yenə də Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 3 ünvanının 73 mənzilində ev işlərinə köməklik etməyini xahiş etmiş, o həmin işlərdə Ləmana köməklik göstərmiş, bu vaxt Ləman oğlu Şahinin aşağıda gözlədiyini və Şahinə sellofanda olan paltarları verməyi xahiş etmiş, o yenə də həmin sellofanı götürüb evdən çıxmış, həmin binanın 15-ci mərtəbəsində liftdən enib paltarların arasına baxdıqda orada çoxlu pul olduğunu görmüş, yenə də aşağı enib həmin sellofanı Şahinə vermiş və geri öz işinə qayıtmışdır. Artıq bu hallar ona çox şübhəli gəlirmiş, bu səbəbdən artıq evin sahibəsi Aysel xanıma məlumat vermək istəyirmiş, amma həm də çəkinirmiş. Baş verən hadisələr 2022-ci ilin dekabrından 2023-cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində cərəyan etmişdir. 2023-cü fevral ayının təxminən 5-də bu barədə sürücü Nailə məlumat vermiş. Bundan sonra Naillə danışmış, yoxlamaq üçün Ləmandan borc pul istəyəcəyini bildirmişdir. O, xx.xx.2023-cü ildə evdə təmizlik edən zaman Ləmandan borca 200 (iki yüz) manat borc pul istəmiş, Ləman ona 200 manat vermiş, həmçinin işləmək üçün də 20 manat əlavə vermişdir. O bu barədə Nailə məlumat vermişdir. Nail ev sahiblərinə bu barədə bildirmişdir. O, evin sahibəsi Aysel xanımı gördükdə ona öz minnətdarlığını bildirmiş, Aysel xanım ondan niyə təşəkkür etdiyini soruşduqda onu demək olar ki, hər gün mənzilin təmizliyinə çağırdığını və bunun müqabilində ona ödəniş etdiyini bildirmiş, Aysel xanım ona həmin mənzildə təmizlik işlərində Ləmana köməklik etməyindən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında iş üzrə Şahid1 ifadəsi elan edilərək tədqiq edilmiş, onun ifadəsi Zərərçəkmiş şəxs ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında iş üzrə Şahid4 ifadəsi elan edilərək tədqiq edilmiş, onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsi ilə eyni məzmunlu olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində dediklərini hadisə yerində göstərməsi təklif edilmiş, bundan sonra onun deməsinə əsasən ünvan 3 ünvanına gəlinmiş, həmin ünvanda hadisə vaxtı baş verənləri yerində göstərmişdir. Bu barədə tərtib edilmiş protokol və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarından məlum olur ki, ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmaqla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 16000 manat ödəniş etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Şəhanə Cahangirova adlı yetkinlik yaşına çatmayan qızı var. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən-cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində 22750 manat məbləğində maddi zərər və 159 manat ddövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasan Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını,səmimi etirafını, ilk dəfə az ağır cinayət törətməsini, ziyandan qismən ödəniş etməsini, yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirici hallar kimi müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməməsini, şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı’’ qətimkan tədbiri ləğv edilməli, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 16 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia əsaslı olduğundan və təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs tərəfindən tam qəbul edildiyindən təmin edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 22750 (iyirmi iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və 159 (yüz əlli doqquz) manat dövlət rüsumu, ümumilikdə 22909 (iyirmi iki min doqquz yüz doqquz) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar