Məhkəmə qərarları › İş №1(011)-365/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-365/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-365/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,442 qram psixotrop maddə metamfetamin heroin əldə edib saxlamaqla daşımış, 29 fevral 2024-cü il tarixdə, saat 20:45-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanında Xətai RPİ-nin 35ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,442 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 6-7 ay olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. 29 fevral 2024-cü il tarixdə axşam saat 17 radələrində Binə qəsəbəsində mərkəz adlanan yerdə anket məlumatlarını bilmədiyi şəxslə görüşüb ona 15 manat pul verməklə şəxsi istifadəsi üçün metamfetamin alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 29 fevral 2024-cü il tarixdə saat 20:45-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 75 ünvanında piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 35-ci PB-nə məlumat daxil olduğunu bildirərək onu saxlamışdırlar. Polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə gətirmişdirlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş kristal şəklində olan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,59 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, o, həmin maddəni özü qəbul etmək üçün 29 fevral 2024-cü il tarixdə, axşam saat 14 radələrində Bakı şəhəri, Binə qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür. O, psixotrop maddəni tanımadığı yalnız üzdən gördüyü şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır, o, həmin maddəni özü qəbul etmək üçün alaraq üstündə saxlamışdır. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə X1 Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 35-ci PB-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasından çıxıb Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanına yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 20:45-də həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Xətai RPİ-nin 35-ci PBnə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş maddəni çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni 29 fevral 2024-cü il tarixdə 14 radələrində Bakı şəhəri, Binə qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pul müqabilində aldığını, həmin tarixdə Xətai rayonu, Gəncə prospekti 73 ünvanında yaşayan tanışının yanına gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsi daşıyır. xx.xx.2024-cü il tarixdə xx.xx.1995-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, məhkum olunmamış, ünvan 8 ünvanında yaşayan X1 rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 35-ci PB-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasından çıxıb Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 73 ünvanına yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 20:45-də həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Xətai RPİ-nin 35-ci PBnə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş maddəni çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni 29 fevral 2024-cü il tarixdə 14 radələrində Bakı şəhəri, Binə qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pul müqabilində aldığını, həmin tarixdə Xətai rayonu, Gəncə prospekti 73 ünvanında yaşayan tanışının yanına gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 29 fevral 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində spesifik iyli, ağ rəngli, kristal şəkilli, psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək həmin maddənin metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Binə qəsəbəsində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul müqabilində almasını, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti 73 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, təqdim olunan bükümdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə soruşulduqda, o, təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz maddə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı formada təzyiq olunmadığını və orada onun üzərində heç bir axtarış aparılmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə “Pocket Scale” markalı elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 0.58 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 31-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1256 nömrəli, 01 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 53-54); “DVD-R” diskə baxış keçirilməsi haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 29 fevral 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 67); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 72-73); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 74-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 86-87); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2861 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 89-90); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, videogörüntüyə baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1256 nömrəli, 01 mart 2024-cü il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2024-cü il tarixli, 2861 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.442 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.392 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 92-97). Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək həmin maddənin metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Binə qəsəbəsində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul müqabilində almasını, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti 73 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, təqdim olunan bükümdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıb-aparılmaması barədə soruşulduqda, o, təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz maddə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı formada təzyiq olunmadığını və orada onun üzərində heç bir axtarış aparılmadığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.442 qram olan psixotrop maddə metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 29 fevral 2024-cü il tarixdən 02 mart 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.442 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.392 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2anında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.442 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.392 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar