Məhkəmə qərarları › İş №1(011)-367/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-367/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-367/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 03 may 2021-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən binanın qarşısına gəldikdən sonra, binanın şifrə ilə təhciz edilmiş blok qapısının binanın hər hansı sakini tərəfindən açılmasından istifadə edərək, binaya qanunsuz daxil olub, binanın 12-ci mərtəbəsindəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 1500 manat qiymətində "Saft" markalı velosipedi gizli olaraq talayıb, binadan çıxarmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (min beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 03 may 2021-ci il tarixdə saat 03 radələrində ünvan 4 ünvanda yerləşən binanın qarşısına gəldikdən sonra, binanın blokuna daxil olub 11-ci mərtəbədəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 2500 manat qiymətində “Skott” markalı velosipedi gizli olaraq talayıb, binadan çıxarmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgərin əmlakını talama məqsədi ilə 08 may 2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanda yerləşən binanın qarşısına gəldikdən sonra, binanın blokuna daxil olub 11-ci mərtəbədəki dəhlizdə saxlanılan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 600 manat qiymətində “Sport Master” markalı velosipedi gizli olaraq talayıb, binadan çıxarmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 600 (altı yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər, yeni 2017-ci ildə qanunsuz olaraq narkotik vasitələr əldə edib, üstündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2018-ci İl tarixdə azadlığa buraxılmış, azadlığa buraxıldıqdan sonra, fərdi qaydada usta işləməyə başlamış, bir müddət sonra səhhətində yaranmış problemlərlə əlaqədar iş çıxmış, bundan sonra isə özünə iş tapmaqda çətinlik çəkmiş, işsiz olduğu üçün dolanmaqda çətinlik çəkmiş, bu səbəbdən də oğurluq etməklə pul əldə etmək qərarına gəlmiş, bu minvalla Bakı şəhərinin Xətai rayonu inzibati ərazisində velosiped oğurluğu ilə məşğul olmuş, belə ki, velosiped oğurlamaq ona rahat gəldiyindən, habelə velosipedə tələbat olduğu üçün tez satıldığından oğurluğun predmeti kimi məhz həmin əşyanı seçmiş, velosiped oğurluğunu müxtəlif yerlərdən, əsasən isə müxtəlif yaşayış binalarından həyata keçirmiş, oğurluq etdiyi ünvanları əvvəlcədən seçməmiş, demək olar ki, bu təsadüfi xarakter daşımış, belə ki, oğurluq etməzdən əvvəl hər hansı ünvanda yerləşən binanın blokuna girmiş, daha sonra liftlə və ya piyada olaraq binanın axırıncı mərtəbəsinə qalxmış, sonra axrıncı mərtəbədən piyada pilləkənlə aşağı enmiş, endikcə bloklara nəzər yetirmiş, bloklarda hər hansı üsulla bağlanmamış velosiped aşkar etdikdə, həmin velosipedi oğurlayıb, binadan çıxmaqla sürüb, hadisə yerindən uzaqlaşmışdır. 03 may 2021-ci il tarixdə Bakı Əyləncə Mərkəzinin yaxınlığında yerləşən hündür mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən dəhlizdən 01 ədəd “Saft” markalı velospedi oğurlamışdır, belə ki, 03 may 2021-ci il tarixdə saat təxminən 01 radələrində tək halda qeyd edilən ünvana gəlmiş, həmin ünvanda yerləşən binanın bloklarından birinə daxil olmaq istədikdə, bloka giriş qapısının şifrə ilə təhciz edildiyini aşkar etmiş, belə olan halda, bir qədər binanın qarşısında qalıb, qapını açacaq şəxsi gözləməyə başlamış, həmin ərəfədə binada yaşayan sakinlərdən biri qapını açdıqda, bundan istifadə edib, bloka daxil olmuş, ardınca lift vasitəsi ilə sonuncu mərtəbəyə qaxmış, daha sonra pilləkənlə aşağı endiyi zaman, binanın 12-ci mərtəbəsindəki dəhlizdə 01 ədəd “Saft" markalı velosiped olmasını aşkar etmiş, cəld şəkildə velosipedi oğurlayıb, lift vasitəsi ilə aşağı enmiş, daha sonra isə velosipedi binadan çıxarıb, idarə etməklə hadisə yerindən uzaqlaşaraq, Keşlə qəsəbəsinə gəlmiş, qəsəbə ərazisinə gəldikdə, velosipedi yarımtikili sahə içərisində gizlətmişdir. Həmin gün yəni, 03 may 2021-ci il tarixdə saat təxminən 03 radələrində yenidən oğurluq etmək məqsədi ilə tək halda Xətai metrostansiyası yaxınlığına gəlmiş, həmin ətrafda gəzib, oğurluq etmək üçün münasib yer axtarmağa başlamış, bu minvalla səhv etmirsə S.Orucov küçəsinə gəlib, “Kapital Bank” və “Respublika Perinatal Mərəzi"-nin yaxınlığında yerləşən binaların birinin blokuna daxil olub, lift vasitəsi ilə sonuncu mərtəbəyə qaxmış, daha sonra pilləkanla aşağı endiyi zaman, binanın xatırlamadığı mərtəbəsindəki dəhlizdə 01 ədəd “Skott" markalı velosiped olmasını aşkar etmiş, cəld şəkildə velosipedi oğurlayıb, lift vasitəsi ilə aşağı enmiş, daha sonra isə velosipedi binadan çıxarıb, idarə etməklə hadisə yerindən uzaqlaşaraq, yenidən Keşlə qəsəbəsinə gəlib, həmin velosipedi də, oğurladığı digər velosipedin yanında gizlətmiş, səhəri gün ilk əvvəl oğurladığı “Saft" markalı velosipedi satmaq üçün “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən “Bolluq Bazarı” adlanan yerə gəlmiş, orada velosipedi əvvəllər tanımadığı, adını sonradan öyrəndiyi Cavid adlı şəxsə özünün velosipedi kimi təqdim etmiş, 80 manat pul müqabilində satmış, əldə etdiyi pulu isə elə həmin gün şəxsi ehtiyaclarına xərcləmiş, təxminən 1-2 gün sonra oğurladığı digər velosipedi, yəni “Skott" markalı velosipedi sataraq pul əldə etmək qərarına gəlmiş, velosipedi bir neçə ünvanda tanımadığı şəxslərə təqdim etməsinə baxmayaraq, velosipedə 100 manatdan artıq pul təklif edən olmamış, velosiped bahalı olduğu üçün, onu ucuz qiymətə satmaq istəməyib, velosipedə daha yüksək qiymət təklif edəcək müştəri tapanadək onu Keşlə qəsəbəsində yarımçıq tikili içərisində saxlamışdır. 08 may 2021-ci i il tarixdə velosiped oğurluğu törədib bir qədər pul əldə etmək məqsədi ilə saat təxminən 02 radələrində “Megafun” yaxınlığına gəlmiş, həmin ətrafda gəzib, oğurluq etmək üçün münasib yer axtarmağa başlamış, bu minvalla əyləncə mərkəzinin yaxınlığında yerləşən binalardan birinin blokuna daxil olub, lift vasitəsi ilə sonuncu mərtəbəyə qalxmış, daha sonra pilləkənlə aşağı endiyi zaman, binanın 11-ci mərtəbəsindəki dəhlizdə 01 ədəd “Sport Master" markalı velosiped olmasını aşkar etmiş, cəld şəkildə velosipedi oğurlayıb, lift vasitəsi ilə aşağı enmiş, daha sonra isə velosipedi binadan çıxarıb, icarə etməklə hadisə yerindən uzaqlaşmış, həmin gün velosipedi sürüb Keşlə qəsəbəsinə gəlmiş, qəsəbədə gəzib, velosipedi satmaq üçün müştəri axtarmağa başlamış, velosipedi satmaq üçün müştəri axtardığı zaman, polis əməkdaşları onu saxlamış, oğurluq cinayətinin törədilməsində şübhəli olduğunu izah edib, oğurladığı velolosipedlə birgə onu 37-ci Polis Şöbəsinə gətirmiş, Polis Şöbəsində olarkən törədiyi oğurluq cinayətlərini səmimi olaraq etiraf etmiş, 08 may 2021-ci il tarixdə “Megafun” əyləncə yaxınlığındakı binanın dəhlizindən oğurladığı velosipedi polis əməkdaşlarına təqdim etmiş, həmçinin 03 may 2021-ci il tarixdə saat 03 radələrinde “Respublika Perinatal Mərkəzi"-nin yaxınlığında yerləşən binaların birinin blokundan da, “Skott” markalı velosiped taladığını və taladığı velosipedi Keşlə qəsəbəsindəki yarımçıq tikili içərisində gizlədərək saxladığını deyib, həmin velosipedi həmçinin polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 3 ay əvvəl özü üçün 1500 manat pul müqabilində “Saft" markalı velosiped almış, mənzildə velosipedi saxlamaq üçün müvafiq şərait olmadığından velosipedi yaşadığı ünvan 3 ünvanda yerləşən binanın 12-ci mərtəbəsində, 50 nömrəli mənzilinin qarşısındakı dəhlizdə saxlayır, mütəmadi nəzarət edirmiş, binanın blokuna giriş şifrəli qapı ilə təchiz edildiyindən kənar şəxslərin binaya girişin qarşısını alır, bu da bir növ velosipedin təhlükəsiz şəraitdə saxlanmasına zəmin verirmiş, buna görə də o, velosipedi zəncirbəndlə və ya hər hansı digər üsulla bağlamır, sadəcə sərbəst şəkildə dəhlizdə yerləşdirmiş, bununla belə sonuncu dəfə 02 may 2021-ci il tarixdə saat 23 radələrində mənzilinin qarşısındakı dəhlizə nəzər yetirib, özünə aid “Saft” markalı velosipedin yerində olduğunu müəyyən etmiş, səhəri gün yəni, 03 may 2021-ci il tarixdə saat təxminən 19 radələrində evdən çıxdıqda, ona məxsus olan “Saft" markalı velosipedin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra Polis Şöbəsinə yaxınlaşıb, hadisə ilə bağlı ərizə ilə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymiş, oğurluq cinayətinin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışladığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətçi olmadığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 ay əvvəl özü sürmək üçün 2500 manata “Skott” markalı velosiped almış, velosipedi yaşadığı ünvan 6 ünvanda yerləşən binanın 11-ci mərtəbəsində, 81 nömrəli mənzilinin qarşısındakı dəhlizdə saxlayır, vaxtaşırı velosipedi dəhlizdən götürməklə idarə edir, təkrarən həmin yerə gətirərək saxlayırmış, yaşadığı binanın blokuna giriş kənar şəxslər üçün məhdudlaşdırılmasa da, zəruri hesab etmədiyi üçün velosipedi zəncirbəndlə və ya hər hansı digər üsulla bağlamır, sadəcə sərbəst şəkildə dəhlizdə yerləşdirirmiş, sonuncu dəfə 02 may 2021-ci il tarixdə saat təxminən 22 radələrində işdən çıxıb, yaşadığı evə gəldikdə, özünə məxsus velosipedin saxladığı yerdə, yəni mənzilinin qarşısındakı dəhlizdə olduğunu aşkar etmiş, daha sonra evə daxil olmuş, səhəri gün, yəni 03 may 2021-ci il tarixdə saat təxminən 09 radələrində işə getmək məqsədi ilə evdən çıxdıqda, ona məxsus olan 2500 manat dəyərində “Skott" markalı velosipedin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlanadığını aşkar etmiş, bundan sonra Polis Şöbəsinə yaxınlaşıb, hadisə ilə bağlı ərizə ilə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışladığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətçi olmadığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə 600 manat pul müqabilində "Sport Master” markalı velosiped alaraq, sürmək üçün nəvəsinin istifadəsinə vermiş, mənzildə velosipedi saxlamaq üçün müvafiq şərait olmadığından velosipedi yaşadığı ünvan 7 ünvanda yerləşən binanın 11-ci mərtəbəsindət 75 nömrəli mənzilinin qarşısındakı dəhlizdə saxlayır, velosipedə mütəmadi nəzarət etdiyindən velosipedi zəncirbəndlə və ya hər hansı digər üsulla bağlamır, sadəcə sərbəst şəkildə dəhlizdə yerləşdirirmiş, bununla belə sonuncu dəfə 07 may 2021-ci il tarixdə saat 22 radələrində mənzilinin qarşısındakı dəhlizə nəzər yetirib, özünə aid “Sport Master” markalı velosipedin yerində olduğunu müəyyən etmiş, səhəri gün, yəni 08 may 2021-ci il tarixdə saat təxminən 09 radələrində evdən çıxdıqda, ona məxsus olan “Sport Master” markalı velosipedin yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra Polis Şöbəsinə yaxınlaşıb, hadisə ilə bağlı ərizə ilə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymiş, oğurluq cinayətinin törədilməsində şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışladığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətçi olmadığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “baxış keçirmə və götürmə haqqında" 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati ərazisində oğurluq cinayətlərini törətməkdə şübhəli bilindiyinə görə saxlanılaraq, şöbəyə gətirilmiş Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman, sonuncu özündə olan 01 ədəd “Sport Master" markalı təqdim edib, həmin velosipedi 08 may 2021-ci il tarixdə saat təxminən “Megafun" əyləncə mərkəzinin yaxınlığında yerləşən binalardan birinin 11-ci mərtəbəsindəki dəhlizdən gizli olaraq taladığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmçinin ünvan 8 ünvanda yerləşən yarımçıq tikilidən 01 ədəd “Skott” markalı velosipedi təqdim edib, həmin velosipedi 03 may 2021-ci il tarixdə saat 03 radələrində “Respublika Perinatal Mərkəzi”-nin yaxınlığında yerləşən binaların birindən gizli olaraq taladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 08 iyul 2021-ci il tarixli 195 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Üzərində “Skott” markalanma yazısı olan, istifadəyə tam yararlı idman velosipedi - 1 ədədinin qiyməti - 2500 manat, üzərində “Sport Master” markalanma yazısı olan, istifadəyə tam yararlı idman velosipedi - 1 ədədinin qiyməti - 600 manat olmaqla, oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 3100 manat müəyyən edilir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd “Skott" markalı və 01 ədəd “Sport Master" markalı velosipedlər iş üçün mühüm əhəmiyyət kəsb etdiyin maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04.01.2018-ci il tarixli qərarı ilə cəzası 11 ay 28 günə endirilmişdir. 24.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 08 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 10 may 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, təqsirləndirilən şəxsi bağışladıqlarını, dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətçi olmadıqlarını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 08 may 2021-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişlərə verilmiş 01 ədəd “Skott" markalı velosiped hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 və 01 ədəd “Sport Master" markalı velosiped Zərərçəkmiş şəxs3 istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişlərə verilmiş 01 ədəd “Skott" markalı velosiped hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 və 01 ədəd “Sport Master" markalı velosiped Zərərçəkmiş şəxs3 istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar