Məhkəmə qərarları › İş №1(011)-367/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-367/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-367/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin qanunla müəyyən edilmiş əsaslarla məhkumluğu ödənilməmiş, dizayner işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 27, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır xəsarət yetirmişdir. İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 00 radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 19 saylı ünvanda yerləşən yaşayış binasının qarşısında uca səslə danışmaqla nalayiq ifadə işlətməsinə görə ona haqlı iradını bildirən Zərərçəkmiş şəxs ilə aralarında bu zəmində yaranmış sözlü mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vuraraq sonuncuya çənənin sol bucaq oynaq çıxıntısı və sol əng sümüyünün yerini dəyişmiş qapalı sınıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qəsdən sağlamlığa az ağır xəsarət yetirməkdə təqsirli bilmiş, xuliqanlıq niyyəti ilə xəsartə yetirməsində isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə saat 23:30 radələrində ögey qardaşı ilə görüşmək üçün qardaşının yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 19 saylı ünvanda yerləşən yaşayış binasının qarşısına getmişdir. Qardaşı ilə görüşüb danışdıqdan sonra binanın həyətindən piyada çıxıb gedərkən binanın girişində yerləşən adsız marketin qarşısında əvvəllər tanımadığı və görmədiyi, təxminən 38-40 yaşlarında olan şəxs onu səsləyib yanına çağırmışdır. O həmin şəxsə yaxınlaşıb nə baş verməsini soruşmuş, həmin şəxs də ondan bir qədər əvvəl yaşayış binasının həyətində uca səslə mübahisə etməyinin səbəbini soruşmuşdur. O da həmin şəxsə mübahisənin artıq yekunlaşdığını və mübahisəyə səbəb olan məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir.Lakin buna baxmayaraq yenə də mübahisəyə görə həmin şəxsdən üzrxahlıq etmişdir. Bununla belə həmin şəxs gözlənilmədən əlindən tutub onu kənara çəkmək istəyərkən həmin şəxsin əlini kənara itələmişdir. Həmin şəxs onu başa salacağını bildirib bir daha qolundan tutub kənara çəkmək istədiyi anda əli ilə onun çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Daha sonra həmin şəxslə hər hansı bir danışıq aparmadan oradan uzaqlaşmışdır. Onun heç bir xuliqanlıq niyyəti olmamış, o öz yolu ilə evə gedəcəkmiş, sadəcə özünü müdafiə etmək üçün ani reflekslə həmin şəxsi bir dəfə yumruqla vurmuşdur. Hadisə ani bir anda baş vermişdir. Hadisə zamanı ətrafda hadisəni müşahidə edə biləcək kənar şəxs olmamışdır. Yumruq zərbəsindən başqa həmin şəxsə qarşı hər hansı bir fiziki zor tətbiq etməmişdir. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu və yumruq zərbəsindən xəsarət aldığını bilmiş, ondan üzrxahlıq edərək barışmış və vurulmuş zərər tam olaraq ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 21 noyabr 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində yaşadığı binanın blokun qarşısında söz-söhbət eşdirmişdir. Daha sonra evə qalxıb, yenidən aşağı düşərək mağazaya getmiş, həmin vaxt mübahisə edən şəxslərdən birini binanın həyətindən çıxıb getdiyini görmüş, onu çağıraraq nə məsələ olmasını soruşmuş, o da cavab olaraq bildirmişdir ki, ailəvi məsələdir. O isə hər nə olur-olsun gecə saatlarında sakinlərin ümumi yaşadığı çoxsaylı binaların həyətində uca səslə mübahisə etməyə ehtiyac olmadığını bildirmişdir. Həmin şəxsin onun iradına cavab verməyərək getmək istədiyini görüb qolundan tutmaq istəyərkən anu anidən yumruqla sifət nahiyyəsindən vurmuşdur. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş,Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş və ona vurmuş olduğu ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, onun barəsində olan cinayət işinə xitam verilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, 21 noyabr 2023cü il tarixdə təxminən saat 23:30 radələrində idarə etdiyi avtomobillə yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 19 saylı ünvanda yerləşən yaşayış binalarının həyətinə gəlmişdir. Həmin vaxt idarə etdiyi avtomobili yaşadığı binanın qarşısında park edib avtomobildən düşmüşdür. Daha sonra blokun qarşısında onunla eyni binada yaşayan bir nəfər kişi cinsindən olan qonşunun dayanmasını görüb təxminən 5-10 dəqiqə müddətində onunla söhbətləşmişlər. Həmin qonşu ilə söhbət etdiyi vaxtda yaşadığı binadan 1 blok sağ tərəfdə yerləşən binanın qarşısında 2 nəfər şəxsin sözlü mübahisə etməsini görmüşdür. Mübahisə edən şəxslərdən biri həmin binada yaşayan tanıdığı orta yaşlı kişi cinsindən olan şəxs, digəri isə əvvəllər də təxminən 4-5 dəfə həmin binaya qonaq gəlmiş əvvəllər tanımadığı şəxs imiş. Həmin şəxslər bir-birlərinə qarşı fiziki zor tətbiq etməsələr də onlardan tanımadığı şəxs uca səslə və təhqiramiz ifadələrlə danışmışdır. Lakin həmin vaxt onların arasında olan mübahisəyə hər hansı bir formada müdaxilə etməmişdir. Qonşusu ilə aralarında olan söhbəti yekunlaşdırdıqdan sonra qonşusu yaşadığı mənzilə qalxmışdır. O isə siqaret almaq üçün məhəllənin girişində olan marketə daxil olmuşdur. Marketdən qayıtdıqdan sonra yaşadığı binanın qarşısında bir qədər əvvəl qonşu binanın qarşısında mübahisə edən, əvvəllər tanımadığı, təxminən 30-35 yaşlarında olan cavan oğlanla rastlaşmışdır. Həmin an istəmədən də olsa həmin şəxslə göz-gözə gəlmişlər. O söhbətə başlayıb həmin şəxsdən bir qədər əvvəl qonşu binanın qarşısında gecə saatları olmasına görə uca səslə və nalayiq ifadələr işlətməklə mübahisə etməyin yersiz olmasını izah etmişdir. Həmin şəxs isə onun kim olduğunu və harada yaşadığını soruşmuşdur. O da həmin şəxsə yaşadığı binanı göstərib həmin binada yaşadığını bildirmişdir. Həmin şəxs mübahisənin ailə daxili problem olmasını bildirib ona aidiyyətinin olmadığını demişdir. O isə hər nə olur-olsun gecə saatlarında sakinlərin ümumi yaşadığı çoxsaylı binaların həyətində uca səslə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə ehtiyac olmadığını bildirmişdir. Bu anda həmin şəxs ondan bir qədər kənarlaşıb daha sonra anidən üzərinə doğru gələrək əli ilə sifətinin sol tərəfindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra həmin şəxs piyada hərəkət edib yaşayış binalarının həyətindən uzaqlaşmışdır. Həmin vaxt ağız nahiyəsindən qan axmasını görüb dərhal yaşadığı evə getmişdir. Həyat yoldaşı ağız nahiyəsindən kəskin qan axmasını görüb nə baş verməsini xəbər aldıqda binanın qarşısında tanımadığı şəxslə aralarında olan sözlü mübahisə gedişatında həmin şəxs tərəfindən sifət nahiyəsindən yumruq zərbəsi vurulması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır və ona vurulmuş zərər tam olaraq ödənilmişdir.(i.v 122-125) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); 02 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs 02 mart saat 13:55-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 13:20-dən hesablanmışdır (i.v.23); şəxsi axtarış və götürmə aparılması haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,424 qram, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür.(i.v 34-36) 03 mart 2024-cü il tarixli, 2-6/1277 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,424 qr olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(i.v 44-47) (Ekspertizanın xərci 81 manat) 03 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə, təmiz çəkisi 0,424 qram, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülür.(i.v58-59) 03 mart 2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, HK-1/2127 saylı araşdırma materialı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaq materialları və iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v60-61) 22 noyabr 2023-cü il tarixli ərizədən görünür ki,Zərərçəkmiş şəxs ona yaşadığı binanın qarşısında olarkən əvvəllər tanımadığı şəxsin nalayiq ifadələr işlətməsinə görə irad bildirdiyi üçün gözlənilmədən yumruqla xəsarət yetirdiyini, həmin şəxsin məsuliyyətə cəlb olunmasınını bildirmişdir.(i.v63) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş foto materiallardan görünür ki, Həsənov X4 Mail ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında yetirmişdir.(i.v 68-69) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 17 fevral 2024-cü il tarixli, 174 nömrəli rəyindən görünür ki, 1982 - ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə - tibbi ekspertizasına və onun adına təqdim edilmiş xəstəlik tarixinin kserosurətində qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qərarda qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlirəm:

1. Vət.Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - çənənin sol bucaq oynaq çıxıntısı və sol əng sümüyün yerini dəyişmiş qapalı sınıqları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, müxtəlif şəraitlərdə əmələ gələ bilər, o cümlədən də qərarda göstərildiyi şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur, əgər belə bir şərait istintaq yolu ilə müəyyənləşdirilərsə və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. 2.Vət.Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü - özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyildir.(i.v 72-75) 04 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 80- 81) Zərərçəkmiş şəxs tərəfindən verilmiş **********170 saylı, 09 dekabr 2023-cü il tarixli notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur.(i.v 99) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-165/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir.Təqsirləndirilən şəxsin məhkəmə iclas zalında vermiş olduğu ifadəsindən görünür ki, 2023-cü ilin noyabr ayında qardaşı ilə söhbət edərkən ucadan danışdığı üçün həmin məhlədə yaşayan Mail adlı şəxs ona yaxınlaşaraq ucadan danışmasını irad bildirmiş, o da üzürxahlıq etsə də, Mail yenə ona irad bildirmiş və söhbət əsnasında əlini cibinə apardığı üçün onu yumruqla vurmuşdur. Mailin bütün əməliyyat xərclərini qarşılamışdır. Onunla barışıq əldə etmişdir. Lakin, onun üzərində heç bir narkotik vasitə olmamışdır. (i.v 100-103) 14 mart 2024-cü il tarixli zərəçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki,Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində tanınmışdır.(i.v 115) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə təqsirli bilinmiş,11 il azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 09 il 06 aya endirilmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il qərarı ilə xx.xx.2013-cü il tarixli qərar ləğv edilərək yenidən apellyasiya baxışına təyin edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsilə təqsirli bilinərək 04 il 10 ay azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017 ci il tarixli 816 VQD saylı Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə cəzası 04 il 04 ay saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 il tarixli 2545 cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.(i.v 127) xx.xx.2024-cü il tarixli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X1 1663 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür.(i.v140-141) 23 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində bildirdiklərini bir daha bir-birinin üzünə deyərək təsdiq etmişlər.(i.v162-164) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, onun barəsində hər hansı şikayət və tələbi yoxdur.(i.v167) Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentybar 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumemtə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 20 mart 2013-cü il tarixdən hesablanması höküm olunmuşdur.(i.v 170-173) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekbar 2013-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentybar 2013-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 09 il 06 ay müddətinə endirilmişdir.(i.v181-184) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cimaddəsinə əsasən X3 Bakı Apellyasiya Məhkəməsini xx.xx.2013-cü il tarixli qərarı ilə təyin edilmiş 09 il 06 ay müddətinə azadıqdan məhrumetmə cəzasının xx.xx.2017-ci il tarixə çəkilməmiş 04 il 09 ay 8 gün hissəsi hazırki hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 04 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v 174-180) Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.(i.v 185) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-339/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir.(i.v 207-211) sübutların qiymətləndirilməsi barədə 22 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət işinə xitam verilməsi, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə yenidən ittiham olunmaqla sonuncunun həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən maerial ayrılmaqla icraata qəbul edilməsi,qərarın surətinin əməliyyat-axtarış tədbirnin gücləndiriləsindən ötrü Xətai RPİ-nin 35-ci PŞ-ə göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,424 qr psixotrop maddə metamfetamin üzrə tədqiqat aparıldıqdan sonra qalıq qalmış 0,374 qr çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin NH-ə təhvil verilməsi, əməlində Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığndan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.1 və 127.2.2-ci maddələri ilə cinayət təqibinin başlanmasışış rədd edilməsi, Təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərə çəkmiş şəxsin ifadələri, üzləşdrimə, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar,məhkəmə-tibbi ekspertizasının rəyi və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış materiallar ********* nömrəli cinayət işi üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 220-232), 22 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham edilmişdir.(i.v236) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır,ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, həmçinin, təqsirləndirilən şəxsin xuliqanlıq niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kim qiymətləndirilmişdir. Məhkəmə hesab edir, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Belə ki, Аzərbаycаn Rеspublikаsı CM-nin 127.2.3-cü mаddəsinin dispоzisiyаsındа spеsifik əlаmət kimi nəzərdə tutulan xuliqanlıq niyyəti qanunvericilikdə, məhkəmə təcrübəsində və müvafiq hüquq ədəbiyyatında təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək kimi açıqlanmışdır. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər CM-nin 127.2.3-cü maddəsi ilə tövsif oluna bilməz. Cinаyətin subyеktiv cəhəti – cinаyətin оbyеktiv əlаmətlərinin şəхsin şüurundа əks оlunаn subyеktiv оbrаzı və оnа münаsibətidir. Subyеktiv cəhət şəхsin ictimаi təhlükəli əmələ və оnun nəticəsinə оlаn dахili psiхi münаsibəti оlub, mоtiv və məqsəddə, qəsd və еhtiyyаtsızlıqdа ifаdə оlunur. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsə аz аğır bədən хəsаrəti yеtirmə, əməlin məzmunundаn və təqsirkаrın niyyətindən, hаbеlə оnun hərəkətlərinin törədilmə şərаitindən, mоtiv və məqsədindən аsılı оlаrаq bаşqа cinаyətlərdən fərqləndirilməlidir. Təqsirkаrın əməlinin zərər çəkmiş şəхsə qəsdən аz аğır bədən хəsаrətinin хuliqаnlıq niyyəti ilə yеtirilməsi, təqsirkаrın hərəkətlərini хаrаktеrizə еdən yuхаrıdа sаdаlаnаn əlаmətlərlə yаnаşı хuliqаnlıq niyyəti mоtivinin mövcudluğu mütləqdir. Şəхsi ədаvət zəminində yаrаnаn, о cümlədən zərər çəkənin əməlləri və sаir hərəkətlərindən irəli gələn, аilədə, mənzildə, qоhumlаrа və yа tаnışlаrа qаrşı təhqir, döymə, yüngül və yа аz аğır bədən хəsаrətləri yеtirmə, əmlаkı dаğıtmа və sаir bu kimi hərəkətlər, ictimаi qаydаnı pоzmаqlа və cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə еtməklə müşаyiət оlunmаyıbsа, хuliqаnlıq niyyəti kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinаyət Məcəlləsinin şəхsiyyət əlеyhinə, yахud bаşqа cinаyətlərə görə məsuliyyət nəzərdə tutаn müvаfiq mаddələri ilə tövsif оlunmаlıdır. İstintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına hüquqi qiymət vermədən, ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. İstər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsə az ağır bədən xəsarəti yetirməsini təsdiq еdən mötəbər sübutlаr əldə edib qiymətləndirilməsi mümkün olmadığından və məhkəmə iclаsındа belə mötəbər sübutlаrın müəyyən edilmədiyini nəzərə аlаrаq, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif еtməyi qаnuni və əsаslı sаyır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs olmuşdur. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra məhkəmə istintaqında dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadələri ilə Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham təkzib olmaqla təqsirləndirilən şəxsin ifadəsi zərərçəkmiş şəxsin ifadəsi ilə tam təsdiq olunur və üst-üstə düşür. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və sonuncunun təşəbbüsü ilə olan hərəkətlərinə cavab hərəkətlər kimi təzahür etmişdir. Belə ki, hər iki tərəfin ifadəsi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs qardaşı ilə mübahisəni bitirdikdən sonra, binanın həyətindən çıxıb gedərkən M.Mamiyev ona yaxınlaşaraq iradını bildirmiş və bu zəmində aralarında mübahisə baş vermişdir. Qeyd edilən fakt həm təqsirləndirilən şəxsin, həmdə zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadə ilə təsdiq edilir. Yəni, hazırda Təqsirləndirilən şəxs ittiham olunduğu əməl onun təşəbbüsü ilə baş verməmişdir. İlkin olaraq o, qardaşı ilə mübahisə etmiş, qardaşı ilə aralarında olan mübahisə bitdikdən sonra, Təqsirləndirilən şəxs ayrılıb getmək istəyərkən zərərçəkmiş şəxs onu çağırıb irad bildirmişdir. “Xuliqanlıq işləri üzrə” Ali Məhkəmənin Pelnum qərarının müddəaların əsas götürərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kimi işlərdə hadisənin ilkin olaraq kimin təşəbbüsü ilə baş verməsi müəyyən edilməlidir. Cinayət işi materiallarını və məhkəmədə tədqiq edilən sübutları araşdıraraq məhkəmə haqlı olaraq qənaətə gəlir ki, bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə tövsif edilməli, zərəçəkmiş şəxsin ilkin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin nalayiq ifadələr işlətməsini əsas gətirərək ona yaxınlaşıb irad bildirdiyini qeyd etsə də, zərərçəkmiş şəxsin özünün ibtdiai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, zərərçəkmiş şəxs ilkin olaraq təqsirləndirilən şəxs ilə qardaşı arasında olan mübahisəni görmüş, lakin həmin vaxt onlara yaxınlaşmamış və heç bir irad bildirməmişdir. Daha sonra onlar ayrıldqıdan sonra çıxıb getmək istəyən Təqsirləndirilən şəxs yaxınlaşaraq ona irad bildirmiş və mübahisə etməyə başlamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Аzərbаycаn Rеspublikаsı CPM-in 318.1-ci mаddəsinin tələbinə görə, məhkəmə bахışı nəticəsində məhkəmə təqsirləndirilən şəхsin əməlini аğır cinаyətdən dаhа yüngül cinаyət əməlinə tövsif еtmək, hаbеlə оnа qаrşı irəli sürülmüş ittihаmdаn аyrı-аyrı bəndləri çıхаrtmаq hüququnа mаlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar