Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-368/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta texniki təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu E.Əliyev küçəsi 4-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayənişin yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixatrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə təmiz çəkisi 1,334 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək 01 ədəd kibrit qutusunun içərisinə qoyub üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Mingəçevir küçəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Neft emalı X1 əməkdaşları tərəfindən yaxalanmış, Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək üzərinə baxış zamanı, əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən saxladığı 0,321 qram psixotrop maddə metamfetamin və 1,334 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir ki, qida məhsullarının müxtəlif məhəllələrdə səyyar formada satışı ilə məşğul olur. Təxminən 1994-cü ildən başlayaraq 3-4 il müddətinə narkotik vasitə marixuana əldə edib qəbul etmiş, sonradan öz iradəsi ilə narkotikdən uzaqlaşmışdır. Təxminən bir il yarımdır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib iyləmə yolu ilə qəbul etmişdir. xx xxxx 2020-ci il tarixdə axşama yaxın «köhnə maşın bazarı» adlanan yerdə yol kənarında dayanıb, heç bir işi olmadığı üçün vaxt keçirmiş, həmin vaxt yaxında bir cavan oğlan da dayanmış, o, həmin oğlanı əvvəllər tanımamış və həmin oğlanın təxminən 30 yaşı olmuşdur. O, həmin oğlandan siqaret istəmiş və həmin oğlan ona siqaret vermişdir. Sonra oğlanla aralarında ünsiyyət yaranmış, bir qədər söhbət etdikdən sonra o, həmin oğlana özünün narkotik istifadə etdiyini, lakin hazırda olmadığını bildirmişdir. Oğlan bir qədər ordan-burdan soruşub sonra istəsə və pulu varsa onun üçün tapa biləcəyini demişdir. O, həmin oğlana 60 manat pulunun olduğunu və mümkünsə ona həmin pulun müqabilində heroin və metamfetamin tapmasını demiş, həmin oğlan da ona biraz gözləməsini və gələcəyini bildirib ondan aralanmış və təxminən 15-20 dəqiqə sonra həmin oğlan onun yanına qayıtmış və ona bir kibrit qutusu verərək içərisində bir büküm heroin və bir büküm metamfetamin olduğunu demişdir. Oğlan onları «kakos» və «şüşə» adı ilə demiş, 60 manatı oğlana vermişdir. Həmin günü imkan olmadığı üçün onlardan istifadə etməmiş, növbəti gün, yəni xx xxxx 2020-ci il tarixdə günortadan sonra o NZS qəsəbəsində «Arzu» şadlıq sarayının arxasında gələn yolun üstündə olan dəmir yolu xəttinin yaxınlığında kimsəsiz yerdə heroin və metamfetaminin hərəsindən bir qədər istifadə etmiş, sonra isə narkotik təsiri altında elə həmin yerdə oturmuşdur. Saat təxminən 17 radələrində ona polis əməkdaşları yaxınlaşmış və onlar onun narkotik qəbul etməsindən şübhələnmişlər. Həmin vaxt təsadüfən oğlu Vüsal onlara yaxınlaşmış və polislərin nə üçün onu saxladıqlarını soruşmuş, sonra polis əməkdaşları onu və oğlunu 37-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə video kamera ilə çəkiliş altında vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən içərisində heroin və metamfetamin olan kibrit qutusu aşkar edilib götürülmüşdür. O, polis əməkdaşlarına səmimi olaraq həmin heroin və metamfetamini şəxsi istifadəsi üçün aldığını və özünün narkotik istifadəçisi olduğunu etiraf etmiş, sonra hər iki büküm zərfə qoyulub möhürlənmiş və tərtib olunmuş protokolu imzalamışdır. O, narkotik vasitəni aldığı şəxsin heç bir anket məlumatını və əlaqə telefonunu bilməmişdir. Həmin oğlan ona bu barədə məlumat verməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin öz xətti ilə yazmış olduğu izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə həmkarları ilə Xətai rayonu Mingəçevir küçəsində xidmət etdikləri ərazini birgə yoxlayan zaman bir nəfərin özünü şübhəli apardığını görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədini göstərməsini bildirmişlər. Həmin şəxs üzərində heç bir sənədinin olmadığını bilmiş və həmin şəxsi özünü şübhəli apardığına görə onu 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsindən məlum olmuşdur ki, həmin şəxs 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxsdur. PŞ-nin inzibati binasının xidməti otaqlarının birində video çəkilişlə vəkilin və onların iştirakı ilə şübhəli şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ qabaq cibindən kibrit qutusunu çıxararaq stolun üzərinə qoymuş və kibrit qutusunda narkotik vasitə olduğunu bildirmişdir. Ondan kibrit qutusunu açmasını və içərisində olan maddəni göstərməsini bildirdikdə, həmin şəxs kibrit qutusunu açmış, kibrit qutusunun içərisindən 02 ədəd bükülmüş maddə çıxmış və bükümlərin birinin narkotik tipli vasitə olan kakos, digərinin isə kristal şəkildə maddə olması məyyən edilmişdir. Hər birini ayrı-ayrılıqda tanımadığı şəxsdən 30 manata aldığını demiş və özünün narkotik vasitə aludəçisi oğlunu və bununla da həmin şəxsin üzərindən götürülən vasitə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:45-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Xətai rayon Polis idarəsinin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X7, DİN-nin BMİ-nin X10 Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid3, DİNnin BMİ-nin X10 Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid1, DİN-nin BMİ-nin X10 Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) X8, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Bakı şəhər Xətai RPİ-nin 37-ci PŞ-nın inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunda 01 ədəd sellofan bükümünü və 01 ədəd falqa bükümünü təqdim edərək, 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kütlənin narkotik vasitə “Kokos” olduğunu, 01 ədəd falqaya bükülmüş bükümdə ağ rəngli kristal şəkilli maddənin narkotik vasitə “Şüşə” olduğunu bildirib, həmin narkotik vasitə “kokos” və psixatrop maddə “şüşəni” xx xxxx 2020-ci il tarixdə Xətai rayonu maşın bazarının yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd sellofana bükülmüş gəhvəyi rəngli toz şəkilli maddə və 01 ədəd falqaya bükülmüş ağ rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfitaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 25-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1336 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus «Zərflər üçün №153» möhür əksi v əvə «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş….» və s. yazılar olan zərfdəki 01 ədəd kibrit qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 0,321 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,334 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsula hazırlanmış narkotik vasitə – heroindir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (i.v. 37-41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 50-51); qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 60-62); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 78); qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (i.v. 93); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(011)- 579/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 105-107); qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 108-109); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 xx.xx.2020-ci il tarixli, 2578 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 114-115); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə şəxsin barəsində müvafiq materiallar ayrılaraq, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd kibrit qutusunda 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1,284 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,271 qram psixotrop maddə metamfetamin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Xətai RPİ-nin MSK-na təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin aşkar edilməsi zaman qeydə alınmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 117-121). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunda 01 ədəd sellofan bükümünü və 01 ədəd falqa bükümünü təqdim edərək, 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kütlənin narkotik vasitə “Kokos” olduğunu, 01 ədəd falqaya bükülmüş bükümdə ağ rəngli kristal şəkilli maddənin narkotik vasitə “Şüşə” olduğunu bildirərək masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüləri Xətai rayonu maşın bazarının yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,334 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,321 qram olan metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,284 qram narkotik vasitə heroin və 0,271 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-368/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-368/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver