Məhkəmə qərarları › İş №1(011)-368/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-368/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-368/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.847 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 may 2022-ci il tarixdə saat 17:40-da Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Dostluq küçəsində saxlanılıb, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,847 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 44 günlük müharibə iştirakçısı və qazidir. ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 1 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyası yaxınlığında üzdən tanıdığı Əli adlı bir şəxsdən əldə edir. 06 may 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xətai" metrostansiyası yaxınlığına gedib Əliyə 10 manat pul verib narkotik vasitə olan heroin gətirməsini istəmiş, təxminən 10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini gətirib vermiş, o da narkotik vasitə olan heroini əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 06 may 2022-ci il tarixdə saat 17:40-da yaşadığı Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Dostluq küçəsinə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nə dəvət etmiş, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirimiş, bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirdikdə, o da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Axtarış protokollaşdırılmış və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalar ilə protokolun doğruluğu təsdiq edilmişdir. Daha sonra son sözündə təqsirləndirilən şəxs ilk dəfə belə səhvə yol verdiyini, qazi olduğunu, əməlindən peşman olmasını, səmimi etirafını və ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Xətai rayonunun inzibati ərazisində, UPD qəsəbəsində yaşayan Rəşad adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq, birlikdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Dostluq küçəsinə yollanmış, həmin gün saat 17:40 radələrində orada şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşduqda o, özünün Təqsirləndirilən şəxs olmasını bildirmiş, həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu şübhəli şəxs qismində Xətai Rayon Polis İdarəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə getməyə razılıq vermiş və birlikdə polis idarəsinə yollanmış, polis idarəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuş, vəkil polis idarəsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülü masanın üzərinə qoymuş, həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini öz istifadəsi üçün Xətai rayonu, Xətai metrostansiyasınm yaxınlığında Əli adlı şəxsdən 10 manata alıb istifadə etmək üçün üzərində gəzdirmiş, əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahidin ifadəsi təqsirləndirilən Təqsirləndirilən şəxs və Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2022ci il tarixli protokolun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai RPİ-nin NMQ-nun və 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Dostluq küçəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Xətai rayon Polis İdarəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,98 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “videogörüntülərə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formalı diskə Bakı şəhəri Xətai RPi-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,98 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynindəki şalvarın sağ cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini, polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu və həmin kütlənin özünə məxsus olduğunu bildirib, videogörüntülərdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2022-ci il tarixli 6/2646 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs imza....” sözləri qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,847 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayacan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbayacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (Tədqiqatdan sonra qalıq 0.797 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin 2819 saylı, 27 may 2022-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatindan sonra qalıq qalmış 0.847 qram narkotik vasitə heroin, 0.797 qram narkotik vasitə - heroin saxlanılması üçün Bakı şəhər Xətai rayon Polis idarəsinin saxlancına verilmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişi əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 08 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarından məlum olur ki, 08 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, məhkəmə çağırışlarından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə məhkəmənin qərarına əsasən tutulmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs “İİ Qarabağ” müharibəsi iştirakçısı və qazi olmasını, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, ilk dəfə cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 10 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,797 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 10 (on) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 20 (iyirmi) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,797 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar