Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-368/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,567 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2024-cü il tarixdə saat 16:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 18 ünvanının qarşısında saxlanılıb, ünvan 2 RP-nin 37-ci PŞyə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,567 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055 məhəllə ünvanında qeydiyyatda olmaqla tək yaşayır, subaydır, işsizdir və əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Artıq bir neçə ildir narkotik vasitələrdən istifadə edir, buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saatlarında bədənindəki ağrılar səbəbindən yaşadığı ev ünvanını tərk edərək narkotik vasitə əldə etmək qərarına gəlmiş, bu minvalla ictimai nəqliyyatlardan istifadə edərək saat 14 radələrində Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığına çatmışdır. Orada bir neçə ay əvvəl narkotik vasitə əldə etdiyi, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Elbrus” adlı şəxslə rastlaşmış və həmsöhbət olmuşdur. Ünsiyyət əsnasında sonuncuya bədənində ağrıların olduğunu demiş və həmin şəxs ona 25 manat qarşılığında narkotik vasitə olan “kakos” verə biləcəyini bildirmişdir. Bundan sonra o, üzərində olan 25 manat pulu həmin şəxsə vermişdir. Təxminən 20-25 dəqiqə metronun ətrafında həmin şəxsi gözləmiş və sonuncu 25 manat pulun qarşılığında ona 01 ədəd qızılı rəngdə kağıza bükülmüş “kakos” adı ilə tanıdığı narkotik vasitəni vermişdir. Həmin narkotik vasitə heroini əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyub həmin şəxsdən ayrılmışdır. Bundan sonra metrodan istifadə etməklə Xətai rayonunda yerləşən metronun “Xətai” stansiyasına gəlmiş, metrodan çıxıb narkotik vasitəni istifadə etmək üçün gizlin yer axtarmaq məqsədilə bir qədər piyada hərəkət etmiş, xx.xx.2024-cü il tarixdə saat 16:30-da narkotik vasitəni istifadə etmək üçün gizlin yer axtararkən Xətai rayonu, F.Bayramov küçəsi 18 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 37-ci PŞ-nə gəlmiş, PŞ-də olarkən narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda üzərində bir büküm “kakos” olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 0,77 qramda olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, o, heroin istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddələri heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Hazırda təqdim etdiyi narkotik vasitə heroindən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Narkotik vasitə heroini əldə etdiyi şəxsi yalnız üzdən tanıyır, həmin şəxslə təsadüfən rastlaşmış, onun anket məlumatlarını bilmir, xarici görünüşcə o, təxminən orta boylu seyrək saçlı və üzü saqqallı şəxs olmuş və həmin şəxsin mobil nömrəsini bilmir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövrüyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmiş, şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Şahid2la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 27 mart 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələri göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Əkbər Hacıyevə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055 məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı Əkbər Hacıyev, Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd qızılı kağıza bükülmüş bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və bundan başqa həmin heroini Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığında “Elbrus” adlı şəxsdən 25 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra bir ədəd qızılı kağız bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 0,77 qram olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda sonuncu, üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığında üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi “Elbrus” adlı şəxsdən 25 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı Şahid2 və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nın CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küç, 1055-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun üzvləri tərəfindən əməliyyat tədbirləri həyata keçirilməsi qərara alınmışdır; (i.v.5) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai RPİ-nin 37-ci PŞ-nin 27 mart 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini, psixotrop maddələrin əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 37-ci PŞ-nın əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri - Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nın CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Seyfula Əsədli; qrupun üzvü - Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nın polis sahə inspektoru, polis baş leytenatı Şahid2 ibarət olmuşdur; (i.v.8) - şübhəli şəxsin tutulması haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 16:30 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.21) - şəxsi axtarış və götürmə aparılması haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd qızılı kağızın içərisində bükülmüş 01 ədəd bükülünü təqdim etdi. Həmin bükümün içərisində nə olması ondan soruşulduqda, kütlənin narkotik maddə olan “kakos” olmasını bildirmişdir. Həmin bükümdə olan toz halında maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükülünün çəkisi 0,77 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, H.Aslanov M/S-nın qarşısında Elbrus adlı şəxsdən 25 manata alıb, özü istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v.32-33) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1684 nömrəli 28 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №153” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,567 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,567 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,517 qram; (i.v.40-44) - DVD diskə baxış keçirilməsi haqqında 28 mart 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Əkbər Hacıyev tərəfindən keçirilir. Axtarış Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin PŞ-nın sahə inspektoru polis baş leytenantı Şahid2 iştirakları ilə aparılır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə aparılmasından əvvəl onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü surətdə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükülünü tədqim etdi. Həmin bükümdə nə olması Təqsirləndirilən şəxs soruşulduqda o, həmin kütlənin narkotik vasitə “kakos” olduğunu bildirdi. Həmin qızılı rəngli kağıza bükülmüş bükülü açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edildi. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildi və məlum oldu ki, kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,77 qramdır. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitə heroini Xətai rayonu, H.Aslanov m/stsı yaxınlığında anket məlumatlarını bilmədiyi “Elbrus” adlı şəxsdən 25 AZN müqabilində almış və özü istifadə etmək üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq olundu; (i.v.49) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.52-53) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 mart 2024-cü il tarixli 4(011)-235/2024 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.81-84) - təqsirləndirilən şəxsin köçürlüməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizası müayinəsindən keçməsindən ötrü hal-hazırda saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə 01 (bir) günlük keçirilməsi qərara alınmışdır; (i.v.85) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Həmzəyev X5 rayon Məhkəməsini hakimi X4 1(001)-380/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Bakı şəhər Probasiya İdarəsinin arayışına əsasən məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 19 aprel 2024-cü il tarixli xx/xx-4647 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur; (i.v.96) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X8 20 aprel 2024-cü il tarixli 2074 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur; (i.v.97) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 23 aprel 2024-cü il tarixli 1/1811 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib; (i.v.98) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 03 may 2024-cü il tarixli 5757 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 1055 məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.99) - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 1(001)- 380/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət hazırki cəzanın müddətindən bir günə iki gün hesabı ilə hesablanaraq çıxılmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir; (i.v.101-107) - Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsinə vətəndaş Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır; (i.v.110) - Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 113 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ə.Salamzadə küçəsi 1055 saylı mənzildə qeydiyyatdadır; (i.v.111) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli 2290 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.124-125) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,567 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 83.3.2-ci maddəsinə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 27 mart 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,517 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,517 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-368/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-368/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver