Məhkəmə qərarları › İş №1(011)-369/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-369/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-369/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Emalı müəssisəsinin ərazisində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə, saat 16:40 radələrində idarə etdiyi “Tufan 50” markalı mopedlə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Əhmədli metro stansiyası istiqamətindən Xalqlar Dostluğu metro stansiyası istiqamətində yolun ən sol zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitəsinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirməli olduğu halda bunu etməmiş, hərəkətini davam etdirərək ünvan 1 ünvanda yerləşən “Music Gallery” mağazasının yaxınlığında piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyada 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə vuraraq, ona ehtiyyatsızlıqdan baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə sümüyünün xətti sınığı ilə qeyd olunan başın sağ ənsə nahiyəsində hematoma və sağ dirsək oynağı nahiyəsində qançır və üzərində sıyrıq kimi, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra, Zərərçəkmiş şəxs qayğı göstərməyə borclu olduğu halda və bunun üçün real imkanı olsa da zərərçəkmişə kömək göstərməyərək Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyaraq hadisə yerindən getmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi yoxdur. Mühərrik həcmi 50 kubmetrdən aşağı olan nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmadan idarə etmək mümkün olduğundan tanışı Əli Cəbrayılova məxsus “Tufan 50” markalı mopedi arada bir günlük 10 manat olmaqla icarəyə götürüb sürmüşdür. X1 ağır onkoloji xəstədir. 13.03.2021-ci il tarixdə saat 16:40 radələrində onkoloji xəstə olan arvadına dərman aparmaq üçün idarə etdiyi moped ilə Əhmədli metro stansiyası istiqamətindən Məhəmməd Hadi küçəsi ilə üzü Xalqlar Dostluğu metro stansiyası istiqamətinə hərəkət etmişdir. Həmin vaxt yolda sıxlıq olduğundan idarə etdiyi moped ilə yolun sol zolağına çıxıb hərəkətini davam etdirmişdir. Həmin vaxt idarə etdiyi moped ilə Məhəmməd Hadi küçəsində yerləşən “Music Gallery” mağazasının qarşısında, piyada keçidi ilə yolu keçən, təxminən 20 yaşlarında olan bir qızı vurmuşdur. Zərbədən qız yerə yıxılmışdır. O, mopedi saxlayıb qıza yaxınlaşmışdır. Həmin vaxt ora ətrafdan adamlar yığışmış və o, qorxub mopedə əyləşib oradan uzaqlaşmışdır. O, piyada keçidi ilə keçən həmin qızı görməmişdir. Piyada keçidinin qarşısında, ondan sağ istiqamətdə digər avtomobillərin dayandığını görsə də, piyada keçidindən piyada keçə biləcəyinə əhəmiyyət verməyib tələsdiyindən yolun sol zolağı ilə hərəkətini davam etdirmişdir ki, nəticədə piyada keçidində, sonradan adının Mixək olduğunu bildiyi qızı idarə etdiyi moped ilə vurmuşdur. Beləliklə o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək CM-nin 143-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Tibb Universitetinin 5-ci kurs tələbəsidir. 13 mart 2021-ci il tarixdə saat təxminən 16 radələrində Əhmədli metro stansiyasından Xalqlar Dostluğu metro stansiyası istiqamətində hərəkətdə olarkən ünvan 2 ünvanında yerləşən “Music Gallery” mağazasının qarşısındakı olan piyada keçidi ilə yolu sağdan sola adi yerişlə keçən zaman o, hərəkətdə olan yolda avtomaşınların dayanıb dayanmamasına nəzarət etmişdir. O, yola baxan zaman birinci zolaqda avtomobil qəza işıqlarını yandıraraq onun piyada keçidindən keçməyinə şərait yaratmışdır. İkinci zolaqda avtomobil də həmçinin sürətini azaldaraq onun yolu təhlükəsiz keçməyi üçün şərait yaratmışdır. İkinci zolağı keçdikdən sonra yolun ortasında olan dirəklər ilə piyada keçidinin arasında qalan yerə çatan zaman gözlənilmədən ona güclü zərbə dəydiyini hiss etmişdir. Zərbənin təsirindən o yerə yıxılmış və özünü itirmişdir. O, yerdə olan zaman hadisənin təsirindən beynində səs küy olsa da, baş vermiş hadisənin səsinə toplanmış şəxslərin danışığına əsasən, mopedin sürücüsünün baş vermiş hadisədən sonra hadisə yerində gözləməyərək çıxıb getməsini başa düşmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, CM-nin 143-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 267.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır ( i.v. 01); 13.03.2021-ci il tarixli, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanda yolun sağ tərəfindən sol tərəfinə doğru 8 metr məsafədə piyada vurulmuş, hadisə yerində yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş 6 hərəkət zolağından ibarət olmuş və yolun ümumi eni 18 metr olmuşdur(i.v.4-9); məhkəmə-tibbi ekspertizasının 22 mart 2021-ci il tarixli, 218 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə - beyin travması, ənsə sümüyünün xətti sınığı ilə qeyd olunan başın sağ ənsə nahiyəsində hematoma və sağ dirsək oynağı nahiyəsində qançır və üzərində sıyrıq bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan 13.03.2021-ci il tarixdə və şəraitdə yəni, piyada qismində hərəkətdə olan motosikletin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər(i.v.24-25); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 30.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.30); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.47); Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. (i.v.48); məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 01 iyun 2021-ci il tarixli, 8/1049 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Tufan markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v.49-52); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.69-70); qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir(i.v.85-86); sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 267.1-1-ci maddəsindən həmin Məcəllənin 143 və 267.1-1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Tufan 50” markalı moped maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır(i.v.113- 122); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından CM-nin 143-cü maddəsi olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və CM-nin 143-cü maddəsi olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-1-ci maddələri ilə ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 143-cü maddəsinə əsasən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 267.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, X4 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, X5 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli, X5 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. X4 törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10- cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – “Tufan 50” markalı mopedin sahibinə qaytarılması nəzərə alınmalı, məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Emalı müəssisəsinin ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 318, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Emalı müəssisəsinin ərazisini axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- “Tufan 50” markalı mopedin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar