Məhkəmə qərarları › İş №1(011)-373/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-373/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-373/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,624 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 may 2022-ci il tarixdə saat 18:10-da ünvan 2 ünvanında saxlanılıb, ünvan 3tai RPİ-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,624 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən istifadə etdiyinə görə xx.xx.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətində azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai rayon məhkəməsi tərəfindən xx.xx.2021-ci il il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alaraq bədənindəki ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmiş, Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının yaxınlığında Əli adlı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdi ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. O, narkotik vasitə lazım olanda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının yaxınlığına gedərək həmin şəxsi taparaq ondan alırmış, narkotik vasitəni aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul edirmiş, 06 may 2022-ci il tarixdə saat 16 radələrində Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının yaxınlığına Əli adlı şəxsi taparaq onunla görüşmüş, orada Əliyə 10 manat pul verərək narkotik vasitə olan heroin gətirməsini istəmiş, təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini gətirərək vermişdir. Heroini əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. Bundan sonra bir qədər şəhərdə gəzdikdən sonra yaşadığı Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Qafqaz küçəsinə gəlmiş, həmin gün, yəni 06 may 2022-ci il tarixdə saat 18:10-da yaşadığı Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Qafqaz küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Xətai RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş, polis İdarəsinə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümünü çıxararaq masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Xətai metrostansiyasının yaxınlığında Əli adlı şəxsdən 10 manata aldığını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamış, sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir.Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx xxx 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə edir. Bu barədə dərhal Xətai RPİ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:10-da Xətai rayonu, UPD-qəsəbəsinin Qafqaz küçəsində saxlayaraq Xətai RPİ-nə dəvət etmiş və polis idarəsinə aparmışlar. Müdafiəçi təyin olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə hüquq və vəzifələr izah olunmuş, videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti təqdim etməsini istədikdə könüllü sürətdə sonuncunun əynində göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmiş, həmin kütlənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütlənin narkotik maddə hesab olunan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni metronun “Xətai” stansiyasında Əli adlı tanımadığı bir nəfər şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı həmin kütlələri elektron tərəzidə ölçmüş, həmin kütlələrin ümumi çəkisi 0,77 qram müəyyən olunmuşdur. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 6 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında tutulmuşdur (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xətai RPİ-nin 37-ci PŞin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nin baş inspektor kriminalisti polis mayoru X1, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı mobil telefon istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim edərək həmin bükümdəki kütlənin narkotik vasitə “heroin” olmasını, narkotik vasitəni Xətai metro stansiyasının yaxınlığında Əli adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin siqaretin gümüşü rəngli kağızı açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.77 qram olması müəyyən edilmişdir. (i.v. 37-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2022ci il tarixli, 6/2645 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №155” möhür əksi, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,624 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 58); qətimkan tədbirinin seçilməsi haqqında 08 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar ona xx.xx.2022-ci il tarixdə saat 19:00-da elan edilmişdir (i.v. 78-79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2835 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə 1 (bir) il 2(iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il ytarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1 (bir) il müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdəə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır ( i.v. 93-94); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı Mahir Hacıyev tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə CD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik “qara” adlandırdığı, heroinə bənzər predmet təqdim edərək həmin predmetin narkotik vasitə “heroin” olmasını, narkotik vasitəni Xətai metro stansiyasının yaxınlığında Əli adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.77 qram olması müəyyən edilmişdir (i.v. 97-98); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 17-18 mart 2021-ci il tarixləri üzrə tutulduğu 1 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 1 (bir) il 2(iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 102-105); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 (bir) il müddətinə azaldılmışdır ( i.v 111-113); Sübutların qiymətləndirilməsi haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-in naş müstəntiqi Elşən Həsənov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın əlavə və dəyişikliklər edilmədən saxlanması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, iş üzrə üzrə Təqsirləndirilən şəxs cinayət işinin materiallarda atasının adının “Məmmədəmin” deyil “Məmmədemin” kimi oxunması, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan narkotik vasitə olan heroinin çəkisi ilə həmin kütlənin məhkəmə kimyəvi ekspertizasının rəyində qeyd olunan çəkisi arasında fərq yarandığından, narkotik vasitə heroinin miqdarının ekspertiza rəyində göstərilən 0.624 qram olmasının əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 0.624 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0.574 qram narkotik vasitə heroinin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilməsi, təqsirləndirilən şəxsin iş materilları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin iş üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması, iş üzrə məhkəmə kimyəvi ekspertizalarının rəyi və istintaq hərəkətləri protokollarının işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, qərarın surətinin nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 117-124); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsinin təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyması, içərisində “heroin” olmasını və öz istifadəsi üçün almasını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,624 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu cinayət əməli törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən istintaq orqanı tərəfindən 48 saatdan artıq tutulub saxlanması nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 03 (üç) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,574 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar