Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-374/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 04 avqust 2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, barəsində cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 0,295 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən Əhmədli metrostansiyasının yaxınlığına daşımış, 28 may 2021-ci il tarixdə saat 12:00 dəqiqədə həmin ünvanda Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalanaraq ünvan 4 ünvanında yerləşən 34-cü Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibinin kiçik iç cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə 0, 295 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır və heç bir yerdə işləmir. 2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtarmışdır. Cinayət işinin mahiyyəti üzrə bildirmişdir ki, təxminən yeddi ay olar ki, “kakos” adlandırılan narkotik vasitə heroini limon duzu ilə birlikdə ampulada qaynadıb, hazırlanmış məhlulu iynə ilə damarına yeritməklə qəbul edir. 27 may 2021-ci il tarixdə saat 22 radələrində narkotik vasitələrin istifadəsi ilə bağlı bədənində ağrılar olduğu üçün narkotik vasitə əldə etmək məqsədi ilə yaşadığı evdən çıxmış və piyada olaraq Xətai rayonu, “Kənd Əhmədli” adlanan əraziyə gəlmişdir. Orada olarkən narkotik vasitə istifadəçisi olduğunu, lakin adını və anket məlumatlarını bilmədiyi şəxslə qarşılaşmışdır. Ona bədənində ağrıların olmasını deyib, narkotik vasitə tapmasını xahiş etmişdir. Sonuncu isə ona 01 ədəd gümüşü rəngli kağız bükümdə “kakos” adlandırılan narkotik vasitə heroini 10 manat müqabilində vermişdir. Həmin içərisində narkotik vasitə olan bükümü əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibinin kiçik iç cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə qayıtmışdır. Növbəti gün yəni, 28 may 2021-ci il tarixdə saat 12 radələrində hava almaq məqsədi ilə yaşadığı evdən çıxıb, piyada olaraq Xətai rayonu, M.Hadi küçəsində yerləşən Əhmədli metrostansiyasının yaxınlığına gəlmişdir. Orada dayanarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, 34-cü Polis şöbəsinə dəvət etmişlər. Onlarla könüllü şəkildə xidməti avtomobil vasitəsi ilə 34cü Polis şöbəsinin inzibati binasına gəlmişdir. Orada vəkillə təmin edildikdən sonra ona qanunvericiliklə müəyyən edilmiş hüquqları izah edilmiş və üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Axtarış zamanı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, həmçinin 01 ədəd “PRİMA” markalı siqaret qutusunu və 01 ədəd yandıranı çıxarıb, təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli büküm polis əməkdaşı tərəfindən açılmış və içərisində qəhvəyi rəngli maddə görünmüşdür. O, həmin maddənin “heroin” adlandırılan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Kənd Əhmədli adlanan yerdən 10 manat pula aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Həmin 01 ədəd gümüşü rəngli kağız büküm bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 28 may 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində “Ceyhun” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə həmin əməliyyat qrupunun üzvü olmuşdur. 28 may 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Ceyhun” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını bildirərək ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onu xidməti avtomobillə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü Polis Şöbəsində olduqları zaman həmin şəxsin xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra 34-cü Polis Şöbəsinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunla müəyyənləşdirilmiş hüquqları izah edilməklə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə olan gümüşü rəngli kağız bükümü və şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd yandıranı çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddənin “heroin” adlandırılan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Kənd Əhmədli adlanan yerdən10 manat pula aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız büküm bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid polis leytenantı Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə edilmiş 28 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin kiçik iç cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. «Şəxsi axtarış və götürmə» 28 may 2021-ci il tarixdə saat 12:55-dən 13:15-dək videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli, 6/2126 saylı ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,295 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf edilmişdir 0.05qr, qalıq 0.245 qr.). İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 may 2021-ci il tarixli, 1636 saylı ekspert rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan matemfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,245 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınıraq saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 28 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki , Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 04 avqust 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır: Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə məhkum olunması, törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən residiv kimi nəzərə alına bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 28 may 2021-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,245 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 91.76 manat (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,245 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 91.76 manat (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-374/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-374/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver