Məhkəmə qərarları › İş №1(011)-374/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-374/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-374/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,935 qram narkotik vasitə tiryək əldə edərək üzərində saxlamaqla daşımış, 07 mart 2023-cü il tarixdə saat 13:00-da Xətai Rayon Polis İdarəsinin 37-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanının yaxınlığında saxlanılıb, ünvan 3ətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı təmiz çəkisi 0,935 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 07 mart 2023-cü il tarixdə Xətai rayonu, Xocalı prospekti 15 ünvanının yaxınlığında polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə aparmışlar. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən Şahid1 onu əməliyyat-axtarış tədbiri nəticəsində saxlayan polis əməkdaşı deyil. Onu saxlayan digər polis əməkdaşı idi. Polis Şöbəsində ona qarşı, hədə-qorxu və fiziki zorakılıq göstərilmişdir. Həmçinin, epilepsiya xəstəliyindən əziyyət çəkir. Qapalı məkan səhhətinə mənfi təsir etməsi səbəbindən dərhal və yerindəcə polis əməkdaşları tərəfindən təqdim edilən sənədlərə imza çəkmişdir. Faktiki olaraq isə həmin sənədlərin mahiyyətini başa düşməmişdir. Bundan əlavə, hazırkı iş üzrə cinayət əməlini etiraf etməyəcəyi təqdirdə ona qarşı daha da ağır ittiham irəli sürəcəklərini bildirmişlər. Qeyd edilənlərə əsasən yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu (məhkəməyədək icraat zamanı) və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuş, 2022-ci ilin 05 noyabr tarixində cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təxminən 2019-cu ildən narkotik vasitə olan tiryəki mütəmadi olaraq şəxsi istifadəsi üçün qəbul edir. Narkotik vasitə və psixotrop maddəni əsasən çəkmə üsulu ilə istifadə edir. Narkotik vasitələri şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsinin yaxınlığından olarkən sadəcə üzdən tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə olan aldığı, şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı şəxsdən 10 manata 01 ədəd siqaretin qızılı rəngli kağızın bükülmüş bükümdə narkotik vasitə olan tiryək almış, həmin tiryəki üzərində olan boz rəngli şalvarın sağ cibinə qoymuş, narkotik vasitə tiryəki axşam saatlarında gizlin yer taparaq orada istifadə etmək qərarına gəlmiş, bundan sonra piyada hərəkət edərək evə qayıtmaq qərarına gəlmiş, bu minvalla hərəkətdə olan zaman xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanının yaxınlığında özünü şübhəli apardığından iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özünü şübhəli apardığından polis əməkdaşları özlərini təqdim etdikdən sonra, onu ərazinin polis şöbəsi olan 37-ci Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşlarının təklifinə heç bir əks reaksiya vermədən onlarla birlikdə 37-ci Polis Şöbəsinə getmiş, polis şöbəsində səmimi etiraf edərək narkotik vasitə olan tiryək istifadə etdiyini deyib, üzərində də 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə olan tiryək olduğunu demiş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyini dedikdə, əynindəki boz rəngli şalvarın sol arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd siqretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan tiryək olmasını bildirmiş, eyni zamanda həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, narkotik vasitəni saxlanıldığı gün yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsinin yaxınlığından olarkən sadəcə üzdən tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı şəxsdən 10 manata 01 ədəd siqaretin qızılı rəngli kağızın bükülmüş bükümdə narkotik vasitə olan tiryək aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmiş, daha sonra üzərindən aşkar olunan narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş və bükülünün çəkisi 1,10 qram olması müəyyən edilmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan tiryək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİNnin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-sində sahə inspektoru vəzifəsində işləyir və polis baş leytenantıdır. Onunla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-də CA üzrə əməliyyat müvəkkili işləyən Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmiş, 07 mart 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 15 ünvanının yaxınlığında olarkən, Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar, Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkdən istifadə etməsi barədə bildirmiş, bundan sonra həmin şəxsi Polis Şöbəsinə dəvət etmiş, o, buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Şahin Nurəliyevə təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənməyən, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, təhqiqatçı X3 Abdullayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bir ədəd qızılı kağıza bükülmüş bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Keşlə qəsəbəsi” yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, ardınca bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümün içərisində narkotik vasitə olan tiryək elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 1,10 qram görünmüş, bundan sonra Təqsirləndirilən şəxs sol arxa cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, onun ifadəsi Şahid1 ifadəsinə uyğun və eyni məzmunludur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 08 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. əməliyyat qrupunun yaradılması barədə 652 №-li əmrdən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin s/i polis baş leytenantı Şahid1 həmin qrupun üzvü, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid2 həmin qrupun qrup rəhbəri təyin edilmiş və həmin Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Elsevər Qədirov tərəfindən verilmişdir. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş və onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, qərar Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və Polis Şöbəsinin rəisi polis polkovnik leytenantı Elsevər Qədirov tərəfindən təsdiq edilmişdir. əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2023-cü protokoldan görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin qanunsuz saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu təşkil edilmişdir. Protokol Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid2 tərəfindən tərtib edilmiş və Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin s/i polis baş leytenantı Şahid1 da iştirak etmişdir. müdafiəçinin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da tutulmuşdur. şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sözügedən istintaq hərəkəti aparılarkən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı Şahin Nurəliyev, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid2, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin s/i polis baş leytenantı Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirak etmişdir. Xətai RPİ-nin 37-ci PŞ-də videoçəkilişdən istifadə edilməkdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bir ədəd qızılı kağıza bükülmüş bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Keşlə qəsəbəsi” yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, ardınca bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümün içərisində narkotik vasitə olan tiryək elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 1.10 qram görünmüş Daha sonra həmin büküm ağ rəngli zərfə qoyulmuş, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1417 nömrəli 08 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs”, imzalar və möhür olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,935 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 07 mart 2023-cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında törətdiyi əməldən peşman olmasını və həbsin seçilməsindən imtina edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikasının CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(105)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 02 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Penitensiar Xidmətin 6 saylı MTCM-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2023-cü il tarixli 2618 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elektron daşıyıcıda diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 07 mart 2023-cü il tarixli protokola uyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafaiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki,iş materiallarında olan əməliyyat qrupunun yaradılması, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar həqiqətə uyğun deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz çəkisi 0,935 qram olan narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini, o cümlədən iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(105)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsi ilə nəzərə alınmaqla təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməli, hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətdiyinə görə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Bundan əlavə, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 07 mart 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(105)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-286/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,835 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar