Məhkəmə qərarları › İş №1(011)-374/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-374/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-374/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan 0,507 qram heroini Sabunçu rayonu Qaraçuxur qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata alaraq əldə edib, daşımaqla əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 19:30-da ünvan 2 ünvanda yerləşən "Oba" marketin yaxınlığında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirilərək orada müdafiəçinin iştirakı və video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,507 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:30-da ünvan 4 ünvanında "Oba" marketin yaxınlığında olan vaxtı iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq birgə Xətai rayon 35-ci Polis Bölməsinə getməyini izah etmişlər. O, polis əməkdaşları ilə birgə 35-ci polis bölməsinə getmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifəsi ona izah edilməklə üzərinə təqdim olunmuş vəkillər siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan maddəni təqdim etmişdir. Ondan həmin 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz halda, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, çəkisi qablaşdırma ilə birlikdə 0,72 qramdır. O, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pul müqabilində almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitə heroin istifadə etsə də, heç vaxt narkotik vasitəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Polis əməkdaşları saxlayan zaman və polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Səbuhi birlikdə məlumat əsasında həmin gün saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 13 ünvanında yerləşən “Oba" marketin yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Sadiqin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasınını, həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu Salatın Əsgərova küçəsi ev 65 küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdi. Sadiqə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Sadiq də buna etiraz etmədikdən sonra onu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı İlahi Heydərova təhvil vermişlər. İlahi Heydərov də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlandı. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Hüseyn də əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan gödəkcənin cibindən 01 ədəd "Redmi A8" markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,72 qram olması müəyyən edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v.1) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai RPİ-nin 35-ci PB-nin 29 mart 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının CM-nin 128, 177.1 və 234.1-ci maddələri ilə məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin əməkdaşlarından ibarət aşağıdakı tərkibdə əməliyyat qrupu yaradılmışdır: Qrupun rəhbəri: Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1; qrupun üzvü: Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət olmuşdur; (i.v.6) - əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 29 mart 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının CM-nin 128, 177.1 və 234.1-ci maddələri ilə məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının CM-nin 128, 177.1 və 234.1-ci maddələri ilə məhkum olunan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır; (i.v.7-8) - şübhəli şəxsin tutulması haqqında 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə saat 19:30 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.27) - şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heorinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək, həmin maddənin heroin olduğunu, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 15 (on beş) manat pul müqabilində almasını, P.Həşimov küçəsində tanışı ilə görüşmək üçün tək gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, təqdim olunan bükümdən başqa narkotik vasitəsinin olub-olmadığı və saxlanılan zaman ona qarşı fiziki güc tətbiq olunub-olunmadığı, üzərində axtarış aparılıbaparılmaması barədə sual edildikdə, o təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmadığını və orada onun üzərində heç bir axtarış aparılmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş heroinə bənzər maddənin kağızla birlikdə çəkisinin 0.72 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıan zaman əynindəki gödəkçənin cibindən 01 ədəd üzərində 055 *** ** ** saylı mobil nömrəsi olan qara rəngli "Redmi A 8" markalı mobil telefondan başqa heçbir əşya və sənəd aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür; (i.v.38-40) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.41) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1733 nömrəli 30 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N154"-li dairəvi möhür əksi, "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ..." yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,507qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 0,507 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,457 qram; (i.v.48-52) - DVD diskə baxış keçirilməsi haqqında 30 mart 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin video fayla əks edilmiş görüntülər 29 mart 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 35-ci PB-də xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, şəxsi axtarış təhqiqatçı İlahi Heydərov tərəfindən həya keçirilir. Masa arxasında əyləşmiş şəxs 13 saylı vəkil bürosunun vəkili X2, ayaq üstə dayanmış əynində qara rəngli idman şalvarı olan şəxs Təqsirləndirilən şəxs, digər şəxslər adları təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və Şahid1dir. Video çəkilişin davamında təhqiqatçı İlahi Heydərov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərin qoyaraq təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 15 manata alaraq əldə etdiyini bildirməsi, aşkar olunmuş kütlənin elektron tərəzidə çəkilən zaman 0,72 qram olması və həmin bükümün zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığın bildirmişdir; (i.v.60-61) - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 31 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur; (i.v.65-66) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 mart 2024-cü il tarixli 4(011)-249/2024 saylı qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində "həbs" seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 mart 2024cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.85-88) - mobil telefona baxış keçirilməsi haqqında 31 mart 2024-cü il tarixli protokoldan görünür ki, istintaqa təqdim olunan bir ədəd telefon “Redmi A8” markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir, korpusun arxa hissəsində "Redmi" sözü əks olunmuş və arxa hissədə kamera və fənər vardır. Telefonun ekran hissəsi sensorlu olmaqla kənar hissələri ağ rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur. Telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Redmi” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun "iş masası" ekranda görünür. Mobil telefona baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir; (i.v.89) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək 03 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-260/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmışdır) ; (i.v.100-102) - Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(006)-78/2023 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 01 (bir) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılması hökm edilmişdir; (i.v.103-107) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-260/2023 nömrəli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 02 (iki) il, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-78/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və həbsdə olduğu 01 (bir) ay 18 (on səkkiz) gün və xx.xx.2022- 07.102022-ci il tarixlərdə həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm üzrə cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-78/2023 saylı hökmü ilə təyin edilmiş cəzanın icrası ilə əlaqədar Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır; (i.v.108-114) - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024cü il tarixli, 1(102)-572/2024 saylı qərarının surətindən görünür ki, kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu və həbsdə olduğu 1 (bir) ay 18 (on səkkiz) gün və xx.xx.2022-xx.xx.2022- ci il tarixlərdə həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; - Bakı Şəhər Probasiya İdarəsinin 25 sentyabr 2024-cü il tarixli, 19470/21-1/17 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-572/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 20 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-78/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar Bakı şəhəri Probasiya idarəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş, xx.xx.2024-cü il tarixə 09 ay hissəsi icra olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli 2686 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.116-117) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,507 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-572/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-572/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzası kimi hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,457 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 19 (on doqquz) iş saatına görə 114 (yüz on dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-572/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzası kimi hesablanmaqla hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 29 mart 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,457 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 19 (on doqquz) saat üçün nəzərdə tutulan 114 (yüz on dörd) manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar