Məhkəmə qərarları › İş №1(011)-375/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-375/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-375/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 27 avqust 1994-cü ildə Gədəbəy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri süçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, təqsirləndirilir ondan ötrü ki, o, istintaca məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd 201047 №-li, 1996-cı ildə xarici dövlətdə istehsal olunmuş 6 mm kalibrli, Kora BRNO modelli, 6 mm kiçik kalibrli Flober patronlardan atəş açan revolver, yivli odlu silah və bir ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 6 mm kiçik kalibrli idman təlim məşq silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş Flober patron əldə edib özü ilə daşıyaraq gəzdirmiş, odlu silahların qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 15 mart 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən "Əhmədli" stansiyasının üzərində saxlanılıb və 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları, müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd qara rəngli cins şalvarın arxa bel kəmər hissəsindən həmin silah, şalvarının sağ yan cibindən şəffaf sellofanda isə həmin patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanda qeydiyyatdadır, lakin Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində gündəlik olaraq kirayə yaşamış, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 234-cü maddələri ilə təqsirli bilinərk azadlıqdan məhrum edilmiş, lakin cəzasını çəkib vaxtından əvvəl şərti azad edilmişdir. Azadlığa çıxdıqdan sonra küçələrdən metal toplayıb məntəqələrə satmaqla pul əldə edib dolanmışdır. Daimi yaşamağa yeri olmamışdır. 2023-cü ilin mart ayının əvvəllərində Kənd Əhmədli qəsəbəsində dəmir yolunun kənarında metal toplayan zaman bir ədəd şəffaf sellofan görmüşdür. Sellofan diqqətini çəkmiş, götürüb baxdıqda içərisində bir ədəd silah və bir ədəd patron olmasını görmüşdür. Silah gəzdirməkdən xoşlandığı üçün götürmək qərarına gəlmişdir. Buna görədə silahı şalvarının arxa hissəsində kəmərin altına qoymuşdur. Patronu isə sellofanda şalvarının cibinə qoymuşdur. Silahı və patronu daima üzərində gəzdirmişir ki, lazım olacağı halda istifadə edər. 15 mart 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Bakı Metropolitenin “Əhmədli" stansiyasının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslər Xətai RPl-nin 34-cü PŞ-nin əməkdaşları olmışlar. Polis əməkdaşları odlu silah daşımaqda şübhəli olmağımı bildirib 34-cü PŞ-nə dəvət etmişlər. Bundan sonra PŞnə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra şalvarının arxa hissəsində kəmərin alt hissəsində saxladığı bir ədəd silahı və şalvarının sağ yan cibindən isə şəffaf sellofanda bir ədəd şəffaf sellofanda patronu çıxarıb təqdim etmişdir. Həmin silahı və patronu haradan almağı, nə üçün üzərində gəzdirməyi barədə sual verilmiş, o da həmin silahı və patronu Kənd Əhmədli qəsəbəsində dəmir yolunun kənarından tapmağını, üzərində daşımaqdan xoşlandığı üçün üzərində gəzdirməyini bildirmişdir. Aşkar edilmiş bir ədəd silah və bir ədəd patron polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarşda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis baş leytenantı rütbəsindədir. 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğunun rayon ərazisində qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs əsasən Bakı Metropolitenin “Əhmədli" stansiyası yaxınlığında olrıiş və orada zibil qablarından metal toplamışdır. Həmin gün Şahid2 ilə birlikdə Bakı Metropolitenin “Əhmədli” stansiyası yaxınlığına gəlmişlər. Saat 18:30 dəqiqədə metronun üzərində Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirdikdə sonuncuya rayon ərazisində qanunsuz olaraq odlu silah əldə edib daşımasında şübhəli olmasını bildirib 34-cü PŞ-nə dəvət etmişlər. Zamir də heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə raport yazıb rəisə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarının arxa bel kəmər hissəsinə keçirdiyi bir ədəd odlu silahı və şalvarının sağ yan cibindən şəffaf sellofana bükümdə bir ədəd patronu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin silahın və ptronun kimə məxsus olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da demişdir ki, həmin sialh və patron özünə məxsusdur, belə ki, 10 gün əvvəl Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində dəmir yolunun kənarında yerdən tapmışdır. Aşkar edilmiş silah və patron zə'fdə qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Məhkəmə iclasında ibtidai istintaqda zamanı Şahid2 digər şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verməsi elan edildi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan Şöbhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə, saat 18:30-da tutulmuşdur. İş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş etməklə şəxsi axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan tünd qara rəngli cins şalvarının arxa bel kəmər hissəsinə keçirdiyi bir ədəd odlu silahı və şalvarının sağ yan cibindən şəffaf sellofana bükümdə bir ədəd patronu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin silahın və ptronun kimə məxsus olması, haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin sialh və patron özünə məxsusdur, 10 gün əvvəl Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində dəmir yolunun kənarında yerdən tapmışdır. Aşkar edilmiş silah və patron kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 mart 2023-cü il tarixli, 23/215 R nömrəli ekspert rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 01 ədəd 201047 №-li silah, 6 mm kalibrli olmaqla xarici dövlətdə 1996-cı ildə istehsal olunmuş, mülki silahlara aid olan, idman təlim məşqləri üçün nəzərdə tutulmuş Kora BRNO modelli, 6 mm kiçik kalibrli Flober patronlardan atəş açan revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 6 mm kiçik kalibrli olmaqla həmin kalibrli idman təlim məşq silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş Flober patronudur və atəş üçün yararlıdır. - Eksperimental atəş zamanı əldə olunmuş güllə və giliz DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. - Qeyd olunur ki, təqdim edilmiş bir ədəd 6 mm kiçik kalibrli Flober patronu eksperimental atəş zamanı istifadə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 4(011)-201/2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 15 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 gün hissəsindən vaxtın əvvəl azad edilmiş, 22 noyabr 2022-ci il tarixdə cəzasının bitməsi ilə qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçmədən, hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, istifadəyə yararlı, bir ədəd 201047 nömrəli, 1996-cı ildə xarici dövlətdə istehsal olunmuş 6 mm kalibirli, Kora BRNO modelli, 6 mm kiçik kalibrli Flober patronlarından atəş açan yivli odlu silah olan revolver, hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin mərkəzi anbarına təhvil verilməli və bir ədəd 6 mm kiçik kalibrli Flober patronun eksperimental atəş zamanı istifadə olunması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan, istifadəyə yararlı, bir ədəd 201047 nömrəli, 1996-cı ildə xarici dövlətdə istehsal olunmuş 6 mm kalibirli, Kora BRNO modelli, 6 mm kiçik kalibrli Flober patronlarından atəş açan yivli odlu silah olan revolver, hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin mərkəzi anbarına təhvil verilsin və bir ədəd 6 mm kiçik kalibrli Flober patronun eksperimental atəş zamanı istifadə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar