Məhkəmə qərarları › İş №1(011)-377/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-377/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-377/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştırakları ilə xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi ev 1 A, mənzil 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi ev 4/6-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Məhkəmənin icraatına daxil olmuş ********* saylı cinayət işindən məlum olur ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 30 aprel 2021-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda yerləşən evin giriş qapısını əli ilə özünə tərəf dartaraq qapının üzərində olan qıfılı sındırmaqla oraya qanunsuz daxil olub orada dolabın üzərində olan 150 manat deyərində “LG” markalı televizoru gizli olaraq talayıb zərarçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 150 (yüz əlli) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin, zərərçəkmiş şəxsin ifadələri və işin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə saat 12 radələrində dəmir metallar yığmaq üçün Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsinə gəlmişdir. Orada aparılan tikinti yerlərində lazım olmayan metalları yığıb metal qəbulu yerlərinə satmaq fikrində olmuşdur. Orada yarıtikili şəkildə olan sahədə metal axtardığı vaxt boş əraziyə doğru getmiş və bir az irəlilədikdə pilləkənli evə oxşar yarıtikilini görmüşdür. Həmin pilləkənin aşağısında tikilinin taxta qapısı qıfıl ilə bağlı olmuşdur. O, həmin yerdə yaşayış olmadığını fikirləşərək qapıya doğru getmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Taxta qapını özünə tərəf dartdıqda qıfıl sınaraq yerindən çıxmış və evin qapısı açılmışdır. Qapını açaraq içəri daxil olmuşdur. 01 ədəd “LG” markalı televizoru götürüb otağı tərk etmişdir. Televizoru götürüb evinə aparmışdır. Televizorun işlək vəziyyətdə olduğunu görüb satmaq qərarına gəlmişdir. Qonşuluqda yaşayan Elşən adlı şəxsə pula ehtiyacı olduğu üçün televizoru satdığını bildirmişdir. Elşən televizora baxmış və 100 manata razılaşaraq televizoru öz evinə aparmışdır. Elşən pulu olmadığı üçün qısa müddət ərzində 100 manat verəcəyinə söz vermişdir. 01 may 2021-ci il tarixdə isə polis əməkdaşları onun yaşadığı ünvana gələrək oğurluq cinayətini törətməkdə şübhəli olduğu üçün polis bölməsinə dəvət etmişlər. 37-ci Polis şöbəsində o, hadisənin necə baş verdiyini etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişə dəyən ziyanı tam olaraq ödədiyini, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə telefonoqram verərək ona dəymiş 150 manat dəyərində ziyanın qaytarıldığını və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin tələb və şikayətinin olmamasına dair xahişini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir qonşu kimi tanıyır. Təxminən 2021-cİ ilin aprel ayında qonşuluqda yaşayan anasının evində televizor xarab olduğundan həmin ərəfələrdə Zərqəm ilə məhlədə söhbət etdiyi vaxt işlənmiş ucuz televizor almaq istədiyini ona bildirmişdir. O, Zərqəmdən xahiş etmişdir ki, əgər köhnə bir televizoru olarsa, ona xəbər etsin. 30 aprel 2021-ci il tarixdə Zərqəm əlində “LG” markalı televizor ilə evinə gələrək həmin televizoru satdığını bildirmişdir. Zərqəm həmin televizoru qohumugildən gətirdiyini bildirmişdir. Zərqəm həmin televizoru evinə gətirib orada qoşmuşdur. O, televizorun işlək vəziyyətdə olduğunu görərək almaq qərarına gəlmişdir. Pulu olmadığı üçün bıir həftə ərzində 100 manat verəcəyinə söz vermişdir. Bununla da onlar razılaşmış və televizor onun evində qalmışdır. Həmin “LG” markalı televizorun Zərqəm tərəfindən oğurlandığı ağlına belə gəlməmişdir. Çünki Zərqəmi dürüst insan kimi tanımışdır. Lakin həmin günün sahərisi ona məlum olmuşdur ki, Zərqəm həmin televizoru oğurlayıb. Bu məlumatı onun evinə gələn polis əməkdaşları ona bildirmişdir. Zərqəmdən aldığı televizor polislər tərəfindən götürülmüşdür. İş materialında olan tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd “LG’' markalı televizor təqdim edilmişdir. Zərərçəkmiş şəxs 202 saylı xidməti otaqda təqdim edilmiş “LG" markalı televizorun özünə məxsus olmasını qeyd edərək, 30 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda yerləşən evdən oğurlanmasını bildirmişdir. İş materialında olan sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, istintaq zamanı götürülmüş bir ədəd “LG” markalı televizor sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materialında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli 155 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bir ədəd “LG” markalı, LCD formatlı televizorun işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə dəyəri 150 (yüz əlli) manat müəyyən edilmişdir. İş materialında (iş vərəqi 104) olan qəbzdən məlum olur ki, bir ədəd “LG” markalı televizor saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir. İş materiallarında olan 01 may 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu 01 may 2021-ci il il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 03 may 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19.07.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu axtarışda olduğu üçün 19 iyul 2021ci il tarixdə saat 08 radələrində saxlanılaraq MSY-ə təhvil verilmişdir. İş materiallarında olan 19 iyul 2021-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan məlum olur ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilmiş və Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmayan şəxsdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ilk dəfə az ağır cinayət törətməsini, səmimi etirafını, əvvəllər məhkum olunmamasını, vurulmuş ziyanın tamamilə ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk məhkumluğunu, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxlə barışmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün və axtarışla tutulub saxlandığı 01 gün, cəmi 03 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişə verilmiş 01 ədəd “LG" markalı televizor hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə verilmiş 01 ədəd “LG" markalı televizor hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar