Məhkəmə qərarları › İş №1(011)-379/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-379/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-379/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-248/24 nömrəli, 30 mart 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Anar” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq beş bükümdə ümumi təmiz çəkisi 1,834 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitənin bir bükümdə 0,368 qramını yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 31 nömrəli binanın giriş qapısının yanında gizlətməklə 28 mart 2024-cü il tarixdə əvvəlcədən almış olduğu 39 manat pul müqabilində razılaşdıqları tanışı Şahid1 satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİnin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin gün saat 22:40-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4İ-nin 36-cı polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,372 qram, 0,387 qram, 0,399 qram, ümumi təmiz çəkiləri 1,466 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 1 ədəd “Xiomi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir ildir ki “heroin” adlı narkotik vasitədən istifadə edir. Təxminən dörd ay əvvəl narkotik vasitə əldə etmək üçün bir nəfər şəxsin vasitəsi ilə Anar adlı şəxslə tanış olmuş, Anarın kart hesabına pul göndərdikdən sonra bəzən sonuncu ilə görüşüb narkotik vasitəni götürmüş, bəzən isə Anarın ona şəkil çəkib göndərdiyi ünvandan götürmüşdür. Sonuncu dəfə saxlanıldığı gündən iki-üç gün əvvəl Anardan şəxsi istifadəsi üçün hər birinin dəyəri 40 (qırx) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat dəyərində beş büküm narkotik vasitə götürmüş, lakin 200 (iki yüz) manatı Anara verməmiş, belə ki, o dörd ay ərzində sonuncudan narkotik vasitə aldığı üçün Anar ona həmin məbləğ dəyərində narkotik vasitəni pulunu ödəməmiş vermiş, o sonradan borc alaraq hissə-hissə pulunu ödəməyi düşünmüşdür. Həmin bükümlərin ümumi çəkisi iki qram olmuş, o, gündəlik olaraq 0,1 qram narkotik vasitə istifadə etsədə, Anarla tez-tez görüşmədiyindən həmin çəkidə narkotik vasitə almışdır. Daha sonra 28 mart 2024-cü il tarixdə yaşadığı ünvanın blokunda siqaret çəkərkən polis əməkdaşları onu tutmuş həmin vaxt onun üzərində narkotik maddə olmamış, o qeyd edilən ünvanda deyil, yaşadığı mənzilin qarşısında saxlanılmışdır, bu zaman polis əməkdaşları onda narkotik vasitənin olduğunu, təqdim etməsini tələb etmişlər, bundan sonra o dörd bükümdə olan narkotik vasitəni yaşadığı mənzildən götürərək təqdim etmişdir. Anardan aldığı beş bükümdən birini saxlanıldığı günədək özü istifadə etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən 36-cı polis şöbəsinə aparılmış, orada ona qarşı təziq və təsir olmamışdır, yalnız ona yaşadığı ünvanda saxlanılmasını dilə gətirməməsi tapşırılmışdır. Həmçinin tanışı Elvin ondan narkotik vasitə əldə etmək üçün kömək istəmiş, Anar onun nömrəsini başqa şəxslərə verilməsinə icazə vermədiyindən Elvinə 39 (otuz doqquz) manat pulu onun kartına göndərməsini demiş, onun kartına gələn pulu Anara göndərdikdən sonra Anar ona narkotik vasitəni qoyduğu yerin şəkilini göndərmiş, o da bu məlumatları yenidən Elvinə göndərərək yalnız vasitəçilik etmişdir. O Elvinə heç bir narkotik vasitə satmamışdır. Əlavə olaraq təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını, ona CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və sanksiyanın aşağı həddində az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Bakı şəhəri Baş Polis İdarəsində cinayət axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 28 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat tapşırığı əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 22:40 radələrində Xətai rayonu, Qədir Məmmədov 9 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib sonuncunu 36-cı Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra polis şöbəsində vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, həmin vaxt şəxsə üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olubolmaması soruşulduqda sonuncu əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd mobil telefon və dörd ədəd sellofana bükülmüş heroinə bənzər maddə çıxararaq təqdim etmişdir. Həmin maddələri haradan alması soruşulduqda Anar adlı şəxsdən hər birinə 40 (qırx) manat məbləğində pul verməklə ümumilikdə beş büküm narkotik vasitə aldığını, bükümlərdən birini 39 (otuz doqquz) manat qarşılığında Elvin adlı şəxsə satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, onun Vüqar ilə əmisi oğlu vasitəsi ilə münasibəti yaranmış, bir neçə dəfə görüşdükdən sonra narkotik almaq üçün sonucunun tanışı olduğunu bilmiş, bu səbəbdən dəqiq xatırlamasada, təxminən altı ay əvvəl Vüqara “Whatsapp” tətbiqindən yazaraq narkotik vasitə olan “heroin” almaq istədiyini bildirmiş, bu zaman Vüqar ona 39 (otuz doqquz) manat məbləğində pulu onun bank kartına göndərməsini demiş, o, Vüqarın bank kartına həmin məbləğdə pulu göndərdikdən sonra sonuncu ona ünvan və foto şəkil göndərmiş, o da həmin ünvana gedərək narkotik vasitəni götürmüşdür. Anar adlı şəxsin adını eşitsədə həmin şəxsi tanımamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı polis kapitanı X9 tərəfindən, Xətai RPİnin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Xiomi” markalı mobil telefon və dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan büküm təqdim etmişdir. Təqdim etdikdə bildirmişdir ki, dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, içində qəhvəyi rəngli toz şəkilli narkotik maddəni Xətai rayonu ərazisində tanıdığı Anar adlı şəxsdən bir bükümünü 40 (qırx) manata almışdır. Həmin bükümdəki maddə üzərində yazısı olmayan “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş və həmin sellofandakı toz şəkilli kütlənin çəkisi ayrı-ayrılıqda 0.52, 0.52, 0.46, 0.47 qram olması məlum olmuşdur. Şəxsi axtarış və götürmə, axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə zaman istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 25-26); disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 85- 86); Həmçinin məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntülərdə hadisənin diskə baxış keçirilməsi haqqında protokolda göstərildiyi şəkildə davam etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli 3-16-16/2-6/1707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan zərfdəki 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram; 0,372 qram; 0,387 qram; 0,399 qram, ümumi təmiz çəkiləri 1,466 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bu heroin kütlələri “Şahid1...” qeydləri zərfdəki 01 ədəd bükümdə olan təmiz çəkisi 0,368 qram heroin kütləsi ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Azərbayacan Respublikasının 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 35-39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X12 X1 xx.xx.2024-cü il tarixli, 2996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 136-137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsi tətbiq edilərək 06 (altı) ay müddətinə sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmişdir (i.v. 119-120); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-248/2024 nömrəli, 30 mart 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs həbsdə olmağı müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmışdır (i.v. 98- 101); diskə baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** "xxxx" mobil nömrəsindən daxil olan və çıxan zəng və smslər ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/LGL- 8285/24 nömrəli məktub əsasında göndərilmiş bir ədəd “CD” diskə baxış keçirtmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə müxtəlif vaxtlarda və nömrələrdən (“Pəncərədən götür həmişəki yer”; “Patı var satanısandana düş 15 verem”; “Götürərsən həmişəki yerdən”; “Patı var patı”; “Patı narkotik satan düş ala aşağı”; “Qaqa Ezizdi tez bidənə cavab verdə pulum hazırdı metrodayam”) kimi sms mətnlərinin daxil olduğu göstərilmişdir (i.v. 140); 29 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə Şahid1 39 (otuz doqquz) manat pul müqabilində bir büküm narkotik vasitə olan “heroini” satmış olduğunu etiraf etmiş, Şahid1 isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 66-67); sübutların qiymətləndirilməsi haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxtı üzərindən götürülmüş 4 ədəd bükümdə narkotik vasitə heroinin, həmçinin bir ədəd “Xiomi” markalı mobil telefonun götürülməsinə dair videoçəkiliş aparılaraq “DVD”-yə köçürülmüş 01 (bir) ədəd disk, həmçinin "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd “CD” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Eyni zamanda cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,372 qram, 0,387 qram, 0,399 qram; ümumi təmiz çəkisi 1,466 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə - heroin (təhqiqata 0,12 qram sərf edildikdən sonra qalıq çəkisi 1,346 qram) və bir ədəd “Xiomi” markalı mobil telefon maddi sübut kimi tanınmış və məhkəmə tərəfindən yekun qərar qəbul edilənə qədər saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır ( i.v. 165- 174); 16 noyabr 2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 23 oktyabr 2023-cü il təvəllüdlü X2 Vüqar İslam oğlunun övladıdır ( i.v. 103); Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdən görünür ki, təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilir, əməlindən səmimi peşmandır, əvvəllər məhkum olunmadığını, evli və himayəsində bir azyaşlı övladının olduğunu, ailəsinə ondan başqa baxanın olmadığını, eyni zamanda ikinci qrup fiziki hərəkətdən qismən məhrum olan atasına onun baxdığını, ailəsinin sosyal ağır şəraitdə kirayədə qaldığını, onun qazancına böyük ehtiyaclarının olduğunu, bu əmələ aldanılaraq cəlb olunduğunu, hərəkətindən utanacaq qədər qohum və ailəsi qarşısında peşmançılıq hissi keçirtdiyini bildirmiş və qeyd edilənləri nəzərə alaraq CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona sanksiyanın aşağı həddində az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, o, özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahidlər Şahid2, Şahid3 və Şahid1 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişdirlər. Şahidlərin cinayət işinin materiallarında olan ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə vəsatətlə müraciət edərək öz təqsirini etiraf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəyə daxil olan sms mətnlərində görünür ki, müxtəlif nömrələrdən ona (“Pəncərədən götür həmişəki yer”; “Patı var satanısandana düş 15 verem”; “Götürərsən həmişəki yerdən”; “Patı var patı”; “Patı narkotik satan düş ala aşağı”; “Qaqa Ezizdi tez bidənə cavab verdə pulum hazırdı metrodayam) kimi sms mətnləri göndərilmiş, həmin sms mətnlərində də görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur (i.v. 140). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs azyaşlı övladı olan 23 oktyabr 2023-cü il təvəllüdlü X6 onun himayəsində olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkiləri 0,308 qram, 0,372 qram, 0,387 qram və 0,399 qram olmaqla ümumi təmiz çəkiləri 1,466 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,346 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs götürülərək Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş “Xiomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılmalı, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (bir yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM198.1). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (bir yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkiləri 0,308 qram, 0,372 qram, 0,387 qram və 0,399 qram olmaqla ümumi təmiz çəkiləri 1,466 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,346 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyərləri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar – 01 ədəd “DVD” və 01 ədəd “CD” formatlı disklər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs götürülərək Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş “Xiomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (bir yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar