Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-38/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 20 avqust 2021-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanının birinci mərtəbəsində yerləşən pilləkənin alt hissəsindəki Zərərçəkmiş şəxs1 istifadəsində olan saxlanc yeri kimi istifadə edilən qeyri yaşayış sahəsinin qapısını əli ilə güc tətbiq edib özünə tərəf çəkməklə kilidini açıb qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 320 manat dəyərində üzərində “Star” markalanma yazıları olan, xarici görünüşünə görə az istismar edilmiş, 26 ölçülü, işlək vəziyyətdə olan, qara çəhrayı rəngdə “Star” markalı velosipedi və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 560 manat dəyərində üzərində “Toba” markalanma yazıları olan, xarici görünüşünə görə az istismar edilmiş, 26 ölçülü, işlək vəziyyətdə olan, yaşıl rəngdə 11 dəyişən sürətli velosipedi gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxslərə 880 manat maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır həmin ünvanda da yaşayır. Əsas məşğuliyyəti küçələrdən dəmir qırıntıları yığaraq metaləritmə yerlərinə verib qarşılığında pul alaraq dolanmışdır. 2021-ci ilin avqust ayının ortalarında Xətai rayonu ərazisində Nargilə kafesinin yaxınlığındakı yaşayış binasından dəmir yığan zaman həmin binanın birinci blokunda, birinci mərtəbədəki pilləkənin alt hissəsində saxlanc yerinin olduğunu görmüşdür. Saxlanc yerinin qapısı açıq olduğundan içəriyə baxmış və orada 3 ədəd velosiped olduğunu görmüşdür. Maddi vəziyyəti pis olduğundan həmin velosipedləri oğurlamağı düşünmüş, lakin ətrafda xeyli sayda insan olduğu üçün velosipedləri başqa vaxt gəlib oğurlamağı qərara almışdır. Saxlanc yerinin qapısı nazik taxta materialdan olduğundan qapını rahatlıqla aça biləcəyini bilmişdir. 20 avqust 2021-ci il tarixdə saat 6 radələrində həmin binanın qarşısına gəlib bir qədər gəzişdikdən sonra ətrafda heç kimin olmadığına və binadakı şəxslərin yatmış olduğuna əmin olduqdan sonra binanın blokuna daxil olaraq həmin saxlanc yerinin qapısını əli ilə var gücü ilə özünə tərəf çəkmiş və qapı açılmışdır. İçəridə 3 ədəd velosiped olmuşdur. Velosipedlərdən biri çox balaca olduğundan, həmin velosipedi götürməkdən vaz keçmişdir, çünki qiymətinin çox aşağı olacağını düşünmüşdür. Digər iki velosipedi birlikdə oğurlaya bilməyəcəyini düşünüb velosipedləri ayrı-ayrı aparmağı qərara almışdır. İlk öncə göy rəngli “Toba” markalı velosipedi oradan götürüb sürərək binanın yan hissəsinə aparıb su turbasının arxasında gizlətmişdir. Daha sonra geri dönərək nisbətən kiçik ölçülü “Start” markalı velosipedi də oradan çıxartmış və sürərək Nargilə kafesi istiqamətinə getmişdir. Oğurladığı velosipedləri 8-ci kilometr Bazarına aparıb satmağı planlaşdırmış, bunun üçün də ona avtomobil lazım olmuşdur. Nargilə dairəsi yaxınlığında yolun kənarında dayanıb taksi fəaliyyəti ilə məşğul olan ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “Daewoo Centra” markalı avtomobilin sürücüsünə yaxınlaşıb onu velosipedlərlə birlikdə 8-ci kilometr Bazarına neçəyə aparacağını soruşmuş, daha sonra həmin şəxslə 7 manata razılaşmışlar. Bundan sonra velosipedi avtomobilin yük yerinə qoymuşdur. Taksi sürücüsünə dostuna məxsus digər bir velosiped də olduğunu və gedib onu da götürmək lazım olduğunu bildirmişdir. Taksi sürücüsü onunla razılaşmış və onlar birlikdə gedib digər velosipedi də gizlətdiyi yerdən götürüb oradan 8-ci kilometr Bazarına aparmışlar. Bazarda velosipedləri avtomobildən düşürdüb piyada gəzməyə başlamışdır. Həmin vaxt tanımadığı qarpız satan bir nəfər şəxs ona yaxınlaşaraq velosipedləri satıb-satmadığını soruşmuş, o da satmaq istədiyini söyləmişdir. Söhbət əsnasında həmin şəxs adının Kamran olduğunu söyləmiş və velosipedləri neçəyə satmaq istədiyini soruşmuşdur. O da “Toba” markalı velosipedi 70 manata, digərini, yəni “Start” markalı velosipedi isə 40 manata satmaq istədiyini söyləmişdir. Bundan sonra aralarındakı razılığa əsasən velosipedlərdən birini müvafiq olaraq 65 manata, digərini isə 40 manata Kamrana satmış, əldə etdiyi pulu isə öz ehtiyyacları üçün xərcləmişdir. Həmçinin o, bildirmişdir ki, oğurluq edən zaman tək olmuş, heç kim ona köməklik göstərməmişdir. Oğurluq edən zaman onu heç kim görməmişdir. O, taksi sürücüsünə avtomobilə yüklədiyi velosipedin özünə məxsus olduğunu, digərinin isə dostuna məxsus olduğunu söyləmiş, buna görə də taksi sürücüsü, velosipedlərin oğurluq olduğundan şübhələnməmişdir. Velosipedləri satdığı Kamranı ilk dəfə görmüş və ona velosipedlərin özünə məxsus olduğunu söyləmişdir. Kamran velosipedlərin oğurluq olduğunu bilməmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşdiyindən atası 1990-cı ildə birinci mərtəbədə, pilləkənlərin alt hissəsindəki boş sahənin ətrafını kərpiclə hörüb oraya taxtadan qapı düzəltmişdir. Həmin vaxtdan ora onların ailəsinə məxsus olmuş və onlar oradan anbar kimi istifadə edərək evlərinə yerləşdirə bilmədikləri əşyaları oraya yığmışlar. 2014-cü ildə qonşusu Zərərçəkmiş şəxs2 ona müraciət edərək yaşadığı mənzilin balaca olduğunu söyləyib övladının velosipedini onların anbarda saxlamaq istədiyini bildirmişdir. O da razılaşıb velosipedi ora qoymağa icazə vermişdir. Bundan sonra Ramin də övladına məxsus velosipedi həmin saxlanc yerində saxlamağa başlamışdır. O, 2019-cu ilin avqust ayında azyaşlı oğlu üçün 400 manata “Start” markalı velosiped almışdır. Oğlu velosipedi sürdükdən sonra velosipedi saxlanc yerində saxlayırmış. Orada onun övladlarına məxsus 2 ədəd, Raminin övladlarına məxsus isə 1 ədəd velosiped saxlanılırdı. Həmin saxlanc yerinin qapısı taxta materialdan hazırlanmış və açarla bağlanmışdır. 27 avqust 2021-ci il tarixdə saat 13 radələrində təsadüfən saxlanc yerinə baxan zaman oranın qapısının açıq olduğunu görmüş və içəriyə baxan zaman onun aldığı “Start” markalı velosipedin və Raminin övladına aldığı velosipedin oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Raminə bu barədə məlumat vermiş və onlar birlikdə ərazi aidiyyəti üzrə 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək məlumat vermişlər. O velosipedi 400 manata almağına baxmayaraq sürülməyi və işlənməyi nəzərə alınmaqla ona 320 manat ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, yaşadığı mənzilə köçən zaman binanın birinci mərtəbəsində, pilləkənlərin alt hissəsindəki boş sahənin ətrafının kərpiclə hörülüb oraya taxta qapı qoyulduğunu görmüşdür. Bir neçə ay yaşadıqdan sonra həmin saxlanc yerinin qapı qonşusu Zərərçəkmiş şəxs1 məxsus olduğunu öyrənmişdir. Yaşadığı mənzil balaca olduğundan azyaşlı övladına aldığı velosipedi mənzildə saxlamaq çətinlik yaratmış, buna görə də o, Şahindən velosipedi ona məxsus saxlanc yerində saxlamağa icazə verməsini xahiş etmişdir. Şahin də ona heç bir etiraz etməyərək razılıq vermişdir. Bundan sonra o, övladına məxsus velosipedi gündəlik olaraq həmin saxlanc yerində saxlamağa başlamışdır. Övladına aldığı velosiped köhnəldiyindən həmin velosipedi İmişlidəki evinə aparmışdır. 2021-ci ilin iyul ayında isə övladına 700 manata “Toba” markalı velosiped almış və həmin velosipedi də Şahingilin saxlanc yerində saxlamağa başlamışdır. Övladları gündəlik olaraq velosipedləri sürdükdən sonra velosipedi həmin saxlanc yerində saxlamışlar. Orada Şahinin övladlarına məxsus 2 ədəd, onun övladlarına məxsus isə 1 ədəd “Toba” markalı velosiped saxlanmışdır. Həmin saxlanc yerinin qapısı taxta materialdan hazırlanmış və açarla bağlanmışdır. 27 avqust 2021-ci il tarixdə saat 13 radələrində Şahin onu çağıraraq velosipedlərin oğurlandığını bildirmişdir. O, gedib baxdıqda həqiqətən də saxlanc yerindən onun aldığı “Toba” markalı velosipedin və Şahinin aldığı 1 ədəd velosipedin oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra Şahinlə birlikdə ərazi aidiyyəti üzrə 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək məlumat vermişlər. O, “Toba” markalı velosipedi 2021-ci ilin iyul ayında Yasamal rayonu ərazisindən 700 manata almışdır və lakin həmin velosipedin sürülməyi, işlənməyi nəzərə alınaraq ona 560 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, yay aylarında Bakı şəhərinə gələrək satıcı işləmiş, işi isə 8-ci kilometr Bazarı adlanan yerdə qarpız satmaqdan ibarət olmuşdur. Bakıda olduğu müddətdə kirayədə yaşamışdır. 20 avqust 2021-ci il tarixdə səhər saatlarında həmişəki kimi qarpız satan zaman bir nəfər şəxs 2 ədəd velosipedlə ona yaxınlaşaraq velosiped almaq istəyib-istəmədiyini soruşmüşdur. Həmin şəxsdən velosipedləri neçəyə satmaq istədiyini soruşduqda sonuncu velosipedlərdən böyük olanını 100 manata, balaca olanını isə 60 manata satmaq istədiyini söyləmişdir. Onlar bir qədər danışdıqdan sonra böyük velosipedi 65 manata, balacanı isə 40 manata razılaşmışlar. O da həmin velosipedləri razılaşdıqları qiymətə almışdır. Həmin velosipedləri rayona aparmağı düşünmüş və təxminən 1 həftədən sonra velosipedləri Sabirabad rayonuna aparmışdır. Sonradan polis əməkdaşları ona zəng vuraraq həmin velosipedlərin oğurluq olduğunu söyləmişlər. Həmin şəxs velosipedlərin oğurluq olması barədə ona heç bir söz deməmişdir. O, velosipedlərin oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının birinci blokunun birinci mərtəbəsində pilləkənin alt hissəsindəki saxlanc yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 9-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20-21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30-31); şübhəli şəxsin tutulması haqqında 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 55-56); götürmə aparılması haqqında 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid 01 ədəd “Toba” və 01 ədəd “Start” markalı velosipedləri təqdim edərək, həmin əşyaları 20 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr Bazarı adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmiş, götürmə zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 72-74); əşyanın tanınmaya təqdim edilməsi haqqında 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd “Start” markalı velosipedi markasından, işlənmə dərəcəsindən, rəngindən və firmasından tanımışdır (i.v. 75); əşyanın tanınmaya təqdim edilməsi haqqında 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd “Toba” markalı velosipedi markasından, işlənmə dərəcəsindən, rəngindən və firmasından tanımışdır (i.v. 76); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 77-78); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-370/2021 saylı 30.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 95- 97); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 30.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 98-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat aşkar olunmamışdır (i.v. 123-124); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 9/6669 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən əvvəllər istifadədə olmuş iki ədəd velosipedlərin təzə vəziyyətdə, 20 avqust 2021-ci il tarixə, köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi manatla müəyyən edilir: bir ədəd üzərində “Star” markalanma yazıları olan, xarici görünüşünə görə az istismar edilmiş, 26 ölçülü, işlək vəziyyətdə olan, qara çəhrayı rəngdə velosiped 320 manat, bir ədəd üzərində “Toba” markalanma yazıları olan, xarici görünüşünə görə az istismar edilmiş, 26 ölçülü, işlək vəziyyətdə olan, yaşıl rəngdə, 11 dəyişən sürətli velosiped 560 manatdır (i.v. 125-128); sübutların qiymətləndirilməsi haqqında 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.10.2021-ci il tarixli, 9/6669 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Start” markalı və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “Toba” markalı velosipedlər maddi sübut kimi tanınmış və sahiblərinə geri qaytarılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 320 manat və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 560 manat hesab edilmişdir (i.v. 129-136); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan olunması haqqında 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (i.v. 138-139); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2022 saylı 17.02.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan olmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin 30.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29.04.2022-ci il tarixdə tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət və 29 aprel 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 75 (yetmiş beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Start” və 01 ədəd “Toba” markalı velosipedlərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət və 29 aprel 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 1 ədəd “Start” və 01 ədəd “Toba” markalı velosipedlərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-38/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-38/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver