Məhkəmə qərarları › İş №1(011)-380/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-380/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-380/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1.az saytının Təsisçi və baş direktoru X12 tərəfindən globalinfo.az saytında yayılan informasiyayla bağlı barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət məhsuliyyətinə cəlb edilməsi barədə və yayılan informasiya ona dərin psixoloji sarsıntı yaşatması ilə bağlı 10.000 min (on min) manat məbləğində mənəvi ziyanın globalinfo.az saytının Təsisçi və baş direktoru X8 alınaraq ona verilməsi barədə qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 iyun 2024-cü il saat 19:45 globalinfo.az saytında “BNA-da ŞOK yaşanıb: Mais Ağayev saxlanıldı, sonra isə... - EKSKLÜZİV” başlıqlı yazı yayımlanmışdır. Saytın əməkdaşı Zaira Akif qızının müəllifi olduğu yazıda qeyri müəyyən mənbəyə istinadən iddia edilir ki, 25 iyul 2023-cü il tarixində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı Nəqliyyat Agentliyində (BNA) keçirilən əməliyyat zamanı o da saxlanılmışdır. 2 ay həbsdə qaldıqdan sonra isə sərbəst buraxılmışdır. Yazıda qeyd olunduğu kimi göstərilən tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirilmişdir. Həmin vaxt adı çəkilən qurum tərəfindən bununla bağlı rəsmi açıqlama da verilmişdir, (məlumat əlavə olunur) Məlumatdan da aydın olduğu kimi qeyd olunan əməliyyat zamanı, eləcə də ondan sonra da iddia edildiyi kimi onun adı bu və ya digər formada hallanmamışdır. Həmin əməliyyat zamanı onun saxlanılaraq iki ay müddətində həbsdə qalmağı ilə bağlı məlumat tamamilə əsassızdır və yalandır. Barəmsində globalinfo.az saytında bu cür yalan məlumatın yayımlanmasından dərhal sonra ölkənin bütün aparıcı KİV-i eyni məqaləni globalinfo.az saytına istinadən yaymışdır. Nəticədə onun işgüzar ləkələnməsinə yol verilmişdir. Həmçinin ailə üzvləri dərin mənəvi psixoloji sarsıntı keçirtmişdirlər. Globalinfo.az saytı tərəfindən yayılan informasiya ona və ailə üzvlərinə dərin psixoloji sarsıntı yaratmışdır. Buna dair globalinfo.az saytının Təsisçi və baş direktoru Azər Ayxandan maddi və mənəvi ziyanla bağlı 10000 manat pul məbləğində təzminatın alınaraq ona verilməsi barədə qərar qəbul edilməli və həmin sat yaydığı yalan məlumatları təkzib etməlidir. Beləliklə o, Globalinfo.az saytının Təsisçi və baş direktoru X12 tərəfindən globalinfo.az saytında yayılan informasiyayla bağlı barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət məhsuliyyətinə cəlb edilməsi barədə və yayılan informasiya ona dərin psixoloji sarsıntı yaşatması ilə bağlı 10.000 min (on min) manat məbləğində mənəvi ziyanın globalinfo.az saytının Təsisçi və baş direktoru X8 alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə əlavə ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 qeyd etmişdir ki, tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi X12 qeyd etsə də, əslində X13 qeyd etməli idi. Bununla da, texniki səhvin nəzərə alınmasını və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X6 qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək qeyd etmişdir ki, şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi X4 qeyd etsə də, əslində X6 qeyd etməli idi. Beləliklə o, texniki səhv nəzərə alınmaqla barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X6 qəbul edilməsini və şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməklə məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 müdafiəçisi X10 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi X9 digər müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, qeyd etmişdir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətdən görünür ki, AR CPM-nin 293.3 və 293.4.cü maddələrinin tələblərinə əməl edilməmişdir. Hətta xüsusi ittiham qaydasında şikayətdə şikayət verilmiş adamın adı düzgün yazılmamışdır. Xüsusi ittiham qaydasında şikayətə dəqiqləşdirmə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu ittiham aktına düzəliş etmək kimi bir şeydir. AR CPM-nin 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində ümumi formada X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, X9 CM-nin 147-ci maddəsinin məhz hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayətçinin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar